Ağzı atəş
kimi bir qurd
Tanrı
övladıyam mən,
Sonuncu qatdan gələn...
Mayası qurddan gələn,
Özgə bir dinə
gəlməz
Bu gün
türkün adına sığınıb əsl sifətini
gizlədən qeyri-türklərin və antitürklərin
baş alıb getdiyi, hətta təntənə etdiyi zamanda
R.Behrudi poeziyası və sözü bizə mənəvi dərmandır.
Prof.T.Hacıyev
1.Göy adamları - türklər
“İnsan hardan gəlib, niyə yaşayır,
öləndən sonra hara gedəcək” sualı bütün
zamanların sualı olaraq bəşəriyyəti
düşündürmüş və cavabsız
qalmaqdadır. Bəşəriyyətin körpəlik
dövründən ta bu günə qədər
dünyanın yoxluğu keçmiş, zamanı
aşmış filosofları bu suala cavab axtarmış,
“göydən gəlmiş” müqəddəs 4 kitabın
açıqladığından o yana vara bilməmişlər.
Tanrıyla bir başa əlaqəsi olan
şamanlar, sözlərindən əbədiyyət qorxusu gələn
Budda, daşa basılmış Musa, çarmıxa çəkilmiş
İsa, Ərəbistan
çölündəki adi bir daşı müqəddəsləşdirib
onu Tanrı göndərişi kimi öpülməyə məcbur
edən Məhəmməd, “Tanrıya ən
böyük ibadət yeri (məscid) insanın ürəyidir”
- deyən sufilər, yerə, göyə, soyuq ulduzlara,
bütün yaradılışa üsyan edən filosoflar
(Nitsşe) bu sualın önündə bəndə Tanrı
qarşısında dayanan kimi dayanıblar. Və hər
xalq özünə uyğun insanın yaranmasına dair təsəvvürə
malik olub. Xalqların körpəlik dövrünü əks
etdirən mifik təfəkkürdə insanın
yaradılış hekayəsi bu və ya digər dərəcədə
bir-birinə oxşamaqdadır.
Bütün dinlərdə
insan yaradlışı haqqında təsəvvürün mərkəzində
insanların Adəm və Həvvadan, onların isə
torpaqdan yaranması ideyası durur və bu dinlər
üçün təqzibedilməzdir. Türklər
istisnadır. Türklərin məşhur Bilgə
Xaqan yazısındakı “Mən Tanrı kimi Tanrıdan
olmuş (Tanrı kimi göydən doğulmuş) Bilgə
Xaqan” ifadəsindəki fikir türkləri daha qədim
yaradılış dastanlarına - “Qara Xan” dastanına, Hun,
Bozqurd, Doqquz-Oğuz, On-Hun türklərinin dastanlarına qədər
gedib çıxır. Türkmənistanda, Xarəzmdə,
Azərbaycanda və Türkiyyədə, Qaqauzstanda qeyri-adi
adamlara “elə bil göydən gəlib”, “göydən zənbillə
düşüb” deyimi bu gün də xalq arasında
yaşamaqdadır. Bu deyimlərin birbaşa türkün
insanın yaradılışı haqqındakı inancına
dayanması qeyd-şərtsizdir.
400 il
bundan əvvəl türk imperatorunun imperiyanın mərkəzində
Buddaya məbəd yapmağı, uyğur xaqanının
xristianlıq, buddizm, məzdəkiliyin
qarışığı olan mani dininə girməyi, türk
dünyasının Ərəbistan çölündəki
bir qara daşa tapınmağı belə bu inancın
(GÖYDƏN GƏLDIYIMIZI) ruhumuzdan silə bilməmişdir. Son
iki yüz ilin Islama iman gətirən böyük türk alimləri
(Y.Akçura, I.Kaspıralı, Z.V.Toğan, N.Atsız) “Islam
xalqımın dini olduğu üçün başım
üstə tutaram” deyə-deyə bu inancı da
yaşatmışlar. Adəm və Həvvadan əvvəl
türklərin mövcudluğu ideyasına IX əsrdə
Türküstanda, Iranda, Azərbaycanda böyük imperiya
qurmuş, türklərə sonsuz nifrət bəsləyən
farsların münasibəti çox maraqlıdır. Ismaili təriqətinin başçısı Həsən
Sabahın türklərə qarşı yönəldilmiş
bir şüarında (Türklər Adəmin
uşaqlarından yaranmamışlar, bəziləri türkləri
pəri və ya cin adamları adlandırırlar.
Peyğəmbər Adəmə qədər bu dünyada pərilər
olmuşlar) türklər göy adamları (pərilər)
kimi təsvir edilir. Türklərə bu cür baxış
türklərin göydən gəlməsinə düşmənin
verdiyi inandırıcı bir qiymətdir. Bəlkə elə
buna görədir ki, XX əsrin sonunda yaşayan bir şair bir
türk mələyinə üz tutub:
Sən göydən gəlmisən,
göy adamısan,
Tanrının
işindən
bir xəbər denə.
Nə qalır sonuncu
Tanrı dərsinə,
Qiyamət
gününə
nə qalır, de, nə?
- deyə
dünyanın ilk yaradılmışından dünyanın
sonunu soruşur.
2.Hirayla Tanrı dağları arasında
İslamı qəbul
etmiş türklərdə “Hira dağı qədər
müsəlman, Tanrı dağı qədər türk olmaq”
bir zərb-məsəl halını almışdır. Hira
dağı Ərəbistanda kiçik bir təpə, Tanrı
dağı isə Asiyada zirvəsi göy üzünü
deşən bir dağdır. Islamın (Hira) və
Türkçülüyün (Tanrı dağı) rəmzinə
çevrilmiş bu dağlar artıq 400 ildir ki coğrafi mənada
deyil, ruh mənasında müqəddəs inanc yerinə
çevrilmişdir. Hira dağı bizim tövbə yerimiz,
günahlarımızı yumaq üçün üz
tutduğumuz yer... Tövbə nədir? Hər bir tövbə
yeni bir günahın başlanğıcı deyilmi? Harda
tövbə varsa, orda günah var. Tanrı dağı müqəddəslik,
ucalıq rəmzi... Burada nə tövbə, nə də
günah var. Tanrı dağı önündə günah
ölümə bərabərdi. Burada tövbəyə yer
yoxdu. Hirayla Tanrı dağları arasında
dayanmışıq. Bir tərəfdə günahların
tövbəsi, bir tərəfdə günahsızlıq -
işıq və nur aləmi var. Anlatmaq məndəndi, üz
tutub getmək sizdəndi. Sufilər demiş, Tanrıya ən
böyük ibadət yeri ürəkdir. Yol
açıqdır, ürəyiniz olsa yetər. Tanrı
dağı qədər uca olmaq istərmisiniz, qardaşlar?
Azərbaycanda “Boz
qurd” əlindən tərpənmək olmur. ANCAQ
KÖPƏKLƏR HƏMİN
QURD YUVASININ İÇİNDƏ QURD BALALARINI YEYİR. Bozqurdçuluq türkün bir boz
qurddan doğulduğuna, göydən gəldiyinə inamın
ifadəsidir. Boz qurddan doğulduğuna və göydən gəldiyinə
inanan bir türk eyni zamanda nə cür müsəlman olur? Bəlkə
bunu bilməməkdəndir ki, meydan və küçələrlə
dolu bozqurdlar 400 il bundan öncə Çin səddində
bütöv bir Çin ordusu ilə üzbəüz, təkbaşına
qalan bir göytürk savaşçısına bənzəmir.
Bu yalqız savaşçı göydən gəldiyinə
inandığı üçün bütöv bir ordunun
önündə dayanmışdı.
Azərbaycanda
bozqurdçuluq ruhumuza çevrilmədi, söz olaraq
qaldı. Bozqurdçuluq ruhdur. Ruh bədənə qayıdan
kimi qayıtmalıydı bozqurdçuluq. Bu ruhu
bayağılaşdırmaq bayrağına qurq yapan, ruhu
Tanrı dağında dolaşan Gurşada təhqirdir.
Çünki:
Sudan duru, aydan arı
Yol hardadır haqqa
sarı?
Hirayla Tanrı
dağları.
Arasında duran bilməz
3.Göydən bir işıq endi
Düşünə-düşünə uşaqlıqdan
yaddaşımızda özünə yer eləmiş “işıq haqqı” andına üz tutub 1300 il özümə doğru yol gəlmişəm (Bizdə bu anddan keçməzlər). Bir
də ayılmışam ki, oğlum da ətrafımdakı
cocuqlar da “işıq haqqı” deyir. Həmişə
fikirləşmişəm ki, bu andda nə isə bir sirr,
tilsim var. Və nə vaxtsa bu anda üz tutub özümdən
xəbərsiz:
Canım işıq, gözüm işıq
Nur içində sözüm
işıq.
Anamın üzünün nuru,
Gözlərinin qarası işıq.
Gündoğandan günbatana,
Bacılarımın sevgilisi
Qardaşlarımın yarası işıq
- demişəm.
Şairlərin yuxusuna
gül-çiçək girər, göydən mələklər
yenər yuxusuna. Bəs mən nə
gördüm? Mən elə bu
işığı gördüm. Bu
işıq içində bir ağac gördüm - 9
budaqlı. Bir budağı hun, biri oğuz, biri türkmən...
Sonra bir qurd gördüm. Üzü
mavi, gözü göydən daha mavi, ağzı atəş
kimi bir Qurd. Ona üz tutdum:
İndi gizlin gəldin yuxuma,
bir vaxt, bir vaxt
Ulaşa-ulaşa ordular basan...
Uluslar, “Bəy göllər”,
“Göyçələr” səni Məndən
soruşurlar, Boz Qurd.
Daha nə gördüm? Bir qadın gördüm. Halalım,
qadınım dedim. Sonra dəniz gördüm
yuxuda. Üz tutdum sularına... Sonra
ayrılıqların içində bir at gördüm. Yüyənsiz, yəhərsiz bir at. Düşündüm ki, məni bu
ayrılıqlardan, bu yuxudan təkcə bu at
götürüb apara bilər. Üz tutdum ata... Şair yuxusuna gül-çiçək girər,
yenər yuxusuna göydən mələklər. Mənim də yuxularıma hər gecə
işıq doğar. Və bu
işığın içində yuxularıma bir ağac girər,
bir qurd gələr, sulara üz tutan bir qadın görünər,
sonunda da bir at kişnəyər. Bu yuxunu açıqlamaq
üçün “mavi işığ”a
üz tutmaq istəyirəm. Bu mavi işıqda,
ağac, qurd da, qadın da, dəniz də, yuxularımın
sonunda kişnəyən sahibsiz at da açıq görünəcək.
MAVI IŞIQ. İşıq türk
xalqlarının ilkin körpəlik dövrünün mifik
düşüncə tərzinin əsas ünsürlərindən
biridir. Işığın müqəddəsliyi
xalqımızın yaradılmış haqqında (insanın
yaranması haqqındakı) inamın ilkin təzahürlərindəndir.
Qədim türk dastanlarında işıq
yaradıcılıq mənbəyidir. Çünki
ilk insanlara analıq edən qadın mavi olan ilahi
işıqdan doğulmuşdur. Hətta
yaradılış məsələmizdə Tanrının
özünün göyün on yeddinci qatında özü
üçün yaratdığı aləm, bir işıq,
bir nur aləmidir.
Oğuz dastanlarının qəhramanı
Oğuz doğulan zaman üzü mavi, bədəni nurlu və
işıqlı imiş. Oğuzun Gün, Ay,
Ulduz adlı oğullarını dünyaya gətirən
qadın da dünya zülmət içində olduğu anda
qaranlığı yararaq işıqdan, nurdan
doğulmuşdur. Oğuzun oğullarına yol
göstərən, onları qələbələrə aparan
Boz qurd da elə günlərin birində Oğuz xanın
çadırına doğan mavi işıqdan
doğulmuşdur. Uyğur dastanlarında
uyğurlara hökmdar seçilən Buğu Xan dörd
qardaşı ilə birlikdə ağac və ya torpaq üzərinə
enən işıqdan doğulmuşdur. Türklüyün
özündən doğan şamanizmin cənnət deyə
anlatdığı əbədi səadət ölkəsi də
işıq aləmidir. İşığın
müqəddəsliyi “işıq haqqı” andının haradan
doğulduğu aydındır. Işıq
müqəddəsdir. Biz işıqdan
doğulmuşuq. Işıq, sənə üz
tutmağa utanıram,
İşıq, işıq,
Qorxuram ki, bir gün gələ
Göydən enib soruşasan -
Səni necə yaratmışıq
işıq, işıq
AĞAC.
Xalqımızın
insanın yaranması haqqında təsəvvürünə
görə, Tanrı insandan qabaq 9 budaqlı bir ağac
yaratmış, ilk insan övladını bu ağac
koğuşunda dünyaya gətirmiş və ağac kölgəsinə
sığınmaq düşüncəsini onlara ilk bilgi olaraq
vermişdir. Qədim Oğuz dastanlarında Oğuzun Göy,
Dağ, Dəniz adlı oğullarını dünyaya gətirən
(Oğuzun iki qadını) müqəddəs ağac
koğuşunda yaradılmışdır. Bu cür təsəvvürlər Uyğur
dastanlarında da özünü göstərir. Buradan görünür ki, Ağac
xalqımızın ilkin yaradılış inamı ilə
çox bağlıdır. Xalq elə buna
görə də Ağacı müqəddəs sayır,
yaşıl ağaca sevgi bəsləyir. Hətta
bu sevgi islamiyyətdən sonra yazıya alınmış
dastanlarımızda (Dədə Qorqud) belə
özünü qoruyub saxlayır. Çox
qəribədir ki, ta qədimdən insan dünyaya gələndən
ağac beşikdə laylalarla ovunur, böyüyür, son mənzilə
gedəndə ağac tabutda ağı ilə yola
salınır.
İlk gəlişim - ağac beşik,
Son gedişim ağac tabut,
Nə anladır bu boş yüyrək
O ac tabut?
Öləndə də mənnən birgə səsin gəlir,
Gəlir gordan.
Bu doğmalıq belə hardan,
Canım ağac, gözüm ağac?
Belə anlaşılır ki, bu
doğmalıq ilkin yaranışımızda ağacın
rolu ilə bağlıdır.
(BOZ) QURD. Hələ lap
uşaqlıqdan doğmalarımın dilindən “Qurddan olan
qurd olar”, “Qurd kimi qoçaqdır”, “Qurd ürəyi yeyib”,
“Qurdla qiyamətə qalacaqsan”, “Qurd üzü mübarəkdir”
kəlmələrini eşidəndə qəribə fikirlər
gəlib ağlıma. Axı qurdun ürəyini
yeməzlər. Axı elə qurd da
başqa heyvanlar kimi çox yaşamır. Bəs onda qurdla qiyamətə qalmaq nə deməkdi?
Bəs onda niyə bir vaxt ürəyimdə birdən-birə
bu misralar doğulmuşdu:
Görklü Tanrım, bir yurd olum,
Doğma olsun sağım, solum.
Dönüb axır Boz Qurd olum,
Qalım qiyam-qiyamətə.
BU dünyada səbəbsiz bir şey
varmı? Özünün körpəlik
çağlarında totem dövrünü yaşayan
xalqımız islamiyyətdən sonra da “üstündə
Əzrayıl tükü var” deyə anılan qurdu (Boz Qurd)
müqəddəs saymış, ona tapınmış və
inanmışdır. Qədim türklər bu cəsur
heyvana ən əvvəl Tanrı demiş, daha sonra özlərinin
bir Boz Qurddan doğulduqlarına, “qurd” olduqlarına
inanmışlar.
Əski türk dastanlarından tutmuş
“Dədə Qorqud”a qədər bütün dastanlarımızda
qurd müqəddəs sevgi ilə yad edilmiş, dastan qəhrəmanlarımız
döyüş meydanlarında özlərini öyərək
qurda bənzətmişlər. Hun-Oğuz
dastanına görə, Oğuz Xaqanın vücudu qurda
oxşayırdı. O, həmçinin öz
xalqını qarşısıalınmaz yürüşlərə
aparanda demişdi: “Kök börü bolsınqıl uran” (Qoy
Qurd səsi bizim döyüş parolumuz olsun). Dastandan
göründüyü kimi, Boz Qurdun əsas vəzifəsi
türk ordularının qabağında getmək, onları qələbələrə
aparmaq idi. Yenə Oğuz dastanına
görə, bir səhər vaxtı Oğuz
çadırına mavi və müqəddəs bir
işıq düşmüş və bu işığın
içindən bir Boz Qurd doğulmuş, türk ordusunun
qabağına düşmüş, onu qələbələrə
aparmışdır. Başqa rəvayətə
görə, milli fəlakətə düçar olmuş
türk millətinin sonuncu nümayəndəsi (gənc
oğlan) qalmış, onu bir erkək (?) qurd bəsləmişdir.
Oğlan böyüdükdən sonra dişi
qurdla izdivacından bütün türklər törəmişlər.
Uyğur dastanlarına görə, Tanrı bir
erkək qurd şəklinə düşərək yer
üzünə enmiş, türk hökmdarlarından birinin
iki gözəl qızı ilə evlənmişdir. Rəvayətə görə, həmin izdivacdan türk
milləti törəmişdir. Bəlkə də elə
buna görədir ki, nə vaxtsa üzümü mavi
işığa tutub demişəm ki, ey mavi işıq məni
Bir vaxt gündoğandan
bədöy atları
Günəşin dalınca
baş alıb gedən,
Geriyə dönməyən
ulu yurd elə.
Ver oxu, qoy çəkim
bu yayı bir də;
Döndər öz əslimə,
- məni, qurd elə,
Təzədən başlayım
hər şeyi bir də.
QADIN. Qədim türk
dastanlarında (Hun, Oğuz Xaqan, Göytürk, Boz Qurd, Doqquz
Oğuz, On Hun) türk cəmiyyətində qadın
kişinin vəfalı, sadiq yoldaşı və ən əvvəl türk
uşaqlarının anasıdır. Bu analıq
vəzifəsi xalqımız arasında qadını müqəddəs
mövqeyə çıxarmış, onun ilahi varlıq
olmasını təsdiq etmişdir. Yaradılış
dastanımıza görə, (“Tanrı Qara xan”) min illər
sularla üzbəüz yalqız dayanmış Tanrı Qara
xana yaratmaq ilhamı verən ucsuz bucaqsız sulardan boy verib
çıxan Ağ Ana adlı qadın olmuşdur. Oğuz anası Ay Xaqan işıqlı bir varlıq
idi. Oğuzun ilk qadını göydən
düşən mavi və müqəddəs işıqdan
doğulmuşdu. Göy türklərin
yaradılış məsələsində də türkləri
yox olmaqdan qurtaran gəncin anası dişi qurd idi. Elə buna görə də türk dastanlarında
qadın Mavi Işıqdan, Müqəddəs Ağacdan, Boz
Qurddan ayrılmayan ilahi varlıq kimi qəbul edilmişdir.
...Yenə qara donlu
dərvişlər kimi,
O görklü Tanrı
tək
üz tutduğum gəl,
Bir vaxt işıq kimi
Tanrı eyləyib,
Bu gün namərd kimi
unutduğum,
gəl.
Bəlkə də bunları anlayandan və
qadının bugünkü vəziyyətini görəndən
sonra ürəyimdə bu misra haray salıb:
Kim səni
yendirdi ucalığından?..
AT. Atı gedən Koroğlunun elə bil dünyası əlindən
getmişdir. Nə bərk ayaqda güvəndiyi Misri
qılınc yadına düşürdü, nə də elə
bil arxasında 7777 dəli var idi (axı qara quş oyunlu, Boz
qurd baxışlı, qız birçəkli, alma
gözlü, ceyran yerişli, kəklik səkişli Qırat əldən
getmişdi). Türk dastanlarında at dastan qəhrəmanlarının
vəfalı sirdaşı, arxası, sevgili
qardaşıdır. At üstündə
doğulub, at üstündə ölməyi şərəf
bilən, atı qadın kimi, namus kimi müqəddəs sayan
xalqın yaddaşında at pozulmaz bir iz qoymuş,
dastanlarımızda zaman-zaman vəsf edilmiş, qardaşa bərabər
tutulmuşdur. Türklərdə ata olan
sevgini, qadına olan sevgi ilə müqayisə etmək olar.
Oğuz Xaqan itmiş atını tapıb gətirən
dəliqanlıya az adama qismət olan bəylik
vermiş, adını Karluq qoymuşdur (Karluq adını
atı qarlı dağdan tapıb gətirdiyinə görə
vermişdir). “Koroğlu” dastanında
Koroğlunun məşhur Qıratı dastandan Koroğlu qədər
məşhurdur. Bəlkə elə ona görə də
bir vaxt əlçatmaz arzularımla
imkansızlığım arasındakı təzaddan doğan
ağrı və kədərlə
pıçıldamışam:
Məni bu ağrıdan alıb getməyə
Qaraquş oyunlu boz atlar gərək...
SU. Xalq “Aydan arı sudan duru”
deyib. “Su təmizlikdir”, “Su müqəddəsdir”
deyib. Axırda da deyib ki, su həyatdır.
Xalqımızın məşhur
yardılış məsələsində Tanrıya yaratmaq
ilhamı verən qadın kainatı tutan ucsuz-bucaqsız suyun
dalğalarından yüksəlib
çıxmışdır. Oğuz
dastanında üzü su, yaxud kımız qədər
gözəl olan Göy, Dağ, Dəniz adlı
oğlanları doğacaq qız da Böyük gölün
ortasındakı ağac koğuşunda doğulmuşdur.
Buradan görünür ki,
yaradılışın ilkin ünsürlərundən biri, bəlkə
də birincisi müqəddəs sudur. Ləpələrin
müqəddəs “Xəzər” dilində danışan Xəzər
var yuxularımda. Nə vaxtsa üzümü Xəzərə
tutub dərdli-dərdli pıçıldamışam:
Bu dəniz çıxıbdı maviliyindən,
Ölümlə çırpışır Xəzər
anbaan;
Ləpə qollarını qoyub qoynuna
Ölür balıqları yosunlarıynan
Bu yuxularımda gördüklərimdə
üz tutub hələ də ağı oxuyuram. Elə bilirəm ki, bu ağrı-acılar, bu nisgil
və kədər heç vaxt tükənməyəcək.
Nə yaxşı ürəyə dammalar var. Nə
yaxşı hərdən ürək haray salır ki:
Baxma, ayrılıq sözünə
Yaşlar dolmasın sözünə.
Hər şey qayıdır özünə.
Dönür sonunda-sonunda.
Hərdən bu vətən
torpağında bizdən sonra duracaq bürcümüz,
qalamız cocuqlar əl çəkmir ki, bizə bir
nağıl danış. Onda o vaxt yuxuda
gördüklərimə üz tutub bir nağıl
başlayıram: biri varıydı, biri yoxuydu. Bir yurd
içində bir qurd varıydı...
Deyirlər ki:
Şair yuxusuna gül-çiçək girər,
Yenər yuxusuna
göydən
mələklər.
Yuxumda nə gördüm?
Onun ucundan
Nə çəkdim ilahi,
bilməyəcəklər.
Düz 400 ildir ki, yuxularımda:
Üz tutmuşam qurda sarı,
Qayıdıram yurda sarı,
Çəkilməmiş
dərd hasarı
Qayıt könül,
haqqa tapın
-sədası
eşidirəm.
Yuxularımızda
gördüklərimizin ucundan nə çəkirik? Bilməyəcəklər.
Dərd eləmə, dəli könül. Ustad deyir ki:
Bilməyən nə
bilsin bizi,
Bilənlərə
salam olsun.
Nə çəkirik?
- Bilənlərə
salam olsun.
Rüstəm Behrudi
Azadlıq.-
2013.- 26 dekabr.- S.14.