Görkəmli
sufi şairi Yusif Məxdum
Xəlvətilik
təriqətinin tarixi...
Tarixdən
məlum olduğu kimi, Azərbaycan ərazisində İslam dininin yayılmasından
sonra bir sıra təriqətlər yaranmağa
başlamışdı. X əsrdə Azərbaycanda
yaranmış belə təriqətlərdən biri də xəlvətilik
olmuşdu. Əsası Əbdülqahir Sührəverdi tərəfindən
qoyulan xəlvətilik sufi məktəbi lənkəranlı İbrahim Gilani və şirvanlı
Ömər Xəlvəti tərəfindən
yaradılmışdı.
Azərbaycanın
görkəmli təsəvvüf alimlərindən olan Seyid Yəhya
Bakuvinin yenidən təsis etdiyi xəlvətilik XV əsrdən
etibarən bütün istiqamətlərdə böyük təsirə
malik olmuş, müsəlman aləmində geniş
yayılmağa başlamışdı. Bu təriqətin təsis
edənlərin hamısı azərbaycanlı idi. Bakuvi onu ətrafa
mürşidlər göndərməklə məhəlli bir
təriqət olmaqdan çıxarıb Şirvan xaricinə
yaymışdır. Bakuvinin sağlığında xəlvətilik
Azərbaycanın hər yerinə, xüsusilə
Şamaxı, Bakı və Təbrizə, İran və
Osmanlı coğrafiyasına yayılmışdı.
Xəlvətilik
təriqətinin inkişaf prosesi tarixi olaraq dörd hissəyə
bölündü.
Bunlardan birinci dövr Əbülqahir Sührəverdidən - İbrahim Gilaniyə qədərki
dövrdür ki, X-XIII əsrləri əhatə edir.
İkinci
dövr İbrahim
Gilanidən-Ömər Xəlvətiyə qədərki
XIII-XIV əsrlər dövrüdür. Üçüncü
dövr Ömər Xəlvətidən-Seyid Yəhya Bakuviyə
qədərki XIV-XV əsrlər, dördüncü dövr isə
Seyid Yəhya Bakuvidən, XV əsrdən sonrakı dövr
sayılır.
Təriqətin
rəhbərlərindən biri olan Şeyx İbrahim Gilanidən sonra Azərbaycanda
onun davamçıları tərəfindən xəlvətilik
və səfəvilik təriqətləri kimi tanınan iki
böyük təsəvvüf məktəbi qurulmuşdu. Səfəvilik
təriqəti Azərbaycandan sonra ən geniş şəkildə
Anadoluda yayılmışdır.
Demək
olar ki, səfəviliklə eyni silsilə və əsaslara
sahib olan xəlvətilik təriqətinin Şirvanşahlar
dövləti və cəmiyyəti tərəfindən rəğbətlə
qarşılanmasının səbəbləri
öz-özünə ortaya çıxır. Şeyx
Cüneydin simasında siyasi bir şəxsiyyətə
qovuşan səfəvilik Şirvanşahlar dövləti
üçün təhlükə olmağa
başladığı halda, eyni motivləri daşıyan xəlvətilik
təriqəti əhəmiyyət qazanmış oldu. Yəni,
o dövrdə bunun şiəliyə meylli fəaliyyətlərin
önünə keçmək üçün bir əngəl
ola biləcəyi düşünülməyə
başlandı.
“Bu
da ancaq eyni motivləri daşıyan, siyasi don geyindirilən səfəviliyə
alternativ olaraq xəlvətilik təriqətinin ön plana
çıxarılması surəti ilə ola bilərdi. Eyni
şəkildə əhli-beyt sevgisindən yola çıxaraq
xalqı öz yanlarına çəkmək istəyən
şiələrin kənarlaşdırılması yenə də
eyni metoddan istifadə edilməklə gerçəkləşə
bilərdi. Şirvanşah I Xəlilullah xan (1417-1465) və
Şirvanşah Fərrux Yəsar xan (1465-1500) tərəfindən
tətbiq olunan bu siyasət 1500-cü ilə qədər
öz nəticəsini vermişdi”. (Vikipedia)
Nüfuzlu
xəlvəti şeyxi
Bu dövrdə
yaşamış xəlvəti şeyxlərindən biri də
Yusif Müsküri olmuşdur. Mənşəcə Azərbaycan
türklərindən olan Müşküri məşhur sufi
şairidir. Mənbələrdə onun tam adı Yusif ibn Əli
əl-Fazil əl-Hüseyni, künyəsi Əbül-Füyuzat,
ləqəbi Ziyaəddin olaraq göstərilir. Yusif
Qarabağdan Şirvana köç etmiş bir ailədə
dünyaya gəlmişdi. Onun atası Şirvanın
tanınmış alimlərindən biri sayılırdı.
Beləliklə, o, təhsilini də əvvəlcə
atasından almış, 9 yaşında Quranı hifz
etmiş, həddi-buluğa yetişəndə isə dərs
deməyə başlamışdı. Yusif Müsküri daha
sonra Həccə gedərək Misir, Qüds, İsgəndəriyyə,
Şam və Bağdadda olmuşdu. O, buradakı alimlərdən
hədis, təfsir və fiqh elmlərini öyrənmiş,
dövrün önəmli alimi kimi yetişmişdi.
Müsküri daha sonra Şirvanın mərkəzi
Şamaxıya dönüb elm tədrisi ilə məşğul
olmuşdu.
Azərbaycan
mənbələrində adı Yusif Müsküri olaraq
keçən görkəmli şəxsin Bakıda (Əlyazmalar
fondunda) qorunan və ona aid edilən “Bəyanül əsrar
lit-talibin” və “Silsilətül-uyun” adlı əlyazma əsərlərində
adı Yusif əl-Şirvaniəl Müsküri kimi qeyd edilib.
Şairin adı, yaşadığı və vəfat etdiyi
yer haqqında Osmanlı mənbələrində fərqli məlumatlar
verilir. Abbasqulu ağa Bakıxanov “Gülüstani İrəm”
əsərində bunları qeyd edir: “Onun ulu babaları
Qubanın Müskür nahiyyəsinə Qarabağdan gəlmişdilər...
Təriqət mərasimini təkmil etdikdən sonra, Seyid Yəhya
Bakuvidən irşad xirqəsi almış və təriqət
saliklərinin üzünə feyz və təbliğ
qapılarını açmışdı. Onun nəvələri
sultanların və əmirlərin yanında əziz olub,
rüsumat sahibi idilər. Şeyxin məzarı və
onların yurdu olan kənd Şıxlar adı ilə
adlanmışdır. Onun əsərlərindən ancaq ”Bəyanül-əsrar"
adlı ərəbcə kitabı bizə gəlib
çatmışdı. Bir müqəddimə və 24 fəsildən
ibarət olan bu kitab, əşyanın maddi və mənəvi
xüsusiyyətlərinə, təriqət sahibləri və
füqəranın adət və ədəbinə aid olan
geniş mövzuları müxtəsər bir surətdə
izah edir. Hicri səkkizinci əsrin axırında vəfat
etmişdir".
Mənbələrdə
Yusif Müskürinin “Adabül-İrşad” və “Silsilətül-Ərvah”
adlı iki əsərinin olduğu haqqında məlumatlar da
var. AMEA-nın Əlyazmalar İnstitutunun fondunda Yusif Məxduma
məxsus olduğu göstərilən “Silsilətül-uyun”
adlı əsərin əlyazması saxlanılır. Bu kitab
on fəsildən ibarətdir. Birinci fəsildə insan və mələk
ruhlarının yaradılış silsiləsi ilə
kainatın yaradılışından bəhs edilmişdi.
Mehmet Rıhtım güman edir ki, bu məhz “Silsilətül-Ərvah”
əsəridir.
Məxdum adını Bakuvi vermiş...
Yusif
Müskürinin Məxdum adıyla
çağırılmasının da öz tarixçəsi
var. Mehmet Rıhtım qeyd edir ki, Məxdum adını ona
Seyid Yəhya Bakuvi verib. Onun bu adı almasının səbəbi
mənbələrdə iki cür izah olunur. Birincisi, atası,
Şirvan şahı Sultan Xəlilin Qazil-qüzatı
olduğundan Seyid Yəhya ona Məxdum deyə xitab etmişdi.
Xanəgahda nə zaman bir xidmət olsa, yardım etmək istərsə,
Seyid Yəhya: “Siz oturun, sizinlə söhbət edək. Zira, məxdum
olana xidmət rəva deyildir” - deyirmiş.
İkinci səbəb
isə M.Nəzminin bildirdiyinə görə, Şeyx Yusif
Müşküri illərlə sabah namazından günorta
namazına qədər Quran dərsləri, günortadan
axşama qədər isə digər dərsləri təlim
edərmiş. Gecə-gündüz elm və ibadətlə məşğul
olduğu halda, mənəvi inkişafın olmamasına
görə üzülürmüş. Bir gün
gördüyü röya üzərinə Seyid Yəhyaya
bağlanaraq sıxıntılardan qurtulur.
Nəzminin
dediyinə görə, Seyid Yəhya ölümündən əvvəl
Yusif Müskürini çağıraraq xəlifələri
və müridləri arasında “səccadə və
Allahın əmanəti (şeyxlik) Məxdumundur” - demişdi.
Seyid Yəhyanın ölümündən sonra çıxan
ixtilafda xəlifə və müridlərin bir qismi Məxdumun
səccadəyə oturmasını istəyir. Müridlərin
bir qismi onun səccadəyə oturmasını istəyir.
Lakin Seyid Yəhyanın oğlu Fəthullahın səccadəyə
oturması ilə Şeyx Yusif Şamaxıya gedir.
Amma
Azərbaycan mənbələrində Yusif Məxdumun
yaşadığı və vəfat etdiyi yer haqqında
verdiyi məlumatlar Osmanlı mənbələrindən fərqlənir.
Tarixçi alim Məşədixanım Nemət Xaçmaz
rayonunun Şıxlar kəndində apardığı
araşdırma zamanı Yusif Müskürinin burada dəfn
olunduğunu göstərən qəbir daşı aşkar
etmişdi. Şeyx Yusif türbəsi kimi məlum olan bu qəbiristanlıqda
Şeyx Yusifin oğlu Məhəmməd Əminin və
başqa müridlərin də məzarları var.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 13 aprel.- S.14.