“Dünyanın
ən yaxşı opera rejissorları ilə
bir sırada...”
«Koroğlu» və «Leyli və
Məcnun»un rejissoru
Azərbaycan
mədəniyyətinin inkişafında müstəsna xidmətləri
olan sənətkarlardan biri
də görkəmli opera rejissoru
kimi tanınan, Özbəkistanın və
Azərbaycanın xalq artisti
Firudin Səfərovdur.
Professor F.Səfərov
Özbəkistan Dövlət mükafatı laureatı, Əlişir Nəvai adına
Özbəkistan Opera və Balet Teatrının baş rejissoru
olub. Görkəmli bəstəkarımı Arif Məlikov F.Səfərovun opera
rejissorluğu fəaliyyətini yüksək qiymətləndirərək
yazmışdır: “Onun yaradıcılığının
insan qəlbinə və zehninə təsiri o qədər yüksəkdir
ki, dünyanın ən yaxşı opera rejissorları ilə
bir sırada dayanır. Mən onun quruluş verdiyi bir çox
tamaşalara baxmışam. Mən bu tamaşaları
alqışlamışam və fəxr etmişəm ki, Azərbaycan
incəsənəti musiqi, teatr, rəssamlıqla
yanaşı, opera rejissorluğu sahəsində də Firudin Səfərov
kimi böyük sənətkar yetirmişdir”.
Səfərov
Firudin Səttar oğlu 1 avqust 1933-cü ildə Bakı şəhərində
anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasında
zərb alətləri üzrə təhsil almış, bir
neçə il Konservatoriyada zərb alətlərindən dərs
demiş, ksilofon ifaçısı kimi SSRİ-nin bir çox
respublikalarında çıxış edərək,
Ümumittifaq müsabiqələrinin laureatı olmuşdur.
1953-cü ildən 1964-cü ilədək dahi dirijor maestro
Niyazinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyov adına
Azərbaycan Dövlət Simfonik Orkestrində
çalışmışdır. 1968-ci ildə
N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət
Konservatoriyasının musiqili teatr rejissorluğu fakültəsini
bitirən Firudin Səfərov 1968-ci ildə Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrında
quruluşçu rejissor kimi fəaliyyətə
başlamışdır, 9 il burada
çalışmışdır. Az bir vaxtda F.Səfərov
özünü istedadlı bir sənətkar kimi tanıda
bilmişdir. O, bir çox opera tamaşalarına, o cümlədən
“Koroğlu”, “Leyli və Məcnun”, “Qaratoxmaq qadın”
operalarına quruluş vermiş, teatr aləmində
bacarıqlı rejissor kimi şöhrət
qazanmışdır. Firudin Səfərov bir çox dövlət
səviyyəli tədbirlərin hazırlanmasına bilavasitə
rəhbərlik etmişdir.
Almaniyaya üç əsər...
Artıq Azərbaycanda
öz bacarığı və istedadı ilə tanınan
Firudin Səfərov 1977-ci ildə A.Nəvai adına Daşkənd
Akademik Böyük Opera və Balet Teatrına dəvət
edilmiş və teatrın baş rejissoru kimi fəaliyyətini
uğurla davam etdirmişdir.
“Vikipedia”nın
yazdığına görə, bu illər ərzində
görkəmli rejissor 60-a yaxın opera tamaşalarına, o
cümlədən “Odlu mələk” (S.Prokofyev), “Birinci Pyotr” (A.Petrov), “Otello”, “Aida”,
“Trubadur”, “Maskarad”, “Traviata” (C.Verdi), “Faust” (Ş.Quno),
“Qaratoxmaq qadın” (P.I.Çaykovski),
“Karmen” (C.Bize), “Samson və Dalila”
(K.Sen-Sans), “Toska”, “Bogema”, “Qio-qio-san” (C.Puççini), “Sevilya
bərbəri”, “Abu Həsən”, “Nikah kağızı” (D.Rossi), “Ömər
Xəyyam” (M.Bafoyev), “Leyli və Məcnun” (R.Qliyer və
T.Sadıqov), “Ana ürəyi” (H.Rəhimov) və başqa
tamaşalara maraqlı quruluşlar vermişdir.
F.Səfərov
Özbəkistanda keçirilən kütləvi bayramların
bədii rəhbəri və quruluşçu rejissoru kimi də
fəaliyyət göstərmişdir.
Azərbaycandan
kənarda çalışmağına baxmayaraq Firudin Səfərov
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”,
“Koroğlu”, müasir türk bəstəkarı Nevit
Kodallının “Van Qoq” və görkəmli Azərbaycan bəstəkarı
Vasif Adıgözəlovun “Natəvan” operalarına quruluş
vermişdir.
Özbəkistan Opera Teatrı tarixində ilk
xarici qastrolları da Firudin Səfərov təşkil
edib və Almaniyaya olan bu səfərə üç əsəri aparılıb. Tamaşalar həm
müəllifə, həm
də Özbəkistan Opera Teatrına böyük uğurlar
qazandırmışdır. Eyni
zamanda görkəmli rejissor qonşu
ölkələrin
müxtəlif
teatrlarına da dəvətlər alıb. Onun Odessa teatrında quruluş verdiyi
“Qaratoxmaq qadın”, Voronejdə "Otello" , Samarada “Faust”,
Almatıda “Aida”, “Faust”, “Qaratoxmaq
qadın” operaları
uğur qazanmışdır.
F.Səfərovun
peşəkar kadrların hazırlanmasında da böyük
xidmətləri olmuşdur. O, uzun illər Daşkənd
Dövlət Konservatoriyasının opera
hazırlığı fakültəsində də fəaliyyət
göstərmişdir. İlk yaradıcılıq
addımlarını atan bir çox gənc məhz ilk
yaradıcılıq addımlarını ustad rejissorun köməyi
ilə atmış, öz istedadlarını nümayiş
etdirmək imkanı əldə etmişlər.
Özbək mədəniyyəti tarixində
"Səfərov opera məktəbi"
Firudin Səfərov
2002-ci ildən Daşkənd Dövlət
Konservatoriyasının professorudur.
1981-ci ildə
A. Petrovun “Birinci Pyotr” operasının quruluşuna görə
Özbəkistanın Dövlət mükafatına layiq
görülmüşdür.
O,
1986-cı ildə Özbəkistan Respublikasının, 1992-ci
ildə isə Azərbaycan Respublikasının Xalq Artisti fəxri
adlarına layiq görülmüşdür.
SSRİ xalq artisti, rəqqasə Aliyə İsmayılova yazır ki,
Firudin Səfərovun rejissorluq
istedadı Allah vergisidir.
Məlum
olduğu kimi, Özbəkistan
Opera və Balet
Teatrı 1929-cu ildə, yəni
Azərbaycan operası yarandıqdan (1908) 21 il sonra
yaranmışdır. Özbəkistanın Opera Teatrı "Arşın mal alan" əsəri ilə açılıb.
Sonralar M.Maqomayevin “Nərgiz”,
Q.Qarayevin “İldırımlı yollarla”, “Yeddi gözəl”,
A.Məlikovun “Məhəbbət əfsanəsi”, “İki qəlbin dastanı”, F.Əmirovun “Sevil”, “Min
bir gecə” və s. əsərləri özbək səhnəsində
oynanılıb.
“Məhəbbət əfsanəsi” və
"1001 gecə "
baletləri özbək teatrının repertuarından heç zaman
düşməyib. Ümumiyyətlə, Özbəkistan Opera
və Balet Teatrının səhnəsində bu vaxta qədər 12-dən
çox Azərbaycan əsəri oynanılmışdır.
Firudin Səfərov Özbəkistan opera teatrının səhnəsində
dünyanın məşhur əsərlərini tamaşaya
qoymaqla yanaşı, özbək sənətkarlarının
da əsərlərinə
müraciət etmişdir.
Ümumiyyətlə, rejissor bu günədək 16-ya qədər
özbək əsərinə opera səhnəsində həyat
vermişdir.
Özbək
musiqişünası N.Komax yazmışdır ki, Firudin Səfərov
opera rejissorluğunun şairi və
mütəfəkkiridir.
SSRI xalq
artisti, dirijor Dilbər Əbdürrəhmanova isə görkəmli
rejissorun yaradıcılıq uğurlarını belə dəyərləndirmişdir:
“Firudin Səfərov, şübhəsiz, hər şeydən əvvəl
novator rejissordur”.
Firudin Səfərov
öz zəngin yaradıcılıq yolu ilə özbək
opera teatrında silinməz izlər buraxmışdır.
Özbək
mədəniyyəti tarixində "Səfərov opera məktəbi"ni
yaratmağa nail olmuş Firudin Səfərov Azərbaycan-Özbək
teatr əlaqələrinin inkişafına da böyük
töhfələr vermişdir.
2008-ci ildə
rejissorun 75 illik yubileyi Özbəkistan hökuməti tərəfindən
yüksək səviyyədə qeyd olunmuş, Firudin Səfərovun
özü isə yubiley gününə dünyanın məşhur
operalarından biri olan “Karmen” tamaşasını yenidən
hazırlamışdır.
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilir
Azadlıq.- 2013.- 28 aprel.- S.14.