Ədəbiyyatda
əbədi sözü və izi qalan alim
Görkəmli
ədəbiyyatşünas Mikayıl Rəfili
Mikayıl
Rəfili Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndələrindən və ictimai, ədəbi-mədəni
fikir tariximizin tanınmış simalarından biridir. Əlli
üç illik həyatını Azərbaycan ədəbiyyatşünaslığının
inkişafına, ədəbiyyat tarixinin
araşdırılmasına həsr edən Mikayıl Rəfili
təkcə Azərbaycanda deyil, keçmiş Sovetlər İttifaqının çox yerində
Azərbaycanı layiqincə təmsil edən elm adamı kimi
tanınırdı.
Mikayıl
Həsən oğlu Rəfili 1905-ci il aprelin 25-də Goranboy
rayonunun Borsunlu kəndində zəngin bir ailədə anadan
olmuşdur. İbtidai təhsilini doğulduğu kənddə,
orta təhsilini isə Gəncədə alan Mikayıl Rəfili
ictimai işlərdə fəallıq göstərmiş, III
Azərbaycan qurultayına nümayəndə seçilmişdir.
Bakıda Azərbaycan Politexnik İnstitutuna daxil olan Mikayıl
Rəfili həm də Azərbaycan Dövlət Universitetinin
Şərq dilləri fakültəsində məşğələlərin
dinləyicisi olmuşdur. Mikayıl Rəfili “Maarif və mədəniyyət”
jurnalı redaksiyasında işləyib. 1926-1927-ci illərdə
bütün qüvvəsini ədəbi fəaliyyətə həsr
edib. 1927-ci ildə Moskva Dövlət Universitetində təhsil
alıb və bu dövrdə Kremldə qanunların Azərbaycan
mətnlərinin redaktoru işləyib.
1929-cu ildə
Mikayıl Rəfili Moskvaya I Ümumittifaq proletar
yazıçılarının qurultayına nümayəndə
seçilmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda
rus ədəbiyyatı kafedrasında müəllim, sonra dosent
(1930-1935) işləmiş, eyni zamanda “Bakinski raboçi” qəzeti
redaksiyasında mədəniyyət şöbəsinin
müdir müavini olmuşdur. Bu dövrdə SSRİ
yazıçılarının təşkilat komitəsinin
üzvü seçilmişdir.
1935-1936-cı
illərdə SSRİ EA-nın (Leninqrad) aspiranturasında təhsil
almış, orada “Azərbaycan ədəbiyyatının rus mədəniyyəti
ilə əlaqələri haqqında” mövzusunda dissertasiya
müdafiə etmişdir. 1938-ci ildən Azərbaycan
Pedaqoji İnstitutunda
və Azərbaycan Dövlət Universitetində professor
olmuş, Azərbaycan ədəbiyyatı tarixi kursunu
aparmışdır. İkinci
Dünya müharibəsi illərində radioda, Qızıl
Ordu hissələrində, hərbi xəstəxanalarda
çıxışlar etmiş, “Səbuhi” ssenarisini,
“Şirvanşah İbrahim”
pyesini yazmışdır. SSRİ Yazıçıları idarəsinin
üzvü olmuşdur. 1944-cü ildə doktorluq
dissertasiyası müdafiə etmişdir.
Mikayıl
Rəfili qısa ömründə çox böyük
yaradıcılıq uğurlarına imza atmış, ancaq həyatında
məşəqqətlərlə də üzləşmiş,
təzyiq və təqiblərə məruz
qalmışdır.
37-ci illər repressiyası...
1937-ci il
aprelin 19-da Azərbaycan Yazıçılar İttifaqı
idarə heyətinin iclasının gündəliyinə “Azərbaycan
Yazıçılar İttifaqının üzvü
Mikayıl Həsən oğlu Rəfilinin xuliqanlıq hərəkətləri
barədə” məsələ salınmış və
daşnak Levon Arustamov adlı birisinin məlumatı əsasında
Mikayıl Rəfili Azərbaycan Yazıçılar İttifaqının
üzvlüyündən, Nizami adına Ədəbiyyat
İnstitutundan və dərs dediyi Pedaqoji İnstitutdan xaric
edilir. Araşdırmalarda göstərilir ki, həmin iclasdan
sonra “Kirpi” jurnalının növbəti nömrəsində
Mikayıl Rəfili haqqında karikatura dərc edilir. O,
qoltuğunda böyük və qırmızı bir xoruzla iri
addımlarla yeriyirdi. Kənarda dayanmış bir neçə
nəfər “xoruzunu qoltuğuna verdilər” - deyir.
Bütün bunlar azmış kimi, yenə də Mikayıl Rəfilidən
əl çəkmirlər. “Ədəbiyyat qəzeti”ndə
onun haqqında qurama, saxta ittihamlarla dolu yazılar dərc
edilir. Onu gah “mülkədar oğlu”, gah da “sovet
yazıçıları sırasına soxulan bir adam”, “ictimai
mənsubiyyətcə yabançı”, “əksinqilabi bir təşkilatın
üzvü” kimi qələmə verirlər. Ölkədə
baş alıb gedən repressiyaların qızğın
çağında Mikayıl həmin böhtanlardan xilas olsa
da, qardaşı Rəfi həbs olunur.
1937-ci ilin
payızında o, məcbur qalıb respublikanın rəhbəri
Mircəfər Bağırova məktub göndərir, üzləşdiyi
haqsızlıqdan, daxili imkanlarından,
yaradıcılığından və görə biləcəyi
işlərdən söz açır: “Qabiliyyətim daxilində
ölkəmin xeyrinə yorulmadan fədakarlıqla işləmək,
yazmaq və yaratmaq istəyirəm. Fəqət məni bu
daimi, faydalı işdən neçə aydır ki, məhrum
etmişlər. Xahişim budur ki, mənim biliyimdən və
qabiliyyətimdən istifadə edəsiniz. Mən susa bilmirəm,
əminəm ki, elm üçün faydalı ola bilərəm”.
Məktubla
tanış olan M.Bağırov onu baxılmaq
üçün Azərbaycan Yazıçılar İttifaqına
göndərir. Oradan alınan cavab isə yenə də mənfi
olur. Köhnə bayatılar çağırılır, əlavə
olaraq da bildirilir: “O, məşhur mülkədar, 1921-ci ildə
müsavatçıların Gəncə üsyanının
başçılarından biri olan Hacı Həsən Rəfiyevin
oğludur”. 1937-ci ilin dekabrında o, Mərkəzi Komitənin
rəhbərinə ikinci məktub yazır. Bağırov
“mülkədar oğlu” tənəsi ilə üzləşən
Mikayıl Rəfilini müdafiə edir və o, 1938-ci ilin
yayında işinə bərpa olunur.
Ədəbiyyatşünas
alim 1938-1947-ci illərdə respublikada Nizami Gəncəvi ilə
bağlı tədbirlərin həyata keçirilməsinin
baş icraçısı təyin olunmuş, Nizami Gəncəvi,
Füzuli, Xaqani, Vaqif, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli
Axundzadə, Nəcəf bəy Vəzirov, Abbasqulu ağa
Bakıxanov və başqaları haqqında mükəmməl
tədqiqatlar aparmışdır. Bundan sonra da qara qüvvələr
ondan əl çəkməmiş, onu məhv etmək
üçün hər cür üsula əl atmışlar.
Bütün
bu təzyiqlərə tab gətirə bilməyən görkəmli
və bütün varlığı ilə xalqına
bağlı olan şəxsiyyət 1958-ci ildə
dünyasını dəyişmişdir.
M.Rəfili
beş şeir kitabının müəllifidir və bunları
1929-1936-cı illərdə nəşr etdirmişdir. “Pəncərə”
adlı ilk şeirlər kitabı iyirmi dörd yaşında
“Azərnəşr”də işıq üzü
görmüşdür. 1930-cu ildə “Lirik şeirlər”,
1936-cı ildə isə rus şairi A.Tarkovskinin tərcüməsində
şeir və poemalarından ibarət “Pesni o qorodax” kitabı
Moskvada işıq üzü görmüşdür.
“Ölümü”nə də
haqsızlıq...
İstedadlı
ədəbiyyatşünas alim kimi Mikayıl Rəfili “Sərbəst
şeir haqqında ilk söz”, “Mədəni ədəbiyyat
yolunda”, “Ədəbi irsə diqqət”, “Nizami Gəncəvi”,
“M.F.Axundov və siyasi-fəlsəfi görüşləri”,
“Azərbaycan xalqının zəngin ədəbi
keçmişini öyrənək”, “Midiya dövləti”,
“Zülmət içində bir nur” (“Ölülər” pyesi
haqqında), “Vis və Ramin” problemi", “Nizami”, “M.F.Axundov”,
“Mirzə Şəfi və dünya ədəbiyyatı” və
digər kitablarında, onlarla məqaləsində müxtəlif
problemləri qaldırmışdır.
Mikayıl
Rəfili Azərbaycan tərcümə ədəbiyyatına
da mühüm töhfələr vermişdir. Minlərlə gənc
“Gülən adam”, “Səfillər”, “Madam Bovari” kimi şedevr əsərləri
onun tərcüməsində oxumuşdur.
Onun
Mikayıl Rəfilinin bir natiq kimi Nizaminin yubileyində,
1934-cü ildə SSRİ yazıçılarının
qurultayında və digər elmi yığıncaqlardakı
nitqləri uzun müddət yaddaşlardan
çıxmamışdır, xatırlanan və
yaddaşlarda iz salan mədəni hadisəyə
çevrilmişdir.
Mikayıl
Rəfilinin yüz əlliyə yaxın məqaləsi və
ondan artıq kitabı rus dilində Moskva və Bakı nəşrlərində
sərhədləri aşmışdır.
Tanınmış
araşdırıcı və tənqidçi mərhum Nazif Ələkbərlinin
görkəmli ədəbiyyatşünasımız
Mikayıl Rəfili haqqında “Mikayıl Rəfili (həyatı
və yaradıcılığı)” kitabından:
“Professor Rəfilinin
dəfni 50-ci illərdə ən izdihamlı dəfnlərdən
biri idi. Onun cənazəsi uzun müddət dərs dediyi
instiqutun akt zalından çıxarılaraq qəbiristana tərəf
yönəldi. Onun çoxlu həmkarları, dostları və
tanışları, çoxsaylı tələbələri
bu mərasimdə iştirak edirdilər.
Mərasim
təbii olaraq Fəxri Xiyabanın önündə dayandı.
Hamı elə bilirdi ki, onu burada dəfn edəcəklər.
Lakin belə olmadı. Yuxarıdan gələn göstəriş
öz işini gördü. Böyük izdiham Botanika
bağının qarşısında yerləşən qəbiristana
tərəf yönəldi. Artıq onu iki
qardaşının qəbri gözləyirdi.
Fəxri
xiyaban ona çox görüldümü? Axı sonralar onunla
birgə ədəbi fəaliyyətə başlayan
M.Hüseyn, S.Rəhman, M.Rahim, M.Arif, C.Cəfərov və b.
burada basdırıldı. Sabirin müdrik misraları burada
neçə də yada düşməsin? “Öz qövmümüzün
başına əngəl kələfiz biz”.
Professor
Murtuz Sadıqov M.Rəfili haqqında xatirələrində Rəfilini
elə bir aysberqə bənzədir ki, yalnız yeddidə biri
görünür. Bu fikirlə əlaqədar o, elmi rəhbəri
olmuş, M.Rəfili haqqında yazır:
“A.S.Puşkinin
”Ərzuruma səyahət" əsərində belə bir
cümlə var; müəllif yazır ki, heç bir iz
qoymadan görkəmli adamlar aramızdan gedir. Nədənsə,
M.Rəfilidən də söz düşəndə
böyük şairin bu kəlamını xatırlayıram.
Amma mən buna da əminəm ki, M.Rəfili ədəbiyyatımızda
böyük iz qoyub. Sadəcə olaraq bu gün o “izləri”
araşdırmaq lazımdır ki, böyük pedaqoqun
adını qaldıraq, ona öz halal qiymətini verək".
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 29 aprel.- S.14.