“Biz gedəcəyik, dünya
qalacaq...”
Əcəmi Naxçıvaninin
memarlıq inciləri
Azərbaycan memarlığının
böyük bir tarixi var. Hələ uzaq yüzilliklərdən
bəri bu bölgədə yaşayan mahir sənətkarların
ucaltdıqları sənət inciləri indiyə kimi öz
gözəlliyini qoruyub saxlamaqdadır. Azərbaycan
memarlığında öz dəst-xətti olan, məktəb
yaratmış sənətkarlardan biri də Əcəmi Əbubəkr
oğlu Naxçıvanidir.
Mənşəcə
Azərbaycan türklərindən olan Əcəmi XI-XII əsrlərdə
yaratdığı əsərlərlə böyük
şöhrət qazanmış, Naxçıvan memarlıq məktəbinin
banisi olmuşdur. Bu azərbaycanlı memar zəmanəsinin ən
görkəmli sənətkarlarından biri olaraq
tanınmış və sorağı uzaq ölkələrə
qədər gedib çıxmışdır. Azərbaycan
Atabəylər dövləti zamanında yaşayıb-yaradan Əcəmi
misilsiz sənət nümunələri yadigar qoyub
getmişdir. O dövrdə Atabəylər dövlətinin mərkəzi
şəhərlərindən biri də Naxçıvan idi.
Tarixi mənbələrdə Əcəminin həyatı
haqqında geniş məlumat qalmasa da, yaratdığı
memarlıq inciləri bu tarixə şahidlik edir. Ustad memar uzaq
əsrlər öncəyə xitab edərək öz şah əsəri
olan Mömünə Xatun türbəsi üzərində belə
yazmışdı:
“Biz gedəriyik.
Dünya əbədi qalandır. Biz gedəcəyik, dünya
qalacaq. Biz ölərik - bu, bizdən xatirə qalar. İlahi,
bəd nəzərdən uzaq elə”.
Sənətşünas
Ə.V.Salamzadə onun haqqında yazır: “Yaxın Şərqin
bir çox memarlarının yaradıcılığına
onun təsirini izləmək çətin deyil. Onun
yaratdığı nadir arxitektura əsərləri əsrlər
keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi
kimi sənətkarın yaradıcı dühasının
gücünü əks elətdirir. Bu əsərlər
sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq,
memarlıq sənətinin əbədi nümunələrindən
sayılır. Yenidən doğulmuş bu sənət abidələri
belə bir fikrə gəlməyə əsas verir ki, Əcəmi
Naxçıvani öz dövründə tayı-bərabəri
olmamış sənətkarlardandır. Təsadüfi deyil
ki, XIII əsr mənbələri onun ”şeyxül-mühəndisin"
(mühəndislər başçısı) rütbəsi
daşıdığından xəbər verir. Hələ Qərb
dünyasında arxitektura sənəti anonim səciyyə
daşıyan bir Dövrdə Əcəmi bir çox
memarlıq incilərinin müəllifi kimi bizim
qarşımızda parlaq və təkrar olunmaz yaradıcı
simaya malik böyük sənətkar, bədii və mühəndis
təfəkkürünün nəhəngi kimi
canlanır"(Vikipedia).
Tədqiqatçılar
Əcəmi Naxçıvaninin böyük bir ərazidə
inşa edilən Eldənizlərin sarayının, Cümə
məscidinin, Xatirə abidələrinin, mədrəsə,
karvansara və digər tikililərin memarı olduğunu
yazır. Lakin o abidələrdən bizim dövrümüzə
yalnız iki məqbərə gəlib çatıb. Bununla
belə, Naxçıvanda saray ansamblının
mövcudluğu XIII əsrdə anonim bir müəllif tərəfindən
farsca yazılmış “Əcaib əd-dünya” adlı əsərdə
də təsdiq edilir.
Bənzərsiz sənət dəst-xətti
Həmin
tarixin yazılı mənbələrinə əsaslansaq, Əcəmi
dövründə Naxçıvanda 250 min nəfər əhali
yaşayırdı. Qeyd olunan meydandan dövrümüzə gəlib
çıxmış tikililər arasında ən qədimi
xalq arasında “Atababa Günbəzi” adlanan Yusif Küseyir
oğlu türbəsidir. Türbənin məzar hissəsi
yerin altındadır. Yerüstü qülləvari hissə
piramida formalı səkkizguşəli çadır şəklində
işlənmişdir. Məqbərənin çölə
baxan tərəfi kərpic bloklarla hörülmüş
naxışlarla bəzədilmişdir. Abidənin giriş hissəsində
kufi xətti ilə yazılıb:
“Bu, şərəfli
dinimizin məşhur rəisi, İslamın gözəlliyi,
şeyxlər başçısı Hacı Yusif ibn
Küseyrin məqbərəsidir. Şəvval ayı yeddinci, əllinci
və beş yüzüncü il (557/1162-ci il)”. Məqbərənin
üzərində kufi xətti ilə Qurandan dekorativ ayələr
yazılmışdır. Girişin sol tərəfində
memarın adı həkk olunmuşdur: “Əcəmi ibn Əbubəkr
Naxçıvani.”
Əcəminin
Naxçıvanda ucaltdığı ən möhtəşəm
abidə Mömünə Xatunun şərəfinə
salınmış məqbərədir. Bu, xalq arasında “Atabəy
Günbəzi” kimi məşhurdur. Atabəy Şəmsəddin
Eldənizin birinci arvadı olan Mömünə xatun Azərbaycan
Atabəylər dövlətinin yaranması və möhkəmləndirilməsi
üçün çox böyük işlər
görmüşdü. O, 1175-ci ildə dünyasını dəyişmiş,
az sonra Eldəniz özü də rəhmətə getmiş,
məqbərənin tikintisini onların oğlu Cahan Pəhləvan
davam etdirmişdir. Bu məqbərə də yeraltı və
yerüstü hissələrdən ibarətdir. Birinci qismə
xatunun məzarı, ikinci hissəyə isə xatirə abidəsi
daxildir. Məqbərənin üzərində kufi xətti ilə
Qurandan ayələr həkk olunmuş haşiyə yerləşdirilib.
Təqribən bir metr hündürlüyündə olan bu
yazı minalanmış kərpiclərlə işlənmişdir
və məqbərənin bəzəyi sayılır.
Hündürlüyünə və monumentallığına
baxmayaraq, məqbərə çox zərif və dikdir. Bu da
onun qadın şərəfinə
ucaldıldığından xəbər verir.
Dünyanın
gözəl sənət nümunələrindən olan
Möminə xatun məqbərəsi haqqında akademik
V.M.Alpatovun “Ümumi incəsənət tarixi”
külliyyatında deyilənlərə nəsə əlavə
eləmək çox çətindir. O yazır: “Bu cür
inkişaf tapmış forma hissiyyatı, bu cür klassik
kompozisiya bitkinliyi və kompozisiyanın gerçəkləşdirilməsindəki
bu cür kamillik o dövrlərdə Orta Avropa
arxitekturasında rast gəlinmir. Klassik şərq ədəbiyyatının
ən gözəl nümunələrindən olan Firdovsinin
(X-XI əsrlər) ”Şahnamə", Nizaminin (XII əsr)
“Leyli və Məcnun” kimi ölməz poemalarında olduğu
kimi, Naxçıvandakı bu məqbərə də bəşəri
mahiyyəti ilə fərqlənir."
Əcəmi sənətkarlığının
dünya memarlığına təsiri
Yuxarıda
qeyd edilən tarixi meydanda yerləşən tikililərdən
biri də hansısa möhtəşəm bir memarlıq abidəsinin
qoşa minarəli piştağıdır. Həmin abidə
XIX əsrdə dağıdılmış, onun şəkilləri
və təsviri isə qalmışdır. Abidə
dağıdılmamışdan onun üzərindəki “Memar Əcəmi
ibn Əbubəkr Naxçıvaninin əsəridir” sözləri
aydın oxunurdu.
Qeyd edilən
Piştağ 1187-ci ildə, Mömünə Xatun türbəsindən
bir il sonra tikilmişdir. Mütəxəssislər təsdiq
edirlər ki, qoşa minarəli portal kompozisiyası ilk dəfə
Əcəmi tərəfindən tətbiq edilmişdir. Sonralar
müsəlman dünyasının bir çox ölkələrində
bu kompozisiyaya tez-tez rast gəlinir.
Əcəminin
xatırladığımız tikililərinin ümumi
kompleksinə nəhəng Cümə məscidi (Cümə məscidi
(Naxçıvan))də daxil idi. Bu məscid haqqında
ümumi təsvir fransız səyyahları Tavernye və
Delafruanın qeydlərində də verilmişdir. XIX əsrin
ortalarında V.Engelqart “Qafqaz” qəzetində bu məscid haqda yazırdı:
“Bu - yonulmuş daşlardan tikilmiş və tağları olan
nəhəng bir binadır. İçəridə hələ
də gözəl relyefli oymaların izləri qalmaqdadır. Məscidin
bir hissəsi artıq dağılıb, o biri hissəsi isə
dağılmaq üzrədir. Məsciddən 50 sajen aralıda
hündürlüyü 20 sajenə çatan qoşa minarəli
darvaza yerləşir. Darvaza da həmin kompleksə daxildir. Əvvəllər
məscidlə darvazanın arasındakı yerdə müxtəlif
tikililər olub, ancaq indi bunlar yoxdur və adama elə gəlir
ki, darvaza bir qədər yaxındakı tənha qalaya aiddir”.
Əcəmi
Naxçıvaninin yaratdığı məktəb bir
çox şərq memarlıq abidələrinə də
öz təsirini göstərmişdir. Tədqiqatçılar
qeyd edirlər ki, Marağadakı Göy günbəzdə
(1196-cı il), Naxçıvan yaxınlığındakı
Gülüstan türbəsində (XIII əsr), Qarabağlar,
Bərdə və Salmas türbələrində (XIV əsr),
türk memarı Memar Sinanın (XVI əsr) və İstanbulda
ucaltdığı türbələrdə Əcəmi sənətinin
ənənələri yaşayır.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 14 aprel.- S.14.