Şeyxizad” deyərlər bizlərə...»

 

Vaqif yolunun davamçısı Kazım ağa Salik

 

Azərbaycan klassik poeziyasının görkəmli nümayəndələri sırasında xüsusi yeri olan şairlərdən biri də Kazım ağa Salikdir. Kazım ağa Şıxı ağa oğlu 1781-ci ildə Qazax mahalının Şıxlı kəndində anadan olmuşdur. O, ibtidai təhsilini molla yanında almış, sonra mədrəsədə şərq dillərini, ilahiyyatı, fəlsəfəni öyrənmişdir.

 

Kazım ağa dövrünün məşhur şairlərindən sayılırdı. O, Salik təxəllüsü ilə şeirlər yazırdı. Salikin fitri şairlik istedadı mədrəsədə oxuduğu illərdə aşkarlanmışdır. Onun bir şair kimi formalaşmasında klassik Şərq poeziyasının nəhənglərindən olan Xaqani, Qasım Ənvar, Nəvai və Füzuli ilə yanaşı, həm klassik, həm də xalq şeiri üslubunda ölməz sənət inciləri yaratmış Vidadi və Vaqifin, eləcə də qardaşı Mustafa ağa Arifin, dayısı Əbdürrəhman ağa Dilbozun yaradıcılığı böyük rol oynamışdır.

Kazım ağa haqqında ilk dəfə Böyük Azərbaycan maarifçisi Firudin bəy Köçərli 1908-ci ildə “İrşad” qəzetində məlumat vermişdir: “Molla Pənah Vaqifdən sonra mərhum Kazım ağa Salik nəinki vahid Qazax mahalında, bəlkə tamami Zaqafqaziyada zühur edən şüəranın müqtədirlərindən birisi hesab olunur. Bu anacan millətimiz içində onun şöhrət və hörmət kəsb etmədiyinə ümdə səbəb asarının mürəttəb bir qayda üzrə təb və nəşr olmadığıdır. Bu kəmetinalıq və qədirbilməməzlik tək bir Saliki-mərhumun haqqında olmayıb, çox şüəra və üdəbamızın halına şamildir. Çox mərifət və kamal sahiblərinin ismü əsərlərindən bir əlamət qalmayıbdır. Kazım ağa Salik təvəllüd edibdir Şıxlı qəryəsində 1195-ci (1781) tarixdə. Təlim və tərbiyəsi öz vətənində olubdur. Vəli onun əsil və nəsəbi Şəmkirdəndir. Anası Dilbaz nücəbalarındandır. Salikin babalarına Şıxzadə deyirlərmiş ki, sabiqdə Qazaxlı qəryəsində sakin olurlarmış...”.

 

Qazax ədəbi mühitində ən nüfuzlu söz ustası

 

Bu dövrdə poeziyada xalq şeiri üslubunda yaranan nümunələrin çox görkəmli imzaları vardı. Xalq dilinə yaxın, asanlıqla əzbərlənən bu nümunələr eldən-elə dolaşır, onların müəllifləri nəinki ədəbi mühitdə sadə insanlar arasında da gözəl tanınırdı. Belə məşhur şəxslər arasında Kazım ağanın da adı vardı. Həqiqətən də, Firudin bəyin yazdığı kimi, Vaqif və Vidadidən sonrakı dövrdə Qazax ədəbi mühitində ən nüfuzlu söz ustası Salik idi.

 

Çox da məndən kənar gəzmə, ay pəri,

Sənsən könlüm zövqi, dilim əzbəri,

Guşeyi-kuyini bulandan bəri,

Dərdi-bidərmanım dəvalanıbdır.

 

Məclislər zivəri gördüyün Salik,

Xaqani, ənvəri gördüyün Salik,

Şairlər sərvəri gördüyün Salik—

Gəl gör sənsiz necə gədalanıbdır.

 

Salik Vidadinin nəvəsi Yəhya bəy Qazaği, Əndürrəhman ağa Dilboz, İbrahim ağa Məsum, Şahnigar xanın Rəncurla dostluq etmişdir. O, Şirvan şairi Ağabəy Mirzəbabanı, Abbasqulu ağa Bakıxanovu yüksək qiymətləndirmiş, qarabağlı Mirzəcan Mədətovla, Mirzə Adıgözəl bəylə mütəmadi yazışmışdır. Salikin hər iki vəzndə - əruz və hecada yazdığı gözəlləmələrinin bu qədər şirinliyinin bir səbəbi də onların mücərrəd deyil, gerçəkdə yaşamış və onunla ülfətdə olmuş gözəllərə həsr olunmasıdır. Şirvanlı Ceyran xanım, Tubu xanım, Göyçədən Məhbubə xanım, Varşava tərəfdən Qazaxa gəlmiş Dilbər real adamlardır.

 

Ey Tuba, baxışın yıxdı aləmi,

Xumar gözün yenə qiyamət eylər,

Kəbeyi-kuyini görən kimsənə

Haşa ki, qibləyə ziyarət eylər.

 

Elə Kazım ağa Salikin xalq arasında məşhurlaşmasının əsas sirrini də bu iki amilə bağlamaq olar. Onun daha çox tanınmasında bir yandan xalq şeiri üslubunda yazdığı nümunələr, real şəxslərə həsr etdiyi gözəlləmələr, o biri yandan isə “gözü tutmadığı” şəxsləri yumor, həcv diliylə “iynələməsi” mühüm rol oynamışdı.

1908-ci ildə “İrşad” qəzetindəki yazısında F.Köçərli şairlə bağlı dolaşan yanlış məlumatlara aydınlıq gətirib. Bu yazıda Firudin bəy Salik təxəllüslü şairin naxçıvanlı olub-olmadığını da faktlarla sübuta yetirib.

 

Salik təxəllüslü şair...

 

Yazıda deyilir: “...Salik Naxçıvaninin bu əsəri keçmiş şüəranın kəlamına əsla bənzəmir. Keçmişdəki şairlərimizin istilahında vətən, millət, hürriyyət, qeyrət, elm və mərifət misilli sözlər, demək olar ki, yox idi. Əgər nüdrətən bu kəlmələrdən birisi istemal olunsa idi, o da özgə mənaya işlənirdi. Keçmiş vaxtın işi və halı bir özgə, indiki zəmanənin təqazası bir başqa.... Hər nə isə keçək mətləbə. Naxçıvanlı Razizadə Salik ilə Şıxlı Kazım ağa Saliki bir-biri ilə qarışdırmaq cayiz deyil.

“İrşad”ın 22-ci nömrəsində Qazaxdan cənab A.Ğ. imzasında bir şəxs Kazım ağanın barəsində bir neçə məlumat vermişdir və lakin onlar haqq və doğruya müvafiq olmadığından məzkur Kazım ağanın haqqında bir neçə söz danışmağı lazım gördük...

Öz əsil-nəsəbi barəsində şair Tubu adında sevgilisinin mədhində yazdığı şeirdə deyibdir:

 

Adım Kazım, vəli Salik ləqəb, şeirdə məşhuram

Ki, əvtanım kənari-Kür, şikargahım Qarayazi.

Binayi-bixi-nəxl əslimiz Şəmkiridir, amma

Vəli tifli-vücudumdur məkidə şiri-Dilbazi.

Şeyxizadə deyərlər bizlərə, gəlmiş Qazaxlıdan,

Şıxılı qəryəmizdir, həm bizik ol qəryə ezazi...".

 

Kazım ağa Salikin yaradıcılığında eyni zamanda yumor hissi həddən artıq güclüdür. Yəhya bəy Qazağiyə, Sədəf oğlu Süleyman koxaya yazdığı zarafatyana şeirlər onun varlı-hallı bir adam kimi zəngin bir ömür yaşadığından xəbər verir. Lakin ömrünün son illərində qardaşı mayor Mustafa ağa Arifin sürgünə göndərilməsi, qızının gənc yaşlarında vəfat etməsi və qocalığı onun yaradıcılığına kədər notları gətirmişdir.

Kazım ağanın Yusif ağa adlı oğlu vardı. Salikin oğlu Yusif ağanın da şairliyi varmış. Hətta onun bir qoşmasını Hüseyn Əfəndi Qayıbov öz “Məcmuə”sinə daxil etmişdir.

Azərbaycan ədəbiyyatının bir çox nümayəndələri kimi, Salikin irsi də uzun zaman dərindən araşdırılmayıb. Lakin zamanla ayrı-ayrı tədqiqatçılar onun yaradıcılığına müraciət etmiş və şairin adının ədəbiyyat kitablarında yer almasına cığır açmışlar. Azərbaycan ədəbiyyatı tarixinə aid kitablarda da onun yaradıcılığına zaman-zaman yer ayrılmışdır. Azərbaycan sovet ensiklopediyasında (ASE) Salik haqqında ayrıca məqalə verilmişdir.

Şair 1842-ci ildə doğulduğu kənddə vəfat etmiş, oradakı “Ağalıq qəbiristanlığı”nda dəfn olunmuşdur.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 25 aprel.- S.14.