Klassik şeirimizin incə ruhu Heyran
xanım
Məşhur Dünbuli nəslinin yetirməsi
Azərbaycan ədəbiyyatı tarixində
özünəməxsus yeri olan şəxsiyyətlərdən
biri də Heyran xanım olub. Heyran xanım Füzuli ədəbi
məktəbinin davamçılarından, klassik Azərbaycan poeziyasının
tanınmış nümayəndələrindəndir. Heyran
xanımın XVIII əsrin sonlarında Naxçıvanda Kəngərlilər
ailəsində dünyaya gəldiyi bildirilir. Filologiya elmlər
namizədi Lətif Hüseynzadə məqalələrindən
birində şairənin Naxçıvan xanlarından Kərim
xan Dünbulinin qızı olduğunu qeyd edir.
Bu məlumat
Heyran xanımın həyatı ilə bağlı tədqiqatlar
üçün köməkçi vasitə olmuşdur. Həmin
tədqiqatlara görə şairənin atası kimi qeyd olunan
Naxçıvan hakimi Kərim xan Kəngərli şairənin
qardaşı olub.
Heyran
xanımın dəqiq doğum və ölüm tarixi bəlli
deyil. 1951-ci ildə şairənin “Azərnəşr”də
çap edilmiş “Seçilmiş əsərləri”nə
yazılmış müqəddimədə onun 1758-1838-ci illərdə
yaşadığı bildirilir. Digər bir mənbədə
isə şairənin XVIII əsrin 90-cı illərində
dünyaya gəldiyi qeyd edilir. Respublika Əlyazmalar Fondunun
(indiki AMEA-nın Əlyazmalar İnstitutu) əməkdaşı
Cənnət Nağıyevanın ötən əsrin 70-ci illərində
Heyran xanım haqqında araşdırmasında isə
maraqlı faktlar öz əksini tapmışdır. “Ulduz”
jurnalında dərc olunan yazıda şairənin
Naxçıvanda anadan olmasını təsdiq edən mənbələrə
əsasən qeyd edilir ki, Heyran xanım Dünbuli
“Naxçıvanın varlı və böyüklərindən
olmuş” Kərim xan Kəngərlinin bacısıdır.
Bildirilir ki, o, İran-Rusiya müharibəsi zamanı öz
nişanlısından ayrılmış və bu
ayrılıq nişanlılar arasında uzun müddət
davam etmişdir.
Mənbələrdə
ailənin 1804-1805-ci illərdə İrana köçməsi
göstərilsə də, bu tarixlərin dəqiq olması
şübhəlidir. Çünki Heyran xanımın İran
və Rusiya arasında vuruşmaları təsvir edən əsərləri
onu göstərir ki, bu illərdə şairə
Naxçıvanda və yaxud da Naxçıvana yaxın kəndlərin
birində yaşamışdır.
Şairənin
“Ey ay üzlü, sənin qəddin sərv, üzün
güldür” misrası ilə başlanan qəzəlinin
sonunda öz əsli və nəsli haqqında belə
yazır: “Bu yazıq Heyranın əsil-nəsəbini
soruşsan o... əslində Dünbuli nəslindəndir”.
Buradan aydın olur ki, Heyran xanım Naxçıvanda
dünyaya gəlmiş, yaşının müəyyən
çağında el-obasından ayrı düşərək
İrana - Cənubi Azərbaycana köçmüşdür.
Naxçıvandan Təbrizə
“sürgün”...
Heyran
xanım Naxçıvanda təhsil almış, ərəb və
fars dillərini, klassik Azərbaycan və fars ədəbiyyatını
öyrənmişdir. XIX əsrin əvvəllərində
Rusiya-İran toqquşmaları dövründə çoxlu
xoylu naxçıvanlılar ilə birlikdə onun da ailəsi
Naxçıvandan İrana
köçürülmüşdür. Gənc
yaşlarında doğma yurddan ayrılmış Heyran
xanım ömrünün axırına qədər Cənubi
Azərbaycanda, Təbrizdə yaşamışdır.
Heyran
xanım dövrünə müvafiq fars dilində yüksək
təhsil almış, şərqin Firdovsi, Sədi, Hafiz,
Nizami, Füzuli kimi klassiklərinin
yaradıcılığını oxuyub öyrənmişdir.
Heyran xanım öz yaradıcılığında klassik
poeziya üslubunu davam etdirmiş və əsərlərini
İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əlican
Qövsi kimi klassik Azərbaycan şairlərinin ədəbi təsiri
ilə yazmışdır. Onun şeirlərində Azərbaycan
sənətkarlarından Həsənoğlu, Nəsimi və
Füzulinin təsiri aşkar duyulur. Şairənin bir sıra
qəzəlləri dahi Füzuliyə nəzirə şəklində
yazılmışdır. Lakin şairənin orijinal şeirləri
daha çoxdur.
Təmiz,
insani məhəbbətin tərənnümü,
ayrılıq dərdi, hicran aləmi, vüsal arzusu onun
şeirlərinin əsas mövzusudur. Böyük sələflərinin
yaradıcılıq yolunu davam etdirən Heyran xanım gözəlliyi
ehtirasla tərənnüm edir, müasirlərini mənəvi-əxlaqi
təmizliyə çağırır. Şairənin fikrincə
həqiqi gözəllik ağılla ölçülür.
Gözəlliyin birinci meyarı ağıldır. Camalı
gözəl olanların ağlı, kamalı da gözəl
olmalıdır. Şairə məsnəvilərinin birində
yazır:
Neçə
şərt ilə ölçülərsə camal,
Şərt-əvvəldir
hüsnə əqlü kamal.
Hər cavanda
ki, var camal yəqin,
Olmalı onda
həm kamal yəqin.
Heyran
xanım Azərbaycan ədəbiyyatı tarixində əsərləri
bizə ən çox yadigar qalan şairələrdən
biridir. Onun Azərbaycan və fars dilində böyük bir
divanı günümüzə qədər gəlib
çatmışdır. Bu divanında şairənin
bütün şeir növlərində (məsnəvi, qəzəl,
rübai və s.) öz qələmini
sınadığının şahidi oluruq. Əsərlərinin
üç əlyazması (Bakı, Tehran və Tbilisi nüsxələri)
məlumdur; bunlardan ən mükəmməli şairənin
sifarişi ilə yazılmış Bakı nüsxəsidir.
Həmin nüsxə Azərbaycan Respublikası Əlyazmalar İnstitutunda
saxlanılır.
“Saldı Məcnun kimi səhrayə,
baxın...”
Doğma
yurdundan və yaxın adamlarından ayrı düşən
Heyran xanımın həyatı kədərli
keçmişdir. O, həmişə zəmanədən,
adamların vəfasızlığından, özünün
qürbətdə tək-tənha qalmasından gileylənmiş,
yaşadığı Təbriz şəhərini
“guşeyi-zindan” adlandırmışdır. Ömrü
iztirablar içində keçən şairənin gənclik
təravəti və gözəlliyi tez solmuş, zahirən
tamam qocalmışdır. Şeirlərinin birində o, öz
vəziyyətini təsvir edərək yazır:
Belim
büküldü, qara saçlarım ağardı mənim, Qocalmışam bu cəfakar çərx
əlindən, aman.
Şairənin
ömrünün sonları daha kədərli keçmişdir.
Ailə ixtilafları və narazılıqları onun
iztirablarını daha da çoxaltmış, dərd-qəmini
artırmışdır. Təbii ki, bunlar ona ağır təsir
göstərmiş, getdikcə səhhəti pisləşmişdir.
Heyran xanım 1848-ci ildə Təbrizdə vəfat etmiş və
orada dəfn olunmuşdur.
Heyran
xanımın ictimai motivli şeirlərində zəmanədən
şikayət, cəmiyyətdəki sosial bərabərsizliyə,
qadın hüquqsuzluğuna qarşı etiraz nidaları
güclüdür. Şeirlərinin o, lirik qəhrəmanın
dili ilə cəmiyyətdəki ədalətsizlikdən
narazılığını bildirərək yazır:
Haray, gəldi-gedər
bu fani cahan,
Etmişdir qəlbimi
qanlı bir ümman.
“Təbrizdə
zəlzələ haqqında” şeirində Heyran xanım
yaşadığı şəhərdə baş verən təbii
fəlakət nəticəsində əmələ gəlmiş
faciəli hadisələrdən, “sinəsi dağlı,
gözləri giryan” qalmış anaların kədərindən,
onların göylərə qalxan əfqanından bəhs edir.
Həcmcə kiçik olmasına baxmayaraq, bu şeir kədərli
bir lövhə kimi yadda qalır:
Oldu, ya rəbb,
həlak insanlar,
Suvarıb
torpağı qızıl qanlar.
Oldu
çöllər cavanlara mədfən,
Çoxlarına
nə qüls var, nə kəfən.
Sinəsinə
dağlı, gözləri giryan,
Minlər ilə
ana edər əfqan.
Heyran
xanımın əsərləri janr, üslub, bədii sənətkarlıq
keyfiyyətləri baxımından da zəngindir. O, klassik
poeziyanın qəzəl, müxəmməs, müstəzad,
rübai, tərcibənd janrlarında, habelə məsnəvi
formasında əsərlər yaratmışdır.
Gör, bənövşə
açılıb, ya ki, salıb
Xətti gül arizinə sayə,
baxın.
Bükübən qamətimi dal eləyib
Sərv tək ol qədi-rənayə
baxın.
Hicri ol mahiruhun Heyranı
Saldı Məcnun kimi səhrayə,
baxın.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.-
2013.- 6 aprel.- S.14.