“Basıb aləmləri
bidadü ədalət yoxdur...”
Ağaəli bəy Naseh
Klassik şərq üslubunda
yazdığı əsərləri, şeirləri ilə
yadda qalan Ağaəli bəy Naseh M.Ə.Sabirin, A.Səhhətin,
M.Hadinin yaxın dostu və məsləhətçisi
olmuşdur. Firidun bəy Köçərli “Azərbaycan ədəbiyyatı”
əsərində “Şirvan şairləri” fəslində
şamaxılı Ağaəli bəy Nasehi hörmətlə
yad edərək yazırdı:
“Ağaəli
bəy Naseh təvəllüd edibdir Şamaxıda 1273-cü
ildə məhərrəm ayının onuncu günündə
- yövmi-aşura. 10 sentyabr 1856-cı ildə. İlk təhsilini
Şamaxıdakı ”Üsuli-cədid" məktəbində
almışdır. Təhsili Şamaxı məktəblərində
üsuli-qədim üzrə olubdur. Atasının ondan
başqa köməkçisi olmadığı cəhətinə,
məktəbdə oxuyan zaman ticarət işlərilə dəxi
məşğul olarmış. 16 sinnə çatdıqda məhz
türk və fars dillərinin təhsilinə kifayətlənməyib,
rusca oxumağa şövqü həvəs göstəribdir və
lakin bu vaxtlarda müşarileyhin atası həmişə səfərdə
olmaq cəhətilə ev və bazar işləri dəxi ona
mühəvvəl olubdur. Belə ki, oxumağa və elm təhsil
etməyə çəndan vaxtı olmayıbdır. Bununla
belə rusca oxumağı hər şeydən əlzəm
bilib, onun təhsilinə canü dil ilə müdavimət
etmişdir. Ələlxüsus, o vaxtlarda rusca oxumaq xalq
arasında bidət, bəlkə daha ziyadə bir əmri-şəni
kimi sayıldığı halda və valideyninin mümaniəti
ilə bərabər bir az vaxtın müddətində şəhər
məktəbinin üç klass dərslərini ikmal
etmişdir.
Naseh cənabları
ziyadə xoşxülq, bavüqarü təmkin və əzmində
sabit bir zat olduğu üçün öz həmşəhərlərinin
və sair onu tanıyanların hörmət və məhəbbətini
kəsb etmişdir. Xüsusən Ağaəli bəyin
haqqı bizim boynumuzda artıq dərəcədədir ki,
Şamaxı şüərasının tərcümeyi-hallarına
dair bir çox məlumat bizə cəm edib göndərmişdi.
Bu barədə ol cənaba səmim-qəlbdən
razılıq izhar edib, cənab həqqdən ona xoşbəxtlik
və tuli-ömr mərhəmət olunmasını təmənna
edirik...".
Ağaəli
bəy Hacı Məhəmməd oğlu Əfəndizadə
1856-cı il sentyabrın 10-da Şamaxıda anadan olmuşdur.
Ilk təhsilini Şamaxıdakı “Üsuli-cədid” məktəbində
alan Ağaəli bəyin atası tacir olduğundan o, ticarət
işlərində atasına köməklik edirdi. On altı
yaşına çatdıqda fars və türk dillərində
aldığı təhsillə kifayətlənməyən
Ağaəli bəy rus dilində də oxumağa həvəs
göstərmiş və üç sinifli şəhər məktəbində
dörd il təhsilini davam etdirmişdir.
Öz
araşdırmalarında şairin həyat və
yaradıcılığı ilə bağlı maraqlı məlumatları
üzə çıxaran tədqiqatçı Şəmistan
Nəzirli bir çox mənbələrə istinad edir. Azərbaycan
Respublikası Əlyazmalar İnstitutunda “Nasehin tərcümeyi-halı”
adlı əlyazması saxlanılır. Əlyazmanın
müəllifi göstərilməsə də, onun müəllifinin
məşhur maarifçi Camo Cəbrayılbəylinin olduğu
şübhə doğurmur. Camo Cəbrayılbəylinin
1966-cı ildə nəşr olunmuş “Xatirələrim”
kitabındakı faktlarla Əlyazmalar İnstitutunda saxlanan
“Nasehin tərcümeyi-halı”ndakı faktlar arasında
çox böyük bənzərlik var. Camo bəy Cəbrayılbəyli
xatirələrində yazırdı: “Mən hələ
uşaq ikən ailəmiz Nasehgil ilə
yaxınlaşmış, Naseh böyük bacımla evlənmişdi”.
Camo Cəbrayılbəylinin xatirələrində...
Atasının
vəfatından sonra Ağaəli bəy qəza rus-tatar məktəbi
adlı məktəbə daxil olmuş, burada türk, ərəb
və farsca Molla Caminin mədrəsəsində təhsilini
davam etdirmişdir.
Ehtiyac
ucbatından təhsilini buraxmağa məcbur olan Ağaəli
bəy Naseh bir müddət Kürdəmirdə, sonralar isə
Şamaxıda silistçi dilmancı vəzifəsində
çalışmışdır. Ağaəli bəy eyni
zamanda rusca, türkcə, ərəb və farsca mütaliə
edərək təhsilini artırmağa müvəffəq
olmuş, məhkəmədə katib vəzifəsində
çalışmışdır.
Ağaəli
bəy Naseh hələ uşaq yaşlarından şeir
yazmağa həvəs göstərmiş, hələ doqquz
yaşında ikən nəzmlə məktub
yazmışdır. İmkan olduqca şeirlər yazmışdır.
Məşhur maarifçi
Camo Cəbrayılbəyli “Xatirələrim”
kitabında yazırdı: “Ərəb və farsca
biliyi o dərəcədə
idi ki, istər ərəbcə,
istərsə də farsca kitabların
üzərilə göz gəzdirib hekayə
kimi nəql edərdi. Çocuq
ikən başına toplanıb ”Min bir gecə"dən
hekayə söyləməsini rica edərdik.
Şeirlərini Sabir, Səhhət, Tərrah,
Hacı İsmayıl
Veysov və bir-iki nəfər
sair yaxın adamlarından ibarət olan məhramanə məclisində oxuyurdu. Çox zaman Firidun bəy
Köçərli ilə yazışaraq öz
əsərlərini ona göndərərdi.
Ilk zamanlar Naseh Köçərliyə kim
olduğunu söyləməyib Nasehin şeirləri haqqında onun rəyini sorurdu.
Köçərlinin məktubunun birində “Nasehin
şeirləri filhəqiqət qüvvətlidir və xoşuma gəldi” yazısını şəxsən
özüm 1912-ci ildə oxumuşam.
Səhhət, Sabir, Tərrah da öz şeirlərini
Köçərliyə Naseh vasitəsilə
göndərirdilər. Zatən çox utancaq və başıaşağı bir adam olduğu
üçün yazdıqlarını hələ-hələ
meydana çıxarmazdı və
yalnız ən yaxın adamlar üçün oxuyardı...".
Naseh çox gənc ikən Şamaxıdakı
“Beytüs-səfa” şairlər məclisinin fəal
iştirakçısı olmuşdur. O, Məhəmməd
Səfa, Ələkbər Qafil, Qafar Raqib, Molla
Ağa Bixud, Ağababa Zühuri, Mirzə
Mahmud Zui, Mirzə Məhəmmədhəsən
Nalə, Salik Şirvani
kimi klassik üslubda yazan şairlərlə
şeirləşmişdir.
Ağaəli
bəy Nasehin şeirdə, sənətdə
ən yaxın dostları Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd
Tərrah və Məhəmməd Hadi olmuşdur. Məclislərdə oxunan şeirlərə ən düzgün
qiyməti Naseh verdiyinə görə
dostları onu öz
aralarında Mizanüşşüəra - şairlərə
qiymət verən ən düzgün tərəzi
adlandırırdılar.
Şamaxı şairlər məclisinin
rəhbəri
Ağaəli
bəy Naseh Seyid Əzim Şirvanidən sonra Şamaxı
şairlər məclisinin rəhbəri olmuşdur. Nasehin məsləhəti
ilə Abbas Səhhət tədriclə rus dilində oxuyur,
klassikləri öyrənirdi. Onun üçün aydın
olmayan cümlələr və kəlmələrin izahı
haqqında Nasehə müraciət edirdi. Naseh isə hər
bir sözün həqiqi və məcazi, dar və geniş mənasını
cümlə içərisində konkret misalla izah edirdi. Nasehlə
Səhhət arasındakı belə elmi mübahisədən
mən daha çox qazanırdım. Birindən rus dilinin incəliklərini,
o birindən Şərq ədəbiyyatının qüdrətini
öyrənirdim. Abbas Səhhət də bu
yaxşılıqları unutmamış, 1912-ci ildə məslək
dostuna “Naseh” adlı gözəl bir şeir həsr
etmişdir...
Onun Natəvanın
məşhur qəzəlinə nəzirə olaraq
yazdığı “Ölürəm” qəzəli də var:
Varımdı
sinədə dərdü qəmi-nihan, ölürəm,
Bu sirri eyləmədim
kimsəyə bəyan, ölürəm.
Bacardığımca
qəmi-eşqi gizlədim, axır
Kəsildi
taqətü səbrü qərari-can, ölürəm.
Açılmamış
gül idim gülşəni-nəzakətdə,
Bahari-ömrümü
eşq eylədi xəzan ölürəm.
Ümid
idim çəkərəm dərdi-eşqi Naseh tək,
Qırıldı
rişteyi-ümmid nagəhan, ölürəm.
Şamaxı
divanxanasında katib vəzifəsində işləyən
Ağaəli bəy Naseh altı nəfərdən ibarət
ailəsini dolandırmaq üçün eyni zamanda mirzəlik
etmişdir.
1911-ci ildə
Jurpanskinin Şamaxıya qəza rəisi, Kolomentyevin isə
divanxana rəisi təyin olunması azərbaycanlıların
incidilərək vəzifələrindən azad olunması ilə
nəticələnmiş, ömrünün otuz ilini məhkəmə
idarəsində keçirən əlli beş yaşlı
Nasehi də işdən çıxarmaqla hədələmişdilər.
Ağaəli bəy istefa ərizəsi vermək məcburiyyətində
qalmış, bundan da bərk əsəbiləşərək
yatağa düşmüş, 1914-cü ildə vəfat
etmişdir.
Naseh bir
müxəmməsində dünyanın işlərini
nadanların idarə etdiyini yana-yana deyir, yalanların meydan
oxuduğuna işarə vururdu.
Basıb aləmləri
bidadü ədalət yoxdur,
Qövllər
kizb, əməl ləğv, sədaqət yoxdur,
Həsədü
büğzdən özgə dəxi adət yoxdur,
Hiç
bir kəsdə vəfa, sidqü dəyanət yoxdur,
Nasəza
föhşü iza, qeybətü böhtan görürəm...
Ağaəli
bəy Nasehin bir neçə şeir, qəzəl və
mürəbbeləri, müxəmməsləri
qalmışdır. Onun əsərləri 1902-ci ildə
Şamaxı zəlzələsində və 1918-ci ildə ermənilər
Şamaxını yandıranda itib-batmışdır.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 27 aprel.- S.14.