Azərbaycan torpaqlarını ilk dəfə birləşdirən hökmdar

 

Yusif ibn Əbu Sac Divdad

 

Azərbaycan ərazisində ərəb işğalına qarşı aparılan mübarizə illərində yaranmış dövlətlərdən biri də Sacilər dövləti olub. Asiyanın Əşrusan vilayətinin qədim nəslindən olan bu sülalənin başçıları bir qayda olaraq Afşin ləqəbi götürürdülər. Afşin Heydər ibn Kavus da daxil olmaqla ərəb ordusunun bir çox məşhur sərkərdələri bu nəsildən çıxmışdır.

 

IX əsrin 80-ci illərindən X əsrin 40-cı illərinədək yarım əsrdən çox bir tarixi dövr ərzində bütün Azərbaycan torpaqlarının - Sacilər dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə, Azərbaycan türk xalqının etnik özülünün güclənməsinə müsbət təsir göstərmişdir.

Lakin Xürrəmilər üsyanı və onun ardınca Ərəb xilafətini bürümüş digər üsyanlar bu dövləti tam zəiflətmiş və IX əsrin II yarısında onun parçalanması ilə nəticələnmişdi. Əvvəllər ərəb dövlətinə daxil olmuş ərazilərdə müxtəlif feodal dövlətləri yaranmağa başlamışdı. Azərbaycanda da bir neçə belə dövlət yaradılmışdı. Şirvan ərazisində Məzyədilər, sonra isə Kəsranilər sülaləsi Şirvanşahlar dövlətini yaratmış, Arranda Şəddadilər sülaləsi hakimiyyətə gəlmiş, Cənubi Azərbaycanda Sacilər, Salarilər və Rəvvadilər sülalələri bir-birini əvəz etmişdi.

Sacilər sülaləsinin banisiAfşin” ləqəbli Əbu-s-Sac Divdad türk əmirləri nəslindən olan adlı-sanlı sərkərdə idi. Vicdanlı xidməti müqabilində xəlifə tərəfindən dəfələrlə mükafatlandırılan sərkərdə 866-cı ildə Kufə şəhəri və Məkkə yolunun rəisi vəzifəsinə təyin edilmişdi. İslam dünyasında bu vəzifə ən şərəfli və məsuliyyətli vəzifələrdən biri sayılırdı, çünki onu icra edən şəxs dünyanın hər yerindən Məkkəyə gələn zəvvarların təhlükəsizliyini təmin etməli idi. Onun oğlu Məhəmməd ibn Əbu Sac Məkkə və Mədinə şəhərlərinin hakimi təyin edilmişdi. Vəzifə borcunu layiqincə yerinə yetirdiyi üçün Əbu Sac yenidən Azərbaycana qaytarılmışdı. Ərəb xilafəti parçalandığı dövrdə müstəqil dövlət yaratmağa çalışan Əbu Sac 879-cu ildə vəfat etmişdir.

Atasının ölümündən sonra oğlu Məhəmməd Azərbaycana qayıtmış, 889-893-cü illər toqquşmalarından sonra Marağada möhkəmlənən Məhəmməd artıq tam müstəqil siyasət yeritməyə başlamışdır. Uğurlu iqtisadi tədbirlər həyata keçirən Məhəmməd dövlətinin iqtisadi müstəqilliyini təmin etmiş, öz pullarını buraxmışdır. Sacilər dövlətinin ən parlaq dövrü Məhəmməd ibn Əbu Sacın qardaşı Yusif ibn Əbu Sacın adı ilə bağlıdır.

 

İlk dəfə vahid Azərbaycan dövləti hüdudlarında

 

Yusif ibn Əbu Sac Azərbaycan tarixinə bütün Azərbaycan torpaqlarını ilk dəfə vahid Azərbaycan dövləti hüdudlarında birləşdirən hökmdar, görkəmli sərkərdə və islamın müqəddəs yerləri uğrunda şəhid olmuş döyüşçü kimi daxil olub.

Yusif güclü ordu hesabına xilafətdən asılılığı ləğv etmiş, Bizans qoşunlarını geri atmış və bütün Azərbaycanı öz hakimiyyəti altında birləşdirmişdir. Azərbaycandan kənarda olan bir çox ərazilər də onun dövlətinə birləşdirilmişdir. Yusif 927-ci ildə islamın müqəddəs şəhərlərinə hücum edən qərməti təriqəti ilə vuruşmada həlak olmuşdur.

Yusifin ordusu regionun ən qüdrətli ordusu hesab edilirdi. Sacilər dövlətinin hərb təşkilatı öz sadəliyi ilə seçilirdi. Dövlət başçısı baş komandan vəzifəsini icra edir, sərləşkər titulunu daşıyan sərkərdə əsgəri qoşun istehkam qarnizonlarına, hacib ol-xass titulunu daşıyan sərkərdə isə qvardiya dəstələrinə başçılıq edirdi. Sacilər dövlətinin hərb sənəti bir tərəfdən regionun iqtisadi, sosial siyasi inkişafından asılı olmuş, digər tərəfdən isə ümum-müsəlman-ümumtürk hərb sənəti ilə sıx bağlı olmuşdur. Türk ərəb hərb sistemlərinin on yaxşı cəhətlərini öz qoşunlarında tətbiq edən Yusif döyüşlərdə parlaq qələbələr qazanırdı. Yusif ibn Əbu Sac qısa müddət ərzində Azərbaycan ərazisində keçirdiyi əməliyyatlar nəticəsində iri feodal hakimlərini özünə tabe edir, dövlətin birləşdirilməsinə maneçilik törədənlər öldürülürdü.

Yusif ibn Əbu Sac Azərbaycan torpaqlarını ilk dəfə vahid Azərbaycan dövləti hüdudlarında birləşdirən hökmdar olmuşdur. Şimali Cənubi Azərbaycan əvvəllər vahid şəkildə yalnız yadelli dövlətlərin (Sasanilər, Ərəb xilafəti) tərkibində olmuşdur. Bütün Azərbaycanı özündə birləşdirən ilk yerli dövlət Sacilər dövləti olmuşdur.

Azərbaycan kimi əhəmiyyətli coğrafi mövqeyə malik böyük gəlir gətirən ölkənin əllərindən çıxmasından hiddətlənən Yusifin güclənməsindən ehtiyat edən ərəb xəlifələri Sacilər dövlətini dağıtmağa çalışırlar. Onlar müxtəlif təxribatlar törədir, quldur dəstələri, sui-qəsdlər yolu ilə Yusifi aradan götürməyə çalışırlar. Bütün bu səylər puça çıxdıqda onlar hərbi gücə əl atmaq qərarına gəlirlər. Ərəb qoşunları Azərbaycan sərhədlərinə toplanmağa başlayır. Bu xəbər Yusifə çatan kimi sürətlə hərəkət edərək Rey, Zəncan, Əhər Qəzvin şəhərlərini tutur. O, sərkərdəlik məharəti göstərərək 7 minlik ordu ilə xəlifə Xaqan əl-Müflihinin 20 minlik qoşununu məğlub edir. Xəlifə yeni ordu toplayır Yusifə qarşı ikinci ordu göndərir. Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığında ağır döyüş baş verir. Bu döyüşdə Yusif qalib gəlir. Qələbələrdən arxayınlaşan Yusif ordunu buraxır xırda dəstə ilə Ərdəbilə yollanır, lakin 919-cu ildə ərəblər tərəfindən əsir götürülür.

 

Tarixdə silinməz iz qoyan sərkərdə

 

Sacilər dövlətinin başsız qalmasından istifadə edən xəlifə sərkərdə Məhəmməd əl-Fariqini böyük ərəb qoşunu ilə Azərbaycanın üzərinə göndərir. Yusifin əsir düşməsi xəbərini alan Bizans imperatoru da Azərbaycan üzərinə qoşun çəkir. Azərbaycan böyük təhlükə ilə üzləşir. Lakin Yusifin sadiq silahdaşlarından Subuk adlı sərkərdə Sacilər dövlətinin bütün qoşunlarını toplayır və əl-Fariqini darmadağın edir. Daha sonra o, sürətli yürüş edərək Dvin istiqamətindən hücum edən Bizans qoşunlarına həmlə edir və onları geri oturdur. Xəlifə Azərbaycanı tuta bilməyəcəyini görüncə Yusiflə düşmən deyil, müttəfiq olmaq istəyir. O, Yusifi həbsxanadan azad edir. Onu müstəqil Sacilər dövlətinin başçısı kimi tanıyır. Yusif Rey, Qəzvin, Əhər və Zəncanı öz dövlətinə birləşdirir. Daha sonra o, Van gölündən qərbdə yerləşən Ərməniyyə vilayətini tutur. Əslində, son erməni dövləti 387-ci ildə ləğv edilmişdi; bu ərazilər isə gah Sasanilər, gah Bizans, gah da Ərəb xilafəti tərkibinə daxil olurdu. 921-ci ildə Yusif Ərməniyyəni ərəblərin əlindən alır. Bu dövrdə islamın müqəddəs şəhərlərinə qarşı böyük təhlükə yaranmışdı. Ərəbistanda, Bəhreyn ərazisində qərmətilər adı ilə tanınan təriqət meydana gəlmiş və qərmətilər islamın müqəddəs şəhərləri və ziyarətgahlarına hücum etməyə başlamışdılar. Onlar xəlifənin qoşunlarını məğlubiyyətə uğradırlar. Yusif bilirdi ki, bir zamanlar onun atası və böyük qardaşı Məkkə və Mədinə şəhərlərinin təhlükəsizliyini can-başla təmin etmişlər. Odur ki qərməti hücumu təhlükəsi yarananda o öz qoşunlarının bir qismi ilə cənuba doğru yürüş edir. Bir neçə döyüşdə qərmətiləri geri atan Yusif 927-ci il dekabrın sonunda Kufə şəhərinin qarşısında baş verən döyüşdə ağır yaralanır və islam amalları uğrunda şəhid olur. 929-cu ildən başlayaraq Sacilər dövlətini qulamlar arasından çıxan sərkərdələr idarə etməyə başlayır. Beləliklə, Yusif ibn Əbu Sac Azərbaycan tarixinə bütün Azərbaycan torpaqlarını ilk dəfə vahid Azərbaycan dövləti hüdudlarında birləşdirən hökmdar, görkəmli sərkərdə və islamın müqəddəs yerləri uğrunda şəhid olmuş döyüşçü kimi daxil olur.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 16 aprel.- S.14.