“İran türkləri deyildiyi
zaman xatirə Azərbaycan gəlir”
Məhəmməd Əmin Rəsulzadənin
«İran türkləri» əsəri kitab şəklində nəşr
edilib
Xəbər verdiyimiz kimi, 31 yanvar - milli
öndər Məhəmməd Əmin Rəsulzadənin
doğum günü ərəfəsində onun “İran
türkləri” adlı çox dəyərli bir əsəri
ayrıca kitab şəklində çap olunub. Kitab fəlsəfə
elmləri doktoru Yadigar Türkelin tərtibatı və elmi
redaktorluğu ilə nəşr edilib.
Hələ
Azərbaycan Xalq Cümhuriyyəti qurulmazdan xeyli əvvəl məfkurə
ustadımız M.Ə.Rəsulzadə
çalışdığı mətbu orqanlarda Azərbaycan
və azərbaycançılıq qayəsini yayır, Vətənini
həm xalqa, həm də dünyaya tanıtdırırdı.
Bu, o zamanlar idi ki, hətta xalqın özünə milli
kimliyini, dünyaya isə Azərbaycan adlı məmləkətin
mövcudluğunu isbat etmək gərək idi... Bu məmləkət
isə o zaman Rusiya və İran arasında bölünərək
- Şimal tayındakılar ruslaşdırılır, Cənub
tayındakılar isə farslaşdırılırdı. Məhz
“Azərbaycan qayəsi”ni yaymaq məqsədilə M.Ə.Rəsulzadə
öncə “İran türkləri”, sonralar “Qafqaz türkləri”
əsərlərini qələmə almışdır.
“İran
türkləri” silsilə məqalələr şəklində
ilk dəfə 1911-1912-ci illərdə İstanbulda “Türk
yurdu” jurnalında dərc edilib. Bununla da M.Ə.Rəsulzadə
Türkiyədə ilk dəfə olaraq İrandakı azəri
türkləri haqqında geniş bilgi verir. Burada azəri
türklərinin yaxın keçmişi, ictimai-siyasi və
iqtisadi durumu, mədəniyyəti və ədəbiyyatından
təbii bir şəkildə bəhs olunur.
M.Ə.Rəsulzadə
bu məqalələri 1908-1910-cu illərdə İranda
iştirakçısı olduğu hadisələr,
müşahidə və təəssüratları əsasında
qələmə almışdı. Ustad yazırdı ki, İran
türkləri və İran türklüyü deyildiyi zaman
xatirə Azərbaycan gəlir. İran türkləri
başlıca olaraq Azərbaycanda yaşayır; İran Azərbaycanı
İranın şimalında yerləşir və İranda
mövcud səkkiz əyalətin ən
mühümüdür.
O zaman 10
milyonluq İran əhalisinin azı 3 milyon nəfərinin
türk olduğunu yazan M.Ə.Rəsulzadə, onların İran
həyatında çox fəal olduqlarını
vurğulayır: “Beş yüz sənədən bəri İranda
hökmran olan padşahlar həp türk irqindən gəldilər...
İranda yaşayan türk qəbilələri (Şahsevən,
Qaşqai, Tükmən... i.a.) İran dövlətinin təbii
əsgərləridir? Nəsrəddin şah zamanında həqiqətən
yalnız kağız üzərində mövcud olan yüz
min nizam əskərindən 33 mini yalnız Azərbaycandan əxz
ediliyor idi... Zabitlərin çoxu türkdür...”.
Daha sonra
ustad yazır ki, Azərbaycanın mərkəz vilayəti olan
Təbriz İranın ikinci paytaxtı kimi qəbul edilir və
Tehrandan sonra şahlar məmləkətinin ən mühüm
şəhəridir: “Təbriz İran inqilabının atəşlər
yağdıran bir mənbəyi idi. Azəri türklərindən
təşəkkül edən hürriyyət mücahidləri
bütün İran zülmətpəsəndanına
qarşı mərdanə köks gərmiş,
dayanmışdır. İranın ənvar və niyazisi Səttar
Xan ilə Bağır Xanın komandası altında Təbrizin
on bir aylıq bir mühasirəyə qarşı göstərdiyi
qəhrəmanlıqların öylə şanlı səhifələri
vardır ki, bu bahadır türklərin iranlılar arasında
”övladi-qəyuri Azərbaycan" - deməyə təməyyüz
etmələri pək haqlıdır".
M.Ə.Rəsulzadə
1910-cu ildə İranda yaradılan Avropa tipli ilk iki
partiyanın aparıcı qüvvələrinin də azəri
türkləri olduğunu, hətta İranda ilk modern qəzeti
də azərbaycanlıların yaratdığını
qürur hissilə qələmə alır. Lakin təəssüflə
bir məsələni də vurğulayır: “...türk
inqilabçıları, türk məbusları, türk əncümənləri
dediyimizdə, bunların məhz türklük naminə hərəkət
etdikləri düşünülməsin. İran türk məşrutiyyətpərvərləri
türklüklərini düşünmədilər,
bütün fədakarlığı ancaq iranlılıq və
vətənin müştərək naminə icra etmişlərdir”.
O da diqqətə
çatdırılır ki, azərbaycanlılar İranın
rəsmi məzhəbi olan şiəliyə tabedirlər.
Şiəlik İran türklərini o qədər
farslaşdırmışdır ki, onlar özlərini
türkləşmiş fars, yəni əslən iranlı kimi
qəbul edirlər.
“İran
türkləri”ni qələmə almaqda məqsəd İranda
tarixi torpaqlarında yaşayan azəri türklərini,
buranın Azərbaycanın bir parçası olduğunu
dünyaya tanıtmaq idi. Nə yazıq ki, o zamanlar təkcə
İranda yox, Qafqazda da azərilərin mövcudluğundan hətta
qardaş Osmanlıda - indiki Türkiyə Respublikasında da
çox adam xəbərsizmiş... M.Ə.Rəsulzadə
yazır ki, bir-iki il əvvəl istefada olan istanbullu bir
paşaya özünü azərbaycanlı bir türk kimi təqdim
edərkən, möhtərəm paşa həzrətləri:
“İmperatorluq xaricində də əcəba türk
varmıdır?”- deyə soraraq, onu çox təəccübləndirib...
Yeri gəlmişkən,
M.Ə.Rəsulzadə 1914-1915-ci illərdə Bakıda
“Dirilik” jurnalında dərc etdirdiyi “Milli dirilik” adlı digər
silsilə məqalələrində də yazırdı ki, nə
qədər ali təhsil görmüş, mədəni həyat
və mədəni məmləkətlər görmüş
adamlarımızdan “hansı millətdənsiniz” - deyə
soruşsanız, “müsəlmanam” - deyə cavab verər.
Ustad daha sonra yazır: “Müsəlmanlığın ibtidai təsirindən
gələrək biz özümüzü müsəlman
adlandırdığımızdan əsil milliyyətimizin
ünvanını təşkil edən türklüyə əhəmiyyət
verməmiş, həman ”müsəlman" adına qənaət
eləmiş idik. Hələ də etməkdəyiz. Hələ
bu qənaətlə də qalmamışıq,
başqaları bizə “tatar” və “persiyan” demişlər,
ona da etiraz etməmişik".
M.Ə.Rəsulzadə
qeyd edir ki, bütün bunlar özümüzü lazımi qədər
tanımamaqdan irəli gəlir. Aramızda hələ bir
çoxları var ki, türklüklərinə şübhə
etmədədirlər. Türk gəncliyi dərk etməli və
düşünməlidir ki, bu gün türk milləti
böyük bir tarixə sahib olduğu halda tarixsiz
yaşayır. Türk tarixi tarixlərin ən az tədqiq
olunmuşu, ən az öyrənilib
yazılmışıdır. Tarix yazanlar isə türklərə
məğlub olan millətlərdən olduqları
üçün bu işə qərəzli
yanaşmışlar.
Bütün
bu deyilənlər bu gün də aktuallığını
itirmir. Bu baxımdan, vətəndaş ziyalı Yadigar
Türkelin “İran türkləri” kitabını çap
etdirməsini tamamilə məqsədəuyğun görür
və bu nəşrin böyük maraqla
qarşılanacağına əminik.
Sonda
xatırladaq ki, Y.Türkel bundan öncə M.Ə.Rəsulzadənin
“Azərbaycan şairi Nizami” (2008), “Milli birlik” (2009), “Azərbaycan
şairi Nizami” (bitkin nəşri, 2011), “Qafqaz türkləri”
(2012) və “Panturanizm. Qafqaz sorunu” (2012) əsərlərini də
ayrıca kitab şəklində nəşr etdirib.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.-
2013.- 1 fevral.- S.14.