Dünya
muzeylərinin ən gözəl inciləri
Qədim
Azərbaycan miniatürləri
Qədim
ənənələri olan Azərbaycan miniatür məktəbi
uzun bir yol keçmişdir. Bu gün dünyanın bir
çox muzey və kitabxanalarında saxlanan gözəl
miniatürlərimiz azərbaycanlı rəssamların necə
dəyərli bir irs buraxıb getdiklərindən xəbər
verir.
Belə
unikal əsərlərə gözoxşayan bir zərifliklə
işlənmiş Sankt-Peterburqdakı M.Y.Saltıkov-Şedrin
adına kitabxanada saxlanan 3 kiçik miniatürlü “Şah və
Dərviş”i, 258 miniatürlə bəzədilmiş, bir
qismi Nyu-Yorkdakı Metropoliten muzeyində, qalan hissəsi
Nyu-Yorkdakı Haufton kolleksiyasında saxlanan “Şahnamə”ni(1537)
və Londondakı Britaniya muzeyində saxlanan 14 ədəd
nadir miniatürü ilə dünya şöhrəti
qazanmış “Xəmsə”ni (1539-43) göstərmək də
yetərli sayıla bilər. Bu əlyazmalar Şərqdə
kitab sənətinin və miniatür
boyakarlığının şah əsərlərindən
hesab edilir.
Məlum
olduğu kimi, Azərbaycan miniatür məktəbinin əsas
mərkəzlərindən biri Təbriz sayılır. Bu zəngin
və təkrarsız məktəbin yüksəliş
dövrü XVI əsrin ortalarına təsadüf edir. Bu
dövrdə Şah İsmayıl
və Təhmasibin saray kitabxanasında böyük ustad Sultan
Məhəmmədin rəhbərliyi altında böyük bir
rəssam qrupu çalışırdı. Onların
sırasında Mir Müsəvvir, Mirzə Əli Təbrizi,
Mir Seyid Əli, Müzəffər Əli kimi istedadlı yerli
rəssamlar, o cümlədən Kəmaləddin Behzad,
Şeyxzadə, Ağamirək İsfahani, Şah Mahmud Nişapuri,
Dust Məhəmməd kimi şərqin görkəmli sənətkarları,
xəttat və rəssamları vardı.
Ən
maraqlı məqam odur ki, XVI əsrin əvvəllərindən
başlayaraq Təbriz miniatür məktəbinin klassik ədəbiyyatla
əlaqəsi bu sənətin inkişafına daha geniş
üfüqlər açır. Firdovsi, Nizami, Sədi, Hafiz,
Cami, Nəvai, Əmir Xosrov Dəhləvi kimi klassiklərin əsərləri
Təbriz rəssamlarının
yaradıcılığına geniş mövzu verir. Həmin
dövrdə təsviri sənətdə ən dəyərli
miniatürlər “Şahnamə” və “Xəmsə”yə
çəkilirdi. Bu dövrdə Təbriz məktəbinin bədii
üslub xüsusiyyətlərini özündə cəmləşdirən
miniatürlərdən 1524-cü il tarixli “Xəmsə”
(Metropoliten muzeyi, Nyu-York), “Şahnamə” (Şərqşünaslıq
institutu, Sankt-Peterburq), “Quy və çovkan”, 1528-ci il tarixli
“Cami ət-təvarix” (hər ikisi M.Y.Saltıkov-Şedrin
adına kitabxana, Sankt-Peterburq) əlyazmalarına çəkilmiş
illüstrasiyalar diqqəti cəlb edir.
Məhz
Azərbaycanın gözəl incisi Təbrizdə yaranan bu zəngin
məktəbin simasında 1530-1540-cı illərdə Şərq
miniatür sənəti ən yüksək inkişaf mərhələsinə
çatır. Bu ərəfədə bədii-estetik və sənətkarlıq
baxımından ən dəyərli miniatürlərlə bəzədilmiş
bir çox qiymətli əlyazmalar hazırlanır.
Dünya
miniatür sənətinin incilərindən sayılan əsərlərə
Sultan Məhəmmədin “Şahnamə”yə çəkilmiş
“Keyumərzin məclisi”, “Zöhhakın edam edilməsi”, Mirzə
Əli Təbrizinin “Hindistan elçilərinin qəbulu”
miniatürlərini, Müzəffər Əlinin ov və
döyüş səhnələri nümunələrini, Mir
Seyid Əlinin saray məclisləri təsvir olunan əsərlərini,
“Xəmsə”yə çəkilmiş miniatürlərdən
Sultan Məhəmmədin “Sultan Səncər və qarı”,
“Şirin çimərkən Xosrovun ona tamaşa etməsi”, “Məhəmməd
Peyğəmbərin meracı”, Mir Müsəvvirin “Ənuşirəvan
və bayquşların söhbəti”, Mirzə Əli Təbrizinin
“Xosrov Bərbədin musiqisini dinləyir”, Mir Seyid Əlinin
“Dilənçi qarının Məcnunu Leylinin yanına gətirməsi”
və başqa əsərləri nümunə göstərmək
olar.
Rəssamlıqda yeni mövzu və meyllər
Azərbaycan
rəssamları başqa əsərlərə də işlədikləri
miniatürlər də öz orijinallığı ilə
seçilir. Bunlardan Sultan Məhəmmədin 1530-cu illərdə
Hafizin “Divan”ına çəkdiyi “Şam Mirzənin kef-musiqi
məclisi”, “Meyxanada”, naməlum rəssamların Ə.Cami, Əmir
Xosrov Dəhləvi və başqa klassiklərin əsərlərinin
əlyazmalarına, Sədinin külliyatına və başqa əlyazmalara
çəkdikləri miniatürləri göstərmək
mümkündür.
Şübhəsiz
ki, zaman etibarı ilə bir çox sahədə baş verən
inkişaf miniatür sənətinə də öz təsirini
göstərir. XVI əsrədək tək-tək təsadüf
olunan dəzgah miniatürləri əsrin ortalarından
inkişaf edərək tezliklə xüsusi canr səviyyəsinə
yüksəlir. Kitab illüstrasiyalarından fərqli olaraq,
belə müstəqil miniatürlərdə əsasən adi
həyat hadisələri - ov və döyüş səhnələri,
musiqi məclisləri, saray əyləncələri, şah və
əsilzadələrin portretləri, nadir hallarda isə klassik ədəbiyyatdan
alınmış poetik sücetlər təsvir edilirdi. Rusiya
(Sankt-Peterburq), Türkiyə (İstanbul), eləcə də
Avropa və ABŞ-ın bir çox muzey və
kitabxanalarında saxlanılan xüsusi albomlarda
toplanmış, bəzən də sırf dekorativ bəzək
məqsədilə müxtəlif əlyazma kitablarına
sonralar daxil edilmiş belə miniatürlərdən Mirzə Əli
Təbrizinin “Sarayda musiqi məclisi”, Sultan Məhəmmədin
“Ov səhnəsi” triptixləri, Mir Seyid Əlinin “Kənd həyatı”
və “Şəhər həyatı” tabloları şərq
miniatür sənətində müstəsna yer tutur.
Rəssamlıqda
baş verən inkişaf miniatür sənətinə də
yeni mövzular gətirir. XVI əsrin ortalarında Sultan Məhəmməd,
Mir Müsəvvir, Dust Məhəmməd və başqa rəssamlar
bir sıra portret miniatürləri yaratmışlar. Müəyyən
kanonlar (qayda, üsul) əsasında yaradılan bu portretlərdə
əsas məqsəd hökmdarın zahiri gözəlliyini tərənnüm
etmək olmuşdur.
Səfəvilər
dövlətinin paytaxtının XVI əsrin 2-ci
yarısında Təbrizdən Qəzvinə
köçürülməsi ilə bağlı saray
kitabxanasında fəaliyyət göstərən rəssamlardan
bir qrupu yeni mərkəzə toplaşır. Azərbaycan rəssamlarının
Qəzvində 1575-ci ilə qədər çəkdikləri
miniatürlər bədii üslub xüsusiyyətlərinə
görə Təbriz dövrü miniatürlərindən əsla
seçilmir və Təbriz üslubunun məntiqi
davamını təşkil edir.
Dünya incəsənətinə təsir
göstərən məktəb
Əsrin 2-ci
yarısı və sonlarında Azərbaycan miniatür sənətinin
inkişafı və Qəzvində yeni üslubun yaranıb
formalaşması Sultan Məhəmməd ənənələrinin
davamçıları Siyavuş bəy, Mir Zeynalabdin Təbrizi,
Əli Rza Abbasi Təbrizi, xüsusilə dövrün ən
görkəmli ustad rəssamları Məhəmmədi və
Sadıq bəy Əfşarın
yaradıcılığı ilə bağlıdır. Bu
dövrdə kitab illüstrasiyalarından daha çox real həyat
hadisələrini və adi məişət səhnələrini
əks etdirən müstəqil miniatürlər çəkilmişdir.
Amma XVI əsrin 2-ci yarısında Azərbaycan kitab tərtibatı
və miniatür sənətində müəyyən
durğunluq əmələ gəldi. Bunun əsas səbəblərindən
biri paytaxtın köçürülməsi ilə
bağlı Təbrizin sənət mərkəzi kimi öz
rolunu getdikcə itirməsi idi. İkinci səbəb isə
XVI əsrin son rübündə Təbriz rəssamlarının
Türkiyə və İranın sənət mərkəzlərində
fəaliyyət göstərməsi, eləcə də bu
dövrdə Sultan Məhəmməd və onun məktəbinə
mənsub olan rəssamlar kimi hərtərəfli inkişaf
etmiş, geniş yaradıcılıq imkanı olan ustad sənətkarların
az olması idi.
Təbriz məktəbi
yalnız öz əhatə dairəsi ilə kifayətlənib
qalmamış, qonşu ölkələrlə
yaradıcılıq əlaqəsi saxlamış, məktəbin
nümayəndələri müxtəlif vaxtlarda bir çox
Şərq ölkələrində fəaliyyət göstərmişlər.
Məşhur rəssam Mir Seyid Əli atası Mir Müsəvvirlə
birlikdə uzun müddət Hindistanda Moğol hökmdarları
Hümayun və Əkbərin sarayında baş rəssam
işləmiş, yeni sənətkarların
hazırlanmasında, Moğol miniatür məktəbi adlanan
hind boyakarlıq məktəbinin yaranması və
inkişafında onların mühüm rolu olmuşdur.
Türkiyə miniatür sənətinin inkişafına da Azərbaycan
rəssamları əhəmiyyətli təsir göstərmişlər.
Şahqulu Nəqqaş, Vəlican Təbrizi, Kamal Təbrizi və
bir sıra digər Təbriz rəssamları müxtəlif
dövrlərdə İstanbulda fəaliyyət göstərmiş,
Şahqulu və Vəlican saray emalatxanasına rəhbərlik
etmişlər.
Bu gün məşhur
dünya sənətşünaslarının da etiraf etdiyi
kimi, o dövrdə Azərbaycan rəssamlıq məktəbinin
böyük təsir gücü olmuşdur. Bunu məşhur
dünya muzey və kitabxanalarında saxlanan sənət əsərləri
bir daha sübuta yetirir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 26 aprel.- S.14.