Teatrımızda Muradov imzası
Qarapirimli soyunun davamçıları
Azərbaycan teatrının inkişafında
mühüm xidmətləri
olan ziyalılar sırasında Qarabağ torpağının yetişdirmələri
xüsusi yer tutur. Bu şəxslər hələ peşəkar teatr formalaşmamışdan
əvvəl yaranan həvəskar truppalarının
oynadığı tamaşalarda
yer almış, bir çox hallarda böyük fədakarlıq nümunələri
göstərmişlər. Peşəkar teatrımızın bu çətin inkişaf yolunda örnək sayılan şəxslər sırasında
Qarabağ torpağının
yetişdirmələri olan
Muradovlar da var.
Muradovlar da Azərbaycanın tanınmış soylarındandır
və onların da ölkənin tarixində böyük xidmətləri olan bir çox nəsillərlə sıx
qohumluq əlaqələri
mövcuddur.
Muradovlar soyunun ulu babası
Seyid Vəli Qarapirimli sayılır. Mənbələrin yazdığına görə,
onun ulu babası Qara Pirim Çələbi Əfəndi Hacı Qaraman Çələbi əfəndi və Balım Çələbi
Əfəndi ilə birlikdə Diyarbəkr yörəsindən gəlib.
Bu soyun araşdırıcılarından
olan Ə.Çingizoğlu
yazır ki, Seyid Vəlinin Seyid Murad, Seyid
Mahmud adlı oğulları
olmuşdur. Cavanşir mahalının
Qarapirim kəndində
anadan olan Seyid Murad Ibrahimxəlil
xan Sarıcalı-Cavanşirin
öncə qatırçısı,
sonra əmiraxuru olmuşdu. Dəyərli xidmətlərinə görə xandan bəylik almışdı.
El arasında populyar olan “Hər oxuyan Molla Pənah, hər qatırçı
Murad olmaz” deyimindəki Murad da həmin bu
şəxsdir.
Bu nəslin iki tanınmış nümayəndəsinin
həyatı sıx şəkildə Azərbaycan
teatrı ilə bağlı olmuşdur. Murad bəy
Məmmədrza oğlu
görkəmli aktyor, teatr xadimi olmuş
və bu sahədəki xidmətlərinə
görə Azərbaycan
SSR əməkdar artisti
adını almışdır.
O,
1884-cü ildə Ağdam
rayonunun Muradbəyli kəndində anadan olmuş, 1964-cü ildə
Bakı şəhərində
vəfat etmişdir. Ikinci qardaş Qaflan bəy Muradov da məşhur
aktyor olmuş, Azərbaycan SSR əməkdar
artisti adına
layiq görülmüşdür.
O da 1890-cı ildə
Ağdamın Muradbəyli
kəndində dünyaya
göz açmışdır.
Teatr fədaisi olan iki qardaş
Murad Muradov öz dövrünün tanınmış simaları
olan H.Ərəblinski,
M.A.Əliyev, H.Sarabski,
S.Ruhulla, C.Zeynalov görkəmli sənət
fədailəri ilə
peşəkar teatrımızın
özülünü qoyanlardan
sayılır. O, 1920-30-cu illərdə
təbliğat briqadalarında,
1930-cu ildən isə
Azərbaycan Dövlət
Dram Teatrında çalışıb.
Sənətkar 1907-ci ildən Ümumrusiya
Teatr Cəmiyyətinin
üzvü olub.
Muradovlar
haqqında az
yazılmış olsa
da, mənbələrdə
onlarla bağlı xeyli material var. 1950-ci ildə
çapdan buraxılan
Azərbaycan İncəsənət
İnstitutunun “Azərbaycan
incəsənəti” buraxılışında
da Murad Muradovun teatr tarixindəki xidmətlərindən
söz açılır.
Murad Muradovun xatirələrində
Azərbaycan teatrının
maraqlı məqamları
əks olunur, bu sənətdə öz izini qoyan
sənətkarlardan bəhs
edilir.
İkinci sənətçi qardaş
Qaflan Muradov da Azərbaycan teatr sənətində öz imzasını qoymuş aktyorlardandır. O, ilk illərdə
daha çox oynadığı qadın
rolları ilə xatırlanır. Onun teatrla ilk tanışlığı
məktəb illərinə
təsadüf edir.
Hələ o illərdə məktəbin
direktoru Əhməd bəy Abbasovun rəhbərliyi ilə məktəbdə ilk dəfə
Nəcəf bəy Vəzirovun “Yağışdan
çıxdıq, yağmura
düşdük” komediyası
əsasında tamaşa
hazırlanır. Bu tamaşada Yetər rolu məktəbin şagirdi Qaflan Muradova verilir. Həmin tamaşa böyük səs-küy
yaradır: Əhməd
bəy Abbasov başda olmaqla, tamaşanın yaradıcı
heyəti qaragüruh tərəfindən hədəf
götürülür. Gənc Qaflanı
da küçədə
məsxərəyə qoyur,
“Qız Qaflan”, - deyə atmaca atırdılar. Amma bütün
bu hədyanlar və əngəllər onları yoldan döndərə bilmədi.
Qrup üzvləri öz işlərini davam etdirməkdə israr göstərdilər.
Aktyor haqqında
müxtəlif mənbələrdə
maraqlı faktlara rast gəlmək olar. O dövrdə teatr
tamaşalarının göstərilməsində
xüsusi rolu olan Əbdürrəhim bəy Haqverdiyev 1910-cu ildə Ağdamda yeni dram kollektivi yaradır. O, özünün
“Ac həriflər”, “Dağılan
tifaq”, Mirzə Fətəli Axundzadənin
“Müsyö
Jordan və dərviş
Məstəli şah”
və başqa əsərlər
əsasında tamaşalar
hazırlayır. Həmin tamaşalarda
Qaflan Muradov da rol alır.
Yenə də qadın rolları, Sona və Şəhrəbanu rolları Qaflan Muradova həvalə edilir. Bu yerdə
böyük teatr fədaisi Cahangir Zeynalovun yaşadığı
eyni hadisə xatırlanır. Bir zaman
onun öz anasının paltarlarını
oğurlayıb, səhnədə
geydiyi kimi, gənc Qaflan da eyni təcrübədən
çıxış edir.
O, Sonanı ifa edəndə anasının,
Şəhrəbanu obrazında
isə böyük bacısının paltarını
gətirib səhnədə
geyinir...
Qadın obrazları ilə
böyük sənətə...
Qadın obrazlarını oynayan aktyorların tapılmadığı
bir zamanda, Q.Muradov ardıcıl olaraq bu rollara
dəvət olunur. O, “Məşədi
İbad”da Sənəmi,
“Evliykən subay”da Pərzadı, “Leyli və Məcnun”da Məcnunun anasını və başqa obrazları da məharətlə yaradıb.
Murad Muradov da daha təcrübəli
aktyor olaraq daim Qaflana və
onun sənət dostlarına dəyərli
məsləhətlərini əsirgəmir. Qardaşının
vasitəsilə Qaflan
Abbas Mirzə Şərifzadə, Ülvi
Rəcəb, Mirzəağa
Əliyev, Əbülhəsən
Anaplı, Əli Qurbanov kimi sənətkarlarla
tanış edir.
Sonralar böyük ədibimiz Ə.Haqverdiyev Şuşada
Əhməd Ağdamski,
Xosrov Mamayev, Hüseynqulu Sarabski, Qaragöz Zülfüqarov
və İsa Şuşinski kimi istedadlı səhnə həvəskarlarının qüvvəsi
ilə maraqlı teatr kollektiv yaradan zaman da,
Qaflan Muradov bir neçə ağdamlı sənət
dostu ilə Şuşaya gəlir və onlara qoşulur. O, bu teatrda məşhurlaşır
və mahir aktyor kimi tanınır.
Teatrın tarixində fərqli bir mərhələ olan sovetləşmə dövründən sonra Qaflan Muradov Ağdama qayıdır. O, fəhlə-kəndli
klubunun nəzdində
Cəmil Muradov, Xosrov Mamayev, Heydər Şəmsizadə,
Baxış Kələntərli,
Ayaz Köçərli,
Ələsgər Məmmədov
kimi istedadlı teatr fədailəri ilə birgə teatr kollektivi yaradır. Bu fədailər
səhnədə N.Vəzirovun,
Ü.Hacıbəylinin, F.Şillerin
və M.F.Axundzadənin
əsərlərini tamaşaya
hazırlayır. Teatr truppası
Qarabağın uzaq yerlərinə də gedib çıxır, orada tamaşalar göstərir.
Müəyyən müddətdən sonra, daha dəqiqi 1937-ci ildə Ağdamda Dövlət Dram Teatrı
açıldı. O zaman Qaflan Muradov xalq arasında məşhurlaşmış bir
sənətkar idi. Aktyor teatrda böyük həvəslə işə
başladı. Elə
Azərbaycanın Əməkdar
artisti adını da o burada, teatrda
üç il
işlədikdən sonra
aldı.
Qaflan Muradov ömrünün 80 ilindən
60 ilini teatra həsr etmişdi. Teatr onun
həyat tərzinə
çevrilmişdi. Bunu
yazılı mənbələrdə
yer alan
bu hadisə də sübuta yetirir. 1941-ci ildə
aktyorun ailəsində
ağır itki baş verir. Onun on doqquz yaşlı oğlu Tofiq qəflətən dünyasını
dəyişir. Baş verən
üzücü hadisədən
3 gün sonra aktyor “Leyli və
Məcnun” tamaşasında
oynamalı idi. O
zaman Məcnunun atasını oynayan Qaflan Muradov tamaşanın təxirə
salınmasına yol vermir. Səhnəyə çıxır və öz kədərini də göz yaşları içində səhnədə
ovutmağa çalışır.
Görkəmli aktyor 1970-ci ildə
Ağdam şəhərində
vəfat etmişdir.
Azadlıq.- 2013.- 22 avqust.- S. 14.