Səfəviyyə təriqətinin banisi Şeyx Səfiəddin Ərdəbili

 

Şah İsmayıl Xətainin ulu babası

 

Azərbaycanın dünya tarixinə bəxş etdiyi parlaq şəxsiyyətlər siyahısında Şeyx Səfiəddin Ərdəbilinin adı da var. Onun adı səkkiz əsrə yaxındır elm və təsəvvüf dünyasında görkəmli bir şəxs olaraq hörmətlə yad edilir. Ərdəbilinin yaratdığı Səfəviyyə təriqəti və bu təriqətin əsasları üzərində qurulan, dünyanın ən möhtəşəm dövlətlərindən biri olan Azərbaycan Səfəvi dövləti bu gün də dünya tarixçiləri tərəfindən tədqiq edilməkdədir.

 

Şeyx Səfiəddin 1252-ci ildə Ərdəbil şəhəri yaxınlığında yerləşən Kələxoran kəndində anadan olmuşdur. Nəsil şəcərəsi yeddinci imam Musa əl-Kazimə (m.754-800) qədər gedib çatan bu müqəddəs Şeyxin beşinci ulu babası Firuzşah Qızılbaş o nəsildən, sülalədən Ərdəbilə gələn və burada məskunlaşan əvvəlinci şəxs hesab olunur.

V.V.Bartold bu sülalənin banisi Şeyx Səfiəddin və onun nəslindən bəhs edərkən göstərirdi ki, “bu Ərdəbil şeyxləri, şübhəsiz, fars deyil, türk mənşəlidirlər”. İ.P.Petruşevski də eyni fikri söyləmişdir: “İlk Səfəvi şeyxləri Ərdəbildə yaşamışlar, onların doğma dili Azərbaycan dili olmuşdur”. Hanna Sohrveide görə, “Səfvət əs-Səfa” əsərində hamı Səfiyə türk kimi müraciət edir: “Ey piri-türk”( ey türk müqəddəsi), “türk gənci”, “türk oğlu” və bu səbəbdən də onun türk olduğu şübhə doğurmur. M.Abbaslı Şeyx Səfiəddinin türk mənşəli olması haqda zəngin material toplamışdır. Şeyx Səfi əd-Din Ərdəbili mənşəcə Azərbaycan türklərindən olan adlı-sanlı alim, şair, Səfəviyyə təriqətinin banisidir.

Atasını uşaq yaşlarından itirən Səfi ibtidai təhsilini onun dini davamçılarından almışdır. Səfiəddin doğma türkcəni, fars və ərəb dillərinin qayda-qanunlarını çox gənc ikən anasının yanında öyrənmiş, yeniyetmə yaşlarında Quranı əzbərləmiş, ilahiyyat elmlərinin sirlərinə vaqif olmağa çalışmışdır. Quranın təfsirini anasından və yerli üləmalardan öyrənmişdir. O, dini elmlərin əsaslarına yiyələnməklə yanaşı, fars, ərəb, gilan və monqol dillərini də mükəmməl mənimsəmişdir.

İyirmi yaşında təhsilini artırmaq üçün Şiraza gedən Səfi burada məşhur ilahiyyatçı alimlərdən Rüknəddin Beyzəvi, Əmir Abdullah və başqalarından dərs alınmış, müəllimi Əmir Abdullahın məsləhəti ilə iyirmi beş yaşında məşhur Gilan şeyxi Hacı əd-Din Zahidin (hicri-615-700) müridi olmuşdur.

Şeyx Səfiəddin 25 il tələbə kimi onun yanında qalmış, Şeyxin qızı ilə evlənmişdir. Şeyxin vəfatından (1294) sonra Səfiəddin onun yerində Səfəviyyə təriqətinin rəhbəri olmuşdur.

O, 35 il irşad və təlimatlarla məşğul olmuş, çoxlu tələbələr yetişdirmişdir. Onun ömrünün daha faydalı və təsirli dövrü məhz həmin illər olmuşdur.

Şeyx Səfiəddinin şöhrəti tezliklə bütün Şərq dünyasına, Şərqi Romaya, Suriyaya, Hindistana yayılmışdır. O, Şərqdə ürfan və din sahəsində yeganə şəxsiyyət kimi tanınmış, bütün məzhəb və təriqətlərə mürşid və ustad ola bilmişdir.

 

“Əfğanu-ahdür gecə-gündüz işin Səfi...”

 

Bir təriqət rəhbəri olaraq Ərdəbildə yaşadığı 35 il ərzində Şeyx Səfiəddinin nüfuzu o qədər artmışdır ki, dövrün hökmdarları onunla hesablaşmalı olur. Məhz bu böyük nüfuz sayəsində Ərdəbil və onun ətrafı əmin-amanlıq mülkünə çevrilmiş, hətta Monqolların Xacə Rəşidəddin kimi çox şöhrətli bir vəziri ona mürid olmağı özünə şərəf bilmişdir.

Şeyx Səfiəddin Ərdəbili təriqət başçısı olmaqla yanaşı, şöhrətli alim və şair olmuşdur. Onun yaradıcılığı sırf sufi-mistik xarakteri daşıyır. Onun əsərləri Azərbaycan təsəvvüf ədəbiyyatının mühüm mərhələlərindən birini təşkil edir. O da bir çox sufi şairləri kimi öz şeirlərində əbədi sevgiliyə qovuşmağı arzulayırdı.

 

Ey könlümün xərabəsi, ahulər oylağı,

Divanələr yatağı, məgər çölmüsən, nəsən?

 

Əfğanu-ahdür gecə-gündüz işin Səfi,

Qumrimüsən bu bağidə, bülbülmüsən, nəsən?

 

Şeyx Səyiəddin Ərdəbildə “Darül-irşad”ın (Hidayət evi) başında dururdu. Tam bacarığı ilə təqiyyə prinsipinə əməl edərək elə bir dünyagörüş nümayiş etdirirdi ki, ayrı-ayrı İslam məzhəbləri və təriqətləri də onun mənəvi xəzinəsindən qidalanırdı. Səfəviyyə təriqəti özünəməxsus bir təşkilat vasitəsilə təbliğ olunur və uzaq yerlərdə olan nümayəndələrə çatdırılırdı. Bu təşkilatın başında “pir”, yaxud “mürşid” dururdu. Əsas iş mürşid (müəllim) ilə müridlər (tələbələr) arasında vasitəçi rolu oynayan xəlifənin üzərinə düşürdü. Xəlifə hər tayfanın sufilərinə başçı olmaqla bərabər, həm də rəhbərlə birbaşa əlaqədə olurdu. Xəlifələr və sufilər tabeçilikdə olan camaatla rəhbər arasında elə möhkəm əlaqə yaratmışdılar ki, bu əlaqə gündən-günə genişlənməkdə və möhkəmlənməkdə idi.

“Bu sistem siyasətə qarışmırdı və Şeyx Cüneydə kimi belə də davam etmişdi. Ancaq ”Darül-irşad" Şeyx Cüneyddən başlayaraq siyasi məsələlərlə də maraqlanmağa başladı. Uzun müddət təşkilata rəhbər olan Ərdəbil piri bu təşkilatdan təriqəti və ideoloji məsələlər üçün istifadə etdi, həm də oranı böyük bir hərbi və siyasi təşkilata da çevirdi. Siyasətlə təriqət birləşərək Səfəviyyə ideologiyasını formalaşdırdı. Belə bir zamanda Şeyx Səfiəddinin formalaşdırdığı şiizm-sufizm ideologiyası mahiyyəti etibarı ilə siyasət və hakimiyyətdən uzaq qala bilməzdi və istər-istəməz “Darül-irşad”a rəhbərlik edən pir siyasi hərəkatlara da qoşulmalı idi. Şeyxdən sonra bir-birinin ardınca Sədrəddin, Xacə Əli İbrahim, Şeyx Cüneyd, Şeyx Heydər və nəhayət Şah İsmayıl Ərdəbil “Darül-irşad”ına rəhbərlik etmişlər"(Vikipedia).

 

Böyük təriqət rəhbərinin davamçıları

 

Şeyx Səfiəddin 1334-cü ildə Ərdəbil şəhərində vəfat etmiş və burada da dəfn olunmuşdur. Onun məzarının üzərində türbə inşa edilmiş, ətrafında məscidlər, karvansaraylar, mədrəsələr, yaşayış evləri salınmışdır. Beləliklə, burada böyük bir mədəni mərkəz yaranmışdır. Səfəvi şeyxlərindən bir çoxu, o cümlədən də Şah İsmayıl da burada dəfn olunmuşdur. XVI əsrdə I Şah Təhmasibin hakimiyyəti dövründə (1524-1576-cı illər) həmin məqbərə öz indiki şəklini almışdır.

Şeyx Sədrəddinin oğlu Xacə Əli Siyahpuş adı ilə məşhur olan Şeyx Sultanəli də təriqət rəhbəri olmuş, atası Şeyx Sədrəddin vəfat edəndən sonra onun yerinə keçmiş və 38 il rəhbərlik etmişdir. 1426-cı il mart ayının 15-də Məkkə şəhərində vəfat edən Siyahpuş orada dəfn edilmiş və məqbərəsi bu şəhərdə “Seyidəli Əcəm” adı ilə məşhurdur. O da atası və babası kimi alim, təriqət başçısı olmaqla yanaşı, həm də şair olmuş, əvvəldən axıradək təsəvvüf və irfani şeirlərlə dolu olan divanı çox məşhur olaraq dildən-dilə gəzmişdir.

Tarixin sonrakı mərhələlərində bu müqəddəs ocaqdan-Səfəvi nəslindən Şeyx Cüneyd, Şeyx Heydər, Şah İsmayıl, Şah Təhmasib, Sam Mirzə, Əlqas Mirzə, Şah Abbas və başqa elm, sənət xadimləri, məşhur sərkərdə, dövlət xadimləri və başçıları yetişmişlər.

Təxminən iki yüz ilə - Şeyx Səfiəddinin nəvəsi Şah İsmayıl Xətai Təbriz şəhərində özünü şah elan edənə (1501-ci il) qədər Cənubi Azərbaycanda əsas təriqət mərkəzi, elm və irfan məbədi kimi baş şəhər rolunu Ərdəbil oynamışdır. Burada 1300-cü ildən etibarən bir çox binalar inşa edilmiş, məmləkətin bütün yaxın, uzaq guşələrindən buraya elm, mərifət, təriqət öyrənmək istəyənlərin axını davam etmişdir. Məhz bunun nəticəsi olaraq 200 ildən sonra Şeyx Səfiəddinin əsasını qoyduğu Səfəviyyə təriqətinin tərəfdarları və Səfəvi övladları hakimiyyətə yiyələnir və bir ucu Dəmirqapı Dərbənd, bir ucu Bağdada gedib çatan böyük bir ərazini, imperiyanı 1736-cı ilə - Nadir şah Əfşarın özünü İran şahı elan etməsinə qədər şəriksiz olaraq idarə edirlər.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 2 aprel.- S.14.