Görkəmli
sufi alimi Mahmud Şəbüstəri
Ensiklopedik bilikli filosof
Öz qiymətli əsərləri ilə Şərq fəlsəfi fikir tarixində əbədi yer qazanan görkəmli Azərbaycan filosofu və şairi Mahmud Şəbüstəri çox
qısa ömür sürməsinə baxmayaraq,
elm sahəsində böyük
şöhrət qazanmışdır. Qədim yunan fəlsəfəsi, zərdüştilik, bütpərəstlik,
xristianlıq, islam dini və onun müxtəlif
mistik-fəlsəfi cərəyanları
haqda da dərin bilik sahibi olan Mahmud Şəbüstəri 1827-ci ildə
Təbriz yaxınlığındakı
Şəbüstər adlanan
yerdə ilahiyyatçı
ailəsində anadan olmuşdur.
Şəbüstəri ensiklopedik biliyi olan bir
alim idi. O, ilahiyyat, fəlsəfə, astronomiya,
tibb, filologiya və başqa elm sahələrinə dərindən
bələd olmuşdur.
Mahmud Şəbüstəri hələ
cavanlıq illərindən
Misir, Hicaz, Suriya, İraq və başqa ölkələrə səyahətlər
etmiş, orada görkəmli alimlərlə
tanış olmuş, onlarla əlaqə yaratmış
və daimi məktublaşmışdır. Məhəmmədəli Tərbiyətin yazdığına
görə, şirvanlı
səyyahlardan biri Şəbüstərinin Kirmanda
da olduğunu iddia edir. O, Kirmanda evlənmiş və orada uşaq
və nəvələri
də olmuşdur. Şəbüstərinin nəslindən çıxanlar
arasında elm və ədəbiyyat xadimləri
də vardı. Onun oğlu şair olmuş və atasının məşhur
“Gülşəni-raz” əsərinə
şərh yazmışdır.
Şəbüstəri 1320-ci ildə vəfat etmiş və öz vətənində, Şəbüstərdəki
Gülşən qəbiristanlığında
müəllimi Bəha
əd-Din Yaqub Təbrizinin yanında dəfn olunmuşdur. İndi də onun məzarı ziyarətgahdır.
Məqbərəsi təkcə XIX əsrdə
üç dəfə
bərpa edilib. Məzarın üzərinə
mərmərdən xatirə
lövhəsi vurulmuş
və onun üzərində bu sözlər həkk edilmişdir: “Böyük
şeyx hicri tarixi ilə 720-ci ildə (1320) 33 yaşında
bu cismani dünyadan əbədi dünyaya köçdü”.
Şəbustəri özündən sonra zəngin bir ədəbi irs qoyub
getmişdir. “Səadətnamə”, “Kənzul-həqaiq”
(“Həqiqətlər xəzinəsi”),
“Həqqul-yəqin fi Mərifəti rəbbul aləmin” (“Aləmin yaradıcısını dərk
etmək üçün
şəksiz həqiqətlər”),
“Miratul-Muhəkkikin” (“Həqiqət
axtaranların aynası”)
və bir də dünya şöhrətli “Gülşəni-raz”
(“Sirlər gülşəni”)
poeması kimi əsərlər onun qələminə məxsusdur.
Məşhur əsəri “Gülşəni-raz” haqqında
“Gülşəni-raz” (“Sirlər
gülşəni”) məsnəvisi
Mahmud Şəbüstəriyə böyük şöhrət
qazandıran əsərlərindən
biridir. “Gülşəni-raz”
təsəvvüf ədəbiyyatında
işlənən bir sıra anlayış və istilahların, incə mətləb və rəmzlərin açıqlanmasına həsr
olunmuşdur. Bu əsər yazıldığı
dövrdən başlayaraq
təsəvvüfün təməl
kitablarından, ana qaynaqlarından biri sayılıb, sonradan bu mövzuda yazılmış əsərlərdə
ona dönə-dönə
üz tutulub. “Gülşəni-raz”ın çoxlu saylı qədim əlyazmaları,
eləcə də ona yazılan orta yüzil şərhləri bunu əyani şəkildə
sübut edir.
“Gülşəni-raz” əsərinin
yazılmasının da
maraqlı tarixçəsi
var. 1317-ci ildə Xorasanın
nüfuzlu alimlərindən
sayılan Seyid Hüseyni Hərəvi
(1246-1320) yaxın adamlarından
bir nəfəri Şəbüstərinin yanına
göndərək ona
şeirlə yazdığı
məktubunu çatdırır. Xorasan alimi həmin
məktubunda Şəbüstəridən
xahiş edir ki, onu düşündürən
15 suala şeirlə cavab yazsın. Şəbüstəri əvvəlcə
bu xahişi qəbul etmək istəmir, bildirir ki, məktubdakı sualların cavabı onun nəsrlə yazdığı risalələrində
var. Müəllif bu fikrini həm də onunla əsaslandırır ki, indiyədək qələmini
şeirdə sınamayıb
və “söz-mənanın”
(dərin mənalı
sözün) əruza,
qafiyəyə sığacağına
inanmır. Bununla belə, Şəbüstəri
yaxın bir adamının xahişi ilə çox qısa zamanda ona şeirlə ünvanlanan suallara şeirlə də cavab yazır.
Beləliklə, ilk nəzm əsəri olan “Gülşən-raz” məsnəvisi
bu şəkildə ortaya çıxır. Şəbüstəri özünün ilk fəlsəfi əsərlərini
nəsrlə yazmışdır.
O yalnız ömrünün
sonlarında şeirə
müraciət etmişdir.
Bir müddət sonra Şeyx Hüseyni yenidən bir sıra suallar
göndərir. Həmin suallar Şəbüstərinin
cavab məktubunu oxuyarkən yaranmışdı.
Bu dəfə müdrik sənətkar hər iki məktubdakı
sualları 15 mövzuya
bölüb “Gülşəni-raz”
adlı poemasını
qələmə alır.
Bu, Şəbüstərinin
ilk mənzum əsəri
olduğundan, o burada fəlsəfi fikirləri mənzum formada ifadə etməkdə çətinlik çəkdiyini
də söyləyir.
Bu proses onun fikrincə, dəryanı bir qaba yerləşdirmək
kimi bir şeydir.
Qeyd etdiyimiz kimi, “Gülşəni-raz”
məsnəvisinə çoxlu
klassik şərhlər
yazılıb. Həmin şərhlər içərisində ən
məşhuru Şəmsəddin
Məhəmməd Lahicinin
“Məfatihül-ecaz fi
şərhi-”Gülşəni-raz"
(“Gülşəni-raz”ın şərhinə aid möcüzələrin
açarı) adlı
əsəridir. Lahicinin bu
şərhində “Gülşəni-raz”ın
hər bir beytinin geniş izahı verilib. Əminəddin Təbrizi,
Seyid Yəhya Şirvani-Bakuvi, Baba Nemətullah
Naxçivani, Kəmaləddin
Hüseyn bin Şərəfəddin
Əbdülhəqq Ərdəbili
və başqa Azərbaycan alimləri də “Gülşəni-raz”a
şərhlər yazıblar.
Şəbüstərinin tarixə miras qalan elmi “xəzinəsi”
Orta yüzilliklərdə
“Gülşəni-raz”ın təsiri ilə yazılmış bir sıra əsərlər də məlumdur. Xəlvətiyyə təriqətinin şeyxlərindən olmuş
İbrahim Tənnurinin
türkcə məsnəvi
şəklində yazdığı
“Gülzarnamə” kitabında
“Gülşəni-raz”ın güclü təsiri görünür. XVII yüzil Osmanlı müəllifi Sarı
Abdullah ana dilində yazdığı “Səməratül-Fuad”
əsərində “Gülşəni-raz”
əsərinə istinad
etmişdir. Bu əsər orta yüzilliklərdə iki dəfə türkcəyə
tərcümə edilib.
Bu klassik tərcümələrdən
birincisi “Şirazi” təxəllüslü Azərbaycan
şairi-mütərciminə məxsusdur və 1429-cu ildə tamamlanıb.
1426-cı
ildə “Gülşəni-raz”
Azərbaycan şairi Şirazi tərəfindən
ana dilimizə-Azərbaycan
türkcəsinə çevrilir. 1944-cü ildə
isə Əbdülbaqi
Gölpınarlı əsəri
Osmanlı türkcəsinə
tərcümə edir.
XIX əsrdən başlayaraq, poema müxtəlif müəlliflər
tərəfindən bir
çox Avropa dillərinə çevrilir
və dəfələrlə
dərc olunur. Əsər yarandığı gündən
bütün şərqin
sufiləri arasında
böyük rəğbətlə
qarşılanır. Şəbüstərinin
fəlsəfəsinə dair
kitabında Şaiq İsmayılov XIV-XVIII əsrlər arasında həmin əsərə fars
dilində şərh
yazmış 18 müəllifin
adını çəkir.
Həmin
şərhlər arasında
Azərbaycan filosofu Şəmsəddin Lahicinin
1472-ci ildə yazdığı
“Məfatih-ül Ecaz”
(“Möcuzələrin acarı”)
əsəri bizim günlərə qədər
öz populyarlığını
itirməmişdir. 1319-1320-ci ildə Şəbüstəri
özünün ikinci
mənzum fəlsəfi
əsəri olan “Səadətnamə”ni qələmə alır. Bu, həcmcə əvvəlki
poemadan daha iri olub, üç
min beytdən ibarət
idi. Əsər hər biri fəsil və paraqraflardan ibarət səkkiz hissəyə bölünmüşdü. Şəbüstəri “Səadətnamə”də fəlsəfi düşüncələrindən
başqa öz həyat və fəaliyyəti, səyahətləri
haqda məlumatlar verir, öz müəllimləri və
sevimli kitabları haqda söz açır.
M.Tərbiyətin yazdığına görə, Şəbüstəri
indiyə qədər
dünyanın kitab saxlanclarında təsadüf
olunmamış “Şahidnamə”
adlı başqa bir poemanın da müəllifidir. O həmçinin ərəb dilindən fars dilinə
tərcümə ilə
məşğul olmuşdur.
Məşhur filosof İmam Qəzalinin “Minhacul-abidin”
(“Zəvvarların yolu”)
adlı əsərini
farscaya məhz o çevirmişdir. Şəbüstərinin Xorasan mütəfəkkiri
Hüseyni Səadətlə
yazışmaları da
bəllidir. Bütün bunlarla
birlikdə Şəbüstəri
yaradıcılığının araşdırıcıları, o cümlədən bu xəzinənin tanınmış
bilicisi Şaiq İsmayılov “Kənzul-həqaiq”
əsərinin ona məxsus olmadığını
iddia edirlər.
Şəbustərinin yaradıcılığı
Azərbaycanın orta
əsrlər fəlsəfəsi
tarixində mühüm
yer tutur. Onun əsərləri Avropa və Asiyanın bir çox ölkələrində
nəşr olunmuşdur.
Sufi fəlsəfəsinin davamçıları onu bu sahədə böyük bir nüfuz sahibi bilir və öz
mülahizələrində tez-tez Şəbustəri irsinə istinad edirlər.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 8 aprel.- S.14.