Böyük nəslin dəyərli simaları
Qafqazın
ilk Şeyxülislamı
Azərbaycan
Xalq Cümhuriyyətinin görkəmli
simalarından biri olan
Əli bəy Hüseynzadə türk ictimai fikir tarixində
önəmli rol oynamış şəxsiyyətlərdən
sayılır. Onun yetişməsində mənsub
olduğu nəslin, xüsusi
ilə babası Şeyx Əhməd Salyaninin böyük zəhməti
olmuşdur.
Zəmanəsinin
nüfuzlu din xadimlərindən olan Şeyx Əhməd
Salyaninin atası Məhəmmədəli Hüseynzadə
Qafqazın ilk Şeyxülislamı olmuşdur. O, 1760-cı
ildə Salyanda dünyaya göz açmışdır. İbtidai
dini təhsilini Salyan və Gəncədə alan M.Hüseynzadə
1790-cı ildə İraqa getmiş, Bağdad Universitetinin
ilahiyyat və tarix fakültələrini bitirmişdir.
Yüksək təhsilini başa vuran ruhani alim 1802-ci ildə
Tiflisə gəlmiş, burada Şah Abbas məscidinin axundu təyin
edilmişdir. O, uzun illər bu vəzifədə işləməklə
təkcə Tiflisdə deyil, Şərqi və Qərbi Azərbaycan,
Borçalı, Dağıstan əyalətlərində
nüfuz sahibinə çevrilmişdir. Bu qazandığı
nüfuz sayəsində də o, 1823-cü ildə Qafqazın
ilk Şeyxülislamı olmuşdur.
Bu,
çox çətin və ağır bir dövr idi. Bəzi
məsələlərdə hökumətə qarşı
çıxan axund və mollaları cəzalandırmaq tələb
olunurdu. Rusiyanın siyasətindən narazı olan azərbaycanlı
din xadimləri narazı insanları əzməklə imperiyaya
xidmət etmək istəmirdi. Bu dövrdə Nuxa
qazısı Əbdül Lətif Əfəndi, Şuşa
qazısı Əbdil Qasım həmin üsyanın əsas təşkilatçıları
olmuşdular. Narazı din adamları vergilərin
yığılmasında çar məmurlarına
maneçilik törədir, xütbələrdə
Rusiyanı dinsizlikdə ittiham edirdilər.
Etirazların
ciddi olduğunu görən Peterburq Şeyxin fikirlərini əsas
götürərək 6 dekabr 1846-cı ildə Azərbaycan bəylərinin
torpaq üzərindəki irsi mülkiyyət hüququnu
tanıdı. Bununla, mülkiyyət bölgüsü məsələlərinin
rus qanunları ilə yanaşı, şəriət əsasında
da həll edilməsinə icazə verildi. Nəticədə
şəriət məhkəmələrinin rolu genişləndi
və Şeyxülislamın təsir imkanları da artdı. Bütün hallarda bu güzəştdən
yararlanmaq lazım idi.
Belə bir
vəziyyətdə 1834-cü ildə Yelizavetpol
qəzasında yerləşən İmamzadə məscidinə məxsus
torpaq sahəsi guya
lazımi sənədlərin olmaması ucbatından
müsadirə edilmiş, yalnız
Şeyxülislamın kəskin əks reaksiyasından sonra 1844-cü ildə geri
qaytarılmışdı.
Əsl mömin və ləyaqətli
insan
Şeyxülislam
Məhəmmədəli Hüseynzadə nüfuzlu bir şəxsiyyət
olaraq yüksək səviyyələrdə hörmətlə
qəbul olunurdu. Onun Şeyx Şamillə şəxsi
tanışlığı vardı. Elə buna görə də,
o, qubernatorun müridizmə qarşı mübarizə aparmaq
sərəncamına əməl etmədi. O, Şeyx
Şamilin gücünün müridizmdə olduğunu bilirdi.
Bu cərəyana qarşı mübarizə aparmaq Şeyx
Şamilə - müsəlmanların azadlığına rəhbərlik
edən bir şəxsə ağır zərbə vurmaq demək
olardı.
1828-ci ildə
Təbriz müctəhidi Ağa Mir Fəttah Təbatəbai
Qafqazın şiə məzhəbindən olan ruhanilərə
başçı (müctəhid) təyin olunandan sonra
Şeyxülislam ağır təzyiqlərə məruz
qaldı. O, Bağdadda təhsil alsa da, rus dilinə və ədəbiyyatına
dərindən bələd idi.
Şeyxülislam
Məhəmmədəli Hüseynzadə 1852-ci ildə vəfat
etmiş və Tiflisin Müsəlman qəbiristanlığında
dəfn olunmuşdur. Böyük din xadimi eyni zamanda bir
sıra dəyərli kitabların müəllifi idi.
Təsadüfi
deyil ki, sonradan onun yolunu oğlu Əhməd Salyani davam
etdirmişdir. Atası kimi dövrünün
tanınmış din xadimlərindən sayılan Əhməd
Salyani də böyük bir məktəb
yaratmışdır. O, 1812-ci ildə Salyanda dünyaya gəlmiş,
ilk mədrəsə təhsilini
burada başa vurduqdan sonra Tiflisdə Qafqaz Ruhani məktəbinə
daxil olmuşdur. Elə Ruhani məktəbində oxuyarkən
o, istedadı və yüksək qabiliyyəti ilə çevrəsindəkilərdən
fərqlənmiş, ilahiyyat elminə böyük maraq
göstərmişdir. Beləliklə, Nəcəfdə ali
dini təhsil almaq üçün yollanan Əhməd Salyani
atası kimi Tiflis şəhərinə qayıdaraq Qafqaz
Müsəlmanları Ruhani idarəsində işləməyə
başlamışdır.
Yolun davamçısı Şeyx Əhməd
Salyani
Şeyx Əhməd
Salyani burada təzadlı bir dövrdə yaşayıb
işləsə də, hələ ilk gündən öz iti
ağlı və dərin biliyi ilə çevrəsinin
hörmətini qazana bilmişdir. O, Şərqin dini mərkəzi
sayılan Nəcəfül-Əşrəfdəki İslam
universitetində əldə etdiyi yüksək nəzəri
bilikləri elmi əsaslarla təbliğ etməkdə
böyük işlər görmüşdür. 1862-ci ildə
imperator II Aleksandr Axund Əhməd Hüseynzadənin
Zaqafqaziya Şeyxülislamı təyin olunması və ona
bölgənin gəlirləri hesabına ayda 1600 rubl məvacib
verilməsi barədə qərarı təsdiqləyir. O
dövrdə Şeyxülislamın dini rəhbər kimi
çox da geniş səlahiyyətləri yox idi.
Amma
şeyxülislamların uzun illər boyu apardıqları
mübarizə nəticəsini verdi. 1872-ci ildə
şeyxülislamlıqla bağlı xüsusi çar fərmanı
imzalandı. Həmin fərmana görə, 5 aprel 1872-ci ildə
Zaqafqaziya Şiə Müsəlmanları ruhani İdarəsi
və Zaqafqaziya Sünni Müsəlmanları Ruhani idarəsi
yaradıldı. Bundan sonra da Əhməd Hüseynzadənin fəaliyyəti
genişləndi və vəzifə səlahiyyətləri bir
qədər də artdı. Müəyyən müddətdən
sonra, 1881-ci ildə mühüm xidmətlərinə görə
Şeyxülislam Axund Əhməd Hüseynzadəyə
3-cü dərəcəli “Müqəddəs Vladimir” ordeni
verildi.
Şeyx Əhməd
Salyani 23 il bu vəzifədə
çalışmışdır. O, Qafqaz Müsəlmanları
ruhani idarəsinə rəhbərlik etdiyi ilk illərdə,
daha dəqiq desək, 1879-cu ildə Zaqafqaziyada Qori müəllimlər
seminariyasının tatar (Azərbaycan) şöbəsinin
açılmasına yaxından kömək göstərmişdir.
Tədqiqatçı
G.Məmmədzadə qeyd etmişdir ki, dövrünün
görkəmli islamşünas alimlərindən olan Şeyx Əhməd
Salyani həm də nəzəri biliklərə bacarıqla
yiyələnmiş bir şəxsiyyət olmuşdur. Bundan
başqa, dini-mənəvi elmlərə dərindən yiyələnmiş
Salyani müxtəlif elmi fənlərə aid dərsliklər
də yazmışdır. Elmi-dini əsərləri ilə
yanaşı, o, “Ağızdan-ağıza keçmiş hədislər”,
“Müəllimul-ətgal-fi-təriqe-təlimi ətfal”, “Bəsaül
nas-fi-məmləkətül Qafqaz”, “Tarixi-ədəbiyyati-türk”,
“Tərbiətül-ətfal”, “Dilguşə” adlı əsərlərin
müəllifi kimi məşhurdur. Onun Azərbaycan MEA-nın Əlyazmalar
İnstitutunda saxlanılan əsəri - “Müəllimül-ətfal-fi-təriqe
təlim ətfal” əsəri Azərbaycan və fars dillərindədir.
Axund
Şeyx Əhməd Salyaninin tarixə maarifə, ədəbiyyat
tarixinə dair tədqiqatları bu gün də öz elmi əhəmiyyətini
itirməmişdir. Onun ən böyük xidmətlərindən
hesab olunan çətin və ağır zəhmət
hesabına yazdığı Azərbaycan tarixindən bəhs
edən “Bəsaül-nas-fi-məmləkətül-Qafqaz” və
Azərbaycan ədəbiyyatı tarixindən bəhs edən
“Tarixi-ədəbiyyatı-türk” əsərləridir.
Şeyx Əhməd
Salyani 1887-ci ildə Tiflis şəhərində vəfat
etmiş və oradakı müsəlman qəbiristanlığında
dəfn olunmuşdur.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 12 aprel.- S.14.