Bəy həkim” Əkmələddin Naxçıvani...

 

Anadoluda yetişmiş görkəmli alim

 

XIII əsrdə yaşayıb-yaratmış görkəmli təbabət alimləri arasında Əkmələddin Naxçıvaninin də adı var. Naxçıvani dövrünün tanınmış təbibi kimi böyük nüfuza malik olmuşdur. Səlcuqlar dövrünün təzkirəçilərindən biri olan Əhməd Əflaki Əkmələddin Naxçıvani və onun Mövlana ilə görüşlərindən bəhs etmişdir. O yazır ki, zamanının Hippokratı sayılan Əkmələddin Təbib Mövlana Cəlaləddin Rumiyə mürid olmadan öncə Rum ölkəsi təbiblərinin böyüklərindən idi.

 

Naxçıvani həm sarayın baş həkimi vəzifəsində çalışır, həm də I Əlaəddin Keyqubad daruşşifasında tibbi kadrların yetişməsi ilə məşğul olurdu. Onun yetişdirdiyi kadrlar məhz Əkmələddin Naxçıvaninin verdiyi sənəd əsasında ölkənin tibb müəssisələrində həkim işləyə bilərdilər.

Tarixdən məlum olduğu kimi, XI əsrin ikinci yarısından başlayaraq səlcuq türklərinin Azərbaycan və Anadoluda hökmranlığı genişlənmiş, Ön Asiyada böyük Səlcuq dövləti qurulmuşdu. Səlcuqlar dövründə Orta Asiya, Anadolu, Azərbaycan və Xorasanda çoxlu sayda saray, məscid, mədrəsə, hamam, türbə, imarət, körpü, karvansara, xəstəxana inşa edilmişdi.

Bəllidir ki, Türkiyənin Konya şəhəri uzun müddət Anadolu səlcuqlularının paytaxtı olmuşdur. Səlcuq hökmdarlarından xüsusilə I Əlaəddin Keyqubad zamanında Anadoluya, əsasən, İran, Azərbaycan və Orta Asiyadan elm və sənət adamları gəlib yerləşmişlər. Məhz bu dövrdə Cəlaləddin Ruminin atası şeyx Bahaəddin Vələdin Karamandan hökmdarın dəvəti ilə Konyaya gətirilməsi də təsadüfi olmamışdır. Araşdırmaçıların arxiv materialları arasından aşkara çıxardığı həmin dəvət məktubu da deyilənləri təsdiq edir. Bundan başqa, qaynaqlarda həmin dövrdə digər türk ölkələrindən gəlib Anadoluda yaşayıb-yaratmış Hübeyş Tiflisi, Nəcməddin Naxçıvani, Əkmələddin Naxçıvani, Qəzənfər Təbrizi, Şəms Təbrizi, Hüsaməddin Çələbi kimi elm və mədəniyyət adamlarının adına da rast gəlinir.

Bəhs edilən dövrdə Azərbaycandan, xüsusilə Naxçıvandan çıxmış bir çox alim və sənətkarlar Təbriz və Anadoluda xidmət etmiş, bu mühit onların parlaq şəxsiyyət kimi yetişməsində önəmli rol oynamışdır. Belə şəxslərdən biri Nəcməddin Naxçıvani Konya Səlcuqlu dövlətində hökmdarın vəziri mərtəbəsinə qədər yüksəlmişdir.

“Vikipedia”da verilən bioqrafik məlumatda Əkmələddin Naxçıvaninin də Anadoluda yetişmiş görkəmli alimlərdən biri olduğu yazılır. Onun adı qaynaqlarda tam şəkildə aşağıdakı kimi işlənir: Əkmələddun Müəyyəd bin Əbubəkr bin İbrahim əl Naxçıvani ət-Təbib. Naxçıvanini xalq arasında “Bəy həkim” təxəllüsü ilə çağırmışlar. Onun tikdirdiyi məscid və dəfn olunduğu məzar-türbə səlcuqlar dövrünün qiymətli abidələrindən biri kimi qorunub saxlanmaqdadır. Bundan başqa, Konya şəhərinin qədim şəhər mərkəzində Əlaəddin təpəsi yaxınlığındakı “Bəy həkim” məhəlləsi deyilən yer var. Elə Əkmələddin Naxçıvani məscidi də orada yerləşir. Bu təpə üzərində vaxtilə Səlcuq dövlətinin hökmdarı I Əlaəddin Keyqubadın sarayı yerləşmişdir. Hələ Fateh Sultan Mehmet zamanı vəqfnamələrdə bu ibadətxananın adı “Bey hekim mescidi” şəklində qeyd olunmuşdur.

 

“Bəy həkim” məscidi

 

Mənbələrdə “Bəy həkim” məscidi XIII əsrdə inşa edildiyi yazılır. Bu abidə tipik səlcuq memarlığı elementlərini əks etdirir. Məscid bir neçə dəfə təmir və bərpa olunmuşdur. O, indinin özündə də məhəllə məscidi kimi möminlərə xidmət göstərməkdədir. Məsciddəki orijinal mehrab 1899-cu ildə qaçaqmalçılar tərəfindən Almaniyanın Berlin şəhərindəki muzeyə aparılmışdır.

Tarixi mənbələrdə “Bəy həkim”in Naxçıvandan olduğu bir çox tədqiqatçılar tərəfindən dönə-dönə qeyd edilsə də, onun doğum tarixi və Anadoluya gəlib yerləşməsi ili dəqiq bilinmir. Yazılı mənbələrdə Cəlaləddin Rumidən gənc olduğu ehtimal edilən Naxçıvaninin saraya gəlməmişdən əvvəl Kayseri daruşşifasında çalışdığı məlum olur.

Deyilənləri onun yetirməsi, Səlcuq dövlətinin münşilərindən olan Əbubəkrin məktublarından da görmək mümkündür. Mövləviliklə bağlı əlyazmalarda Əkmələddin Naxçıvani Səlcuq hökmdarı Qiyasəddin Keyxosrovun hakimiyyəti dövründə Konyadakı sultan sarayında baş həkim olmuşdur. Sənədlərdə onun ailəsi, varisləri haqqında dəqiq məlumata rast gəlinməsə də, bir oğlu olduğuna dair qeydlər var.

Tarixi məlumatlara görə, ö dövrün kiçik Karatay mədrəsəsi bu böyük həkimə məxsus olmuşdur. Əkmələddin Naxçıvani dövrünün ən böyük təbibi kimi İbn Sina dühasının heyranı idi. Elə buna görə də, o, 1302-ci ildə İbn Sinanın məşhur “Qanuni-fit-tibb” əsərinə təfsir, şərh yazmışdır. “Müəllifin əl yazısı ilə qələmə alınmış və görkəmli türkoloq Fuad Köprülü kitabxanasında saxlanılan bu əlyazma nüsxəsinə əsaslanaraq ehtimal etmək olar ki, Əkmələddin Naxçıvaninin ölüm tarixi 1302-ci ildən sonraya təsadüf edir. Mövlana Cəlaləddin Ruminin dostları, həmsöhbətləri, müridləri çox olmuşdur. Ona hətta Səlcuq sultanlarından Müinəddin Pərvanə də ehtiram göstərirdi. Sufi şeyxinin sadiq və mötəbər dostlarından biri də Əkmələddin Naxçıvani idi”(Vikipedia).

Nüfuzlu təbabət alimi də Mövlanaya övliya kimi etiqad göstərir, onun müridi olmaqdan fəxr duyurdu. Onların arasında yaxın dostluq münasibəti yaranmışdı, bir-birinin evinə gedir, məktublaşırdılar. Müasir günümüzə Mövlananın Əkmələddin Naxçıvaniyə yazdığı üç məktub gəlib çatıb. Bundan başqa, belə materiallar arasında Ruminin oğlu Sultan Vələdin Əkmələddin Naxçıvani haqqında yazdığı qəsidə, Əkmələddin Naxçıvaninin tələbələrindən olduğu ehtimal edilən Əbubəkr ibn əl-Zakinin üç məktubu da var.

 

Hikmət və mərifətdə bir Əflatun...”

 

Qeyd edək ki, Mövlananın birinci məktubu Əkmələddin Naxçıvaninin ona yazdığı məktuba cavab xarakteri daşıyır.

Qeyd edilən ikinci məktubda Karatay mədrəsəsində boşalacaq vəzifəyə Əfsəhəddinin təyin olunmasına Əkmələddin Naxçıvaninin yardım göstərməsi xahiş olunur. Üçüncü məktubu isə Mövlana Əkmələddin Naxçıvaninin hökmdardan onun oğlu Əmir Alimin maddi vəziyyətini yaxşılaşdırmağı xahiş etməsi ilə əlaqədar yazmışdır.

Həmin məktublarda Mövlana Əkmələddin Naxçıvaniyə “həkimlərin böyüyü, həyat cövhərinin ən arınmışı, bəlaların və zəhərlərin dərmanı, ağıl ağaclarının meyvəsi, bədxah adamların meydana gətirmək istədikləri pislikləri yox edən, mərifət dəryasının cövhəri, hünərlər və gözəl iman sahibi, özü doğru oğlumuz, həkimlərin iftixarı, dinin və dövlətin Əkməli”- deyə müraciət etmişdir.

Bu iki görkəmli şəxsiyyətin - Mövlana ilə Əkmələddin Naxçıvaninin dostluq münasibətləri haqqında nisbətən ətraflı məlumatlara, o dövrün təzkirəçiləri Ə.Əflaki, Sipehsaların və Əbubəkr Zakinin əsərlərində təsadüf edirik. Qeyd olunan mənbələrdə göstərilir ki, Əkmələddin Naxçıvani Mövlanaya yüksək ehtiram və hörmətinin ifadəsi olaraq onun Rum rəssamları tərəfindən çəkilmiş portretlərini böyük məbləğdə pul ödəyərək alırdı. Əkmələddin Naxçıvani dəfələrlə Mövlananı müalicə etmiş və vəfatı zamanı Qəzənfər Təbrizli adlı başqa bir saray həkimi ilə birlikdə onun yanında olmuşdur.

Sonralar Əkmələddin Naxçıvani Mövlananın böyük oğlu, atasından sonra mövləvilik təriqətinin şeyxi olmuş Bahaəddin Sultan Vələdlə (1226-1312) tez-tez görüşər, onunla ədəbi və fəlsəfi söhbətlər edərdi. S.Vələd böyük təbibə ehtiramını “sən bu dövrdə tibb, hikmət və mərifətdə bir Əflatunsan, Yer üzünü dolanan alimlər sultanısan. Elə bir Bağdad xurmasısan ki, aləmə fəzilət meyvəsi verdin. Bu aləmdə birinin nəsibi tiryək, digərinin nəsibi zəhər olduqca ömrün dövlət, bəxt və səadətlə baqi olsun” cümlələri ilə ifadə etmişdir. Sultan Vələdin əsərində böyük həkimə 41 beytlik bir qəsidə həsr olunmuşdur. Bu qəsidənin ilk iyirmi iki beytinin baş hərflərindən “Ekmeleddin Müeyyed el-Nahcuvani” adı oxunur.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 1 aprel.- S.14.