Şuşalı Tutayuqlar ailəsi
Nəslin repressiyaya uğrayan
maarifçi nümayəndələri
Keçən əsrdə Qarabağda məşhur olan Tutayuqlar ailəsinin adı gələndə
ilk olaraq görkəmli
alim, biologiya elmləri doktoru Validə xanım Tutayuq xatırlanır. Azərbaycan
Elmlər Akademiyasının
həqiqi üzvü olan Validə xanım təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda
da tanınmış,
nüfuzlu beynəlxalq
elmi konfransların iştirakçısı olmuşdur.
Onun atası
Xaspolad Tutayuq Şuşanın məşhur
və nüfuzlu şəxsiyyətlərindən biri olub. O, 1892-ci ildə
Peterburq Universitetinin təbiət-riyaziyyat fakültəsini
bitirmiş və bir müddət Rusiyanın müxtəlif
şəhərlərində çalışmışdır. XX əsrin əvvəllərində
isə Şuşaya qayıtmışdır. Onun
anası məşhur
Qacarlar və Mirzəyevlər nəslindən
olub.
Tutayuq ailəsinin ilk övladı
olan Murad 1920-ci ildə Şuşa
Realnı Məktəbini
bitirmiş, sonra şəhərdəki ibtidai
təhsil ocaqlarında
hesab və rus dili müəllimi
işləmişdir. Sonradan
Azərbaycan Ali Pedaqoji
İnstitutunun fizika-riyaziyyat
şöbəsində təhsil
alan Murad
Tutayuq təyinatla Naxçıvan Müəllimlər
Seminariyasına göndərilmiş
və uzun müddət Naxçıvan
şəhərində müəllim
işləmişdir. Murad Tutayuq
qabaqcıl maarif xadimi, Naxçıvanın
əməkdar müəllimi
kimi fəxri adlara da layiq
görülmüşdür.
Naxçıvan Dövlət İki illik Müəllimlər İnstitutuna dəvət edilən Murad Tutayuq burada müəllim, tədris işləri üzrə direktor müavini olmuş, sonra Azərbaycan Elmlər Akademiyasının Naxçıvanda
yaradılan elmi bazasının direktoru təyin edilmişdir. Ömrünün sonuna qədər Naxçıvanda yaşayan
Murad Tutayuq burada da vəfat
etmişdir.
Validə xanımın bacısı. Fatma Tutayuq da respublikamızın
ilk ali təhsilli
qadın pedaqoqlarından
biri olub. O, da ilk təhsilini Şuşada almış,
elə pedaqoji fəaliyyətə doğma
şəhərdə başlamışdır.
1922-ci ildə Şuşa qəza maarif şöbəsi tərəfindən Bakıda
yeni açılan Azərbaycan Ali Pedaqoji Qızlar İnstitutuna oxumağa göndərilən
Fatma xanım təhsilini başa çatdıraraq yenidən
Şuşaya qayıtmış
və burada vaxtilə işlədiyi məktəbə müdir
təyin edilmişdir.
Gənc pedaqoq
1926-cı ildə həyat
yoldaşı Haşım
Feyzullayevin iş yerinin dəyişilməsi
ilə əlaqədar
Salyana köçmüş
və əri ilə birlikdə pambıqçılıq texnikumunda
müəllim işləmişdir.
Fatma xanımın həyat yoldaşı Həşim
Feyzullayev 1927-ci ildə Müsavat
təşkilatının üzvü
kimi həbs edilmiş və ona on il həbs
cəzası verilərək
“Solovki” adalarına sürgün olunmuşdu. 1931-ci ildə Fatma
Tutayuq da həbs edilmiş və bir müddətdən
sonra azadlığa buraxılmışdır.
Sürgün edilən “günahsız
müqəssirlər”
Validə xanımın bacısı
Zinyət xanım Azərbaycanın tanınmış
səhiyyə təşkilatçısı
və əməkdar həkim olub. O, ibtidai
təhsilini Şuşada
alıb, Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Ağdam rayonunun Muradbəyli kənd məktəbində müəllim
kimi fəaliyyətə
başlayıb, bir müddət bu məktəbin direktoru olub. Sonralar ailə vəziyyəti
ilə əlaqədar
Göyçaya köçüb,
bir müddət pambıq tədarükü
birliyində çalışıb.
1932-1933-cü illərdə
Quba şəhərindəki
bir nömrəli uşaq evinin direktoru olub.
1935-ci ildə Azərbaycan
Dövlət Tibb İnstitutunun müalicə-profilaktika
fakültəsinə daxil
olan Zinyət xanım təhsili başa çatdıqdan sonra təyinatla doğma Şuşaya qayıdıb və burada mərkəzi xəstəxanada həkim,
səhiyyə şöbəsinin
müdiri, baş həkim işləmişdir. İkinci Dünya
müharibəsi illərində
göstərdiyi fədakarlığa
görə medallar, “Səhiyyə əlaçısı”
döş nişanları
ilə təltif edilmişdir. 1980-ci ildə 79 yaşında Şuşada vəfat etmişdir.
Validə Tutayuqun kiçik bacısı Ənvər Tutayuq repressiya illərinin ağırlığına
tuş gələn ziyalılardan olub. O, 1910-cu ildə
anadan olub. 1925-ci ildə orta
məktəbi bitirdikdən
sonra pedaqoji fəaliyyətə başlayıb.
Bir müddət Şuşadakı
“Nərimaniyyə” məktəbində
dərs deyib. 1937-ci ildə Azərbaycan
Dövlət Tibb İnstitutuna daxil olub. Lakin həmin vaxt həyat yoldaşı, Şuşa Pedaqoji
Texnikumunun müəllimi
Əyyub Hacıyev müsavatçı kimi həbs edilib. Onu əksinqilabçılıqda, antisovet təbliğat aparmaqda təqsirləndiriblər.
Ərinin antisovet təşkilatının
üzvü olduğu barədə çıxarılan
hökmə görə
Ənvər xanımı
da xalq düşməninin
arvadı kimi həbs edərək Bayıl həbsxanasına
göndəriblər. 1938-ci ilin aprelində Ənvər xanıma səkkiz il
iş kəsilib və cəzasını çəkmək üçün
Mordova Muxtar Sovet Sosialist Respublikasının Temnikov
şəhər islah-əmək
düşərgəsinə göndərilib. Ənvər
Tutayuq tutulan vaxt hamilə olduğundan sürgün yerinə çatmazdan əvvəl - 1938-ci ilin
may ayında Moskva vilayəti Potma rayonunun Yavaş qəsəbəsindəki 15 nömrəli
həbs düşərgəsində
saxlanılıb. Burada onun
oğlu dünyaya gəlib. Lakin onun iki aylıq
körpəsini əlindən
alaraq uşaq evinə, özünü isə sürgünə göndəriblər.
Bütün bu işgəncələrə
dözə bilməyən
Ənvər Tutayuqun
28 yaşında ürəyi
partlayıb.
Tutayuq ailəsinin
sonbeşiyi olan Validə Tutayuq 1914-cü ildə Şuşada anadan olub. 1930-cu ildə
Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun
“Bağçılıq və
bostançılıq” fakültəsinə
daxil olan Validə xanım 1932-ci ildə həmin institutda preparator vəzifəsinə qəbul
edilərək əmək
fəaliyyətinə başlamış
və burada axşam şöbəsində
təhsilini davam etdirmişdir.
İlk azərbaycanlı qadın
elmlər doktoru
1934-cü
ildə aspiranturaya qəbul olunan Validə Tutayuq K.A.Timiryazev adına
Moskva Kənd Təsərrüfatı Akademiyasına
ezam edilir, sonralar doğma institutuna qayıdaraq,
1939-cu ildən botanika
kafedrasına başçılıq
edir. 1949-cu ildə
doktorluq dissertasiyası
müdafiə edir.
Validə xanım 35 yaşında
biologiya elmləri doktoru elmi dərəcəsini
alır və bu sahədə ilk azərbaycanlı qadın
elmlər doktoru olur.
Validə Tutayuq 1957-ci ildə Azərbaycan EA Botanika İnstitutuna direktor təyin olunur. O, geniş
profilli botanika və biologiya üzrə milli kadrların hazırlanması
üçün Azərbaycan
dilində ilk dərsliklərin
müəllifidir. 1968-1972-ci
illərdə V.Tutayuqun
rəhbərliyi ilə
Azərbaycanın qış
və yay otlaqlarının geniş
geobotaniki tədqiqi aparılmışdır.
V.Tutayuq 250-dən artıq elmi əsərin, o cümlədən,
10 dərsliyin, 9 monoqrafiyanın
müəllifidir. O, eyni zamanda Azərbaycan KP MK-nın üzvü olmuşdur.
1974-cü
ildə Azərbaycan
SSR Ali Sovetin fərmanı
ilə Validə xanım “Əməkdar elm
xadimi” fəxri adına layiq
görülmüşdür.
Validə Tutayuqun elmi tədqiqatı, əsasən,
Azərbaycan dendroflorasının,
çiçəyin teratologiyasının
öyrənilməsinə həsr
edilmişdir. O, 1959-cu Kanadanın
Monreal şəhərində
dünyanın 72 ölkəsindən
gəlmiş 6 mindən
çox alimin iştirak etdiyi botaniklərin IX beynəlxalq
konqresində məruzə
ilə çıxış
etmişdir. Həmin ərəfədə Validə Tutayuqun “Çoxləçəkli çiçəklərin
quruluşu” monoqrafiyası
təzəcə çap
edilmişdi. Bu nəşr təkcə keçmiş sovetlər birliyində deyil, həm də bir çox xarici ölkələrdə
böyük əks-səda
doğurmuşdu. Konqresdə də
bu məsələ gündəmə gətirilərək
Validə Tutayuqun bu sahədəki xidmətləri yüksək
dəyərləndirilmiş və bununla da onun təcrübəsi
dünyanın 20-dən çox
ölkəsində öyrənilməyə
başlanılmışdı.
Validə Tutayuq həm bəzək, bağçılıq
və yaşıllaşdırma
sahəsində mütəxəssis
idi, həm də respublikanın müxtəlif rayonlarında
bir sıra ekspedisiyalar həyata keçirərək anatomik
tədqiqatlar aparırdı. Onun rəhbərliyi ilə ötən əsrin 70-ci illərində respublika otlaqlarının geobotanik
cəhətdən öyrənilməsi
dövlət əhəmiyyətli
iş kimi dəyərləndirilirdi. Onun
rəhbərliyi ilə
təşkil olunan ekspedisiyalarda 100-dən artıq
adam iştirak
edirdi.
Validə Tutayuq 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir
üzvü, 1968-ci ildə
isə həqiqi üzvü seçilib. 1974-cü ildə
Validə xanımın
60 illik yubileyi respublikanın elmi ictimaiyyəti tərəfindən
yüksək səviyyədə
qeyd edildi və həmin günlərdə görkəmli
alim “əməkdar elm
xadimi” adına layiq görüldü.
Validə xanımın rəhbərliyi
ilə onlarca elmlər doktoru və namizədi yetişmişdi. Cəmi 66 il ömür sürən Validə Tutayuq 12 noyabr
1980-ci ildə Gəncədə
vəfat etmişdir.
Azadlıq.- 2013.- 23 avqust.- S. 14.