Əlimərdan bəy Topçubaşovun doğum tarixi ilə bağlı dəqiqləşdirmə

 

Hörmətli redaksiya, aprel ayının 15-də “525-ci qəzet”də Əlimərdan bəy Topçubaşovun doğum tarixi ilə bağlı tanınmış alim və diplomat Vilayət Quliyevin məqaləsi getmişdir. Həmin məqalədə Əlimərdan bəyin 1865-ci ildə doğulduğu fikrinə üstünlük verilir. Lakin bizim əlimizdə Topçubaşovun Peterburq Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan doğum şəhadətnaməsi vardır və bu sənəd onun 1863-cü ildə doğulduğun təsdiq edir. Fikrimizcə, doğum şəhadətnaməsi hər hansı  şəxsin doğum tarixini müəyyən etmək üçün ən mötəbər sənəd hesab edilir. Bu sənəd öz növbəsində böyük Azərbaycan siyasi xadiminin təvəllüd tarixi ilə bağlı tərəddüdlərə son qoyur. Əlimərdan bəyin doğum tarixi ətrafında müxtəlif mülahizələr söyləndiyi üçün bu yazını Sizin redaksiyaya göndərirəm.

 

  Böyük mübarizə yolu keçmiş Əlimərdan bəy nə vaxt doğulmuşdur? Onun şəxsiyyətinə maraq göstərən müəlliflər bu haqda bir-birindən fərqlənən müxtəlif mülahizələr səsləndirir, haqqında yazılan tarixi ədəbiyyatda müxtəlif doğum illəri göstərilir. 1934-cü ildə Əlimərdan bəyin vəfatından sonra dekabr ayında onun geniş tərcümeyi-halını verən “Kurtuluş” jurnalı bu böyük millət xadiminin 1862-ci ildə doğulduğunu qeyd edir. Lakin “Kurtuluş”la eyni vaxtda çıxan “Promethee” jurnalı 1934-cü ilin noyabr ayında Əlimərdan bəyin vəfatı ilə bağlı verdiyi geniş yazıda onun 1859-cu ildə dünyaya gəldiyini yazır. Əlimərdan bəy haqqında maraqlı məqalənin müəllifi professor Vinsent Fourniau isə doğum tarixi kimi 1859-cu ilə gedib çıxır. (Bax:Vinsent Fourniau. Ali Mardan Toptchibachi: deux langues, trois pays, pour quelle societe plurielle? // Melanges offerts a Louis Bazin (Collection of articles offered to Mr. Louis Bazin), L’Harmattan, Paris, 1992, p. 305).

1997-ci ildə Əlimərdan bəyə həsr edilmiş elmi konfransın materiallarında onun 1862-ci il təvəllüdlü olduğu qeyd edilir. 2010-cu ildə Moskvada Fransadakı Rusiya mühacirəti haqqında nəşr olunmuş 3 cildlik bioqrafik lüğətdə də Əlimərdan bəyin 1862-ci ildə doğulduğu bildirilir. İstanbulda fəaliyyət göstərən doktor Vüqar İmanovun yazdığı maraqlı araşdırmada Əlimərdan bəyin doğum tarixi 1865-ci il kimi qeyd edilir. Vüqar İmanov. (Bax:Ali Merdan Topçubaşi (1865-1934). Lider Bir Aydın ve Bağımsız Azerbaycan Cumhuriyetinin Temsili. Boğazici Universitesi Yayınevi-İstanbul, 2003, s.21). Tarix elmləri doktoru Dilarə Seyidzadənin hələ ötən əsrin 90-cı illərində nəşr edilmiş “Azərbaycanlı deputatlar Rusiya Dövlət Dumasında” adlı əsərində 1907-ci ildə Ə.B.Topçubaşova aid bir məhkəmə araşdırması ilə bağlı qeyd edilir ki, “Bakı quberniyasından, əslən zadəgan nəslindən olan 42 yaşlı Əlimərdan bəy Topçubaşov...” Vıborq bəyannaməsini imzaladığı üçün ittiham edilmişdi. (Bax:D.B. Seidzade. Azerbaydjanskie deputatı v Qosudarstvennoy Dume Rossii. Baku, 1991, c. 50).

Bu tarixi müqayisə etsək, burada da Əlimərdan bəyin doğum tarixinin 1865-ci ilə təsadüf etdiyi aydın olur. Eyni zamanda, I Dövlət Dumasına üzv seçildikdən sonra 1906-cı ilin iyun ayının 2-də “Kaspi” qəzetində dərc olunmuş geniş bioqrafiyasında da Əlimərdan bəyin 1865-ci ildə doğulduğu bildirilir. Tarix elmləri doktoru Dilarə Usmanova isə 2005-ci ildə Kazanda nəşr olunmuş monoqrafiyasında Rusiya Dövlət Dumasının anketlərinə əsasən Əlimərdan bəyin doğum tarixinin 1862-ci il olduğunu yazır. (Bax: D.Usmanova. Musulmanskie predstaviteli v Rossiyskom parlamente. 1906-1916 qq. M., 2005, c.56). 2012-ci ildə Moskvada buraxılmış Ə.B.Topçubaşovla M.Ə.Rəsulzadənin 1923-1926-cı illəri əhatə edən məktublaşmalarına yazılan ön sözdə Əlimərdan bəyin doğum tarixi 1865-ci il kimi göstərilir. (A.M.Topçibaşi i M.Ə.Rasulzade: Perepiska. 1923-1926 qq., s.3).

Son illərdə Xalq Cümhuriyyəti ilə bağlı nəşr olunmuş bəzi ensiklopedik ədəbiyyatda onun doğum tarixinin 1863-cü il olduğu yazılır. (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Baş redaktor Y.Mahmudov. Bakı, 2005, s.402). Bu tarix Topçubaşovun tələbəlik illəri ilə bağlı müxtəlif sənədlərdə də təsdiq olunur. Hələ Peterburq İmperator Universitetində təhsil alarkən universitetin tələbə müfəttişliyinin 1887-ci ilin avqust ayında Əlimərdan bəyə verdiyi bir arayışda onun 24 yaşı olduğu qeyd edilir. (Bax: Peterburq İmperator Universitetinin tələbə işləri üzrə müfəttişliyinin Ə.B.Topçubaşova verdiyi şəhadətnamə. 28.08.1887.// Sankt-Peterburq Dövlət Mərkəzi Tarix Arxivi (SPb.DMTA), f.14, s.3, i. 24308, v.37). Əgər 1887-ci ildə Əlimərdan bəyin 24 yaşı var idisə, bu onun 1863-cü ildə doğulduğuna dəlalət edən bir faktdır. Eyni zamanda, 1887-ci ilin dekabr ayının 22-də Peterburq Universitetindən ona verilən şəhadətnamədə Əlimərdan bəyin 1863-cü ilin may ayının 4-də anadan olduğu aydın şəkildə yazılmışdır. (Bax: Peterburq İmperator Universitetin rektorluğunun Ə.B.Topçubaşova verdiyi şəhadətnamə. 22.12.1887.// SPb.DMTA, f.14, s.3, i. 24308, v.46). Şübhəsiz ki, bu sənədlər Əlimərdan bəyin universitetə qəbul edilərkən rektorluğa təqdim etdiyi doğum şəhadətnaməsi və Tiflis polisinin ona verdiyi pasport əsasında yazılırdı.

Maraqlıdır ki, Əlimərdan bəyin Parisdəki Rusiya, Qafqaz və Şərqi Avropa İnstitutunda saxlanılan arxiv materiallarında onun ötən əsrin 30-cu illərində özünün yazdığı 4 tərcümeyi-hal sənədlərində (iki əlyazma və iki yazı makinası variantlarında) doğum tarixi 1865-ci il kimi qeyd edilmişdir. (Bax: Toptchibachy Ali Mardan bek Ali Akbar bek oglou. 1931.// Archives d’Ali Mardan-bey Toptchibachi, carton n 6/2. CERCEC, EHESS, Paris, p.1). Lakin bu 4 variantın ən mükəmməli hesab edilən “Əlimərdan bəy Topçubaşov haqqında bioqrafik məlumatlar” adlı (geniş yazı makinası variantında) sənədin üzərində kiçik düzəliş edilmiş, 1865-ci il tarixinin sonuncu “5" rəqəmi qələmlə əlavə olunmuşdur. (Bax: Ə.B.Topçubaşov haqqında bioqrafik məlumatlar. Birinci hissə. Qısa xülasə.// Archives d’Ali Mardan-bey Toptchibachi, carton n 6/2. CERCEC, EHESS, Paris, p.1). Elə həmin arxivdə saxlanılan və 1951-ci ildə naməlum müəllif tərəfindən hazırlanmış Əlimərdan bəyə aid başqa bir tərcümeyi-hal sənədində onun 1862-ci ilin may ayının 4-də doğulduğu bildirilir. (Bax:Topçibaşi Əlimərdan bəy. Tərcümeyi-hal. 16.12.1951.// Archives d’Ali Mardan-bey Toptchibachi, carton n 3. CERCEC, EHESS, Paris, p.1; 1951-ci ilin dekabr ayında əsasən Əlimərdan bəyin özünün yazdığı geniş bioqrafiyası əsasında hazırlanmış bu tərcümeyi-halın oğlu Ələkbər bəy Topçubaşov tərəfindən tərtib edildiyi ehtimal edilir. Sənəddə göstərilən doğum tarixinə görə, 1952-ci ildə Topçubaşovun anadan olmasının 90 illiyi tamam olurdu. Çox ehtimal ki, sənəd bu məqsədlə hazırlanmışdır).

Lakin Paris arxivində Əlimərdan bəyin ailə üzvlərinin doğum tarixinə dair öz əli ilə yazdığı qeydlər də vardır. Bu qeydlərin yazılma tarixi göstərilməsə də, onların ötən əsrin 20-ci illərinin ortalarında aparıldığın güman etmək olar. Çünki orada Əlimərdan bəyin öz ailə üzvləri ilə yanaşı qızı Sara xanımdan olan Zərifə və Gülnar adlı nəvələrinin də doğum tarixi göstərilir və ikinci nəvəsi Gülnarın 1923-cü ildə anadan olduğunu yazılır. Məhz həmin qeydlərdə o özünün 1863-cü ilin may ayının 4-də doğulduğun göstərmişdir. Ailə üzvlərinin doğum tarixi haqqında Ə.B.Topçubaşovun qeydləri.// Archives d’Ali Mardan-bey Toptchibachi, carton n 9/17. CERCEC, EHESS, Paris, p.1-2). Göründüyü kimi, doğum tarixinə münasibətdə Əlimərdan bəyin özünün də müəyyən tərəddüdləri olmuşdur. O, bir neçə bioqrafik sənəddə 1865-ci ildə doğulduğun qeyd etsə də, vəfatından sonra Sen Klu məzarlığında ailə üzvləri tərəfindən qoyulmuş qəbirüstü abidəsində 1863-cü il tarixi yazılmışdır. Şübhəsiz ki, baş daşında göstərilən bu tarix Əlimərdan bəyin özü tərəfindən yazılmış ailə üzvlərinin doğum tarixi haqqındakı qeydlərindən qaynaqlanır.

Ə.B.Topçubaşovun doğum tarixi ilə bağlı bütün bu ziddiyyətlərə aydınlıq gətirmək üçün müxtəlif arxivlərdə aparılan axtarışlar, nəhayət ki, öz nəticəsini vermişdir. Araşdırmalar nəticəsində məlum oldu ki, Peterburqda yerləşən Rusiya Dövlət Mərkəzi Tarix Arxivində Əlimərdan bəyin doğum şəhadətnaməsi və təxminən 50 səhifədən ibarət olan tələbəlik illərinin sənədləri saxlanılır. Bu sənədlər içərisində onun Tiflis gimnaziyasından aldığı kamal attestatı, universitet rəhbərliyinə yazdığı müxtəlif ərizə və müraciətlər, rektorluğun tələbə Topçubaşova verdiyi bir neçə arayış və xarakteristika vardır ki, onların da əksəriyyətində Əlimərdan bəyin doğum tarixinin 4 may 1863-cü il olduğu göstərilir. Bütün bu sənədlər içərisində onun doğum tarixi ilə bağlı ən etibarlı sənəd şübhəsiz ki, doğum haqqında şəhadətnamədir.  Böyük mütəfəkkir Əli bəy Hüseynzadənin babası, Zaqafqaziya şeyxülislamı Axund Molla Əhməd Hüseynzadə Salyaninin 1870-ci ilin aprel ayının 6-da Əlimərdan bəyin adına verdiyi doğum haqqında şəhadətnamədə göstərilir: “Tarixi məsihiyyənin (min) səkkiz yüz yetmişinci ilində aprel ayının altısında bu şəhadətnamə verilir Əlimərdan bəy Topçubaşova ol xüsusda ki, o, podporuçik Ələkbər bəy Topçubaşovun qanuni oğludur, onun şəriətlə nikahda olduğu arvadı Sevər xanımla (Məhəmmədhəsən bəy Vəkilovun qızı) qanuni nikahından tarixi-məsihiyyənin (min) səkkiz yüz altımış üçüncü ilində may ayının dördündə islam dininin Əli məzhəbində təvəllüd tapıbdır”. (Bax: Ə.B.Topçubaşovun doğum haqqında şəhadətnaməsi. 06.04.1870.// SPb.DMTA, f.14, s.3, i. 24308, v.4.

Axund Molla Əhməd Hüseynzadə Salyani 1812-1887-ci illərdə yaşamış və 1862-1885-ci illərdə Qafqaz Müsəlmanlarının Ruhani İdarəsinə rəhbərlik etmişdi). Sənədin ikinci yarısında bu sözlər rus dilində də yazılmışdır və məzmun etibarı ilə ərəb əlifbası ilə yazılmış mətnin eynidir. Şəhadətnamənin rus mətnində yazılır: 1870 qoda aprele 6-qo sie svidetelstvo dano v tem, çto Ali-Mardan bek Topçibaşev sın Ali-Akper beka Topçibaşeva i rodilsa ot zakonnoy jenı eqo Sever xanuma, doçeri Mammed-Asan beka Vekilova v 1863 qodu may 4-qo dnya v Maqometanskoy  verı Alievoy sekt. Fikrimizcə, bu sənəd Əlimərdan bəyin doğum tarixi ilə bağlı bütün mübahisələrə son qoyur və onun 1863-cü ilin may ayının 4-də dünyaya gəldiyini təsdiq edir. Bütün bunlara əsasən demək olar ki, Topçubaşovun anadan olmasının 150 illiyinin bu il keçirilməsi tamamilə doğrudur və tarixi baxımdan sənədlərə söykənir.

 

 

Cəmil HƏSƏNLİ

 

Azadlıq.- 2013.- 20 aprel.- S.13.