Tarixə
silinməz imza atan azərbaycanlı
rəssam və memar
Ağa Mirək Mirzə Qiyas
Azərbaycan
mədəniyyət tarixində XVI əsr Təbriz rəssamlıq
məktəbinin xüsusi yeri
var. Bu məktəb
tarixə əbədi iz qoyan
misilsiz sənət inciləri bəxş
etmişdir. Həmin tarixdə Azərbaycanın
paytaxtı Təbriz şəhəri şərqin əsas mədəniyyət
mərkəzinə çevrilmişdi. Bu dövrdə yetişən görkəmli sənətkarlardan
biri də Ağa Mirək
Mirzə Qiyas idi. Onun adı Azərbaycanın ən gözəl
memar və rəssamları
sırasında yer alır.
Təbrizdə
Şah İsmayıl və Təhmasibin zəngin saray
kitabxanasında çalışan Behzad və Sultan Məhəmməd
kimi böyük sənətkarlarla, Ağa Mirək Mirzə
Qiyas da vardı. Onun adı dünya rəssamlıq tarixinə
yaxşı tanışdır.
Onun
yüksək ustalıqla işlənmiş əsərləri
bir çox dünya muzeylərində, o cümlədən “Məcnun
səhrada”, “Xosrov və Şirin qızların söylədiyi
əfsanələri dinləyərkən” və “Xosrovun taxta
çıxması” kimi əsərləri Londondakı
Britaniya muzeyində saxlanır.
Amma Ağa
Mirəkin adı tarixə əsasən hind imperatoru Humayunun
şərəfinə ucaldılan məqbərənin memarı
kimi düşmüşdür. Bu əsərlə eyni zamanda
böyük sənətkar Hindistan mədəniyyəti
tarixində əbədi iz qoymuşdur. Unikal memarlıq abidəsinin
xüsusi yaranma tarixi var. 1544-cü ildə böyük
Moğollar sülaləsindən olan hind imperatoru Humayun əfqan
hakimi Şirxanla döyüşdə məğlub olaraq ailəsi
və yaxın adamları ilə birlikdə səfəvi
şahı I Təhmasibin sarayına sığınmır.
Humayun hakimiyyət uğrunda mübarizədə Təhmasibdən
dəstək istəyir. Bir neçə ildən sonra şah I
Təhmasib Budaq xan Qacarın sərkərdəliyi altında
12 minlik qızılbaş ordusunu ona qoşur. Bu dəstək
sayəsində Şirxanı məğlub edən Humayun
Böyük Moğolların taxt-tacını geri qaytarır.
Humayun Təbrizdə
mədəniyyət və sənətkarlıqla yaxından
maraqlanır, saray kitabxanasının, bədii
emalatxanaların, miniatür sənəti ustalarının, xəttat
və memarlarının əsərləri ilə tanış
olur və Azərbaycan incəsənətinə heyran
qalır. O, taxtını geri qaytarandan sonra bu gözəl
nümunələri Hindistanda öz sarayında yaratmaq qərarına
gəlir. Yenidən hakimiyyəti ələ aldıqdan sonra
Humayun məşhur Azərbaycan sənətkarlarını
Dehliyə öz sarayına dəvət edir.
Miniatürçü rəssam Mir Seyid Əli də həmin sənətkarlar
arasında idi. Hələ Təbrizdə ikən Humayun Seyid Əliyə
16 cildlik “Əmir Həmzə” dastanına illüstrasiyalar
işləməyi sifariş verir. O, azərbaycanlı rəssamı
“Əmir Həmzə” dastanının 16 cilddə nəzərdə
tutulan və 2400 illüstrasiya ilə bəzədilməli olan
unikal əlyazmasının işlənməsinə ümumi rəhbər
təyin edir. Bu qiymətli əlyazmanın üzərində
30-dan artıq rəssam işləmişdi.
Humayunun şərəfinə
ucaldılan məqbərə
Astrologiya və
rəssamlığa dərin maraq göstərən Humayun Mir
Seyid Əli ilə rəssamlıq dərsləri keçmək
və astronomik müşahidələr aparmaq
üçün tez-tez Şirxan tərəfindən
tikilmiş bir binaya gəlir. Onun nadir əlyazmalar saxlanan zəngin
kitabxanası da burada yerləşirdi. Belə günlərdən
birində, 1565-ci il yanvarın 24-də Humayun kitabxananın
damına çıxaraq üfüqdə Venera planetinin
görünməsini gözləyir. Taleyin işi elə gətirir
ki, qaranlıq düşəndən sonra Humayun
aşağı enmək istəyir. Amma bədbəxt hadisə
baş verir. İkinci pilləyə ayaq qoyarkən müəzzinin
azan səsini eşidir və əyilmək istəyəndə
paltarının ətəyi ilişir. Humayun pilləkəndən
üzüstə yıxılır, başı partlayır və
ölür.
Qeyd edildiyi
kimi, Humayun Azərbaycandan öz ölkəsinə geri
qayıtdıqdan sonra Səfəvi memarlığının
böyük pərəstişkarına çevrilmişdi.
Bunu unutmayan xanımı Həmidə Banu Bəyim həmin il
Məkkə ziyarətindən qayıdarkən Azərbaycandan
keçdiyi zaman memar Ağa Mirək Mirzə Qiyası
özü ilə sevimli ərinin məqbərəsini tikdirmək
üçün Dehliyə gətirir.
Tikintisi səkkiz
il davam edən məqbərə 1573-cü ildə başa
çatır. Azərbaycanlı memar Ağa Mirək sübut
edir ki, bu qədər yolu boş yerə qət etməyib. Hind
sənətşünaslarının fikrincə, həmin məqbərə
Hindistanda bu cür xatirə komplekslərinin tikilişində
dönüş nöqtəsinə çevrilir. Unikal abidə
Böyük Moğollar dövründə ucaldılmış
bu tipli məqbərələrin birincisi olur. Bənzər abidələrin
zirvəsi isə, heç şübhəsiz, dünya
memarlığının Aqradakı şedevri Tac-Mahal
sayılır. Məlum olduğu kimi, onun memarı da mənşəcə
türk olan memar Məhəmməd İsa Əfəndidir.
Böyük tarixin şahidi
olan sənət incisi
“Ağa Mirəkin ucaltdığı məqbərə
kvadrat formalı görünüşə malikdir. Mərkəzdəki oktaqonal zalın
ətrafında nisbətən
kiçik daha 4 zal var. Ağa Mirək ən yaxşı Səfəvi ənənələrinə uyğun
bir şəkildə məqbərənin ətrafında
bağçalar salınmasını
nəzərdə tutub.
Bağ-bağat məqbərənin ”Nizaməddin" adlanan yerində salınıb. Məqbərənin özü iki
geniş xiyabanın kəsişdiyi parkın ortasında tikilib. Çaharbağ adlandırılan bu cür planlaşdırma
Təbrizdə, Qəzvində
və Ərdəbildə
saray bağlarının
salınmasında da gözlənilmişdir. Yeri gəlmişkən
qeyd edək ki, İsa xanın
(1547) oktaqonal məqbərəsi
də həmin bağın içində
yerləşir. Mütəxəssislərin
fikrincə, belə formalı məqbərələr
Hindistanda əvvəllər
də tikilmişdi.
Bunlar oktaqonal Divanxanalar - misal üçün, Şirvanşahlar saray kompleksi ilə qəribə bir oxşarlıq təşkil
edir. Yaxud da əksinə,
divanxanalar bu məqbərələrin kiçildilmiş
nüsxələri sayıla
bilər"(Vikipedia).
Zəmanəsinin böyük sənətkarı olan Ağa Mirək öz əsərində Səfəvi, Orta Asiya və türk
memarlığına xas
monumental səth strukturunu
qoruyub saxlamaqla birgə, ona Hindistan üslubuna məxsus cizgilər də əlavə etmişdi. Səfəvi və Orta Asiya
memarlarının məscid,
saray və məqbərələrin bəzənməsində
daha artıq istifadə etdikləri əlvan lövhələr
əvəzinə, Ağa
Mirək ağ
mərmərlə müxtəlif
çalarlı rəngli
daşların uyuşmasına
çalışmışdı.
Tarixə nəzər salsaq, görərik ki, Hindistan tarixində
Böyük Moğolların
sonu və müstəqillik uğrunda
mübarizə ilə
bağlı bir çox faciəvi hadisələr həmin abidə ilə sıx bağlıdır. 1857-ci ildə
Böyük Moğollar
sülaləsindən olan
hakimlərdən biri
- Bahadur şah Zəfər Britaniya ağalığına qarşı
müsəlman və hinduların məşhur üsyanının başında
dayanır. Bu üsyan yatırıldıqdan
və ingilislər vəziyyətə nəzarəti
ələ aldıqdan
sonra Bahadur şah öz ailəsi ilə Humayunun məqbərəsində
gizlənir. Elə həmin
ilin 22 sentyabrında ingilislər parka soxularaq, Bahadur şahın iki oğlunu və bir nəvəsini
öldürür, onun
özünü isə
Ranquna sürgün edirlər. Teymurun xələflərindən axırıncısı elə
burada da ölür.
Tarixdə görkəmli bir şəxs kimi qalan Humayunun
adı Azərbaycan mədəniyyətinə əbədi
həkk olunmuşdur. Onun adı altı
əsas muğamdan birinin adında yaşayır. Deyilənə görə, “Humayun” muğamı imperator Humayunun
Təbrizdə şah
I Təhmasibin sarayında
qaldığı zaman
yaranmış, sonradan
cilalanıb, indiki halına düşmüşdür.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 4 aprel.- S.14.