Məşhur karikaturaçı rəssam
Nəcəfqulu
«Kirpi»nin
baş rəssamı
Azərbaycan rəssamlıq məktəbinin,
təsviri sənətimizin
görkəmli nümayəndələrindən
biri də Nəcəfqulu İsmayılovdur. Onun müxtəlif janrlarda
yaratdığı əsərlər,
karikaturalar hər zaman böyük maraqla qarşılanıb
və bu gün də belədir. Nəcəfqulu Əbdülrəhim oğlu İsmayılov
1923-cü ildə Bakıda
anadan olub.
1936-1940-cı illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Texnikumunda təhsil alıb və II Dünya müharibəsinin
başlanması onun ali təhsilini davam etdirməyə imkan verməyib.
Lakin yarımçıq
təhsil alsa da, Nəcəfqulu İsmayılov 60 illik yaradıcılıq dövründə
yaratdığı bənzərsiz
əsərlərlə öz
sözünü deyə
bilib.
Nəcəfqulu İsmayılov özünəməxsus
və orijinal üslubu ilə təsviri sənətimizi
yüksək mərhələyə
qaldıran çox istedadlı bir rəssam kimi tanınıb. Nəcəfqulu İsmayılov xatirələrində
yazırdı: “Deyirlər
ki, mən anadan olanda ağlamaq
əvəzinə gülmüşəm.
Bundan təşvişə düşən
valideynlərim xəstə
olduğumu zənn edib həkim çağırıblar. O da mənə baxıb və deyib ki, gülüş
sağlamlığın ilkin
əlamətidir”.
Nəcəfqulu İsmayılov Əzim
Əzimzadə məktəbinin davamçılarından
olmuş, məharətli
qrafika ustası kimi tanınmışdır.
O, 1952-ci ildə “Molla
Nəsrəddin” jurnalının
təsiri ilə nəşrə başlayan
“Kirpi” jurnalının
baş rəssamı olub və 1979-cu ilə qədər burada çalışıb.
Otuz ilə yaxın jurnalın baş rəssamı kimi minlərlə güclü
bədii təsir qüvvəsi olan maraqlı karikaturalar, şarjlar və başqa qrafik əsərlər yaradıb.
O, bu jurnal üçün rəsm və karikaturalar, plakatlar işləmiş,
Cəlil Məmmədquluzadənin
hekayələrinə, Sabirin
“Hophopnamə”sinə çəkdiyi
illüstrasiyalar böyük
maraqla qarşılanmışdı.
Təsadüfi deyil ki, Nəcəfqulu İsmayılovla
uzun müddət bir redaksiyada çalışmış görkəmli
yazıçı Seyfəddin
Dağlı onun 50 illik yubileyi ilə bağlı təbrikdə yazırdı:
“Güldürmək və
eyni zamanda düşündürmək ikiqat
istedad tələb edir. Belə bir istedada
sahib sənətkarın həm
də aydın müəllif mövqeyi olmalıdır. Həyatda rast
gəldiyi eybəcərlikləri
gülüş hədəfinə
çevirən satirikin
onlara nə məqsədlə atəş
açdığı bilinməlidir.
Saltıkov-Şedrinin bu
barədə bir kəlamını xatırlamaq
yerinə düşər: ”Satiranın həqiqətən satira olması və məqsədinə çatması
üçün o, əvvəlcə
öz yaradıcısının
hansı idealdan çıxış etdiyini
oxucuya hiss etdirməli,
ikincisi - neştərinin
hansı məsələyə
qarşı yönəldiyini
aydın başa düşməlidir". Bu mənada Nəcəfqulunun
fırçası öz
rənglər dünyasında
mənəviyyata, əxlaqa
zidd hərəkət
sahiblərinin karikaturalarını
çəkib".
Rəssamın görkəmli “portretlər”i
Nəcəfqulu İsmayılov dəzgah rəngkarlığı və
qrafika sahəsində
bir-birindən maraqlı
əsərlər qalereyası
yaradıb. Onun dəzgah
rəngkarlığının portret, süjetli tablo və natürmort
janrlarında çox
uğurlu əsərləri
mövcuddur. Rəssamın yaradıcılığında
portret janrı xüsusi yer tutur. “Qubalı Fətəli xan”, “General H.Aslanov”, “Sara Aşurbəyli”,
“Şair M.Ə.Möcüz”,
“Yazıçı A.Şaiq”,
“Ana”, “Yazıçı Cəlil
Məmmədquluzadə”, “Şair
S.Vurğun”, “Akademik M.Hüseynov”, “S.Bəhlulzadə”,
“Ü.Hacıbəyli”, “Nəsirəddin
Tusi” və digər portretləri buna misal ola
bilər.
Rəssamın Fətəli xanın portreti eyni zamanda
tarixi önəm daşıyır. Onun kətan üzərində
yaradılmış əzəmətli
surəti tamaşaçıya
xoş ovqat bəxş edir...
N.İsmayılovun yaratdığı Cəlil
Məmmədquluzadənin portreti
də çox maraqlı və düşündürücü bir əsərdir. Həmin əsərdə
C.Məmmədquluzadənin azacıq yarım profildən sağ əlində məşhur
“Molla Nəsrəddin”
jurnalının nömrəsini
tutmuş vəziyyətdə
təsvir edilən surəti canlandırılıb.
Rəssamın “Nəsirəddin Tusi” portreti Azərbaycanın dahi ensiklopediyaçı aliminin
yaradılmış ən
uğurlu portret əsərlərindən biri
hesab olunur.
Nəcəfqulu İsmayılovun süjetli
tablo və mənzərə əsərlərindən “Nəsiminin edamı”, “Qrand-opera”, “İçərişəhərdə küçə”, “Səadət”,
“Realist rəssam” və
başqaları da maraqla qarşılanan əsərləri sırasına
daxildir.
Rəssamın “Realist rəssam” adlı
əsəri haqda xalq şairi Bəxtiyar Vahabzadə belə yazırdı: “Küçənin bir tərəfində əsərlərini
satan rəssam, tində isə ismətini satmaq üçün ”müştəri" gözləyən qadın
dayanmışdır. Biri mənəviyyatını,
o biri isə özünü satmaq üçün “müştəri”
gözləyir".
Nəcəfqulu İsmayılov 1970-1982-ci illərdə
Məhəmməd Füzulinin,
Sabirin, Üzeyir Hacıbəylinin misdən
barelyeflərini yaratmışdır. Hələ sovet
dövründə onun
əsərləri Almaniyanın,
Kanadanın, Livanın,
Rusiyanın və digər ölkələrin
sərgi salonlarında
nümayiş etdirilmişdir.
Ötən əsrin
70-ci illərində Moskvada
“Fitil” kinoteatrında Nəcəfqulunun sərgisinə
baxan dünya şöhrətli rəssam
Tahir Salahov təəssüratını belə
dilə gətirmişdi:
“Əziz Nəcəfqulu!
Bu böyük istedadlı, səmimi və könül oxşayan sərginlə səni təbrik edirəm. Köhnə və yeni Bakının doğma obrazları və insanları ilə Moskvada görüşməyimə
çox şadam.
Sənin
gözəl və böyük sənətinə
həmişə dərin
məhəbbətlə yanaşıram”.
Nəcəfqulu İsmayılovun "Kirpi"
jurnalının səhifələrini
zənginləşdirən bir çox əsərləri ötən
əsrin 70-ci illərində
Bolqarıstanın məşhur
Qabrovo şəhərində
gülüşlə bağlı
keçirilən beynəlxalq
yarışmada nümayiş
olunmuşdur. Onun əsərlərinə tamaşa edənlər hətta onu rəssam yox, dahi bir satirik
adlandırırdılar. Bu baxımdan da
Nəcəfqulunun əsərləri
müasir dövrdə
də öz aktuallığını itirməmiş,
tamaşaçıların sevə-sevə baxdıqları
əsərlər sırasına
daxil olmuşdur.
Karikaturalarının sözlərini də
özü yazırdı...
Nəcəfqulu İsmayılov Səttar Bəhlulzadə yaradıcılığını
çox sevirdi. O da Azərbaycanı kəndbəkənd gəzərək
öz əsərləri
üçün materiallar
toplayar, gördüyü
neqativ hallara qarşı münasibətini
bildirər və bütün bunları öz karikaturalarında yaratdığı ümumiləşdirilmiş
obrazlarla satira hədəfinə çevirərdi.
Onun yaratdığı
“Qayğıkeş ferma
müdiri”, “Əsl şərəf lövhəsi
belə olar”, “Axır ki dil
tapdıq”, “Sözsüz”
və başqa sənət nümunələri
bu baxımdan xarakterikdir.
Nəcəfqulu İsmayılov “Kirpi” jurnalında çalışdığı
illərdə çəkdiyi
karikaturaların sözlərini
də özü yazardı. Onun bu istedadı
da rəssama böyük şöhrət
qazandırmışdı. O, bir çox görkəmli sənət
adamlarının portretlərini
işləmiş, eyni
zamanda onların dostluq şarjlarını
da çəkmişdi.
Tahir Salahov, Mikayıl Abdullayev, Fikrət Əmirov, Cəlal Qaryağdı, Bəşir Səfəroğlu
və başqalarının
portretləri və dostluq şarjları buna misal ola
bilər. Böyük
aktyor Bəşir Səfəroğlu öz şarjına baxaraq Nəcəfquludan dönə-dönə
soruşub: “Mən ölüm, düz de, bu, doğrudan mənəm? Qədeş, sənin neçə
gözün var?
Bunları necə görmüsən?”-
demişdi.
Azərbaycanın təsviri sənətində
özünəməxsus yeri
olan Nəcəfqulu İsmayılovun əsərlərinə
baxmaq, onun yaratdığı obrazlar
qalereyasını görmək
kifayətdir ki, onun təkrarsız yaradıcılıq dünyasının
şahidi olasan. Həm rəngkarlıq,
həm də qrafika sahəsində eyni dərəcədə
yaradıcılıq şöhrəti
qazanmaq xoşbəxtliyi
də hər sənətkara nəsib olmur. Nəcəfqulu İsmayılov məhz
bu xoşbəxtliyə
nəsib olan görkəmli sənətkar
olub.
Azadlıq.- 2013.- 26 avqust.- S. 14.