“Açılar baharda gülü Təbrizin...”
Təbrizli Aşıq
Qərib
Aşıq şeirimizin ustad söz sahiblərindən biri də Aşıq
Qəribdir. Onun haqqında xalq arasında çox az məlumat
var. Aşığın həyat
və yaradıcılığı
barədə ən mötəbər mənbə
“Aşıq Qərib”
dastanıdır. Təbriz şəhərində
doğulub boya-başa
çatan Aşıq
Qəribin əsl adı Rəsuldur.
Aşıq Qəribin XVI əsrin sonu, XVII əsrin əvvəllərində yaşadığı
təxmin edilir. Aşıq Qərib
şeirlərini 8 və
11 hecalı yazmışdır.
Şeirlərinin əksəriyyəti sevgilisi Sənəmin yolunda başına gələn macəralardan
bəhs edir.
Aşıq Qərib hekayəsindən
belə məlum olur ki, o, təbrizli
bir tacirin oğludur. Atasından sonra gənc
və təcrübəsiz
olduğu üçün
bütün var-dövlətini
əldən verir.
Anasını və bacısını
tək qoyaraq Tiflisə ticarətə gedir. Ona yuxuda buta verilir və o yuxudakı qızı tapır. Lakin qızın ailəsi
Qəribdən evlənmək
üçün külli
miqdarda mal-dövlət
istəyirlər. Qərib sevgilisinə
çatmaq üçün
uzun zaman qürbətdə yaşayır.
Aşıq Qəribin yaradıcılığı
əsasən dastanlar,
xalq rəvayətləri
antologiyalarında yer almışdır.
“Aşıq Qərib” dastanında Aşıq Rəsul öz həyatı ilə bağlı olan bəzi hadisələri də dastana köçürməyə nail olmuşdur. Dastanda göstərilir ki,
onun atasının adı Sövdəgər Saleh, anasının adı Zəhra, bacısının adı
Nərgiz, qardaşının
adı Heydər olmuşdur.
Aşıq Rəsul ömrünün
çoxunu səyahətdə
keçirmişdir. O, Yaxın
Şərqin bir sıra ölkələrini
və məşhur şəhərlərini (Hələb,
Diyarbəkir, Ərzurum,
Şirvan, Tiflis, Qazax,
Qaradağ və s.) gəzmişdir.
Aşıq Rəsul əsatiri və mifik anlayışlara
dərindən bələd
olmuş, qədim nağılları, “Dədə
Qorqud” boylarının
qədim qaynaqlarını,
oğuznamələri və
rəvayətləri öyrənmiş,
bu onu xalq
yaradıcılığının bilicisi, ozan-aşıq və el şairi kimi şöhrətləndirmişdir.
El şairi Rəsul
“Aşıq Qərib”
dastanında Təbrizin,
Tiflisin, Ərzurumun, Hələbin və Qaradağın bəzi əlamətlərini xatırlatmaqla
həqiqətən bu
yerlərdə olduğunu
təsdiq etmişdir. Qərib
ailəsi ilə Tiflisə çatanda Tiflisin dağlarını
belə təsvir edir:
Tiflisin uca dağları,
Görünərmi, görünməzmi?
Şahsənəmin otaqları
Görünərmi, görünməzmi?
Aşığın buradan Tiflis şəhərinə
əvvəlcədən bələd
olduğu, Sənan rəvayətini bildiyi aydın görünür. Aşıq öz
taleyi ilə bağlı yerləri adbaad təsvir edir, tarixi hadisələrin
coğrafi məkanlarını
düzgün əks etdirir. O, Hələbdən
qayıdarkən anası
ilə görüşündə
qardaşı Heydəri
soruşur. Anası isə cavabında deyir:
Aldılar atın çapardı,
Sınıq könüllər yapardı,
Heydəri Tona apardı,
Oğlum
Qərib, haçan gəldin?
“Aşıq Qərib və Şahsənəm” dastanı
Şeirdə Qəribin kiçik qardaşı Heydəri körpü təmiri zamanı Borçalı ərazisindən axan Tona çayının
(Dona da deyirlər. Indiki adı
Debed çayıdır.
Kürün qolu olan Xramçaya tökülür)
aparması təsvir olunur.
Aşıq Qəribin yaradıcılığında
Təbrizin iki dövrü təsvir edilmişdir. Gənclik çağında Təbrizin
çiçəkləndiyi vaxtları şair böyük ilhamla belə rəsm edir:
Ay ağalar, gəlin sizə tərif eləyim,
Açılar baharda gülü Təbrizin.
Toyda, bayramlarda atlas geyinər,
Kəsilməz yaşılı, alı Təbrizin.
Qəlbi Vətən həsrəti
ilə döyünən
aşığın Təbrizlə
sonuncu görüşü
onu olduqca məyus edir. Müharibə Təbrizi tanınmaz
dərəcədə dəyişdirmiş,
xarabalığa çevirmişdi.
Məclislərdə Təbrizin
zəngin, dəbdəbəli
həyatını qələmə
alan aşıq
indi böyük təəssüf hissi ilə deyir:
Dinləyin, ağalar, sizə
söyləyim,
Yaman müşkül
oldu işi Təbrizin.
Elə gördüm, göydən
yerə od
yağır,
Birdən yandı dağı-daşı
Təbrizin.
Qərib səyahəti zamanı müxtəlif ölkələrdə
neçə məclislərə
düşmüş, tanımadığı
aşıqlarla qarşılaşmış,
bu görüşlərin
hamısında o, kamil
bir saz-söz ustadı kimi qalib çıxmış,
hazırcavablığı və dərin zəkası ilə dillərdə əzbər
olmuşdur. Buna görə də Qəribin şeirləri və səfəri, başına
gələn əhvalatlar
Qafqazda, Orta Asiyada və Yaxın Şərqdə geniş yayılmış
və müxtəlif variantı olan onlarla dastanın yaranmasına səbəb olmuşdur.
“Aşıq Qərib
və Şahsənəm”
dastanı da məhəbbət dastanlarımızın
çoxvariantlı nümunələrindəndir. Tədqiqatlar
göstərir ki, dastan Təbriz aşığı tərəfindən
Təbriz və Tiflis mühitində yaradılıb
və buradan da qonşu və
qohum xalqların məişətinə keçmişdir.
Dastanın 1721-ci ildə yazıya
alınmış şeir
nümunələri də
bu fikri doğruldur. Bu nümunələrdə
də Qərib Tiflisin adını çəkir:
Bu qarşıdan
gülə-gülə gəlirsən,
Divanə
könlümü ələ
alırsan,
Tiflisdən bərgüzar qumaş
gətir sən,
Söylə, qumaşın bəhanə,
dilbər.
“Aşıqlıq
Adəmdən icad olubdu...”
Tənqidçi, ədəbiyyatşünas Qara Namazov “Ozan
aşıq sənətinin
tarixi” kitabında yazır: “Aşıq Qərib” dastanı və Aşıq Qəribin dastana düşməyən şeirləri
XVII-XVIII əsrlərdə geniş yayılmış,
cünglərə də
daxil edilmişdir. Dastan XIX əsrdən başlayaraq ayrı-ayrı xalqların
dilində çap olunmağa başlamışdır.
“Aşıq Qərib”
dastanı bir neçə aşıqdan
yazıya alınıb
çoxvariantlı nümunələri
əldə edildikdən
sonra ətraflı tədqiq olunmağa başlandı. Dastan haqqında
H.Araslı, M.H.Təhmasib,
M.Seyidov, I.Abbasov, S.Yaqubova, V.Vəliyev, P.Əfəndiyev, M.Həkimov
və başqa folklorçular elmi tədqiqat əsərlərində,
dərsliklərində və
dərs vəsaitlərində
bəhs etmişlər.
H.Araslı “Aşıq
Qərib-Şahsənəm” dastanı XVI əsrdə yaşamış Qərib
təxəllüslü bir
şair-aşığın şeirləri əsasında
yaranmışdır" nəticəsinə
gələrək yazır:
“Bu şeirlər ağızlarda
dolaşdığından çox
dəyişdirilib, dastanın
ümumi ahənginə
uyğun bir şəkil almışdır”.
Dastanın əsas qəhrəmanı
Aşıq Qərib təbrizlidir. O, butası arxasınca Tiflisə gəlir, uzun müddət burada yaşayıb aşıqlıq
edir. Hətta yeddi il
Hələb şəhərində
qaldıqdan sonra da Tiflisə qayıdıb Şahsənəmlə
evlənir.
Dastanın 1961-ci il çapında istifadə
olunan şeirlərin bəziləri divani şəklində olub yazılı ədəbiyyat
nümunələrinə bənzəyir.
Məsələn:
Ana:
Həsrət kar etdi canına oğlumun,
Firqət kar etdi canına
oğlumun.
Necə
olum giriftari-ələm
mən,
Zillət kar etdi canına
oğlumun.
Qara Namazov adıçəkilən
kitabda yazır: “Dastanda Qərib aşıq sənətini,
onun keçmişini dərindən bilən kamil bir ustad
kimi təsvir olunur. O, Tiflisdə də, Hələbdə də məclislərdə
oxuyarkən hamını
heyran edir. Buna görə də
yoxsul olsa da, sənətinə, biliyinə hər yerdə hörmət edirlər. Hələb paşası onu
sarayında saxlamaq istəyir. Paşanın aşığı Qəribin bağlamasını
aça bilməyəndə
özünün açmasını
xahiş edirlər.
Bağlamanı Qərib
belə açır:
Ay ustalar, alın, verim cavabı,
Aşıqlıq Adəmdən icad olubdu.
Dinləyin sözümü bir-biri
həzarat
O, Adəmdi qəmdən azad olubdu.
Elmin başı budu: eyləmək səbir,
Qəndil
daşı kəsən
ol ismi Qəfur,
Öz başını kəsən
göydə buluddur,
Cəbrayıl hər elmə ustad olubdu.
Ustad sənətkar
üç bəndlik
şeirdə tarixi təfəkkürlə mifik
təfəkkürü birləşdirir,
dünyanın abadlığını
biliklə kamalın vəhdətində görür". “Aşıq Qərib-Şahsənəm”
dastanının süjeti
əsasında M.Y.Lermontov
hekayə yazmış,
R.M.Qliyer “Şahsənəm”,
S.Hacıbəyov isə
“Aşıq Qərib”
operettalarını bəstələmişlər.
Azadlıq.- 2013.- 15 avqust.- S. 14.