Axundovların üç parlaq nümayəndəsi

 

Tibbi tədqiqatların əsasını qoyan alim

 

Azərbaycan tarixində böyük xidmətləri olan bir neçə məşhur Axundovlar soyu var ki, onlardan birinin şəcərəsi də Şirvanla bağlıdır. Ötən yazılarımızda Qarabağda tanınmış Axundovlar soyu haqqında söz açmışdıq. Bu dəfəki yazımız isə  Şamaxıdan çıxmış eyni soyun daşıyıcıları haqqında olacaq.

Bu nəslin  görkəmli nümayəndələrindən biri olan həkim, publisist, tərcüməçi Əbdülxalıq Axundov Azərbaycanda tibb tarixinin ilk tədqiqatçısı sayılır. O, bir alim kimi öz elmi axtarışları ilə ölkəmizdə tibb tarixinin araşdırılmasının təməlini qoymuşdur.

Əbdülxalıq Hası Abdulla oğlu  Axundov 1863-cü ildə  Şamaxı şəhərində anadan olmuşdur. 1888-ci ildə Almaniyanın Erlangen universitetini bitirən gənc azərbaycanlı 1893-cü ildə Derpt universitetində doktorluq dissertasiyası müdafiə etmişdir. Azərbaycan tibb elimin inkişafına önəmli töhfələr verən Ə.Axundov Bakıda Həkimlər cəmiyyətini təsis edənlərdən biri olmuşdur. Alim 1892-ci ildə Əbu Mənsur Hərəvinin XI əsrə aid məşhur əczaçılıq ensiklopediyasını fars dilindən alman dilinə tərcümə etmişdir.

Azərbaycanın maarifçi ziyalılarından olan Ə.AxundovZənburjurnalının təsisçisi naşiri idi. O zamanZənbur”laTərəqqiqəzeti arasında münaqişə gedirdi ki, Üzeyir Hacıbəyovun "Zənburçu"lara ciddi bir təklif" açıq məktubu da bununla əlaqədar yazılmışdı.

Əbdülxalıq Axundov  1944-cü ildə vəfat edib.

Bu nəslin ikinci görkəmli nümayəndəsi Ağa Axundovdur ki, o da Azərbaycanın tanınmış mühəndislərindən olub.

Ağa Əbdülxalıq oğlu Axundov 21 mart  1882-ci ildə  Şamaxı şəhərində dünyaya gəlib. 1900-cü ildə Bakı Real məktəbini bitirib, Kiyev Politexnik Universitetinə daxil olan gənc Ağa  Hacı Zeynalabdin Tağıyevin  ilk təqaüdçülərindən biri kimi oxumaq üçün Belçikaya  getmişdir. O, Lyec Universitetinin mühəndis-elektrik ixtisasını bitirmişdir. Təhsilini başa vurduqdan sonra Sürixdə Erlikon mexanika zavodunda işləmişdir. Ağa Axundov Luqanoda ilk Su Elektrik Stansiyasının layihəsinin müəllifi kimi məşhurdur (layihənin müəllifi kimi bu gün Luqanoda xatirə lövhəsi var).

 

10 dil bilən dünya şöhrətli mühəndis

 

Yüksək intellektual səviyyəyə təhsilə malik olan Axundov 10 xarici dil bilirdi. Azərbaycan dilində elektrotexnika dərsliklərinin, elektrotexniki terminlər üzrə ilk türkcə-rusca lüğətin müəllifi idi. O, Cenevrə elm cəmiyyətinin üzvü, Azərbaycanda elektrotexnika elminin, bu sahə üzrə ilk təhsil müəssisəsinin banisi (sonralar texnikum N.Nərimanovun adını daşımışdır), Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) prorektoru, pedaqoji institutda ümumi elektrotexnika kafedrasının müdiri, Azərbaycan Sənaye İnstitutunda özünün yaratdığı energetika fakültəsinin ilk dekanı olmuşdur.

Mühəndis Axundovun qeyri-adi layihələrindən biri Hollandiyada salınmış körpüdür. Həmin körpü bu gün turistlərin diqqətini cəlb edir. Amma o dövrdə intellektual ziyalı təbəqəsinin qanına susamış repressiya maşını onu da hədəf aldı. 1938-ci ildə Axundov Krasnoyarsk düşərgəsinə sürgün olundu. Görkəmli alimin istedadından sürgündə istifadə edirdilər. O, sürüldüyü düşərgənin texniki şöbəsində rəis müavini işləyirdi. Ağa Axundov 1949-cu ildə sürgün olunduğu həmin düşərgədə vəfat edib. Qəribə olsa da, alimin vəfatından sonra onun ailəsinə Krasnoyarsk düşərgəsinin rəisi tərəfindən başsağlığı göndərilmişdi.

Vikipedia”nın görkəmli ziyalı haqqındakı məqaləsində deyilir ki, Ağa Axundov Avropadan təhsildən qayıtdıqdan sonra Aprel inqilabına qədər Bakıda ilk özəl elektrotexniki Lyumer kantorunu açır (Lyumerlərin kiçik qardaşı ilə dostluq xatirəsinə görə kantoru belə adlandırır). Bundan başqa, İtaliyanın “Fiat” avtomobillərinin satışını təşkil edən ilk firmanı da Ağa Axundov açmışdır. Bu firma sürətlə böyüyüb bütün ZaqafqaziyadaFiat”ın rəsmi filialına çevrilmişdir. Azərbaycanlı mühəndisə hətta Turindəki “Fiat” zavodunun rəhbərliyini təklif etmişdilər. Lakin o, xanımı ilə məsləhətləşib, həmin təklifi qəbul etməmişdi. 1925-ci ildə Ağa Sovet Zaqafqaziyası tərəfindən Ümumdünya Paris sərgisinə ezamiyyətə göndərilmişdir. Almaniyadan keçərkən o, yolüstü Münhen Universitetinin tibb fakültəsini bitirmiş qardaşı İsmayıl Axundovla görüşmüşdür.

İsmayıl Əbdülxalıq oğlu Axundov 1897-ci ildə Şamaxıda anadan olmuşdur. O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri idi. Atasının yolunu davam etdirən görkəmli alim Azərbaycanda tibb elminin təşkilatçılarından biri sayılır.

İ.Axundov 1918-ci ildə Bakı kişi gimnaziyasını bitirərək,  Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Almaniyanın Münhen Universitetinə göndərilmişdir.

 

Tropikologiya sahəsində ilk professor

 

AXC hakimiyyəti süquta uğradıldıqdan sonra Axundovun təhsilinin bitməsinə 2 il qalırdı. O zaman görkəmli həkim-cərrah Mustafa Topçubaşov Almaniyada olarkən İsmayıl Axundovdan cərrahlıq ixtisasından epidemioloq ixtisasına keçməsini xahiş etmişdi. Bunun səbəbi Azərbaycan əhalisini əldən salan malyariya xəstəliyinə qarşı mübarizədə ixtisaslı həkim kadrlarının çatışmaması idi. Azərbaycanlı gənc təhsilini uğurla başa vurduqdan sonra müəllimi, məşhur epidemioloq Martini onu rəhbərlik etdiyi Hamburq Tropikologiya İnstitutuna dəvət etmişdi. Onun rəhbərliyi altında təcrübə keçən doktorant İsmayıl Axundov tədqiqatlarını dərinləşdirərək, dissertasiya yazmış, Afrikada uzunmüddətli ezamiyyətdə olmuşdur. Hamburqa dönərkən Axundovun verdiyi hesabat professor Martininin elmdə yeni bir istiqamət proqnozlaşdırmasına imkan yaratmışdır. O, Fransa, Əlcəzair İsveçrədə keçirilən simpoziumlarda çıxış etmiş, 1927-ci ildə müvəffəqiyyətlə dissertasiya müdafiə edərək, elmlər doktoru olmuşdur. Gənc alim 1928-ci ildə Bakıdan vətənə qayıtmaq təklifi alır öz parlaq karyerasından əl çəkib Azərbaycana qayıdır, tropik xəstəliklərə qarşı mübarizə işlərinə başlayır.

Bu illər ümumxalq fəlakətinə çevrilmiş malyariya ilə mübarizədə ölkənin tropikoloq mütəxəssislərə böyük ehtiyacı var idi. Təcrübəli həkim kimi vətənə dönən İsmayıl Axundov Azərbaycanda tropikologiya sahəsində ilk professor olmuşdur. O, Almaniyada aldığı biliklərin əməli tətbiqinə başlamış, malyariya ilə mübarizədə mühüm rol oynamışdır. Gənc alimin görkəmli kimyaçı Yusif Məmmədəliyevlə birgə yaradıcılıq əməkdaşlığı malyariyaya qarşı kimyəvi terapiya müalicə üsulu, yeni preparatların yaradılması kimi uğurlu nəticələr vermişdir. Tələbəsinin fəaliyyətini uzaq Almaniyadan izləyən professor Martini Axundovun malyariya ilə mübarizədəki uğurlarına sevinmiş, məktublarının birində hər iki alimin birgə əməyini yüksək dəyərləndirmişdir. Axundov Bakı Epidemiologiya Mikrobiologiya İnstitutunda parazitoloq-entomoloq işləmiş, Azərbaycan Tibb İnstitutunun tropik xəstəliklər kafedrasının müdiri, Bakı tropik stansiyasının direktoru, İkinci dünya müharibəsi dövründə Cənubi Qafqaz cəbhəsinin baş epidemioloqu olmuşdur. O, 40-dan çox elmi əsərin müəllifidir.

Qeyd etdiyimiz kimi, 37-ci illərdə Azərbaycan ziyalılarına qarşı repressiyalar başlandığı dövrdə, İsmayıl Axundovun Belçikada təhsil almış böyük qardaşı professor Ağa Axundov həbs edilir. O, qardaşının həbs olunduğu gün, özünün repressiyaya məruz qalacağından ehtiyat edərək, Almaniya ilə bağlı sənədlərinin mühüm hissəsini yandırır.

Görkəmli tibb alimi İsmayıl Axundov 1952-ci ildə Bakıda vəfat etmişdir.

 

Azadlıq.- 2013.-  1 avqust.- S. 14.