Azərbaycan
ədəbiyyatının ərəbdilli şairi
Dövrünün
məşhur qələm sahibi Musa Şəhavat
Azərbaycan
klassik ədəbiyyatının böyük bir hissəsini ərəbdilli
şairlərin yaradıcılığı tutur. Belə
görkəmli şairlərdən biri də VII əsrin sonu
VIII əsrin əvvəllərində yazıb-yaratmış
Musa Şəhavat olmuşdur.
Tarixdən
məlum olduğu kimi, VII-IX əsrlərdə İslam dini
İspaniyadan şimal-qərbi Hindistana qədər olduqca
geniş bir ərazidə yayılmışdı.
İslamın yayılmasında, dövlət
qurumlarının yaradılmasında və müsəlman mədəniyyətinin
formalaşmasında başlıca olaraq, ərəb, türk və
fars xalqları iştirak edirdilər.
Belə
bir dövrdə ədəbiyyatda da öz yerlərini almaq
üçün başqa dillərlə bərabər,
türk dili ağır mübarizə yolu keçməli
olmuşlar. Əslində, Türk dillərinin vəziyyəti
çox çətin idi. Çünki onun rəqabət
apardığı fars və ərəb dilləri çoxəsrlik
yazı ənənələri qazanmışdı. Bundan əlavə
də, həmin dillər zərdüştilik və müsəlmanlıq
kimi iki böyük dinin dilləri sayılırdı.
Bütün
istiqamətlərin savaşdığı belə gərgin
bir tarixi dövrdə “farsi” (fars dili) ilə ərəb dili rəqabətə
girərkən türklər birincinin tərəfində
durmuşlar. Beləliklə, Orta Asiya və Azərbaycanda məşhur
farsdilli poetik məktəblər meydana
çıxmışdır. Eyni zamanda, fars və ərəb
dillərindən geri qalmayan türkdilli ədəbiyyat da
yaranmağa başlamışdır. XVII-XIX əsrlərə
qədər Bağdaddan Dehliyə qədər geniş bir ərazidə
türk dili əyan-əşrəfin danışıq dili və
hərbi təlimatlar dili kimi işləkliyini qoruyub
saxlamışdır. Buna baxmayaraq, hələ uzun müddət
Azərbaycan alim və şairləri öz əsərlərini
türk dili ilə yanaşı olaraq fars və ərəb
dillərində də yaratmışlar.
Bütün
müsəlman ölkələrində İslamın
yayıldığı ilk dövrlərdə əsas
ünsiyyət vasitəsi ərəb dili olmuşdu... Buna
görə də fars və türklər həm ərəb
dilinin, həm də bu dildə yaranan ədəbiyyatın
inkişafında yaxından iştirak etmişlər. Məhz
bu dövrdə Azərbaycanda ərəb dilində
yazıb-yaradan bütöv bir şairlər nəsli meydana
çıxır. Onları “məvali”
adlandırırdılar. Musa Şəhavat da həmin şairlərdən
biri idi.
Musa
Şəhavatın atasının adı Bəşşar idi.
Şairin təxəllüsü barədə mövcud olan
fikirlərdən biri ondan ibarətdir ki, bir neçə Ərəb
dilində “Şəhavar” sözü “xəsis” anlamına gəlir.
Eyni zamanda bu söz həm də “şirniyyat” mənasını
verir. Başqa bir ehtimala görə isə Musa şirniyyat
alveri etmişdir. Tarixi mənbələrə əsasən, məlum
olmuşdur ki, Musa tez-tez vətəni Azərbaycana gedib-gələr
və oradan satmaq üçün şəkər və
şirniyyat məhsulları gətirərmiş. Çox
güman ki, o, “Şəhavat” təxəllüsünü də
bununla əlaqədar almışdır.
Musanın
künyəsi əbu-Məhəmməddir. Bütöv şəkildə
şairin adı Əbu Məhəmməd Musa ibn Bəşşar
Şəhavat kimi yazılır.
Tarixə sirr olan “Divan”ı
Musa Şəhavatın
şeirlər “Divan”ı hələ tapılmasa da, onun elmə
məlum olan azsaylı şeirləri də müxtəlif əsrlərə
aid təzkirələrdən
götürülmüşdür. Bu şeirlərin çoxu
da mədhiyyə səciyyəsi daşıyır.
Bütün bunlara baxmayaraq, şairin bioqrafiyasına dair məlumatlar
da həmin şeirlərdən
çıxarılmışdır. Şəhavatın ən
məşhur şeirlərindən biri əmir Səid ibn Xalid
ibn Abdullah ibn Xalid ibn Asidin şərəfinə
yazdığı mədhiyyədir.
Musa Şəhavat
bir kənizə vurulmuş və onunla evlənmək istəmişdir,
lakin qızın ağası isə onun müqabilində on
min dirhəm tələb etmişdir. Şair dostları ilə
birlikdə dörd min dirhəm düzətsə də, qalan
altı min dirhəm üçün yaxın dostu Səid ibn
Xalid əl Osmaniyə müraciət etmiş və ondan rədd
cavabı almışdır. Sonradan Musa dostunun yaxın qohumu Səid
ibn Xalid ibn Abdullah ibn Xalid ibn Asidə müraciət edir. Səid
ibn Xalid ibn Abdullah Musaya 6 min dirhəm borc verir və iki min dirhəm
də toy xərcini bağışlayır. Bu şeir də
onun bu nəcibliyinin şərəfinə
yazılmışdır.
Musa Şəhavatın
tədqiqatçısı Məlik Mahmudovun da
yazdığı kimi, Musa həmin mədhiyyəni
yazdıqdan sonra şair və söz ustası kimi məşhurlaşmışdır.
Qohumların özlərinin və atalarının adı eyni
idi və bundan istifadə edən şair əsəri ustalıqla
elə qurmuşdu ki, birinin mədhindən o birinin üzərinə
satira düşürdü. Satiradan qəzəblənən Səid
ibn Xalid əl-Osmani xəlifə Süleyman ibn Əbd əl-Məlikə
şikayət etmişdir. Xəlifənin hüzuruna
çağrılan Musa isə öz satirasını belə
izah etmişdir: “Onların adları və atalarının
adı eyni olduğundan mən dəyişik düşməmək
üçün onları analarının adları ilə fərqləndirməyə
çalışmışam. Ona (Səid əl-Osmaniyə)
xoş gəlməyən odur ki, mən ona mədhiyyə deməmişəm”.
Musanın cavabı xəlifənin xoşuna gəlmiş və
onu sərbəst buraxmışdır.
Şeirləri xalq dilində də məşhur
idi
İbn
Kuteybə əd-Dinəvəri özünün “Əş-şep
və-ş-şüəra” adlı əsərində Əbü-l-Yazqana
istinad edərək yazır ki, Mədinədəki məvalilər
arasında Azərbaycandan çıxmayan şair yox idi. Sonra
o, İsmayıl ibn Yasarın, onun qardaşı Musa Şəhəvatın
və Əbü-l-Abbasın adlarını çəkir.
Zaman keçdikcə ərəb dili həyatın bir çox
sahələrində öz yerini digər dillərə
buraxır, özü isə indiyə qədər qədim mədəniyyətin
açarı kimi işlənməkdədir.
Musa Şəhavatın
şöhrət qazanmış daha bir şeiri də Həmzə
ibn Abdullahın tərifinə həsr olunmuşdur. O
zamanın məşhur müğənnilərindən olan
Mobed həmin tərifi təntənəli qəbullardan birində
Musa Şəhavatın xahişi ilə Həmzəyə
oxumuş və aldığı 400 dinar mükafatı da
şairlə yarı bölmüşdür. Sonralar bu şeir
dövrün ən məşhur 100 mahnısının
siyahısına düşmüşdür. Deyirlər ki,
Qüteyb ibn Müslümün Orta Asiyada beş şəhəri
tutması xəbəri Mobedə çatanda o demişdir: “Mənim
oxuduğum beş mahnı Qüteyb ibn Müslümün
tutduğu beş şəhərdən qiymətlidir”. Həmin
beş mahnının içində Musanın haqqında deyilən
qəsidəsi də vardı.
Musa Şəhavatın
bir neçə şeiri də dövlət məmurlarının
və ruhanilərin törətdikləri
özbaşınalıqlara cavab olaraq
yazılmışdı.
Malik
Mahmudovun yazdığına görə, Musa Şəhavatın
şeirləri o qədər populyar idi, ki, onları sarayda əyanlar
da, küçələrdə qara camaat da əzbər
bilirmiş. Onun şeirlərindən
götürülmüş ayrı-ayrı parçalar və
ifadələr sonradan aforizm, atalar sözləri və zərb-məsəllərə
çevrilmişdir. Amma zəmanəsinin böyük şairi
olan Şəhavatın böyük irsi tarixin sirlərinə
qarışmış və itib-batmışdır. Bəlkə
də nə zamansa bu qiymətli xəzinəni tapmaq hansısa
xoşbəxt tədqiqatçıya nəsib olacaq.
Şairin həyatı
haqqında məlumat verən bir şeirindən o da aydın
olur ki, o, 712-ci ildə ikinci dəfə məvalilərdən
birinin Həmidə adlı qızına evlənmişdir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 15 aprel.- S.14.