Əsərləri
dünya muzeylərini bəzəyən Sadiq bəy Avşar
«İncəsənətsiz
həyat ömür-gün deyil...»
XVI əsrdə yaşamış məşhur
Azərbaycan rəssamı Sadiq bəy Avşarın əsərləri
hələ onun sağlığında ölkə
hüdudlarından kənarda şöhrət
tapmışdı. Mənşəcə Azərbaycan türklərindən
olan Sadiq bəy Avşar tək rəssamlıqla, təsviri sənətlə
deyil, eyni zamanda xəttatlıqla məşğul olmuş,
onun poetik istedadını dövrünün
tanınmış şəxsiyyətləri yüksək qiymətləndirmişdir.
Sadiq bəy
Azərbaycan miniatür sənəti tarixində gözəl
portret ustası kimi qalmışdır. Onun əsərləri
təsvir olunan obyektlərin realist cizgilərlə təqdim
olunması baxımından yaddaqalandır. Mütəxəssislərin
fikrincə, onun yaradıcılığı miniatür sənətinin,
o cümlədən İsfahan məktəbinin
inkişafında böyük rol oynamışdır.
Sadiq bəy
Avşar 1533-cü ildə Təbrizdə türk-əfşar
tayfasına mənsub olan əsilzadə bir ailədə
dünyaya gəlmişdir. Hələ uşaqlıq illərindən
poeziya və rəssamlığa maraq göstərmişdir.
Sadiq bəy iyirmi yaşında ikən atasını
itirmiş və dərviş libasında ərəb ölkələrinə
səyahətə çıxmışdır. Sonradan vətənə
qayıdan Sadiq bəy xırda hakimlərin malikanələrində
təsərrüfat işlərində
çalışmışdır.
Sadiq bəy
qeyri-adi istedadlı bir şəxsiyyət olmuş,
bütün göstərilən bacarıq və istedadları
ilə yanaşı, o, dəhşətli döyüş səhnələrinin
qəhrəmanı, eyni zamanda şah sarayındakı kitabxana
və bədii emalatxanaların rəhbəri olmuşdur.
Sadiq bəy
təhsilini davam etdirmək məqsədilə böyük rəssam
Behzadın bir qohumunun şagirdi olmuşdur. Bu barədə
Sadiq bəy Avşar belə yazırdı: “Hansı işdən
yapışırdımsa, mənə sadə və asan gəlirdi.
Ən böyük arzum Behzadın sənətinə yiyələnmək
idi. Buna görə də, özümə Behzada bərabər
bir ustad axtarırdım. Nəhayət, açıq ürəkli,
dövründə tayı olmayan bir ustad tapdım ki, o da sənəti
Behzad fırçasından öyrənmişdi”. Onun sənətkarlıq
barədə fikirləri də olduqca maraqlıdır: “Əgər
sənətə və peşəkarlığa can
atırsansa, nə qədər bacarsan, özünü kamilləşdirməyə
çalış. İncəsənətsiz həyat
ömür-gün deyil”.
“Sadiq-kitabdar”...
Müzəffər
Əlinin yanında keçirdiyi təhsil illərində Sadiq
bəy həm də Astrabad türkmənləri ilə
döyüşlərdə özünün cəsurluğu və
hünərvərliyi ilə şöhrət
qazanmışdır. Öz xarakterinin bu cizgilərini Sadiq bəy
Azərbaycan və türk mənşəli olması ilə əlaqələndirirdi.
“Türklüyümü gözə çarpdırmaqla və
qızılbaş ənənələrinə sədaqət
göstərməklə özümü cəsur və qorxmaz
sayır və zamanımın cəsur adamlarından heç
kimi özümə tay bilmirəm”.
Sadiq bəy
səkkiz il rəssamlıq təhsili almış, bu müddət
ərzində məşhur bir miniatür rəssamı
olmuş, böyük uğurlar qazanmış və minlərlə
portret işləmişdir.
Beləliklə,
onun bu istedadı diqqətdən yayınmır və onu saraya
dəvət edirlər. Sadiq bəy II Şah İsmayılın
dövründə şah kitabxanasının nəzdindəki
emalatxanalarda işləmiş, Şah Məhəmməd Xudabəndənin
(1578-1587) zamanında isə həmin məşhur
kitabxananın rəhbəri olmuşdur. Sadiq bəy hətta
buna görə özünü “Sadiq-kitabdar”
adlandırmışdır.
Bu,
çox məşhur bir kitabxana idi və vaxtilə onun
başında dahi miniatürçülərdən Behzad və
Sultan Məhəmməd durmuşdu. Həmin kitabxana əsl “İncəsənət
Akademiyası” hesab olunurdu. Buradakı emalatxanalarda kitabların
üzü köçürülür, miniatürlər
yaradılır, rəng və kağız istehsalının
texnologiyası işlənib hazırlanır, bədii cəhətdən
kamil cildlər düzəldilirdi. Eyni zamanda, burada xəttat,
ornamentalist (nəqqaş), qızıl suyuna çəkmə
(müzəhhib), rəngkar (müsəvvir), karton (səhhaf) və
dəri cildləmə (mücəllid) üzrə kadrlar
hazırlanırdı. Sadiq bəy Avşar I Şah Abbasın
zamanında da həmin vəzifədə
çalışmışdır.
Sonralar isə
Sadiq bəy Avşarı istedadlı xəttat və daha
istedadlı saray xadimi “Şah Nəvaz” (“şahın nəvazişçisi”)
adlandırılan Əlirza Təbrizi əvəz edir. İskəndər
Münşinin “Tarixi-aləmarayi-Abbasi” əsərində
yazdığı kimi, Sadiq bəy bundan sonra da formal olaraq,
kitabdar sayılırdı: “Sadiq ölənə qədər
onun xidməti vəziyyətində dəyişiklik olmur və
o, dövlət dəftərxanasının kitabdarı kimi
maaş almaqda davam edir”.
Günümüzə gəlib
çatan əsərləri...
Qeyd
olunduğu kimi, Sadiq bəy Avşarın istedadını
müasirləri yüksək qiymətləndirmişlər.
O, “Sadiqi” təxəllüsü ilə gözəl şeirlər
yazmış, ondan artıq müxtəlif nəzm və nəsr
əsərinin müəllifidir. Bunlar arasında onun Azərbaycan
və fars dillərində qələmə aldığı şeirlər
“Divan”ı, I Şah Abbasın hərbi yürüşləri
haqqında bir neçə min gözəl beytdən ibarət
“Fəthnameyi-Abbasi-namdar” (“Məşhur Abbasın fəthlər
kitabı”) adlı tarixi-epik poeması da vardır. XVII əsrin
məşhur Azərbaycan tarixçisi İskəndər
Münşi həmin əsəri Firdovsinin “Şahnamə”si ilə
müqayisə etmişdir. Hər iki poema eyni vəzndə və
ölçüdə qələmə
alınmışdır.
Sadiq bəyin
əsərləri hələ onun sağlığında
ölkəsində və onun hüdudlarından kənarlarda
da yüksək qiymətləndirilirdi. Öz rəsmlərini
ona qəsidə yazmış şair Qüruriyə
bağışlayaraq Sadiq bəy Avşar demişdir: “Mənim
işlərimin hər vərəqini tacirlər üç
tümənə alıb Hindistana aparırlar, sən də
ucuz satma”.
Sadiq bəyin
Azərbaycan dilində yazdığı “Məcməül-xəvas”
adlı təzkirəsində isə Səfəvilər
dövründə fəaliyyət göstərmiş 480
şair, rəssam və xəttat haqqında qiymətli
materiallar toplanmışdır. Həmin əsər həm Azərbaycan,
həm də fars mədəniyyət və incəsənətinin
tədqiqi üzrə önəmli mənbələrdəndir.
Sadiq bəy
Avşarı başqa bir əsəri “Qanun əs-Sovər” (“Təsvirin
qanunları”) adlı pedoqoji təlimatlar kitabı incəsənətin
metodika və praktikasına həsr edilmiş və mütəxəssislər
arasında böyük şöhrət qazanmışdır.
Bu əsər həm də müasir surət çıxaran rəssamlar
və bərpaçılar üçün də əvəzsiz
vəsaitdir. Bu əsərdə miniatürlərin
üzünü çıxarmaqdan ötrü fırça və
kağız hazırlığından tutmuş rəng
seçiminə qədər hər şey haqqında müfəssəl
məlumat verilmişdir. Bütün bunlara görədir ki,
Avropa sənətşünaslarının Sadiq bəyə
maraqları gün-gündən artmaqdadır. Sadiq bəy
Avşar İmam Qulu xanın, Teymur xan Türkmənin portretlərini
də çəkmişdir. Həmin portretlər, habelə “Əmir”
və “Gəzərgi dərviş” şəkilləri
İstanbul, Paris, Boston, Sankt-Peterburq muzeylərində
saxlanılır. Sadiq bəyin illüstrasiyalar çəkdiyi
bir neçə kitabı da var ki, onlar da indiyə qədər
qalmışdır.
Böyük
sənətkar Sadiq bəy Avşar 80 yaşında vəfat
etmişdir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 5 aprel.- S.14.