Tarixin şahidi - Şeyx Cüneyd türbəsi
Şeyx Cüneydin
dövlət mübarizəsi
Azərbaycanın
unikal tarixi abidələri
sırasında XVI əsrdə inşa olunmuş bir türbənin
də xüsusi özəlliyi var. Bu, Səfəvilərin
tarixi ilə bağlı olan
məşhur Şeyx Cüneyd
türbəsidir. Səfəvilər dövründən yadigar qalan bu
abidə Qusar rayonunun Həzrə kəndində
yerləşir.
Məlum
olduğu kimi, Şeyx Cüneyd
nüfuzlu Səfəvi şeyxlərindən biri, Şah
İsmayıl Xətainin
babası idi. O, XV əsrdə Şirvana etdiyi hərbi
yürüş zamanı 1460-cı ildə Samur
çayının sol sahilindəki Qıpçaq kəndi
yaxınlığında baş verən vuruşmada
öldürülmüş və Həzrə kəndində dəfn edilmişdir.
Səfəvilər Şirvanda hakimiyyəti
ələ aldıqdan sonra,
1544-cü ildə Həzrə
kəndindəki məzar üzərində türbə
tikdirilmişdir. Türbənin tikintisinə I Şah Təhmasibin
vəziri Ziyaəddin Nizamülmülkün oğlu Ağa Məhəmməd
bilavasitə rəhbərlik etmişdir.
Bu abidə
memarlıq baxımından xüsusi gözəlliyi ilə bərabər,
həm də böyük bir tarixə şahidlik edir. XV əsrdə
xeyli tərəfdarı olan Səfəvilər təriqətinin
başçısı Şeyx İbrahim vəfat etdikdən
sonra 1447-ci ildə onun yerinə oğlu Cüneyd keçdi.
Maraqlı burasıdır ki, Şeyx Cüneydə(1447-1460) qədər
Ərdəbil şeyxləri siyasətlə maraqlanmaz,
yalnız dini işlərlə məşğul olardılar.
Amma Şeyx Cüneyd bu ənənəni pozdu.
Qarşısına dövlət qurmağı məqsəd
qoyan Şeyx Cüneydin ətrafında toplanan müridləri
müharibə etmək üçün silahlanmaya
başladı. Məzhəbcə özü də bir şiə
olan Qaraqoyunlu hökmdarı Cahanşah təriqət üzvlərinin
çoxalmasından çəkinərək Şeyx
Cüneydin əmisi Şeyx Cafərə müraciət etdi. O,
Cüneydin Azərbaycandan çıxmasını təmin
etdi. Bundan sonra Şeyx Cüneyd
Anadoluya gələrək oradakı Türkmanlar
arasında təbliğata başladı, qısa zamanda
Anadoluda özünə xeyli müridlər qazandı. O sonra
Qaraman bəyliyinə keçdi, Qaraman bəyi onun tutulması
haqda əmr verdiyindən, Məmlük dövlətinə
sığındı. Amma Şeyx Cüneyd şiə təbliğatı
yaydığından, Məmlük sultanı onun üzərinə
qoşun göndərdi, döyüşdə məğlub
olan Şeyx Cüneyd Anadoluya qaçdı.
Şeyx
Cüneyd 1456-cı ildən 1459-cu ilədək o vaxt hələ
az tanınan Diyarbəkir hakimi Ağqoyunlu Uzun Həsənin
yanında olmuşdu. Uzun Həsən öz düşməni
Cahanşahla mübarizədə Səfəvi şeyxlərinin
köməyini təmin etmək arzusu ilə öz
bacısı Xədicə Bəyimi Şeyx Cüneydə ərə
verdi. Tarixçilərin göstərdiyi kimi, bu nikahın
sorağı Kiçik Asiyanın və Suriyanın ən uzaq
guşələrinə yayıldı və “əvvəlki
şeyxlərin” xəlifələri Cüneydin
görüşünə gəldilər.
Böyük savaşın acı sonu
Şeyx
Cüneyd öz dövlətini yaratmaq fikrində idi və
Şirvanı zəbt etməyi düşünürdü. O,
səfərləri boyu müxtəlif ölkələrdən
başına toplanmış 10000 tərəfdarı ilə
ölkəni işğal etmək və Şirvanşahlar
taxtına sahib olmaq üçün Şirvana basqın etdi.
Bu hücumda Şirvandakı şiə tərəfdarları
da ona qoşuldular. Şeyx Cüneydin niyyətini duyan və təbərsəranlılar
tərəfindən təhrik edilən Xəlilüllah
Qaraqoyunlu Cahanşahın yardımı ilə böyük
qoşunla onun qarşısına çıxdı. 1460-cı
ildə Samur çayının sol sahilindəki
Qıpçaq kəndinin yaxınlığında baş verən
vuruşmada Cüneyd öldürüldü, onun müridləri
isə məğlub edildi. Başqa bir versiyaya görə,
Cüneyd əsir alınaraq Şirvanşahın əmri ilə
edam olunmuş, başqa mənbələrə görə isə
döyüş meydanında oxla vurularaq
öldürülmüşdür.
Tarixi mənbələrdə
Fəzlullah ibn Ruzbixan Xuncinin məlumatına görə,
öldürüldükdən sonra Cüneydin müridləri
onun meyidini Samurun sağ sahilinə keçirərək
Gülxan kəndində (indiki Qusar rayonunun Həzrə kəndi)
dəfn etmişlər. Atasının ölümündən
sonra dünyaya gələn oğlu Heydər dayısı Uzun Həsənin
sarayında böyümüş və Uzun Həsənin
qızı ilə də evlənərək onun kürəkəni
olmuşdur.
Memarlıq
baxımından mükəmməl bir abidə
olan Şeyx Cüneyd türbəsi bişmiş
kərpicdən inşa edilmişdir.
Bina daxildən və xaricdən
düzbucaqlı planlıdır. Tarixi şəxsiyyət olan Şeyx
Cüneydin məzarı üzərindəki
sənduqə bərk ağacdan nəfis işlənmiş
şəbəkəli çərçivə içərisinə
alınmış, üzərində minbər qoyulmuşdur. Görünür,
bu türbədən bir zamanlar məscid kimi istifadə
edilmişdir. Türbənin üzəri böyük bir
günbəzlə örtülmüşdür. Türbənin
qərb qapısı üzərində yeddi sətirdən
ibarət ərəb dilində nəsx xətti ilə həkk
olunmuş kitabə var: “Bu mübarək və kəramətli,
yüksək sultan, kəramətli və ədalətli xaqan,
fars və ərəb hökmdarlarının ağası -
Allah onun kölgəsini yelərdən əskik etməsin -
qurunun və suyun rəhmanı, dini, dünyanı, xilafəti
və səltənəti əzizləyən, Mustafaya (Muhəmməd
(s) peyğəmbərə) mənsub olan şəriət
qaydalarını yayan, Murtəzanın əqidəsini davam
etdirən (şiəliyi), minnət və ehsan edən ...Sutan
Şeyx Cüneyd Səfəvinin - Allah onun qəbrini
işıqlandırsın və şəhid olduğu yeri haqq
eləsin - qəbri üzərində 951-ci ilin axırında
tikilməsinə müvəffəq olmuşuq.”
“Əgər dünya bir adamdan
ötrü əbədi olsaydı...”
Kitabə
üzərindəki yazı xeyli uzundur və onun
qısaldılmış bir hissəsini ifadə edir. Burada qeyd olunan
hicri 951-ci il 1
544-1545-ci Milad ilinə
müvafiqdir. Kitabədən
göründüyü kimi,
abidəni məscid-türbəni
hicri 951-ci il
(1544-1545) ilin axırlarında
I Şah Təhmasibin hökmranlığı dövründə
onun vəziri Xacə Fəxrəddin Əhməd Fərəhani
oğlu Xəcə Ziyaəddin Nizamül-mülkün
oğlu Ağa Məhəmməd tikdirmişdir.
Beləliklə, türbədə
dəfn olunmuş şəxsin
Şeyx Cüneyd - Səfəvi şeyxlərindən
biri və Ərdəbil hakimi olduğuna heç bir şübhə yoxdur.
Tədqiqatçıların məlumat verdiyinə görə, Şeyx Cüneyd türbəsi böyük
aşırımlı günbəzlə
örtülü imiş. Sonralar ona bitişik
məscid tikilməsi və damın dəyişdirilməsi nəticəsində
türbə öz əvvəlki görkəmini
itirmişdir. Türbənin içərisi əvvəlki
görkəmini qoruduğu
üçün daha maraqlıdır və burada hər şeydən əvvəl günbəzə keçid
təşkil edən stalaktitlərin məharətlə
həlli diqqəti cəlb edir. Türbənin daxili divarları
2 metrə qədər
bənövşəyi və
firuzəyi kaşı
ilə örtülüdür.
Qəbrin yaxınlığında
yerləşən hücrənin
yuxarı mərtəbəsində
həkk olunmuş kitabədə yazılır:
“Əgər dünya bir adamdan ötrü
əbədi olsaydı,
onda (ölməz) peyğəmbərlər üçün
bu həmişəlik
olardı. Çətin
ki, bir adam ölümdən
xilas ola, o zaman Məhəmmədin (ə.s.) silahdaşları
ölümdən xilas
olardılar”.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.-
2013.- 24 aprel.- S.14.