Gəncə və
Qarabağ bəylərbəyi II Uğurlu xan
Doğma Gəncə torpağı
uğrunda savaş
Azərbaycanın tarixində mühüm hadisələrlə dolu keşməkeşli dövrlərdən
biri də XVIII əsr hesab oluna bilər. Bu dövrdə baş verən hadisələrin mərkəzində dayanan
şəxslər sırasında
II Uğurlu xan Ziyadoğlu Qacarın adı da var.
Səfəvilər dövlətinin siyasi həyatında mühüm
rol oynayan, atasından sonra Gəncə-Qarabağın bəylərbəyi
təyin edilmiş II Uğurlu xan Kəlbəli xan oğlu Gəncə şəhərində anadan
olmuş və mükəmməl mədrəsə
təhsili almışdı. O, həyatının
əsas hissəsini mühüm siyasi hadisələrin ortasında,
savaş meydanlarında
yaşayıb, başa
vurmuş bir sərkərdədir.
1721-ci ilin payızında
Şamaxı şəhərinin,
onun ardınca isə Şirvanın digər əraziləri üsyançılar tərəfindən
ələ keçirildikdən
sonra Gəncəli Uğurlu xan və İrəvan xanı 40.000 nəfərlik
qoşunla Şirvana doğru hərəkət
etdilər. Onlar Bərdə şəhərinin
yaxınlığında, Kür
çayı sahilində
mövqe tutdular.
Onların məqsədi üsyançıları
cəzalandırmaq idi.
Lakin üsyançılar onlardan
cəld tərpənərək
qəflətən Gəncə
və İrəvan qoşun birləşmələrinə
hücum etdilər.
Fasiləsiz hücuma məruz
qalmış Gəncə
və İrəvan birləşmiş hissələri
qaçmağa məcbur
oldular. Üsyançılar düşərgəni və çoxlu sursatı ələ keçirdilər. Qaçan
ordu hissələrini təqib edən üsyançılar Gəncə
şəhərinə yaxınlaşaraq
onu mühasirəyə
aldılar. Onlar 12 gün Gəncə
şəhərini mühasirədə
saxladılar, güclü
müqavimət nəticəsində
Kürün əks tərəfinə keçməyə
məcbur oldular.
Qızılbaş məmləkətindən ərazi
qoparmaq istəyən Osmanlı sultanı III Əhməd də öz ordusu ilə Gəncə şəhərinə hücum
etdi. O burada güclü
müqavimətlə üzləşdi,
topları və ərzağı qoyaraq qaçmaq məcburiyyətində
qaldı. 1725-ci ilin ortalarında yenidən hərbi əməliyyat başladı
və onlar bütün qüvvələrini
Təbriz və Gəncə şəhərlərinə
yönəltdilər. Bu
elə bir vaxt idi ki,
artıq Sarı
Mustafa paşanın başçılığı
ilə 40.000 nəfərlik
qoşun da Gəncə şəhərinə
hücum etmişdi. Onlar Krım xanından
da kömək almışdılar. Bütün bunlara
baxmayaraq, Osmanlı qoşunu tezliklə şəhəri ələ
keçirə bilmədi
və şəhər
2 aydan çox mühasirədə qaldı.
Heç
yerdən köməyin
olmaması və ərzaq çatışmamazlığı,
uzun sürən mühasirə gəncəliləri
əldən salmışdı
və onlar təslim olmaq məcburiyyətində qalmışdı.
II Uğurlu xan isə II Şah Təhmasibin yanına qaçmışdı. 1730-cu ildə şah onu 700 nəfərlik dəstə ilə Qarabağa qoşun toplamağa göndərmişdi.
Uğurlu xan Bərgüşad
və Bərdə qəzalarından 12 min nəfərlik
qoşun yığmışdı. İbrahim paşanın yanında olan Qarabağ qoşunu da Qara bəyin başçılığı altında qaçıb Uğurlu xana qoşulmuşdu.
Nadir xan Avşarın Qarabağa yürüşü
Xorasanda işğalçı əfqanlara
qarşı mübarizəyə
başlayan Nadir xan Avşar qələbə qazanıb, tez bir zamanda İranı,
Azərbaycanı istilaçılardan
təmizlədikdən sonra
1734-cü ildə Qarabağa
hücuma keçdi. Aşağı hissəsini bir hücumda alıb, paytaxt Gəncəyə irəlilədi. Şəhəri səkkiz ay yarımlıq
bir mühasirədən
sonra aldı.
Dağıstanı qarət etmiş Nadir xan yenidən Azərbaycana geri qayıdarkən Qəbələdən
keçərək 1734-cü ilin 13 oktyabrında Gəncə yaxınlığındakı
Göykilsə kəndində
qışlamaq üçün
dayandı. Eyni zamanda, Gəncə
şəhəri mühasirəyə
alındı. Gəncə osmanlılar
tərəfindən möhkəmləndirilmiş
bir şəhər idi.
Beləliklə, Gəncə şəhərinin
alınmasına səkkiz
ay vaxt sərf olundu. Eyni zamanda, Nadir xanın
qoşununa rus mütəxəssisləri kömək
edirdilər. Bakıdan ağır
toplar, bir neçə mühəndis
və zabit də gəlmişdi.
“Vikipedia”da bu haqda yazılır: “Gəncənin mühasirəsinin
uzun sürməsi Nadirin qoşununu ağır vəziyyətə
saldı. Qoşunun ərzaq ehtiyatı
tükəndi və aclıq başlandı.
Nadirin əmrinə əsasən
ətraf kəndlərdən
ərzaq ehtiyatı yığılmağa başlandı,
xərac əhalidən
amansızlıqla və
ədalətsizliklə yığılırdı.
Nadir xanın qoşununun güclü hücumlarına baxmayaraq,
Gəncədə yerləşən
Osmanlı qoşunu Qarsdan kömək almaq ümidilə möhkəm durmuşdu.
Həqiqətən bu zaman Qarsda Abdulla paşanın başçılığı ilə Osmanlı qoşunu toplanmışdı
və Gəncə mühasirəsində olan
osmanlıların köməyinə
tələsirdi. Nadir xan
bu xəbəri eşidən kimi Gəncədə az saylı qoşun saxlayaraq Osmanlı paşasını ”qarşılamağa"
tələsdi. 1735-ci ilin
iyulunda Eçmiədzinin
şimal-şərqində Osmanlı qoşunu ilə Nadirin qoşunları arasında
döyüş baş
verdi. Bu döyüşdə Nadirin
qoşunu 55.000, Abdulla paşanın
qoşunu isə 80.000
nəfərdən ibarət
idi. Tərəflər arasında baş
vermiş 5 saatlıq qanlı döyüş nəticəsində Osmanlı
qoşunu güclü
müqavimətə məruz
qalaraq geri çəkilməyə məcbur
oldu".
Nadir xanın qoşunu
osmanlılar üzərində
qələbə çaldıqdan
sonra yenidən Gəncəyə qayıdaraq
mühasirəni davam etdirdi. Eyni zamanda Nadir Xəzərsahili
Azərbaycan torpaqlarının
qalan hissəsini geri qaytarmaq üçün Rusiya ilə danışıqlara
başladı. O, Rusiyanın
Kür çayından
şimalda qalan əraziləri qaytarmamasından
narazı idi. C.Hanvey yazır: “Deyirlər ki, Təhmasibqulu xan lovğalıqla, əgər
ruslar getməsələr,
o, süpürgə götürüb,
onları oradan süpürəcək demişdi”.
Bu məsələni müzakirə etmək üçün Nadir xan Hüseyn xanı rus rezidenti ilə
birlikdə Sankt-Peterburqa
göndərdi. Uzun danışıqlardan
sonra bu məsələni sülh
yolu ilə həll etmək üçün Rusiya sarayı knyaz S.D.Qolitsıni səlahiyyətli
nümayəndə kimi
Səfəvilər dövlətinə
göndərmişdi. Gizli təlimata əsasən knyaz S.D.Qolitsının Səfəvilər dövlətinə
gəlməsinin əsas
məqsədi bu dövlətlə Osmanlı
Türkiyəsi arasında
müharibəni daha da qızışdırmaq
idi. Fransız missionerləri onun məqsəd və məramını belə
açıqlayırdılar: “Rusiya səfirinin xalq üçün zahirdə məqsədi İran (Səfəvi) sərkərdəsinə devrilmiş
şahın hakimiyyətini
yenidən bərpa etmək, Rusiya ilə İran (Səfəvilər) arasında
ticarət müqaviləsi
bağlamağı təklif
etmək idi, batində isə bu saray ilə
(Səfəvi dövləti
ilə) Porta (Osmanlı) arasında müharibəni qızışdırmaq
idi”.
Uzun savaşlardan sonra
sülh müqaviləsi
Nəhayət, uzun çəkən danışıqlardan sonra,
1735-ci ilin martın
10-da (21) Gəncədə sülh
müqaviləsi bağlandı
və müqavilənin
şərtlərinə görə
qalan Xəzər sahili Azərbaycan torpaqları geri qaytarıldı.
Bu zaman Gəncə
şəhəri də
təslim edildi. İrəvanı və hətta Gürcüstanı
osmanlılardan geri qaytarmış Nadir xan hərbi əməliyyatları
saxlayaraq Muğan düzünə geri çəkildi.
Nadirqulu xan bu parlaq
zəfərlərdən sonra
Muğana gəldi və şah seçildi. Qarabağ bəylərbəyi Uğurlu xan Ziyadoğlu-Qacarın onu şah olmasını istəməməsi xəbəri
onu özündən çıxardı, Uğurlu
xanı öldürmək
qərarına gəldi.
Sonra isə onun ulu
uruq olduğunu düşünərək fikrindən
daşınsa da, ona pisliklər etməyi də unutmadı.
Nadir şah dövlətində
yeni inzibati-ərazi sisteminin əsasını
qoydu və Səfəvilərdən qalma
bəylərbəyiliyini ləğv
edərək 3 əyalət
yaratdı. Bu əyalətlərdən
biri Dərbənddən
başlayıb, Qaplankuhda
bitən Azərbaycan idi. O, Azərbaycana qardaşı İbrahimzaman
xanı başçı
qoydu. Bununla ürəyi soyumayan
Nadir şah Xəmsə
məliklərini saraya
tabe etdi. Qapanat, Çulundur mahallarını
Qarabağdan ayırdı.
Cavanşir, Otuziki və
Kəbirli ellərini Xorasana sürdü. Beləliklə, Uğurlu xan
Ziyadoğlu-Qacarın idarəçilik
meydanı daraldı.
1738-ci ildə dağıstanlılara
qarşı vuruşda
həlak olan II Uğurlu xan Gəncədə dəfn edilmişdir.
Azadlıq.- 2013.- 18 avqust.- S. 14.