Gülüşü yaşadan böyük sənətkar
Məşədi Ibadın əvəzsiz ifaçısı
Azərbaycan komediya aktyorluğunun parlaq simalarından biri də xalq artisti
Əliağa Ağayev
olub. Böyük sənətkar
ömrünün ən
məhsuldar dövrünü
Milli Teatrımıza həsr etmişdir. Klassik aktyorluq ənənələrindən
bəhrələnərək orijinal üslub yaradan aktyor hansı rolda çıxış etməsindən
asılı olmayaraq, ona özünəməxsus
şirinlik gətirirdi.
Əliağa Ağayev 22 mart
1913-cü ildə Bakıda
doğulub. Erkən yaşlarından atasını
itirib. 1930-cu ildə
yeddinci sinifi bitirərək Paris Kommunası
adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində
oxuyub. Iki il sonra
zavodun özündə
gəmi çilingəri
işləməyə başlayıb.
Bəm və şirin zümzüməli səslə
işdə də dodaqaltı oxuyan Əliağa zavodun dram dərnəyinə yazılıb.
Teatra 30-cu illərdə gəlmişdi. 25 il Gənc Tamaşaçılar
Teatrında işləmişdi.
Gənclik enerjisi ilə teatrın əksər tamaşalarında
oynamışdı. Ilk rolu
Mirzə Fətəli
Axundzadənin “Hacı
Qara” komediyasında Hacı Qaradır. Aktyor Gənc Tamaşaçılar Teatrında
müasir dramaturqların
əsərlərində, klassik
milli və tərcümə əsərlərində
koloritli silsilə rollar yaradıb. Onlarca tamaşada öz bənzərsiz rolları ilə yaddaşlara hakim olmuşdu.
Əliağa Ağayev
hansı rolda oynayırdısa, orada gülüş var idi. Komediya aktyorluğunun
yeni nümunəsini gətirmişdi teatrımıza.
Işləməyi çox
sevirdi. Onunla tərəf-müqabil olanlar
söyləyirdilər ki,
heç vaxt məşqlərdən yorulmazdı.
1961-ci ildə Əliağa
müəllim öz yaradıcı taleyini Akademik Milli Teatra bağladı. Bu teatrda ilk orijinal rolu Şıxəli Qurbanovun “Əcəb işə düşdük”
komediyasında Abış
Surxayeviç obrazıdır.
Iyirmi iki il Akademik teatrda
işləyən sənətkar
bu səhnədə saysız rollarda çıxış edib.
Kinematoqrafçılarımız
da bu möhtəşəm
sənətkarı unutmamışdılar.
Ilk dəfə T.Tağızadə
1955-ci ildə Əliağa
Ağayevi “Görüş”
filminə dəvət
etdi. Ilk rolu olsa da, aktyor
ekranda o qədər sərbəst hərəkət
edib ki, heç tamaşaçı
bu rolun debüt olduğunu hiss etmir. Əliağa Ağayev bu obrazı çox məharətlə yaradıb.
Komediya janrının
zəngin ənənələrindən
məharətlə bəhrələnən
aktyor obrazı özününküləşdirə bilib.
Sonra isə
məşhur “O olmasın,
bu olsun” filmi gəlir. Buradakı rolu ilə Əliağa Ağayev Azərbaycan kinoaktyorluğu aləmində
özünə əbədi
bir “heykəl” ucaldıb. “Günlərin
birində bu filmin baş operatoru Ə.Atakişiyev işlədiyim Gənc Tamaşaçılar Teatrına
gəldi”, - deyə sənətkar xatırlayırdı.
“Həmin axşam ”Yağışdan çıxdıq,
yağmura düşdük"
tamaşasında Hacı
Qəmbər rolunda çıxış edirdim,
nökəri isə Əhməd Əhmədov
oynayırdı. Elə
həmin gün Əhməd Əhmədovu
hambal roluna dəvət etdilər, məni isə bir neçə gün sonra studiyaya çağırdılar...
Bir gün rejissor mənə dedi: “Əliağa, filmin taleyindən çox narahatam, ağlınca, film necə
çıxacaq? Dedim ki, bu aktyorlar
ki var, onlar
sənin filminin uğurunun 50 faizini təmin ediblər. Qaldı qalan 50 faizə, onu da zaman göstərər”.
Bəli, zaman göstərdi ki, film dünyanın 50-dən artıq
ölkəsini gəzib,
kinomuza şöhrət
qazandırdı. Söz
yox ki, filmin
belə canlı alınmasında Məşədi
Ibadın əvəzsiz
ifaçısı Əliağa
Ağayevin xidmətləri
böyük olmuşdu.
Yalnız bir korifeyin
yarada biləcəyi rollar
“Sehirli xalat”
filmindəki Xan obrazı da Əliağa Ağayevin yaradıcılığında özünəməxsus yeri
olan qəhrəmanlardandır.
Xanın başına
açılan oyunları
elə gözəl yumorla tamaşaçıya
çatdırır ki,
onun komik rolların ən mahir ifaçısı olduğuna heç bir şübhə yeri qalmır.
Əliağa Ağayevin ən dəyərli kino qəhrəmanlarından biri
də “Bizim Cəbiş müəllim”
filmindəki roludur. “Evlənmək istəyirəm”
filmində polis işçisinin
rolu da maraqlı
və yaddaqalandır.
Kinematoqrafda onun rollarının özünəməxsus
xüsusiyyətləri var. Bu, hər şeydən əvvəl, aktyorun ciddi obrazlara komik əhval gətirmək bacarığı
ilə xarakterizə olunur. Bəzən lap kiçik epizodları belə filmin əsas qəhrəmanları
səviyyəsinə qaldıra
bilir. Elə, “Əhməd haradadır” filmindəki kassiri xatırlayın. Ekranda görünməsi ani bir məqamı əhatə etsə də, tamaşaçının
yadından çıxmır.
“Qanun naminə” filmindəki Məmmədxan
rolu isə daha çox aktyor oyunundakı cizgilərlə yadda qalır.
Əlağa Ağayevin televiziya tamaşalarındakı rolları
da öz komik cizgiləri ilə tamaşaçıların
yaddaşına əbədi
həkk olunub. Hansı tamaşada oynamasından asılı
olmayaraq, tamaşaçı
bilirdi ki, aktyor ona bir
xoş ovqat bəxş edəcək. Onunla çəkilişlərdə
iştirak edənlər
o qədər gözəl
xatirələr danışırlar
ki, hiss edirsən sənətkar elə həyatda da insanlara sevinc bəxş etməkdən
zövq alırmış.
Əliağa Ağayevin milli aktyor sənətimizin inkişafında çox layiqli yeri vardır.
Hər dəfə bu filmlər, tamaşalar ekranda görünəndə tamaşaçı
çöhrəsinə xəfif
bir təbəssüm
qonacaq və istər-istəməz onların
yaradıcısı, böyük
sənət fədaisi
Əliağa Ağayevi
yad edəcəyik.
Yada düşər xatirələr...
Əliağa Ağayevin qızı Gülçin
Ağayevanın xatirələri:
“Atam 1961-ci ilə qədər burda aparıcı rollar oynayıb.
Teatrda işləməyə
başladığı ildə
atamın oynadığı ”Hacı Qara”
tamaşasına Mircəfər
Bağırov da gəlib baxıb. Tamaşadan sonra Bağırov atamı yanına çağırtdırıb. Ortancıl əmim Mirzəağanı
1937-də tutub aparmışdılar,
bəraət alandan sonra qayıdıb gəldi. Atam yəqin eləyir
ki, onu da
həbs edəcəklər,
ona görə Mircəfər Bağırov
onu çağırtdırıb.
Amma sən demə, Bağırov atamı rolu gözəl ifa etdiyinə görə təbrik eləmək üçün
çağırtdırıbmış.
Deyib ki, çox bəyəndim, fəxri adının olub-olmamasını
da soruşub. Bir müddətdən sonra atama “əməkdar artist” fəxri adı verdilər, sonra “xalq artisti” adı
aldı. Gənc Tamaşaçılar
Teatrında yeganə
“xalq artisti” Əliağa Ağayev idi. Gənc Tamaşaçılar Teatrında çoxlu tamaşalarda oynamışdı.
Heyf ki, o tamaşaların videoyazısı çəkilməyib.
“Xalq artisti”
adını qazandıqdan
sonra, ona “SSRI xalq artisti” adı
vermək istəyəndə
dedilər ki, bunun üçün partiyaya üzv olmalısan. Amma atam dedi ki,
mən partiyaya (Kommunist Partiyası) üzv olmaq fikrində deyiləm, o ad olmasa da
onsuz da mən xalqın artistiyəm. Həqiqətən də belə
idi. Onu hər yerdə
bütün təbəqələrdən
olan insanlar çox istəyirdilər.
SSRI respublikalarında keçirilən bütün
mötəbər tədbirlərin
qapısı onun üzünə açıq
idi. “Azdrama”ya
getməsi isə Şıxəli Qurbanovla bağlıdı. 1960-cı ildə o, növbəti dəfə atamın tamaşasına baxandan sonra deyib ki,
“Azdrama”nın səhnəsi Mirzəağa
Əliyevsiz qalıb, məsləhətdir ki, sən o teatra keçəsən. Atam “Azdrama”ya gedəndə Cəbiş müəllim
rolundan hamının yaxşı tanıdığı,
Gənc Tamaşaçılar
Teatrının ilk aktyorlarından
biri Süleyman Ələsgərov dedi ki, “sən bu
teatrın qapısına
qıfıl vurub gedirsən, buranın tamaşaçıları bundan
sonra ”Azdrama"ya gedəcəklər".
Doğrudan da elə oldu. Atamın “Azdrama”da ilk tamaşası
“Toy” komediyası idi.
Hələ teatrın
girişində adamların
“Əliağa ”Azdrama”ya gəlib
e” dediklərini eşitdim.
Atam mənə tapşırmışdı
ki, antraktda foyedə gəzişəndə
tamaşaçıların söhbətinə qulaq verim, görüm tamaşa haqqında nə danışırlar.
Onda da eşitdim
bir neçə adam deyir
ki, mən bu tamaşanın əvvəlki quruluşunu
da görmüşəm,
amma Əliağa daha qıvraq oynayır. Rəhmətə gedənə qədər
“Azdrama”da bir-birindən
fərqli rollar oynadı. Özü
də tamaşaçılar
gül-çicəyi daha
çox ona bağışlayırdılar”...
Görkəmli aktyor, xalq
artisti Əliağa Ağayev 3 noyabr 1983-cü
ildə vəfat edib. Gülçin
Ağayeva: “70 illik yubileyinə də, kinoda son işi olan ”Evlənmək istəyirəm"
filminin premyerasına da ömrü çatmadı. Premyeranı qırxı çıxandan
sonra keçirdilər.
Orda onun ağlaya-ağlaya oxuduğu
epizoda baxmaq lap ağırdı bizimçün...”.
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu
KIV-ə
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.- 2012.- 18 yanvar.- S.14.