“Abbas
ağlar arsız-arsız...”
Azərbaycan aşıq şeirinin görkəmli nümayəndələri arasında Aşıq Abbas Tufarqanlı xüsusi yer tutur. Şeirlərində “Qul”, “Şikəstə”, “Bikəs” təxəllüslərini işlədən Abbas Tufarqanlı XVI əsrin sonları-XVII əsrin əvvəllərində Güney Azərbaycanda yaşayıb yaratmış görkəmli şair-aşıqlardandır.
Abbas Tufarqanlının adıyla bağlı olan “Abbas-Gülgəz” dastanı da Azərbaycan folklorunun qiymətli nümunələrindəndir.
Abbas Həsən oğlu XVII əsrin başlanğıcında (təxminən 1600-1605-ci illərdə) Təbriz yaxınlığında Tufarqan kəndində doğulmuşdur. Təbriz yaxınlığında yaşayan Abbas mükəmməl təhsil almışdır. Şeirlərindən də aydın görünür ki, Abbas ana dili ilə yanaşı, fars və ərəb dillərini də öyrənmiş, bu dillər vasitəsilə həm zəngin bilik əldə etmiş, həm də müxtəlif təriqətlərə bələd olmuşdur.
Həmin dövrdə Təbrizdə və onun ətrafındakı kəndlərdə aşıq sənəti geniş yayılmışdı və zəngin saz-söz məclislərində yetişən Abbas özü də aşıqlıq sənətinin sirlərini öyrənmişdir. Tufarqanlı Abbasın əsərləri və bioqrafiyası öz dövründə yazıya alınmasa da, bir sıra cünglərdə və əlyazmalarda mühafizə olunmuş lirik şeirlərindən, haqqında yazılmış çoxvariantlı dastanlardan onun həyatı barədə müəyyən məlumat almaq mümkündür.
Aşıq Abbas bir sənətkar kimi öz dövründə geniş şöhrət qazanmışdır. Onun poeziyası olduqca zəngindir. O, öz şeirlərində dövrünün hadisələrini məharətlə canlandırır. Abbas Tufarqanlı məşhur “Bəyənməz” şeirində, ümumiyyətlə, cəmiyyətdəki parçalanmanı fəlsəfi baxımdan mənalandırmağa çalışmışdır.
Ay həzarət,
bir zamana gəlibdir,
Ala qarğa şux
tərlanı bəyənməz.
Oğullar atanı, qızlar
ananı,
Gəlinlər də qaynananı bəyənməz.
Abbas Tufarqanlının
bizə gəlib çatan şeirlərinin
əksəriyyətinin əsas
qəhrəmanı onun
sevgilisi Gülgəz Pəridir. Aşıq yaratdığı portretdə
Pərinin qamətini,
libasını, hətta
yaxasına düzülən
düymələri belə
dəqiqliklə və
çox məharətlə
təsvir etmişdir:
Dal gərdəndə tökülübdür
hörmələr,
Mina kəmər incə beli bürmələr,
Atlas qofta üstə qızıl düymələr,
Düzülübdür yaxasına Pərimin.
Abbas Tufarqanlının
gəraylıları da
xalq hikmətləri ilə zəngin olmaqla yanaşı, öz axıcılığı
ilə də diqqəti cəlb edir.
Abbas ağlar arsız-arsız,
Dünya
olub etibarsız,
Deyirdin dözərəm yarsız,
Döz, bağrı
daş olan könlüm.
“Abbas və Gülgəz”
dastanı
Tənqidçi, ədəbiyyatşünas Qara Namazov “Ozan
aşıq sənətinin
tarixi” kitabında yazır: “Abbasın şeirləri XIX əsr erməni qaynaqlarında
(1850) saxlanmış, ”Abbas və Gülgəz"
dastanını isə
M.Mahmudbəyov “Kaspi”(1893,
N19) qəzetində nəşr
etdirmişdir. Abbasın 80-ə qədər şeirini cəfakeş folklorçu
H.Əlizadə toplayıb
ikicildlik “Aşıqlar”
kitabının ikinci cildinə daxil etmişdir. Nəhayət,
XVII-XVIII əsrlər Azərbaycan
ədəbiyyatı tədqiqatçısı
professor A.Dadaşzadə “Abbas
Tufarqanlı” adlı kitabında el şairinin
72 şeirini vermiş
və kitaba aşığın həyat
və yaradıcılığından
bəhs edən yığcam və məzmunlu “Ön söz” yazmışdır".
Aşıq Abbas Tufarqanlının
adı ilə bağlı olan “Abbas və Gülgəz”
dastanı çoxvariantlı
dastanlarımızdan biri
olub, yeddi variantda yazıya alınmışdır.
Qara Namazovun adıçəkilən
kitabında “Abbas və Gülgəz” dastanı
barədə oxuyuruq:
“Xatırladaq ki, XVII əsrdə yaranan dastanlarımızın bəzilərində
elin gözəl qızlarının saraylara
aparılması və
buna qarşı el şairlərinin müxtəlif
səpkili lirik və epik şeirlər
söyləməsi xalq
ədəbiyyatında başlıca
motivə çevrilmişdir.
Bu silsilə ədəbi
abidələr içərisində ”Abbas-Gülgəz" dastanı
xüsusi yer tutur. Belə ki, Təbriz
yaxınlığında Tufarqan
kəndindən olan Aşıq Abbasa qonşu obadan Gülgəz Pərini şahi-mərdan buta verir. Abbas butasının ardınca
Təbrizə gəlir,
məlum olur ki, Şah Abbasın
naibləri Pərini saraya aparıblar. Abbas Gülgəz Pərinin arxasınca İsfahana yola düşür... Yolda və
Şah Abbasın sarayında aşığın
başına gələn
hadisələr və
bu münasibətlə
söylədiyi şeirlər
dastanın əsas məzmununu təşkil edir".
Dastanda Təbriz şəhərinin
zəngin mənzərələri,
tarixi yerləri, bir sözlə, bütün gözəllikləri
ustalıqla təsvir
olunmuşdur:
Şikəstə könlümün təbibi
usta,
Bu Təbrizin sonaları
necədi?
Tikilibdi
çarşıları yanaşı,
Sarayları, binaları necədi?
Batmanqılınc Məmmədin Aşıq
Abbasa razılıq verməsi, Abbasın Pəri ilə Təbriz bağlarında keçirdiyi xoş günlər uzun sürmür. Sarı Xoca, Dəli
Becan və Allahverdi xan Gülgəz Pərini İsfahana aparırlar.
El şairi eli-obanı
haraya çağırır:
Başına döndüyüm, qurban
olduğum,
Qoyma Dəli
Becan yarım apardı.
Alışıb oduna büryan olduğum,
Qoyma, Dəli
Becan yarım apardı.
Şah Abbasın
“böyük sürgün”
siyasəti, qızların
saraya aparılması
məsələsi də
“Abbas-Gülgəz” dastanının
əsas motivinə çevrilmişdir.
“Gəl könlümü al, ölürəm...”
Əksər dastan qəhrəmanları
kimi Abbasın da başına bir çox müsibətlər gəlir. Aşıq Pərinin
arxasınca gedərkən
yolda Aşıq Abbasın buyruq qulları (Sarı Xoca, Dəli Becan, Allahverdixan) tərəfindən daş-qalaq
edilib su quyusuna salınır.
Aşığı iki dəfə
quyudan ona buta verən “şahi-mərdan”, Düldülün
sahibi Qəmbər ağası" çıxarıb
quyunun kənarına qoyur.
Mən Abbasam, yara qurban
yar üçün,
Doğra
bağrım, kəs ciyərim, yar üçün,
Yar odur ki, bu
dünyada yar üçün,
Yaxa yırta,
zülf dağıda,
yara üz.
Dastandan da göründüyü kimi Abbas Tufarqanlı
dövrünün açıqgözlü
insanlarından olub və üç dildə - ərəbcə,
farsca, türkcə söz demək qüdrətinə malik olmuşdur.
Zəhərli quyuya salınsa da, bütün bəlalardan sağ-salamat çıxan Abbası yeni bəlalar gözləyir. Onu dar ağacından
asmağa aparırlar.
Abbas ayrılıq vədəsinin
çatdığını güman edir.
Abbas deyər: gül fəslidi,
Bundan artıq
dərd hansıdı?
Ayrılığın vədəsidir,
Gəl könlümü
al, ölürəm.
“Abbas və Gülgəz” dastanının
sonu xoşbəxtliklə
bitir. Abbasın başına bir
çox müsibətlər
gəlsə də, sonda Şah Abbas aşıq Abbasın haqq aşığı olduğuna
əmin olub sevgililərə xeyir-dua verir. Abbas da şaha “mərhəmətin artıq
olsun, Pərini mənə buta verən həmişə köməyimizdədir” - deyir.
Aşıq Abbas Tufarqanlının sənətkarlıq qüdrəti,
şairlik məharəti,
üslub xüsusiyyəti,
obraz yaratmaq qabiliyyəti, təbinin rəvanlığı, dilinin
səlisliyi və gözəlliyi qarşısında
insanlar bu gün də heyranlıqlarını gizlədə
bilmir.
Ay ağalar, gedənə bax, gedənə,
Məni
gözü yaşlı
qoyub yar gedər,
Yüklənibdi qəflə-qatır, barxana,
Sanasan ki, küllü-aləm var gedər.
Aşıq Abbasın “Bəyənməz”,
“Əyilməz”, “Olmaz”
rədifli qoşmaları
əsrlərdir aşıqların
dilinin əzbəri olmuşdur. Aşıq Abbas Tufarqanlı
həm də dərd, kədər, nisgil şairidir.
Ölkəmizdə nə aşnayam,
nə yadam,
Dost yanında nə qəmginəm, nə şadam,
Ay camaat, nə bəlalı səyyadam,
Tor qururam tərlan üçün, sar gəlir.
Azadlıq.- 2013.- 14 avqust.- S. 14.