Dəmir
xasiyyətli ledi
«Ən
valehedici, mənfur, cazibədar, deyingən, radikal və
mühafizəkar lider» - Marqaret Tetçer
1979-cu ildən 1990-cı illərədək
üç dönəm Britaniyanın baş naziri olan yeganə
qadın hökumət başçısı, 20 əsrin
görkəmli siyasi xadimi Marqaret Tetçer 87 yaşında
dünyasını dəyişdi. O həmçinin XIX əsrin
əvvəllərindən bəri Britaniya tarixində hökumətə
ən uzun müddət rəhbərlik edən şəxs
olub.
Hakimiyyətə
doğru addımları İngiltərənin kasıb
mühitindən başlayıb. Belə başlanğıc bu
qədər yüksək məqsədə nail olmaq
üçün təsəvvüredilməz
görünürdü. Lakin o mümkün olmayanı həyata
keçirə bildi: iddiasız dükan sahibinin qızı
kişilərin sahib olduğu hakimiyyətə gəlməyi və
Böyük Britaniyanın baş naziri olmağı
bacardı.
Cazibədar mühafizəkar
Marqaret
Tetçeri başqa xanım siyasətçilərdən fərqləndirən
cəhəti heç kimin ona qarşı laqeyd qala bilməməsi
idi. Bəziləri ona valeh olur, digərləri isə nifrət
edirdi. 1989-cu ildə istefaya gedəndə “Çikaqo tribun” qəzeti
onun haqqında yazırdı: Bəlkə də o Qərb
dünyasında ən valehedici, mənfur, cazibədar, deyingən,
radikal və mühafizəkar lider olub".
1982-ci ilin
mayın 2-də Böyük Britaniya ilə Argentina arasında
Folklen adaları uğrunda müharibə zamanı Fransa
istehsalı olan Argentina raketləri Britaniyanın “Şeffild”
eskadra mina gəmisini sıradan çıxarıb.
Üç gün sonra Tetçer sərt formada Fransa prezidenti
Fransua Mitterandan bu raketləri neytrallaşdırmaq
üçün gizli kodları istəyib. Əks halda o,
Argentina paytaxtını nüvə bombası atacağı ilə
hədə-qorxu gəlib. “Heç kim bu təmkinsiz ingilis
xanımın qarşısında dayana bilməzdi. Mən təslim
olmağa məcbur oldum. Tetçer kodları aldı” - sonralar
Mitteran etiraf edib. Mitteran əmin idi ki, Tetçer kodları əldə
etməsə Buenos-Ayres hücuma məruz qalacaq. Bundan bir
neçə gün əvvəl isə Tetçer 386 heyətlə
birgə Argentina kreyserini məhv etmək əmri vermişdi. Nəticədə
heyət üzvlərindən sağ qalan olmamışdı.
Dəmir necə bərkidi
Uzun illər
sonra “Dəmir Ledi” adını qazanan Tetçerin siyasətə
yolu 12 yaşından başlayıb. Məhz bu yaşdan o
partiya iclaslarında iştirak edirdi. Bu yola qədəm
qoyması isə onun aldığı tərbiyə ilə də
bağlı idi. 1925-ci ilin oktyabrın 13-də Londonun
şimalında, Grenthem şəhərində doğulan
Marqaret Tetçerin (qızlıq soyadı Roberts) atası
Alfred baqqal dükanı işlədirdi. Məktəb
yaşlarından ona kömək edən qızını siyasətə
hazırlayan ata ona hər zaman birinci olmağı təlqin
edirdi.
Atasının
Marqaretə təsiri çox böyük olub. “Həyatda nəsə
qazanmaq üçün daim işləmək lazımdır”,
“heç bir halda mənliyini itirməməlisən”,
“uğursuzluqların barədə danışma,
başqalarının yanında bunu heç vaxt xatırlatma”,
“kütlənin arxasınca getmə, zərurət olanda
kütlədən fərqlən, lazım olsa, arxanca apar” -
atasının bu prinsiplərinə Marqaret bütün
ömrü boyu əməl edib. Atası ona “mən
bacarmıram”, “bu iş məndə alınmır” ifadələrini
işlətməyə qadağan etmişdi. Sonradan siyasi
opponentləri Tetçeri etinasızcasına “baqqal
qızı” adlandırsa da, o bundan utanmırdı, əksinə,
bununla fəxr edirdi.
Atası
Grethemin meri seçiləndən sonra 10 yaşlı Marqaret
atası ilə şəhər şurasının
iclaslarına gedir, iki ildən sonra isə atasının
mühafizəkarları dəstəkləməsinə
baxmayaraq leyboristlər partiyasının yerli şöbəsinin
işində fəal iştirak edirdi.
Hələ
kiçik yaşlarında Marqaret “böyüyəndə nə
olacaqsan sualına” hər dəfə “Mühafizəkarlar
partiyasından parlament üzvü” cavabını verirdi. Bu isə
böyüklərdə yalnız gülüş doğura bilərdi.
Ötən əsrin 30-cu illərində sadə ailədən
çıxan insan üçün bu əlçatmaz idi.
Üstəlik, Marqaret qız idi, o dövr isə Britaniya
parlamentində qadın olmurdu.
“15
yaşım olanda anladım ki, nail ola bilməyəcəyim
heç nə yoxdur. Əsas odur ki, nə istədiyimi bilim”
sözlərinin müəllifi isə qarşısına
qoyduğu əsas məqsədə doğru gedirdi.
Oksford
universitetinin kimya fakultəsini bitirən Marqaret ixtisası
üzrə cəmi bir il işləyir. Artıq universitetdə
oxuduğu vaxtdan o həyatını mühafizəkarlar
partiyası ilə bağlayır və 1948-ci ildə, 23
yaşı olarkən parlamentə seçilmək arzusunu
ortaya qoyur. Lakin leyboristlərin böyük nüfuzu olduğu
ərazidən namizəd olan Marqaret uduzur.
Bu arada
Marqaret sənayeçi Denis Tetçerlə ailə qurur və
1953-cü ildə Kerol və Mark adlı əkiz
övladları olur. Həmin illərdə hüquq məktəbini
bitirən Marqaret 1959-cu ildə yenidən parlamentə namizədliyini
verir və bu dəfə qalib gəlir. O zaman bir
çoxları iki körpə uşaqlı qadının gərgin
seçki kampaniyasına inanmırdı. Lakin o bunu bacardı.
Bununla
baqqal qızının arzularına
çatdığını demək olardı - ailə,
maraqlı iş, parlamentdə fikirlərini demək imkanı.
Lakin məlum olur ki, bu qadın üçün adi insani dəyərlər
qara qəpiyə dəymir.
Süd oğrusu
1961-ci ildə
Marqaret Tetçer Mühafizəkarlar partiyasının
“kölgə kabinetinin” işinə qoşulur. Bundan sonra o,
faktiki olaraq ailədən uzaqlaşdı. Müsahibələrinin
birində nailiyyətlərindən söz açan
Tetçer heç vaxt 4-5 saatdan artıq yatmadığını,
həyatının işdən ibarət olduğu ilə
öyünür: “Bəzi adamlar yaşamaq üçün
işləyir. Mən işləmək üçün
yaşayıram”.
9 il sonra
Mühafizəkarlar hakimiyyətə gəldi, Tetçer isə
təhsil naziri təyin edildi. Özünə xas qətiyyətlə
sələflərinin qurduqlarını dağıdıb dərhal
təhsil müəssisələrinə dövlət
subsidiyalarını azaltdı. O hətta ingilis məktəblərində
şagirdlərə pulsuz paylanan südü ödənişli,
məktəb yeməklərinin qiymətini isə 30 faiz
bahalaşdırılması ilə bağlı göstəriş
verdi. Buna cavab olaraq hökumət binası qarşısında
“Südümüzü niyə oğurladın?”,
“Uşaqları Tetçerdən kim qoruyacaq?”
şüarları ilə piketlər keçirildi. Təhsil
nazirinin buna cavabı sarsıdıcı olur - o, təbəssümlə
izah edir ki, bu yolla dövlət büdcəsi 8 mln funt sterlinq qənaət
edib. Bunun əvəzində ingilislər Tetçeri ən
qeyri-populyar qadın elan etdi, mühafizəkar nazirlər
kabineti isə tezliklə istefaya getməli oldu.
Hökumətə rəhbərlik edə
biləcək yeganə kişi
Ancaq bununla
qəzetçilərin “zirehli tank” adlandırdığı
Tetçerin siyasi karyerası başa çatmadı. O
növbə ilə, öz üsullarından çəkinmədən
Mühafizəkarlar partiyasının liderliyinə olan namizədləri,
hətta öz himayədarı Edvard Xiti də nüfuzdan
salır. 1979-cu ildə Marqaret Tetçer Mühafizəkarlar
partiyasının sədri və Böyük Britaniyanın
baş naziri seçilir. Televiziyada seçicilərə
Tetçerin perojki bişirdiyi və qab yuduğunu əks etdirən
rolik nümayiş etdirilirdi. Əslində isə bu xanım mətbəxin
nə olduğunu çoxdan unutmuşdu. Hətta bəzi siyasətçilər
onun qadın olduğuna şübhə edirdi.
Fransa
prezidenti Jiskar d’Esten onunla görüşdən sonra
Tetçeri belə təsvir edir: “Mən onu maraqlı həmsöhbət
kimi görmürəm. Tetçer nə kişiyə
oxşayır, nə də qadına”. Lord Pennel isə daha qətiyyətli
olur. Tetçerin seçkilərdəki qələbəsindən
sonra kinayə ilə “o, hökumətə
başçılıq edə biləcək yeganə cəsarətli
kişi idi” deyir. 1980-ci ildə Tetçer ictimaiyyətə bəyan
edir: “Qadın olduğumu görməməyə
çalışıram. Özümə baş nazir kimi
baxıram”.
Sərt
islahatlara başlayan Tetçerin addımlarının müsbət
nəticə verdiyini Britaniya bir qədər sonra anladı. Hətta
Mühafizəkarlar partiyasından olan həmkarları öz liderlərindən
180 dərəcə dönüş əmri gözləyirdi.
Ancaq Tetçer onlara məşhur kəlamı ilə cavab
verdi: “Ledi geri çevrilmir”. Əvəzində o ölkəni
çevirdi və dəyişdi. O vaxtdan 30 ildən artıq
müddət keçib, Britaniya isə Tetçerin zəhmətinin
bəhrəsini görür. Ledinin xasiyyətindəki dəmir
isə ölkəsi üçün qızıla
çevrildi.
Atacağı
hər hansı addımla bağlı Tetçerə fikrindən
dönmək təklif olunanda o, qətiyyətlə öz
kursundan dönməyəcəyini bəyan edirdi. 1982-ci ildə
Argentina Folklen adalarına iddialarını irəli sürəndə
Tetçer BMT TŞ-nin qətnaməsinə əhəmiyyət
vermədən cənubu Atlantikaya 10 minlik hərbi korpus və
gəmi armadası göndərir. Bütün dünya
xanım baş nazirinin “kanoner diplomatiyasına”
qayıtmasının əsl səbəbini axtarırdı.
Çünki insan itkisi ilə yanaşı (250-dən
artıq britaniyanı həlak oldu) Britaniyadan 12 min km
aralıda yerləşən balaca adaya hərbi əməliyyat
dövlət büdcəsinə 200-300 mln funt sterlinqə
başa gəldi. Ancaq bu kiçik müharibə Tetçerin
1990-cı ilə qədər hakimiyyətdə qalmasına
yardım etdi.
Tetçer
üçün “kompromiss” sözü yox idi. 1981-ci ildə həbsxanadakı
İrlandiya terrorçuları özlərinin siyasi məhbus
kimi tanınması tələbi ilə aclıq elan etdilər.
Tetçer bəyan etdi ki “bu onların öz seçimidir” və
güzəştə getmədi. Nəticədə 11 nəfər
öldü, qalanları təslim oldu. 1984-cü ildə
irlandiyalılar bunun qisasını aldı və mühafizəkarların
qurultayı keçirilən hoteli partlatdılar. Marqaret zərər
çəkmədi. Səhəri gün o, fənər
işığında iclası davam etdirdi: “Ülyahəzrətin
hökuməti heç bir təhlükə
qarşısında geri çəkilmir”. Bu sözləri
bütün ölkə alqışladı. Üç
gün sonra isə sadə vətəndaşlarla
görüş zamanı Tetçer göz
yaşlarını saxlaya bilmir: “Mən indi həyatda
olmamalı idim”.
Onun dodaqları Monronu, gözləri isə
Kaliqulanı xatırladırdı
Folklen
münaqişəsindən sonra Marqaret Tetçer beynəlxalq
izolyasiyaya düşdü. Dövlət
başçıları isə Mitteranın onun barəsində
dedikləri fikri bölüşürdü: “Onda Merilin Monronun
dodaqları, Kaliqulanın (qəddar Roma diktatoru) gözləri
var”. SSRI-də isə onu görkəmli siyasi xadim hesab edir və
“Dəmir ledi” adlandırırdılar. Moskva universiteti isə
xanım baş nazirə elmi dərəcə verdi. Oksford
universiteti isə bu addımı atmaqdan imtina etmişdi. Əslində
isə Tetçeri SSRİ-nin dostu adlandırmaq olmazdı.
Sonralar
Çexiya məxməri inqilab liderlərindən olan Vatslav
Vlaus kommunizmə son qoyan Mərkəzi və Şərqi
Avropadakı inqilabın 1979-cu ildə Tetçerin qələbəsindən
sonra başladığını deyirdi. Tetçerin sosializmə
qarşı mübarizəsi uğur nümunəsi oldu.
1987-ci ildə
üçüncü müddətə seçilən
Tetçer Britaniya tarixində bu nailiyyəti qazanan ilk və
yeganə şəxsdir. Lakin Tetçerin Böyük
Britaniyanın Avropa valyuta sisteminə inteqrasiyasına mane
olması narazılığa səbəb oldu və 1990-cı
ildə “Dəmir ledi” istefaya getməli oldu. 1992-ci ildə
Marqaret Tetçer ömürlük per zadəgan titulu alaraq
baronessa qismində Lordlar palatasında yer tutdu.
Marqaret
Tetçer siyasi arenadan gedəndən sonra tetçerizm siyasi
fəlsəfəsi barədə danışılırdı.
Bu isə inadkarlıq, tənqidlərə, narazılıqlara
baxmayaraq seçilmiş kursu sona qədər getməkdən
ibarət bir yol idi. Hazırda Britaniyada hətta Leyboristlər
partiyası tetçerizm postulatlarını
bölüşür. Britaniyada tetçerizm ideologiya, siyasətə
iradəli yanaşma hesab olunur. Tetçer bir neçə dildə
çap olunan “Dövləti idarə etmək sənədi: dəyişən
dünya üçün strategiya” kitabının müəllifidir.
Aprelin 8-də
dünyasını dəyişən Marqaret Tetçer dəfni
zamanı təmtəraqlı mərasimin keçirilməməsini
vəsiyət edib. Dəfn mərasiminin layihəsini də
özü hazırlayıb.
Fizzə
Azadlıq.- 2013.- 10 aprel.- S.10.