“Şirvan ki, var, hər cəhətdən ülviyyətin
aynasıdır...”
«Həssani-Əcəm» Xaqani Şirvani
Yalnız Azərbaycanın yox,
bütün Yaxın Şərq ədəbi-ictimai fikrinin XII əsrdə
yetirdiyi böyük şəxsiyyətlərdən biri də
görkəmli şair-filosof, nasir Əfzələddin Xaqani
Şirvani olmuşdur. Şairin adı İbrahim,
atasının adı Əlidir. Orta əsr mənbələrində
o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim
ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm
Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və
Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi,
Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu
yerin adıdır.
Xaqani
1126-cı ildə Şamaxıda anadan olmuşdur. İlk təhsilini
əmisindən almış və dövrünün müxtəlif
elmlərinə dərin maraq göstərmişdir. Şair
doğma Şirvanı və onun insanlarını əsərlərində
dəfələrlə tərənnüm etmişdir:
Şirvan
ki, var, hər cəhətdən ülviyyətin
aynasıdır,
Onun suyu, səhər
yeli dərdlərimin dəvasıdır.
Şirvan əhli
alicənab yaranmışdır, basdan-başa,
O yer
gözəl təbiətli bir lətafət məvasıdır.
Əfzələddinin
babası Osman toxuculuqla, ipəkçiliklə məşğul
olur, atası Əli dülgərlik edirdi. Anası Rabiə
xanım da öz cəhrəsində iplik əyirməklə
ailənin dolanacağına kömək edirdi. Rabiə
xanım Əfzələddinin tərbiyəsində
mühüm rol oynamışdı. Atası Əli Nəccar
oğluna öz peşəsini öyrətmək niyyətində
olduğu üçün onun təhsilinə xüsusi
qayğı göstərmirdi. Lakin həkimlik edən əmisi
Kafiyəddin Ömər balaca İbrahimin oxumağa
böyük həvəsini görüb, onunla özü məşğul
olurdu. Kafiyəddin Ömər həm də filosof idi. Əmisinin
xeyirxahlığını Xaqani dəfələrlə etiraf
etmişdir:
Əmim
simürq kimi sərf edib əmək,
Qanadı
altına alaraq, Zal tək -
Qaldırdı
biliyin Qafına həmən.
Bəsləndim
onun öz yuvasında mən.
O oldu həmişə
mənə mehriban,
Yaralı
könlümə o qoydu dərman.
Gördü
söz mülkünə mən bir hakiməm.
Adımı
o qoydu: Həssani-Əcəm.
Həssani-Ərəb
VII əsrdə yaşamış istedadlı şair və Məhəmməd
peyğəmbərin yaxın dostu olub. Xaqani bir sıra əsərlərini
məhz bu təxəllüslə yazmışdır.
Dövrünün ən ünlü
imzası...
Şamaxı
ədəbi mühitində öz gözəl şeirləri
ilə tanınan 18 yaşlı şairin sorağı
Şirvanşahlar sarayına da gedib çatmışdır.
Xaqani gələcək qaynatası, məliküşşüəra
Əbül Üla Gəncəvinin tövsiyəsi ilə
sarayda fəaliyyətə başlamış, burada ərəb,
fars və türk dillərində qiymətli ədəbi və
elmi əsərləri oxuyub, öyrənirdi. “Xaqani” təxəllüsü
də ona bir şair kimi ən yüksək zirvədə
olduğu üçün verilmişdir.
Əbül
Üla saraya gətirdiyi Xaqaninin qısa bir müddətdə əldə
etdiyi çox böyük uğurlarını görüb
qızını Xaqaniyə nişanlamış və
onların izdivacı baş tutmuşdur. Xaqani saray xadimlərini,
mənsəb sahiblərini kəskin tənqid edən əsərlər
yazır, mədhiyyəçilikdən qurtulmaq, saraydan
uzaqlaşmaq üçün çalışırdı.
Lakin onun saraydan ayrılmasına imkan verilmirdi. Hətta
Xorasana, Kərbəlaya, Məkkəyə gedib müsəlman
müqəddəslərini ziyarət etməyə də ona
bir müddət icazə vermirlər.
Xaqaninin
şəxsi kitabxanasının olması faktı bir sıra mənbələrdə
verilən məlumatla tutuşdurulduqda heç bir şübhə
doğurmur. M.Rəlili yazır: “Mücirəddin Beyləqani hələ
gənc ikən Xaqaninin yanında dərs alır və
Şirvanda yaşayırdı. O, Xaqaninin əsərlərinin
üzünü köçürməklə məşğul
olurdu” . Xaqaninin bir alim və şair kimi formalaşmasında
şübhəsiz II Mənuçöhrün sarayında təşkil
olunmuş zəngin kitabxananın da böyük rolu
olmuşdur. Xaqani “Töhfətül-İraqeyn” əsərində
həm Mirzə Kafiyəddinin onun təlim-tərbiyəsi ilə
məşğul olması, həm öz dövrünün bəzi
məşhur dini kitabları, həm də böyük bir
kitabxana haqqında məlumat vermişdir.
Saray
mühiti şairi bezdirdiyi üçün o, böyük
çətinliklə olsa da İraqa, oradan da Məkkeyi-mükərrəməyə
getməyə razılıq alır. Şair 1170-ci ildə
saraydan uzaqlaşmaq məqsədilə Şirvanı xəbərsiz-ətərsiz
tərk etməyə təşəbbüs göstərir.
Lakin I Əhsitanın əmri ilə tutulub geri
qaytarılır, Şabran qalasında zindan həyatı
yaşamağa məhkum edilir. Şairin zindan əzablarını
əks etdirən məşhur “Həbsiyyə”sinin ibrətamiz
beytləri yaranır.
Xaqani
Şirvani Şamaxıdakı saray mühitinin əzici təsirinə
dözməmiş, Məkkəyə ziyarətə getdikdən
sonra bir daha saraya qayıtmayaraq Təbrizdə məskən
salmışdır. O, 1199-cu ildə, 73 yaşında ikən
dünyasını dəyişmiş, Təbrizdə görkəmli
şairlərin şərəfinə “Məqbərütüş-şüəra”
adlandırılan qəbiristanlıqda dəfn olunmuşdur. XX əsrin
qüdrətli Azərbaycan şairi Məhəmmədhüseyn
Şəhriyarın da məzarı bu qəbiristanlıqdadır.
Nizami Gəncəvi adına Milli Azərbaycan ədəbiyyatı
Muzeyində Xaqaninin qəbir daşının bu məzmunda
estanpajı qorunub saxlanır: “Bu qəbir rəhmətlik,
bağışlanmış, filosofların və şairlərin
böyüyü, həkim Əfzəbddin İbrahim Xaqani ibn Əli
Şirvaninindir. Hicri beş yüz doxsan beşinci ilin şəvval
ayı”.
17 min beytlik lirik şeirlər divanı
və tarixi bir irs...
Xaqaninin zəngin
ədəbi irsi 17 min beytlik lirik şeirlər divanı,
“Töhfətül-İraqeyn” poemasından, bədii nəsrin
maraqlı nümunələri olan 60 məktubdan ibarətdir.
Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə,
mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi
məzmunlu əsərlərinə “Şiniyyə” və “Mədain
xərabələri” qəsidələri, “Həbsiyyə”
şerləri və “Töhfətul-İraqeyn” poeması
daxildir. “Kitabi-Dədəm Qorqud” eposunun bizə gəlib
çatmış əlyazma nüsxələrinin
köçürülmə tarixi XVI əsrdə Dövrün
ən böyük şairlərindən biri kimi tanınan Əfzələddin
Xaqani yaradıcılığında diqqəti ən çox
çəkən cəhət, hər beytdə, hər misrada
özünü göstərən dərin obrazlılıq və
elmilikdir.
“Töhfətül-İraqeyn”
Xaqani yaradıcılığının ən parlaq nümunələrindən
biridir. “Töh-fətül-İraqeyn” Xaqaninin Kufə, Nəcəf,
Məkkə, Mədinə, Şam, Mosul və digər
Yaxın Şərq şəhərlərinə canlı təəssüratlarını
əks etdirən çox qiymətli, real tarixi-bədii təsvirlərlə
zəngin bir əsərdir.
“Töhfətül-İraqeyn”in
“Paxılların məzəmməti” adlı 35-ci babında
şair Şirvanşaha müraciətlə xahiş edir ki,
onu saraydan kənar etsin. Məhz bu əsərində o
özünü bütün sənət aləmində məşhur
edən “Xaqani” təxəllüsündən qətiyyətlə
imtina edir:
İstəmirəm
adımı çağıralar Xaqani,
Mən
yoxsullar şairi Xalqaniyəm, Xalqani!
Xaqani həm
də Azərbaycan ədəbiyyatında ən böyük
lirik şairlərdən biri kimi tanınır. Onun qəzəl
və rübailərində Azərbaycan poeziya məktəbinin
ən yaxşı ənənələrinin əsası
qoyulmuşdur.
Xaqani
yaradıcılığında Azərbaycan poetik məktəbinin
öz əksini tapmış özəlliklərindən biri də
türklüyə dərin məhəbbətdir. Sonralar Nizami
yaradıcılığında bu xüsusiyyət
özünün zirvəsinə çatmışdır.
Azərbaycan
ədəbiyyatının məşhur tədqiqatçısı
Həmid Araslı özünün “Xaqani Şirvani”
kitabına böyük sənətkarın məhz bu qənaətini
epiqraf vermişdi: “Azadlıqdan gözəl nemət yoxdur...”
Xaqaninin 20
yaşında ikən dünyasını dəyişmiş
oğlu Rəşidin vəfatı münasibətilə
yazdığı mərsiyə çox təsirlidir:
Firqətində bala, bundan
da betər yansın atan,
Söndü şəmin, kor olub qüssədən
odlansın atan.
Kəkliyim, təşnə dodaqlar ilə uçdun, gözü qan,
Bir turac tək
sənin arxanca qanadlansın atan.
“Mədain xərabələri”
Xaqaninin müxtəlif
dillərə dönə-dönə
tərcümə olunmuş
ən populyar, dərin məzmunlu qəsidələrindən biridir. Bu qəsidədə
şair Şərq tarixinin ən gurultulu və zəngin hökmdar sülalələrindən Sasanilərə
məxsus möhtəşəm
“Taqi-Kəsra” sarayının
qalıqlarının timsalında
təcavüz, zülm,
əsarət nəticəsində
ucaldılan səltənətlərin
hökmən yerlə
yeksan olacağını
təsvir etmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 20 aprel.- S.14.