AzDramada üsyan
Doğrudan da bu
bir üsyandır: illər uzunu sənətin məddahlıq
vasitəsinə çevrilməsinə,
uzuclaşmasına, mədəniyyət
ocaqlarının insanlardan
uzaq düşməsinə
qarşı üsyan
- bəlkə də inqilab, bəlkə də çevriliş? Dram Teatrının səhnəsində dövlət
sifarişi əsasında
səhnələşdirilən “Yaşlı xanımın
gəlişi” tamaşasından
aldığım ilk təəssürat
məhz bu oldu.
Qətiyyən o təəssüratlarımın
hamısını yazmaq
fikrində deyiləm:
ona görə yox ki, həcmdən
narahatam; ona görə ki... böyük istedadla ortaya qoyulan möhtəşəm səhnə
əsərini sözlə
ifadə edə bilmərəm - baxılması
gərəkdir!
Əsər alman müəllifi
Fridrix Dürrenmattındır,
hadisələr Hüllen
şəhərində baş
verir: süjet ərzində məlum olur ki, Klara
Veşer adlı gənc qadın sevgisinin qurbanına çevrilibmiş və dünyaya gələcək
övladının atalığından
imtina edən Alfred İli məhkəməyə
veribmiş; yalançı
şahidlərlə məhkəmə
Veşeri əxlaqsız
qadın kimi tanıyıb və əhali onu şəhərdən biabırçılıqla
qovubmuş. Amma budur: fahişəyə çevrilən, dünyaya
gələn övladını
itirən Veşer 45 ildən sonra Hüllenə qayıdır
- artıq milyarder kimi.
Veşerin qayıdışında
məqsəd qisasdır
və təklif verir: Alfred İli öldürün, şəhərə
və əhaliyə bir milyard pul
verim!
Əlbəttə, muzdlu qatil
tutmaq və Alfredi aradan götürmək üçün,
obrazların dediyi kimi, bir neçə
min kifayətdir. Ancaq burda
Alfred İldən yox,
insanların mənəvi-əxlaqi
dəyərlərinin bu
təklif qarşısında
sürətlə aşınmasından
gedir söhbət!
Dürrenmatt bu əsərdə
mənəvi-psixoloji vəziyyəti
ifadə edib, amma... Amma quruluşçu
rejissor Rövşən
Almuradlı pyesi büsbütün özümüzünküləşdirib,
mənəvi-psixoloji çatları
ictimai-siyasi və sosial mənzərənin fonunda elə gözəl təqdim edib ki!
Şəhər meri - Burqomistr
(Nurəddin Mehdixanlı)
başda olmaqla, keşiş, polis, müəllim
və elə həmən Alfred İl...
- cəmiyyətin müxtəlif təbəqələri
- əxlaqsızlıq ittihamı
ilə qovduqları, sonradan fahişəliklə
məşğul olan Veşeri əsilli-nəcabətli
xanım kimi qarşılayırlar. Qarşısında payəndaz olurlar, yaltaqlıq baş alıb gedir - çünki Veşerin timsalında Pulun hakimiyyəti ilə üz-üzədirlər.
Təklifi eşidərkən
ilk andaca kasıb, amma şərəflə yaşamağı üstün
tutduqlarını deyən
hüllenlilərin psixologiyasında,
Burqomistr da daxil, getdikcə Pul hakimiyyəti öz işini görür: hamı “bozarır” (boz paltar geyirlər), hamı - hətta keşiş də - sarı ayaqqabıya (mənəvi ölüm) keçir, bahalı siqaretə, içkiyə
vərdiş edirlər;
illərlə qoruduqları
ləyaqət, şərəf,
vicdanı Pula çevirirlər...
Veşerin bir-bir zavod-fabrikləri
ələ keçirməsi,
istirahət yerlərini
- meşələri - şəxsi
mülkiyyətinə çevirməsi
və... ən əsası, fiziki (təyyarə qəzasında
qol-qıçını itirib)
və mənəvi baxımdan şikəst edilən bu qadının “Məni fahişəyə çevirən
bu dünyanı mən də fahişəxanaya çevirəcəyəm”
nidası tamaşaçını
yerindən oynadır.
Çox unikal səhnələrdən
biri isə tamaşanın əvvəlində
təmtəraqla qarşılanan
Klara Veşerin atasının layihəsi ilə ucaldılan və “vaxtilə üstünə çıxıb,
yoldan keçən kişilərin başına
tüpürdüyü...” uçuq-sökük,
bərbad vəziyyətdəki
tualetin təmirə bağlanması və tamaşanın finalında
təntənəli açılış
mərasiminin keçirilməsidir:
“memar atanın” tikdirdiyi tualetin bərpadan sonrakı açılışında iştirak
edənlər Veşerin
ardınca bir-bir ora - natəmizliyə - doluşurlar və... pərdə enir!
Tamaşadakı ritorika, atmaca, ictimai mənzərəmizlə səsləşən
replikaları yazmaq, ifadə etmək olarmı? Necə deyim ki, obrazları
yaradan aktyorlar “çaşmaqla”, ya üzlərinin ifadəsi,
sözlərinin vurğusu
ilə nələr deyirlər, nələr! Hələ Veşeri qarşılayan müxtəlif sosial təbəqə nümayəndələrinin
yanında daim qovulan, döyülən, ağzı tutulan sıravi əhalinin qıçı şikəst,
siqaretə möhtac kişilərdən ibarət
olduğunu demirəm.
İnanılmazdır ki, bu
gün Dram Teatrında
sözün bütün
mənalarında böyük
sənət cəsarəti
nümayiş etdirən
bir tamaşaya quruluş verilib. Bundan da
inanılmazı odur ki, bu tamaşa
artıq 14-cü dəfədir
ki, səhnədədir!
Komanda nə mümkündür,
edir: AzDramanın “ağır artilleriyası”,
dövrümüzün teatr
aktyorluğunun məsuliyyətini
çiynində çəkənlərdən
bir çoxu - Nurəddin Mehdixanlı, Ramiz Novruz, Əli
Nur, Ramiz Məlik, Hacı İsmayılov, gənclərdən
Rövşən Kərimduxt,
Firuz Xudaverdiyev və əlbəttə ki, Klara Veşeri
oynayan Sənubər İsgəndərova... - “Yaşlı
xanım”dadırlar və
bu tamaşanın uğurunu təmin etməyə çalışırlar...
Məsələn, Nurəddin
Mehdixanlının mer
obrazını yaratmaq
üçün hamımıza
tanış olan arıq, balacaboy və məşhur tipin ştrixlərini öz rolunun cizgilərinə əlavə
etməsini izləməkdən
zövqlü nə ola bilər!..
Qənaətim nədir... AzDrama - tamaşaçıya
doğru böyük bir addım atıb, dövrümüzün
tanınmış sənətkarları
yaşadığımız mühitin canlı mənzərəsini ilk fürsətdəcə
səhnəyə daşıyıblar
və...
Və təbii ki, bunlar ilk növbədə SƏNƏTin
- böyük mənada
sənətin - hər
zaman təkcə ictimai-siyasi eybəcərliyin
ifadəsi olduğunu yox, həm də
cəmiyyətin özünə
müxalifliyi həqiqətinə
bütün yaradıcılığı
boyu desantcasına, partizancasına sadiq qalan istedadlı rejissor Rövşən Almuradlının işidir.
Yeri gəlmişkən, tez-tez deyirik ki, teatr yoxdur,
sənət ölüb...
Bunu həyat həqiqətlərini və
ictimai-siyasi eybəcərlikləri
sistemli olaraq dilə və qələmə alan
bizlər daha çox işlədirik - getmədən, baxmadan, görmədən...
Başa düşürəm
ki, bir gül
ilə bahar olmaz. Ancaq “Yaşlı xanımın
gəlişi” ən azı AzDramanın potensialını, bir də günün mənzərəsini əyani
görmək və anlamaq üçün
ideal imkandır.
Anar Mahmudoğlu
Azadlıq.- 2013.- 1 aprel.- S.12.