Oxu tar, səni kim unudar?..

 

Unudulmaz tarzən Hacı Məmmədov

 

Azərbaycan mədəniyyətinin inkişafına böyük xidmətlər göstərmiş sənətkarlardan biri də görkəmli tarzən Hacı Məmmədovdur. Milli musiqimizdə çox peşəkar ustad sənətkarlar olub. Hacı Məmmədovun ifaçılığı ayrıca bir məktəbdir. Qurban Pirimov, Bəhram Mansurov kimi böyük sənətkarların yaratdığı sənət məktəbindən dərs alan Hacı Məmmədov milli musiqimizin ən görkəmli nümayəndələrindən biri idi. O, Bülbül, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Əbülfət Əliyev, Rəşid Behbudov, Şövkət Ələkbərova, Yaqub Məmmədov, Rübabə Muradova, Sara Qədimova və başqa görkəmli sənətkarları tarda dəfələrlə müşayiət etmişdir.

 

Hacı Məmməd oğlu Məmmədov 1920-ci il aprelin 28-də Şamaxıda anadan olmuşdur. Erkən yaşlarında Bakıya köçən Hacı Məmmədovun ailəsində musiqiyə, sənətə böyük maraq vardı. Atası Məhəmməd kişi tarda gözəl havalar çalardı. Hacı da saatlarla onun yanında dayanar, məhəbbət və maraqla tardan gələn qəribə səslərə qulaq asardı.

1929-cu ilin bir fevral günü əmisi Hüseynlə şəhərə gəzintiyə çıxan Hacı bir dükanın qabağından keçəndə Hacı vitrində tar görür. Qeyri-ixtiyari ayaq saxlayır və dönüb diqqətlə tara baxır. Əmisi həmin tarı Hacıya alır.

Hacı Məmmədovun xatirələrində oxuyuruq: “Əmimgilin həyətində bir tarzən yaşayırdı. Tarı onun yanına apardım. Xahiş etdim ki, kökləsin. O da tarı alıb köklədi. Sevincək evə qayıtdım. Başladım radioda çalınan havaları öz-özlüyümdə tarın pərdələrində axtara-axtara çalmağa. Təxminən bir il ardıcıl olaraq gecə və gündüz öz üzərimdə çalışdım. 1930-cu il idi. Bir həyətdə yaşadığımız Rəşid Əfəndiyev bir gün məni yanına çağırdı və səmimi söhbət etdi. Ertəsi gün məni Dövlət Xalq Orkestrinin rəhbəri ilə tanış etdi. Sabahısı gün orkestrə gəldim. Orkestr üzvləri mənim tar çalmağımdan heyrətə gəldilər. Onda on bir yaşım vardı”.

Əmisi Hüseynin aldığı tarı məhəbbətlə sinəsinə sıxan Hacı 8 yaşından ömrünün sonuna qədər o tardan ayrılmayıb. Bu, təlim tarı yox, əsl tar olub. Dünyasını dəyişəndən sonra isə illər boyu Hacı Məmmədova bağrı-badaşlıq etmiş həmin möhtəşəm tarı - sənət sirdaşını susmağa qoymayıblar. Oğlu Tahir: “Ürəyimiz gəlmədi, atamın məhəbbətlə sinəsində gəzdirdiyi, dilləndirdiyi tar sükuta qərq olsun. Ona görə də biz bu yadigar musiqi alətini atamın çox sevdiyi, tələbəsi Ağasəlim Abdullayevə bağışladıq. Sağ olsun, o, bu tarda həqiqətən, vaxtilə Hacı Məmmədovun məharətlə ifa etdiyi muğamları ehtiramla və özünəməxsus ustalıqla səsləndirir. Bizə elə gəlir ki, atamın tarı əgər bu gün də susmayıbsa, deməli, onun arzuları, istəkləri yaşayır”.

 

Tarda muğam zirvəsi...

 

Hacı Məmmədovun yaradıcılığında muğamlar bir zirvədir. Bu sənət incilərinin də içərisində “Orta Mahur”un öz xüsusi çəkisi var. O, bu muğamı elə ustalıqla ifa edirdi ki, ona qulaq asanlar bunu bir möcüzə sanırdılar. Hacı Məmmədov doğrudan da qeyri-adi çalğı sahibi, virtuoz ifaçı idi. Hacı Məmmədovun tara olan qeyri-adi məhəbbətinin və vurğunluğunun nəticəsi idi ki, çalğıdan ifaçının kimliyini təyin etmək mümkündür. Bu bəxtiyarlıq hər sənətkarın taleyinə yazılmayıb.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında özünəməxsus rolu olan, uzun müddət Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində işləyən, Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışan Hacı Məmmədov ixtisasca həkim idi. O, 1948-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş, uzun müddət müxtəlif xəstəxanalarda həkim-cərrah, baş həkim müavini, baş həkim işləmişdi. Onun əllərindən şəfa tapmış insanlar söyləyirlər ki, Hacı həqiqətən də, bacarıqlı həkim olub. Uzun müddət Naxçıvan şəhər xəstəxanasında, Sumqayıtda və Bakıda insanların sağlamlığı keşiyində dayanıb.

Tarda çalmağı müstəqil öyrənən Hacı Məmmədov ömrünün sonuna kimi müxtəlif mədəniyyət ocaqlarında, ölkəmizdən çox-çox uzaqlarda, qastrol səfərlərində, mədəni tədbirlərdə uğurla iştirak etmişdir. Hacı Məmmədov hələ on yaşında ikən onu Azərbaycan Dövlət Şərq Orkestrinə qəbul ediblər. Kollektivə hamıdan sonra gələn bu oğlan uşağının qeyri-adi istedad sahibi olması Üzeyir Hacıbəylinin də diqqətini çəkib. O, bu çəlimsiz uşağı yoldaşlarına göstərərək söyləyib: “Baxın, gördüyünüz sarıbəniz oğlan gec-tez sizləri tamam ötüb keçərək birinci pilləyə çıxacaq”.

Dahi bəstəkarın uzaqgörənliklə söylədiyi bu müdrik fikir özünü doğrultdu. Doğrudur, o, özünə peşə kimi həkimliyi seçsə də, içindən gələn arzu, məhəbbət onu başqa bir istiqamətə çəkdi. Hacı Məmmədovun ilk yadda qalan uğuru 1939-cu ilin payızında Moskvada keçirilən xalq çalğı alətlərində ifa edən musiqiçilərin müsabiqəsindəki çıxışı oldu. 19 yaşlı gənc yarışda mükafata layiq görüldü. İkinci dünya müharibəsi illərində isə Hacı Məmmədov ön cəbhədə olaraq öz çıxışları ilə əsgərləri qələbəyə ruhlandıran musiqilər ifa edərdi.

Bu gün “Qızıl Fond”da Hacı Məmmədovun özünəməxsus tərzdə, üslubda ifa etdiyi “Zabul Segah”, “Bayatı-Şiraz”, “Şur”, “Çahargah”, “Orta Mahur” və başqa muğamlar qorunur.

Yaradıcı tar məktəbi Hacı Məmmədovun həyat yoldaşı Aliyə xanım xatirələrində yazırdı: “Hacı yeganə sənətkar idi ki, özünəməxsus və bənzərsiz bir yol keçdi və məktəbini yaratdı. Onun bütün qələbələrinin ruhunda sədaqətli ürək döyünürdü. Hörmət və nüfuzu da etibarına görə qazanırdı. Ona görə də heç vaxt unudulmadı”.

Sənətşünas Fikrət Əbülqasımov Hacı Məmmədovun ifaçılıq sənətində varislik və yaradıcılıq məsələlərini əhatə edən araşdırmalarında yazırdı: “Onun ustalığı yalnız ürəklərə yol tapan musiqinin gözəlliyi deyil, çalınan əsərlərin solo tarın ifasında yeni, parlaq nümunələrinin təqdimatıdır. Hacı Məmmədov hər şeydən əvvəl, tarın böyük imkanlarının melodik düşüncələrlə üzvi vəhdətini yaratmağı bacarırdı. O, tarın sirlərinə dərindən bələd idi. Hacı Məmmədov tarın fərdi, çalğı xüsusiyyətlərini səsləndirdiyi musiqiyə ibrətamiz ustalıqla əlaqələndirirdi”.

Hacı Məmmədovun xatirələrindən: “Gözümü dünyaya açanda tar səsi eşitdim. Çünki atamın tarı vardı. 1927-ci ilin payız günü - 7 noyabr idi. Şamaxıda Oktyabr inqilabının 10 illiyinə həsr edilmiş bayram gecəsi keçirilirdi. Şənlikdə biz də iştirak edirdik. Atam tarını köynəyindən çıxardıb kökləməyə başladı. Bu vaxt Şirvan mahalının çox tanınmış tarzəni Cəlil kişi məclisə daxil oldu. Onun gəldiyini görən atam ayağa qalxdı. İrəli gedib onunla görüşdü. Cəlil kişi tarını köynəyindən çıxardıb lovğa-lovğa çalmağa başladı. Atamın bu mənzərədən pərt olduğunu gördüm. Ona ürəyimdə acıdım. Çünki o vaxta kimi elə bilirdim atamdan yaxşı tar çalan yoxdur”.

Görkəmli sənətkarın xatirələrindən daha bir parça: “1944-cü il idi. İranda qastrol səfərində idik. Bədii rəhbərimiz Əfrasiyab Bədəlbəyli idi. Şahpur şəhərində konsertdə solo ”Orta mahur"u çaldım. Uzun sürən alqışdan sonra bayıra çıxdım. Bir siqaret yandırdım. Elə bu vaxt mənə yaşlı bir kişi yaxınlaşdı. Əlimi sıxdı və ifamı həddindən artıq bəyəndiyini bildirdi. Sonra hansı şəhərdən olduğumu soruşdu. Dedim ki, Şamaxıdanam. O, Şamaxı sözünü eşidəndə duruxdu. Sonra soruşdu: - Orada kimlərdənsən? Dedim: - Məhəmmədin oğluyam. O, heyrətləndi: - Sən o balaca Hacısan? Adını soruşdum. “Adım Cəlildir”, - dedi. Bu təsadüfi görüş məni xəyalən 1927-ci ilə qaytardı...".

Bir çox xarici ölkələrdə Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil edən Hacı Məmmədov xalq artisti adına layiq görülmüş və “Şərəf” nişanı ordeni ilə təltif edilmişdir.

61 yaşında dünyasını dəyişən unudulmaz tarzən Fəxri Xiyabanda torpağa tapşırılıb.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir.

 

 

Azadlıq.- 2013.- 18 aprel.- S.14.