Azərbaycanda ilk uşaq baletinin müəllifi
Üzeyir bəyin davamçısı Əşrəf
Abbasov
Azərbaycan musiqi mədəniyyətinin
inkişafında böyük xidmətlər göstərmiş
məşhur sənətkarlardan biri də görkəmli bəstəkarımız
Əşrəf Abbasovdur. O, yaradıcılığa ötən
əsrin 30-cu illərində tarzən kimi başlamış,
Azərbaycan musiqisinin bir çox janrlarında qələmini
sınamış bəstəkar, musiqimizin nəzəri
problemlərini araşdırmış tədqiqatçı
alim, pedaqoq kimi fəaliyyət göstərmişdir.
Əşrəf
Cəlal oğlu Abbasov 1920-ci ildə Şuşa şəhərində
anadan olmuş, ilk musiqi təhsilini və orta məktəbi də
burada bitirmişdir. Musiqi məktəbində tar ixtisasına
yiyələnən Əşrəf Abbasov gənc
yaşlarında tar üçün kiçik həcmli, birsəsli
texniki pyeslər də yazmışdır.
Tez-tez
Şuşaya gələn Üzeyir Hacıbəyovla gənc
musiqiçinin yaradıcılığı ilə
tanış olaraq onu Bakıya dəvət etmişdir.
Professional
musiqimizin banisi Üzeyir Hacıbəyovla ünsiyyətdə
olması Əşrəf Abbasovun
dünyagörüşünün,
yaradıcılığının formalaşmasına
böyük təsir göstərmişdir. Ü.Hacıbəyov
gənc bəstəkarlara belə bir fikri təlqin edirdi: “Milli
incəsənətin yüksək nümunələrini
yaratmaq üçün bəstəkar nəinki musiqi
yaradıcılığının nəzəri əsaslarını
bilməli və bəstəkarlıq texnikasına mükəmməl
yiyələnməli, həm də xalq musiqisinin xarakterik
xüsusiyyətlərinə və qanunlarına dərindən
bələd olmalıdır”.
1948-ci ildə
Azərbaycan Dövlət Konservatoriyasını, sonra isə
Moskva Dövlət Konservatoriyasının aspiranturasını
bitirən Əşrəf Abbasov həyatı boyu
Şuşada mənimsədiyi ənənəyə və
Üzeyir bəydən öyrəndiklərinə sadiq
olmuş, milli musiqimizin zənginləşməsi
üçün əlindən gələni etmişdi. Həmişə
axtarışda olan bəstəkarın yaratdığı əsərlər
janr rəngarəngliyi ilə seçilir,
orijinallığına görə dövrün bütün məşhur
musiqi nəzəriyyəçiləri tərəfindən qəbul
edilirdi.
Əşrəf
Abbasov zəngin yaradıcılıq irsi olan bir sənətkar
idi. O, “Qaraca qız” baletinin, “Səndən mənə yar
olmaz”, “Dağlar qoynunda”, “Həyətim mənim, həyatım
mənim” musiqili komediyalarının, simfonik orkestr
üçün “Konsertino”, “Şuşa”, “Gələcək
gün”, “Dramatik poema” kimi əsərlərin, “Heyran
olmuşam”, “Gözəl yar”, “Qurban olduğum”, “Oxu
bülbülüm”, “Qarabağın qızları”,
“Ceyranım gəl” və s. məşhur mahnı və
romansların müəllifidir.
Gözəl simfonik əsərlər...
Ə.Abbasovun
yaradıcılığının əsas səhifələrindən
birini simfonik musiqi təşkil edir. Bəstəkar simfonik
musiqiyə bütün yaradıcılığı boyu
müraciət etmişdir. Onun simfonik orkestr üçün
ilk əsəri tələbəlik dövründə
yazdığı “Rəqs süitası” idi. Bu əsər
1944-cü ildə Tbilisidə keçirilən Zaqafqaziya incəsənəti
ongünlüyündə böyük rəğbətlə
qarşılanmışdır. Əşrəf Abbasovun bu əsəri
Azərbaycanda yaranmış simfonik musiqinin ilk nümunələri
ilə bir vaxtda yaranmışdı. Bundan sonra bəstəkar
“Uvertüra”, fortepiano ilə orkestr üçün “Konsert”,
simfonik orkestr üçün “Konsertino” əsərlərini
yazmış və bu əsərlər onun musiqi üslubunun
getdikcə püxtələşdiyini göstərirdi.
Əşrəf
Abbasovun fortepiano ilə orkestr üçün “Konsert”i Azərbaycan
instrumental musiqi sahəsində bu janrın ilk nümunəsi
idi. Simfonik orkestr üçün “Konsertino” isə bəstəkarın
Azərbaycan Dövlət Konservatoriyasını bitirərkən
diplom işi kimi təqdim etdiyi əsər kimi xüsusilə
diqqətəlayiqdir.
Böyük
bəstəkar D.Şostakoviç Ə.Abbasovun orkestrlə
solo alətləri üçün yazdığı
“Konsertino”nu təravətli, parlaq və istedadlı əsər
kimi səciyyələndirərək demişdir: “Görünür,
müəllif təvazökarlıq edərək onu
”Konsert" adlandırmamışdır. Gözəl orkestrləşdirmə,
zəngin məzmun, musiqi boyalarından qənaətlə
istifadə edilməsi bu əsərin repertuarda möhkəm
yer tutmasına zəmin yaradır".
Simfonik musiqi
janrları arasında Ə.Abbasov simfonik poema janrına da
xüsusi diqqət yetirmişdir. Müxtəlif dövrlərdə
qələmə aldığı “Şuşa” (1945), “Gələcək
gün” (1952), “Dramatik poema” (1962) bu janrdan olan əsərlərdir.
“Şuşa” simfonik poemasında bəstəkar doğma yurdun
gözəlliklərini, uşaqlıq xatirələrinin
doğurduğu kövrək hissləri əks etdirmişdir.
Görkəmli Azərbaycan yazıçısı Mirzə
İbrahimovun əsəri əsasında yazılmış “Gələcək
gün” simfonik poemasında bəstəkar müharibə və
sülh mövzusuna öz münasibətini bildirərək, gərgin
ruhlu, dinamik bir əsər yaratmışdır. “Dramatik
poema”da müasir dövrün coşqun və ziddiyyətli
ab-havası orijinal cizgilərlə səciyyələndirilmişdir.
Buradakı hər bir ifadə, hər bir ştrix əsərin
ideyasının açılmasına xidmət edir.
Bütün
bunlarla yanaşı Əşrəf Abbasov simfonik orkestr
üçün “Qaraca qız” baleti əsasında
üç simfonik süita da yaratmışdır.
Bütün bu əsərlər Niyazi, Alqis Cüraytis,
Staseviç, R.Abdullayev kimi görkəmli dirijorların təfsirində
səslənərək, müəllifinə böyük
şöhrət gətirmişdir.
Bəstəkar
müxtəlif dövrlərdə instrumental musiqiyə də
müraciət etmiş və skripka, violonçel, fortepiano, nəfəsli
alətlər üçün, həmçinin, kamera
ansamblı, xalq çalğı alətləri orkestri
üçün də əsərlər yazmışdır.
Onun bu qəbildən olan əsərləri tədris
proqramlarına daxil edilmişdir.
“Qaraca qız” baleti...
“Qaraca
qız” baleti bəstəkarın mühüm
yaradıcılıq uğuru kimi qiymətləndirilir.
Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında
yazılmış “Qaraca qız” baleti 1968-ci ildə Azərbaycan
Dövlət Opera və Balet teatrının səhnəsində
tamaşaya qoyulmuşdur. Bu balet həm də uşaqlar
üçün yazılmış ilk böyük səhnə
əsəridir.
Ə.Abbasov,
həmçinin, üç musiqili komediyanın müəllifidir:
M.Əlizadənin mətninə yazılmış “Səndən
mənə yar olmaz” (1963), A.İsgəndərovun librettosuna
“Dağlar qoynunda” (1970) və C.Məmmədovun mətninə
“Həyətim mənim, həyatım mənim” (1977). Hər
üç əsər Ş.Qurbanov adına Azərbaycan
Dövlət Musiqili Komediya Teatrında səhnəyə
qoyulmuşdur.
Ə.Abbasov
vokal lirikası sahəsində də gözəl nümunələr
yaratmışdır. Bəstəkarın “Heyran olmuşam”
(sözləri M.P.Vaqifindir), “Ey Füzuli” (sözləri
M.Füzulinindir), “Oxu bülbül” (sözləri
A.Şaiqindir), “Qurban olduğum” (sözləri
M.Müşfiqindir) və başqa romansları şəffaf
lirikası, yüksək emosionallığı, musiqi ilə
poetik mətnin vəhdəti ilə səciyyələnərək,
Azərbaycan vokal musiqisinin ən gözəl nümunələri
ilə bir cərgədə durur. Ə.Abbasovun “Ceyranım gəl”
mahnısı isə çox populyarlaşaraq, müğənnilərimiz
tərəfindən bəzən xalq mahnısı kimi təqdim
olunaraq, indi də ifa olunur.
Mahnı və
romanslardan əlavə, Ə.Abbasovun
yaradıcılığında vokal musiqi, xor əsərləri
də mövcud olmuşdur.
Əşrəf
Abbasovun fəaliyyətinin bir sahəsi də musiqi elmi ilə
bağlı idi. O, 1952-ci ildə Moskvada “Üzeyir Hacıbəyov
və onun ”Koroğlu" operası" mövzusunda
dissertasiya müdafiə edərək sənətşünaslıq
namizədi alimlik dərəcəsinə layiq
görülmüşdü. O Azərbaycan bəstəkarları
arasında ilk sənətşünaslıq namizədi idi. Əşrəf
Abbasov eyni zamanda Azərbaycan musiqişünaslarının
musiqi tarixi və nəzəriyyəsi üzrə
yazdıqları bir çox elmi kitabların redaktoru
olmuşdur.
Ə.Abbasovun
çoxcəhətli yaradıcılığı ilə
yanaşı, pedaqoji və ictimai fəaliyyət də
göstərmişdir.
Ə.Abbasov
1947-48-ci illərdə A.Zeynallı adına Musiqi Texnikumunun
direktoru olmuş, sonrakı həyatını isə
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyası ilə bağlamış, müəllimlikdən
professora qədər yüksəlmiş, müəyyən
vaxtlarda konservatoriyanın rektoru (1953-57-ci illərdə), bəstəkarlıq
kafedrasının müdiri (1957-72-ci illərdə) vəzifələrində
çalışmışdır. O, həmçinin, Azərbaycan
Bəstəkarlar İttifaqının I qurultayından
başlayaraq ömrünün sonuna kimi İdarə heyətinin
üzvü olmuşdur.
Görkəmli
bəstəkar 1992-ci ildə vəfat etmişdir. Onun adı
musiqi tariximizə əbədi həkk olunmuşdur.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 9 aprel.- S.14.