Balet səhnəmizin gözəl Leylası

 

Yüksək musiqi təhsili ilə səhnəyə...

 

Peşəkar Azərbaycan musiqisinin inkişafında misilsiz xidmətləri olan sənətkarlarımız sırasında Leyla Vəkilovanın xüsusi yeri var. Yüksək səhnə mədəniyyətinə və ifa texnikası olan sənətkar Leyla Vəkilova insanların yaddaşında təkcə Azərbaycan milli baletində yaratdığı gözəl obrazları ilə deyil, həm də bənzərsiz bir insan olaraq qalıb.

 

Leyla Məhəd qızı Vəkilova 1927-ci ilin yanvarında Bakıda ziyalı ailəsində anadan olub. Hələ uşaqlıqdan milli rəqsləri çox sevirdi. Bakı Xoreoqrafiya Məktəbində oxuduğu illər onun həyatının ən unudulmaz dövrü olub. Leyla xanım əvvəlcə Ədilə Almaszadənin, son siniflərdə isə görkəmli balet ustası və pedaqoq Qəmər xanım Almaszadənin rəhbərliyi ilə sənətin incəliklərinə yiyələnib.

Leyla Vəkilova 1943-cü ildə məktəbi uğurla bitirərək Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasına solist götürülüb. 1945-1946-cı illərdə isə sənətkarlıq qabiliyyətini formalaşdırmaq məqsədi ilə iki il dünya şöhrətli Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib.

Sonradan Bakıya qayıdaraq Opera və Balet Teatrının aparıcı balet aktrisası olan Leyla xanım tezliklə ən sanballı balet tamaşalarında qadın qəhrəmanların partiyalarını ifa etməyə başlayıb. Onun zəngin yaradıcılığının ən parlaq qələbələrini təmin edən obrazlar dünya balet ulduzlarının da əsas repertuarlarını təşkil edir.

Leyla Vəkilova 30 il Azərbaycan Dövlət və Opera Balet Teatrının solisti olub. İlk dəfə səhnədə R.M.Qlierin “Qırmızı lalə” baletində Tao Xoa rolunu oynayıb. İlk dəfə olaraq səhnədə milli rəqslərimizə xas olan elementləri klassik rəqs texnikası ilə birləşdirən Leyla Vəkilova tamaşaçıların gözü qarşısında son dərəcə gözəl və qeyri-adi bir mənzərə nümayiş etdirmişdi. Balerinanın sənət müəllimi Qəmər Almaszadə tələbəsinin uğurunu fərəhlə qarşılamış, öz davamçısını məhəbbətlə bağrına sıxaraq: “Əhsən, sən məndən də irəli gedəcəksən,”- demişdi.

 

İlk milli baletdə baş rolda...

 

1947-ci ildə yeni yaradıcılığa başlayan balerinanın milli balet ilə ilk görüşü Əfrasiyab Bədəlbəylinin “Qız qalası” əsəri ilə başlayır və bu əsər onun gələcək yaradıcılığında mühüm rol oynayır. Xatırladaq ki, bu baletin ilk tamaşası 1940-cı il aprel ayının 18-də olub və baş rolu görkəmli balerina Qəmər xanım Almaszadə oynayıb. Həmin əsərin sonrakı redaksiyasında baletmeyster Qəmər Almaszadə baletin xoreoqrafik mətnini aktrisanın yaradıcılıq imkanları hesabına bir daha mürəkkəbləşdirir. Leyla Vəkilova böyük məharət və ustalıqla Gülyanağın sadə obrazını yaradır. Aktrisa heyrətamiz incəliklə obrazın həyatsevərliyini, paklığını, qəlb ovsunlayan lirikasını və kədərini reallaşdırır.

Leyla xanım Soltan Hacıbəyovun “Gülşən” baletində də gözəl bir azərbaycanlı xanımının surətini yaradır. O illərin çoxsaylı məqalələrində aktrisanın parlaq rəqs texnikası və milli üslubunun duyulması vurğulanır. Qara Qarayevin “Yeddi gözəl” əsərinə quruluş verən P.Qusev balerinanın onu heyrətləndirdiyindən yazırdı: “Əla rəqqasə, qıvraq, möhkəm... hər şey canlandı, başqa bir aləm yarandı”.

1959-cu ildə ölkəmizin Moskvadakı dekadasında Leyla Vəkilova “Qız qalası”, “Yeddi gözəl” və “Gülşən” əsərlərində baş rollarda çıxış edir. Onun oyunu Moskva tamaşaçılarını heyrətləndirir. Azərbaycanlı balerinanın oyununun bir çox xüsusiyyəti Moskva mətbuatında qeyd olunur. Moskva tamaşaları Leyla xanımın “Ulduz saatı” adlandırılır. Nəticəsi isə balerinanın SSRİ Xalq artisti fəxri adı ilə təltif edilməsi olur.

Moskva dekadasında “Yeddi gözəl”in parlaq uğurundan sonra görkəmli bəstəkar Qara Qarayev “İldırımlı yollarla” baletini yazır. 1960-cı ilin dekabrında baletin premyerası keçirilir. Leyla xanım bu baletdə də öz qəhrəmanının hiss və duyğularını rəqs dilində tamaşaçılara çox dolğun çatdırır.

Leyla xanım Vəkilovanın daha bir uğuru Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti ilə bağlı idi. Bu əsər 1962-ci ildə opera teatrının səhnəsində qoyulmuşdur. Leyla Vəkilova dərin məhəbbət hisslərini yaşayan Şirin obrazını məharətlə yaradır.

Bu barədə bəstəkar Arif Məlikov belə deyir: “Bu surəti yaradaraq Leyla Vəkilova əvvəldən cızılmış xoreoqrafik konstruksiyaya isti nəfəs verə bildi. Vəkilova - Şirin tamaşaçıların qarşısında dərin məhəbbət hisslərindən pərvazlanan insan idi. Bu surəti yaradan balerina sübut edirdi ki, Şirin - poeziyadır, işıqdır, Şirin - azadlıqdır. Balerina parlaq məharətlə gənc və zərif qəlbli bir qızcığazın həyatını yaşadı. Təcrübəli aktrisanın müstəsna ustalığı nəticəsində dolğun və sönməz bir surət yarandı”.

 

Musiqi tarixində bütöv bir mərhələ...

 

Leyla xanımın yaradıcılığı çoxsaylı xarici qastrollar, konsert fəaliyyəti, xoreoqrafiya məktəbində müəllimliyi və bir çox yeni balet rolları ilə olduqca zəngin olub.

1972-ci ildə isə görkəmli balet ustası Leyla xanım Vəkilova “Yeddi gözəl” əsəri ilə səhnə ilə vidalaşmalı olur.

Ötən əsrdə Azərbaycan baletinin bütöv bir mərhələsi məhz Leyla Vəkilovanın adı ilə bağlıdır. SSRİ Xalq artisti fəxri adına layiq görüləndə bu azərbaycanlı balerinanın 40 yaşı var idi. Azərbaycan baletinin şöhrətini dünyaya yayan Leyla Vəkilovanın sorağı Avstraliyadan, Fransadan, Polşadan, Suriyadan, Türkiyədən və keçmiş SSRI-nin müxtəlif respublikalarından gəlirdi.

Balet ustası 1953-cü ildən ömrünün sonuna kimi Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnindən dərs deyib və 1992-ci ildən həm də bu təhsil ocağının bədii rəhbəri olub. Leyla Vəkilovanın yetirmələri nəinki Azərbaycanda, hətta Moskvanın Böyük Teatrında, Almaniyada milli balet sənətinin çiçəklənməsində səmərəli xidmətlər göstəriblər. O, 1996-cı il sentyabr ayının 6-dan Bakı Xoreoqrafiya Məktəbinin professoru idi. Onun layiqli yetirmələri bu gün də sənət fəaliyyətlərini davam etdirirlər. Görkəmli balet ustası, milli səhnə mədəniyyətimizin nadir incilərindən olan Leyla Vəkilova 20 fevral 1999-cu ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

Leyla Vəkilovanın yaradıcılığında dünya balet klassikası öz parlaq təcəssümünü tapıb. Ancaq bir aktrisa kimi Leyla xanım sırf Azərbaycan baletlərində çox önəmli yer tuturdu. Əşrəf Abbasovun əsəri olan “Qaraca qız” məhz Leyla Vəkilova üçün yazılıb. Bəstəkarın etirafına görə, baletin xoreoqrafiyası sırf balerinanın yaradıcılıq diapazonunu əhatə edirdi.

Opera və Balet Teatrının baş baletmeysteri Yulana Əlikişizadə xatırlayır: “Biz balaca şagirdlər üçün onun virtuoz hərəkətləri, yüksək artistizmi həddən artıq valehedici idi. Leyla xanımı başqa prima-balerinalardan hədsiz sadəliyi və ünsiyyəti fərqləndirirdi. O, hamıya qarşı səmimi və qayğıkeş idi və dərəcəsindən asılı olmayaraq, bütün aktyorlarla incə davranırdı. O, hətta rəqqasəni özü geyindirə və qrim edə bilərdi...”.

Xalq artisti Tamella Şirəliyeva: “Vəkilova istedadının magiyası nə qədər güclü idi! Onun bizə məsləhətləri yadımızdadır. O, həyatı və insanları hədsiz dərəcədə sevirdi. Leyla xanım bütün həyatı boyu gələcək nəsil üçün nümunə oldu. Belə yaşamaq hər sənətkara qismət olmur”.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 7 aprel.- S.14.