“Döşəkdə ölən yigit
murdar bolur...”
Gözəl şair və yenilməz sərkərdə
Azərbaycan klassik ədəbiyyatında
unudulmaz imzası olan gözəl şairlərdən biri də
şeirlərini doğma türkcəmizdə yazmış
Qazi Bürhanəddindir. Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələri Məhəmməd
Füzuli, İmadəddin Nəsimi, Kişvəri, Həbibi,
Şah İsmayıl Xətai, Molla Pənah Vaqif və bu kimi
bir çox şairlərin yaradıcılığına onun
poeziyası ciddi təsir göstərmişdir. Onun lirikası
bir çox türkdilli ölkələrdə
populyarlığını qoruyub saxlamış, onun adı
orta əsr təzkirəçi və tarixçiləri tərəfindən
tez-tez xatırlanmışdır.
Qazi Bürhanəddin
görkəmli dövlət xadimi, məşhur sərkərdə
və şair olub. O, 1344-cü ildə Qeysəri şəhərində
anadan olmuşdur. Mənşəyinə görə, qədim
türk-oğuz boylarından sayılan Salur tayfasına mənsub
Qazi Bürhanəddinin qədim babalarının Xarəzmdən
gəldiyi ehtimal olunur. Onun adı Əhməd, künyəsi Əbülabbas,
təxəllüsü isə Qazi Bürhanəddin idi. Qazi
Bürhanəddin irsən keçən qazilik hüququna malik,
yüksək savad dərəcəsi və əsl-nəcabəti
ilə məşhur olan bir ailədən idi. Cəlaləddin
Həbib, Hüsaməddin Hüseyn, Siracəddin Süleyman
kimi Qeysəri şəhərinin qazıları bu nəsildən
olublar.
Qazi Bürhanəddinin
babası Siracəddin Süleyman Anadoluda yaradılmış Ərətna
bəyliyinin banisi Ələddin Ərətnanin sarayında
yaşamış və bəyliyin siyasi həyatında
mühüm rol oynamışdır. Onun atası Şəmsəddin
Məhəmməd də öz dövrünün məşhur
qazilərindən, anası isə səlcuq sarayında
yaşamış məşhur dövlət xadimlərin
birinin nəvəsi idi. O, anasını erkən
yaşlarından itirmiş və onun tərbiyəsi ilə
atası məşğul olmuşdur.
Qazi Bürhanəddin
də vətənində öz dövrünə görə
yaxşı ilkin təhsil almış, 1358-ci ildə isə təhsilini
davam etdirmək üçün Misirə getmişdir. O, burada
ilahiyyatı, tibbi, nücumu, fəlsəfəni və digər
elmləri öyrənmiş, bu sahələrdə öz
biliyini artırmaq məqsədilə Dəməşqə,
bütün Şərqdə məşhur olan alim Qütb əd-Din
Razinin yanına getmişdir. On doqquz yaşında ikən Məkkəyə
gedən Qazi Bürhanəddin atasının vəfatından
sonra isə Hələbə köçmüşdür.
1365-ci ildə
Qeysəriyə qayıdan Qazi Bürhanəddin Ərətna
hökmdarı Məhəmmədin qızı ilə ailə
qurur və bir müddət sonra isə atasının yerinə
qazi təyin edilir. On ildən artıq bu vəzifədə
çalışan Qazi Bürhanəddin öz
bacarığı, yüksək savadı, istedadı və ədalətli
idarəçiliyi ilə xalqın hörmətini qazanır.
Qan-qadasız 17 il dövlətin
keşiyində
Ərətna
hökmdarı Məhəmmədin ölümündən
sonra taxta çıxan oğlu Əli azyaşlı olduğu
üçün dövlətin bütün işlərini
Qazi Bürhanəddin görür və 1378-ci ildə vəzir
təyin olunur. Əlinin ölümündən sonra dövlətə
bütün rəhbərlik Qazi Bürhanəddinin əlinə
keçir.
Qazı
Bürhanəddin, Səlcuqların məğlubiyyətindən
sonra Sivas və ətrafında qurulan Eretna Bəyliyində
1335-1381-ci illərdə sıra ilə kadılık, vəzirlik
və padşahlıq vəkilliyi kimi vəzifələrdə
işləmiş və bir müddət sonra bəyliyin zəifləməsindən
istifadə edərək öz adını daşıyan Qazi
Bürhanəddin Əhməd Bəyliyi dövlətini
qurmuş və Sultan elan edilmişdir. Bütün həyatı
daxili və xarici düşmənlərə qarşı fasiləsiz
yürüş və döyüşlərdə keçən
Qazi Bürhanəddin öz aralarında daimi çəkişmələr
aparan qaramanlı, osmanlı, türkmən tayfaları
arasındakı düşmənçiliyi yox etmək və
ölkədə qanun-qaydanı möhkəmləndirmək
üçün əlindən gələni edir.
Qazi Bürhanəddin
xarici siyasətdə xeyli uğurlar əldə etməyə
müvəffəq olmuşdur. O, Osmanlı sultanı I Bəyazid,
Qızıl Orda xanı Toxtamış, Əmir Teymur kimi təhlükəli
rəqiblərin və onlarla xırda əmirlərin əhatəsində
düz 17 il öz ölkəsində sülhü və əmin-amanlığı
qoruya bilmişdir. Bürhanəddin ölkəsində ticarətin,
təhsilin və elmin inkişafına yardım etmiş, mədrəsələr,
karvansaralar açdırmış, körpülər
saldırmışdır.
1398-ci ildə
Ağqoyunlu hökmdarlarından Qara Yoluq Osman bəylə
döyüşdə həlak olan Qazi Bürhanəddin Sivas
şəhərində dəfn olunmuşdur. Onun
ölümündən sonra isə ölkədə hakimiyyət
yeganə oğlu Elməddin Əli Çələbiyə
keçmişdir. Ancaq gənc hökmdar hakimiyyəti əldə
saxlaya bilməmiş və Qazi Bürhanəddinin böyük
çətinliklərlə yaratdığı dövlət I
Bəyazid tərəfindən dağıdılmış,
ölkənin torpaqları isə Osmanlı dövlətinin tərkibinə
keçmişdir.
Azərbaycan
tarixi və ədəbiyyatı ilə yanaşı Osmanlı
tarixində də silinməz iz qoymuş Qazi Bürhanəddindir.
1392-ci ildə Osmanlı İmperiyası ordusunu Çorum
yaxınlığında Qırxdilim adlı yerdə məğlub
etmiş və bu savaşda İldırım Bəyazidin varisi
- oğlu Ərtoğrul öldürülmüşdü.
Qazi Bürhanəddin
dövlət idarəçiliyi ilə yanaşı elm və
sənətlə də məşğul olmuşdur. Yüksək
savada malik şair-hökmdarın fəlsəfi konsepsiyası
onun “Tərci üt-tövzih” (“İzahların təkrarı”)
və “İksir-üs səadət fi əsrar-ül ibadət”
(“Səadət iksiri ibadət əsrarında”) adı ilə ərəbcə
yazdığı risalələrdə əks olunmuşdur.
Tuyuq şeir janrında yazan ilk şair...
Qazi Bürhanəddin
öz şeirlərini üç dildə - Azərbaycan
türkcəsində, fars və ərəb dillərində
yazıb. Azərbaycan türkcəsində “Divan”ı bircə
nüsxədə saxlanmışdır. Bu nüsxə hələ
müəllifin sağlığında xəttat Xəlil ibn Əhməd
tərəfindən yazılıb və hazırda Britaniya
Muzeyindədir. Onu Londona ingilis səfirliyinin işçisi
Tomas 1890-cı ildə İstanbuldan gətirmişdir.
“Divan”ı Azərbaycan alimi, professor Əlyar Səfərli
1988-ci ildə Bakıda nəşrə hazırlanmış və
kitab şəklində işıq üzü
görmüşdür. Ə.Səfərli şairin qısa tərcümeyi-halını
da kitaba daxil etmişdir. Bu “Divan” 1319 qəzəl, 20 rübai və
108 tuyuqdan ibarətdir.
Akademik
A.Krımski yazır: “Bürhanəddinin ”Divan"ı qeyri-bərabər
həcmli iki hissədən ibarətdir. İlk və
böyük bölüm qəzəllərdir. İkinci və
nisbətən kiçik hissədə hər şeydən əvvəl
iyirmiyə qədər rübaisini qeyd etməliyik. Bunlar
türkcə yazılmış ilk “rübaiyyat”dır. Həmin
hissədə bunlardan başqa mistik-erotik məzmunlu qısa
tuyuqlar da əsas yer tutur."
“Tuyuq”ların
təhlili sufizm və hürufizmin Bürhanəddin
yaradıcılığına təsirindən xəbər
verir. Şairin sevgi lirikası isə öz növbəsində
bir çox türkdilli şairlərə örnək
olmuşdur. Bunlar folklora yaxınlığı və fars-ərəb
mənşəli sözlərin nisbətən az işlədilməsi,
həmçinin gözəl bənzətmə və istiarələrlə
seçilir.
Əcaba, dərdümün dəvası
qanı?
Əcaba, rəncümün şəfası
qanı!
Ayağı tozuna yüz ururam
Ki, göz ağrısı tutiyası
qanı!
Zülfi hil binübən irişdi cana
Ənbərin xattinün yayası qanı!
Bürhanəddinin
bir sıra şeirlərində mərdlik və hünər tərənnüm
olunur:
Həmişə aşiq könlü biryan
bolur,
Hər nəfəs qərib gözü
biryan bolur...
Özini alçax görən sərdar
bolur,
Ənəlhəq dəvi qılan bərdar
bolur.
Ər odur həq yoluna baş oynaya,
Döşəkdə ölən yigit
murdar bolur.
Qazi Bürhanəddinin
yaradıcılığı Azərbaycan ədəbiyyatının
mühüm mərhələlərindən birini əhatə
edir. Qazi Bürhanəddin Azərbaycan türkcəsi ilə
yazdığı divanı bizə çatan ilk şairdir.
Bundan başqa, Bürhanəddin Azərbaycan ədəbiyyatında,
eləcə də ümumtürk ədəbiyyatında tuyuq
şeir janrında yazan ilk şairdir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 10 aprel.- S.14.