Bu dünyada mal-mülküm vardır deyən yalan söylər...”      

 

Tariximizin ən möhtəşəm adlarından biri

 

Azərbaycan tarixində ən görkəmli və parlaq şəxsiyyət kimi qalan Şah İsmayıl Xətai Səfəvilər dövlətinin banisi və ilk şahı, klassik Azərbaycan şairidir. Tarixdə ilk dəfə Azərbaycan türkcəsi dövlət dili kimi Şah İsmayıl Xətai zamanı istifadə olunmuşdur. Şah İsmayıl öz şeirlərini “Xətai” təxəllüsü ilə yazmışdır.

 

Şeyx Səfiəddin nəslindən olan Şah İsmayıl Şeyx Heydər oğlu Şeyx Cüneyd 1487-ci il 23 iyulda Ərdəbil şəhərində anadan olmuşdur. Onun atası Şeyx Heydər, anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah Həlimə bəyimdir.

Şah İsmayıl hələ uşaq yaşlarından idman oyunlarına, cıdır yarışlarına böyük həvəs göstərir, tez-tez ova gedirdi. Sərkərdəliyi dövründə o bir neçə zorxana açdırmışdı ki, burada bayram şənlikləri düzənlənir və pəhləvanlar öz güclərini sınayırdılar. Şah İsmayıl həm də rəssamlıq və xəttatlıq bacarığı ilə seçilir, kitab oxumağı çox sevirdi. Uzun Həsənin Təbrizdə yaratdığı məşhur kitabxananın nəzdində o, yeni tipli geniş bir kitabxana açdırmışdı ki, buradan həm öz ölkəsinin əhalisi və alimləri, həm də qonşu ölkələrin alimləri istifadə edirdilər.

Şah İsmayılın atası Şeyx Heydər 1488-ci il 9 iyulda atası Şirvanşahın birləşmiş qüvvələri ilə qızılbaşlar arasında baş verən döyüşdə öldürüldükdən sonra, Sultan Yaqub tərəfindən anası və qardaşları Sultanəli və İbrahim ilə birlikdə 5 il Şiraz yaxınlığındakı İstəxr qalasında həbsdə saxlanılmışdır. Həmin vaxt İsmayılın hələ iki yaşı vardı. Bir müddətdən sonra Uzun Həsənin nəvəsi Rüstəm Mirzə onları həbsdən azad etdirmiş və onun qardaşı Sultanəlini Ərdəbilə müstəqil hakim kimi qaytarmışdı.

1494-cü ildə Şəməsi döyüşündə İsmayılın qardaşı Sultanəli həlak oldu. Bu döyüşdən əvvəl Sultanəli sufi əmirlərinin yığıncağında İsmayılı Səfəviyyə ordeninin başçısı kimi xələfi təyin etmişdi.

1494-1495-ci illərdə Ağqoyunlu sərkərdəsi Əbih Sultan Ərdəbilə daxil olan kimi, Səfəvilərin xeyli hissəsini qılıncdan keçirdi. Lakin qızılbaş tərəfdarları şahzadələri, xüsusən İsmayılı xilas edə bildilər. Səfəvi müridləri İsmayılı Lahicana-Gilanın Biyəpiş vilayətinin hakimi, Kərkiyə sülaləsindən olan Mirzə Əlinin sarayına apardılar.

Rüstəm Mirzə dəfələrlə Kərkiyə Mirzə Əliyə hədələyici məktub göndərib İsmayılı tələb etsə də, o, İsmayılı qaytarmadı. Gilana gələndə İsmayıl yeddi yaşında idi. Burada onu Həsən xanın himayəsi altında Lələ Hüseyn tərbiyə edir və təqribən 6 il burada qalır.

1499-cu ilin avqust ayında 12 yaşlı İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamaq məqsədilə Ərdəbilə yollanır, ancaq şəhər hakimi tərəfindən təqib olunur. O, 1500-cü ilin yazında Şamlı və Rumlu tayfalarından, habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, Çuxursəd, Şuragil, Kağızman, Tircan yolu ilə Ərzincana gəlir.

 

Müstəqil Azərbaycan dövlətinin şahı

 

Sonra isə İsmayıl Anadoluda topladığı təqribən 7 min nəfərlik tərəfdarı ilə 1500-cü ilin axırlarında Şirvana hücum edir. Cabanı döyüşündə Fərrux Yasar məğlub edilir və şirvanşah öldürülür. Sonradan Şamaxıya daxil olan İsmayılı burada seyidlər, qazılar, rəislər və şəhər əyanları qarşılayır. Bakı şəhərinin əhalisinin qalalarının möhkəmliyinə bel bağlayaraq xərac verməkdən imtina etdiyini öyrənən İsmayıl uzun çəkməyən mühasirədən sonra 1501-ci ilin baharında Bakını alır.

1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan etdi. Bununla da, paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu.

I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Sultan Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş Şah İsmayılın qələbəsi ilə nəticələndi və Ağqoyunlu dövləti süqut etdi.

Çox qısa müddətdə şah İsmayıl Şeybani xanın özbək dövlətindən tutmuş Osmanlı imperiyasının sərhədlərinə qədər uzanan möhtəşəm bir dövlət yarada bilir.

Səfəvi dövləti kimi güclü bir dövlətin yaranması Osmanlı sultanlarını narahat edirdi. Şah İsmayıl da geniş əraziləri əhatə edən şiə dövləti qurmaq istəyirdi. Anadoludakı türklər İsmayıla rəğbət bəsləməklə qalmır, bölgəni geniş xalq üsyanları bürüyür. Osmanlı ərazisindəki narazı əhali kütləvi surətdə Səvəfi dövlətinə köçməyə başlayır. Bütün bunlar Səvəfi ideologiyasının təkcə şərqi Anadoluda deyil, mərkəzi Anadoluda böyük təsiri olduğunu göstərir.

1513-cü ildə Anadoluda 40-45 min uşaqlı-böyüklü qızılbaşı qılıncdan keçirtdirən Səlim Yavuz Səfəvi dövlətinə hücum etdi. 1514-cü ildə Sultan I Səlimin (1512-1520) başçılıq etdiyi Osmanlı ordusu ilə baş vermiş Çaldıran döyüşündə Şah İsmayılın qoşunları məğlub oldu. I Sultan Səlim Xoy, Mərənd və Təbriz şəhərlərini tutdu. Buna baxmayaraq, o, Təbrizdə çox qala bilməyib, 6 gündən sonra Şah İsmayıl tacı, əlbisələri və bəzək əşyaları da içində olmaqla xeyli qənimət götürərək, Təbrizi tərk edir.

Sultan Səlim qənimətlə birlikdə özü ilə İstanbula sonradan Türkiyənin incəsənət və sənətkarlığının inkişafında müstəsna rol oynamış bir çox incəsənət xadimlərini və sənətkarları da aparır. Dünyanın ən zəngin muzeylərindən sayılan İstanbul Topqapı sarayında, Əsgər muzeyində Azərbaycan tətbiqi sənətinin Çaldıran döyüşündən sonra buraya gətirilmiş ən nadir nümunələri nümayiş etdirilməkdədir.

 

İncə qəlbli sufi şairi...

 

Sonrakı illərdə Şah İsmayıl Şəki hökmdarlığını, Şirvanşahları, gürcü çarlarını Səfəvilərdən asılı vəziyyətə saldı. Hakimiyyətinin son illərində Şah İsmayılla Şirvanşah Şeyxşah arasında dostluq və qohumluq münasibətləri yaranır. Əvvəlcə Şah İsmayıl qızı Pərixan xanımı Şeyxşahın oğlu Sultan Xəlilə ərə verir, sonra isə özü Şirvanşahın qızlarından biri ilə evlənir. Şah İsmayılın toyu 1523-cü il noyabrın 5-də Təbriz yaxınlığında olur.

Şah İsmayıl Xətai 36 yaşında, həyatının, yaradıcılığının, arzularının ən qaynar bir çağında dünyadan köçür, lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırmış, onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırmışdır.

Venesiyadan olan bir tacir 1518-ci ildə yol qeydlərində özünün şah İsmayılla Təbrizdəki görüşlərini belə xatırlayır: “İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Ona qız kimi vurulmaq olar. Solaxay olsa da, bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı adətən musiqi çaldırır. Rəqsi çox sevir və rəqqasələr oynarkən ayaqlarını yerə döyərək, İsmayıla həsr olunan mahnılar da oxuyurlar. O, hər gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir. Bu yarışlar vaxtı onun şərəfinə çalıb-oxuyur, rəqs edirlər. Bu sufi öz təbəələri, xüsusilə də əsgərlər tərəfindən Allah kimi sevilir və pərəstiş olunur. Onun əsgərlərindən bir çoxu döyüşə yalın əllə - dəbilqə və zirehsiz girirlər, onlar əmindirlər ki, İsmayıl onları döyüşdən salamat çıxaracaq”.

Şah İsmayıl həm də gözəl səsi də vardı. Bərbəd adlanan alətdə gözəl çalır və oxuyurdu. O, uşaq yaşlarından şeir yazmağa başlamışdı.

 

Arx qazarlar ağrın-ağrın,

Fələk çevirməkdə çarxın,

“Bu dünyada mal-mülküm

vardır" deyən yalan söylər...

 

Rəvayətə görə, Şah İsmayıl dərviş paltarı geyinib məmləkəti gəzib dolaşar və xalqın dərd-səri ilə maraqlanarmış.

O, Azərbaycan türkcəsini dövlət dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün bölük işlər görmüşdür.

Şah İsmayıl Xətai az yaşamasına, vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə baxmayaraq, zəngin və çoxcəhətli bir irs yaratmışdır. O, həm əruz, həm də heca vəznində, həm epik, həm də lirik janrlarda qələmini işlətmiş, yaddaqalan, nümunə, örnək ola bilən əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdir.

Abbasqulu Ağa Bakıxanov “Gülüstani İrəm”də yazır: “Hicri 930-cu ilin əvvəllərində (miladi 1524) Şah İsmayıl vəfat etdi. O, mehribanlıqda dünyanı işıqlandıran və qəhrəmanlıqda düşməni yaxan, od məcazlı bir sultan idi. Qurmuş olduğu səltənətin mühüm işlərinə məşğul olmasına baxmayaraq, Şah İsmayıl alimlərlə müsahib olub, şeir söyləməyə də mail idi...”.

Dahi Füzuli Şah İsmayılı “öz zəmanəsinin padişahı” adlandırırdı.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 17 aprel.- S.14.