Rəsulzadə
Novxanıda möhtəşəm mitinqlə anıldı
Böyük öndərin abidəsi
önündə onun ideyalarının tezliklə bərqərar
olacağı elan edildi
Əli Kərimli: "Məhəmməd
Əmin o qədər böyük şəxsiyyətdir ki,
onun kölgəsini qılınclayanlar da yeri gələndə,
onun kölgəsinə sığınırlar»
Azərbaycan
Xalq Cümhuriyyətinin banisi
Məhəmməd Əmin Rəsulzadənin doğum
günü münasibətilə İctimai Palata və
Demokratik Qüvvələrin Məşvərət
Məclisinin təşkilatçılığı ilə
dünən Novxanıda - böyük
öndərin abidəsi qarşısında anım mərasimi
keçirildi. Mərasim
Novxanının əsas magistralının yanından Rəsulzadənin
heykəli qarşısındakı parka qədər
olan məsafədə yürüşlə
başladı. Polislər maneçilik
törətməsələr də, Çevik
Polis Alayının xüsusi
təyinatlı dəstələri Post-Patrul
maşınları ilə qəsəbənin girişində
və yaxınlıqdakı küçələrdə keşik çəkirdilər.
Anım
mərasiminə qatılanların sayı əvvəlki illərdəkindən
xeyli çox idi. Bu səbəbdən mərasim
əzəmətli mitinqə çevrildi.
Dövlət himninin
canlı ifasından sonra mitinqin
aparıcısı, Müsavat
Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı hamını Rəsulzadənin
doğum günü
münasibətilə təbrik etdi. 31
yanvarın Azərbaycan xalqı üçün
müqəddəs gün olduğunu
deyən A.Hacılı həmçinin böyük öndərin gənc
yaşlarından siyasi proseslərə necə
qoşulmasından danışdı.
Rəsulzadə
Azərbaycana təmənnasız xidmət
etmək
nümunəsini yaradan şəxsiyyətdir!
Daha sonra söz AXCP sədri Əli Kərimliyə
verildi. AXCP sədri Rəsulzadənin
Azərbaycan xalqının taleyində və tarixində
oynadığı böyük roldan danışdı, indiki
iqtidarın bu tarixi
şəxsiyyətə və ümumən Cümhuriyyət
qurucularına biganə münasibətini, Cümhuriyyət
ideyalarına hörmətsiz davranışını tənqid
etdi:
“Bu gün biz
dövlətimizin gerçək banilərindən biri, Azərbaycanın böyük
oğlunu anmaq üçün bura gəlmişik.
Məhəmməd
Əmin Rəsulzadə xalqa xidmətin
nümunəsini yaratdı. O, çox gənc
yaşlarından həm siyasi mübarizəyə,
həm də ədəbi yaradıcılığa
başlamış, çoxşaxəli fəaliyyəti olan böyük şəxsiyyətdir.
Rəsulzadə həm jurnalist, həm yazar, həm ədəbiyyatşünas, əsasən
isə böyük siyasətçi, ideoloq olaraq, bütün həyatını Azərbaycana,
ölkənin haqq davasına həsr etmiş böyük bir şəxsiyyətdir.
Rəsulzadənin
varlığıyla hamımız fəxr edirik.
Təkcə bu şəxsiyyəti
yetişdirdiyinə görə bu millətin
haqqında heç kim
aşağı fikirdə ola bilməz. Məhəmməd Əmin Rəsulzadə öz məsləkdaşları ilə elə
bir həyat yolu keçib ki, bu gün də
hamımız üçün qürur mənbəyidir. İqtidarlı-müxalifətli
bütün beynəlxalq tribunalarada
hamımız məhz XX əsrin əvvəlində bu böyük şəxsiyyətlərin
gördükləri nəhəng işlərdən
bəhs edirik, Rəsulzadə o qədər böyük
şəxsiyyətdir ki, onun
kölgəsini qılınclayanlar da,
haqqında həmişə tənqidi danışanlar da yeri gələndə onun kölgəsinə
sığınırlar. Bu gün ona haqq etdiyi dəyəri verməyən
hazırkı iqtidarın təmsilçilərinin özləri lazım gələndə beynəlxalq
auditoriyalar qarşısında məhz Rəsulzadənin
xidmətlərilə, onun sayəsində
xalqımızın 94 il bundan
qabaq yaratdıqları ilə
öyünürlər.
Rəsulzadə öz
həyatı ilə simvollaşmış, Azərbaycana təmənnasız
xidmət etmə nümunəsini yaradan
şəxsiyyətdir. Çox sevinirəm
ki, 70 il sovetlərin, ondan sonra da
20 ilə qədər müddətdə sülalə hakimiyyətinin
respublikamızın banisinə qarşı apardığı
əks təbliğata baxmayaraq, yenə də
yüzminlər
qəlbində Rəsulzadəni məhəbbətini
yaşadır.
Bu gün
Azərbaycan xalqı özünün azadlıq, demokratiya
mübarizəsinin yeni bir mərhələsinə qədəm
qoyur. Xalqımız respublika üsul-idarəsini yenidən bərpa
etmək əzmindədir. Artıq xalq yaradılmış eybəcərliklərlə
barışmayacağını nümayiş etdirir.
Azərbaycanın
siyasi həyatına yeni, gənc nəsil gəlir və
böyük ustadımızın dediyi, “mütləqa Azərbaycanda
insan haqlarının, ədalətin yanında olanlar qalib gələcək”
fikri yenidən təsdiqini tapacaq. O böyük ustad bizə ən
çətin zamanlarda da millətimizə inanmağı,
güvənməyi, sabaha inamla baxmağı öyrədib.
Bu gün
biz əminliklə deyə bilərik ki, artıq o mərhələnin
ayaq səsləri eşidilməkdədir. Yenidən Azərbaycanda
respublika, demokratiya, azadlıq prinsipləri bərqərar
olacaq. Rəsulzadənin qoyduğu yol Azərbaycan
xalqının, millətimizin əsas yolu olaraq rəsmən
dövlət səviyyəsində gediləcək. Sizlərin
böyük Rəsulzadə sevginiz qarşısında, gəlin,
biz də ənənəmizə sadiq olaraq, ona sevgimizi elə
onun özünün sevimli misralarıyla ifadə edək:
Sən
bizimsən, bizimsən, durduqca bədəndə can, Yaşa,
yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”.
Rəsulzadə ömrünün
coğrafiyası...
Rəsulzadə İrsini Araşdırma
Fondunun rəhbəri, tarixçi alim Nəsiman Yaqublu çıxışında dahi öndərin
fəaliyyətindəki bir sıra məqamlardan
danışdı: “Məhəmməd Əmin Rəsulzadənin
71 illik ömrünün elə bir günü olmayıb ki, Azərbaycanın
istiqlalına həsr edilməsin. Bu
ömrün coğrafiyasına diqqət
yetirdikdə görürük ki, 71 illik ömrünün
cəmisi 22 ilini Azərbaycanda
yaşayıb. Ömrünün digər
məqamlarını İranda, Almaniyada, Polşada,
Türkiyədə, Fransada yaşayıb
və Azərbaycan istiqlalı uğrunda
mübarizə aparıb.
Hesablamışıq
ki, Rəsulzadənin Azərbaycanda nəşr
edilən yazılarının sayı 1500-dən, Fransada nəşr edilən
yazılarının sayı 50-dən, Polşada
nəşr edilən yazılarının sayı 30-dan, Almaniyada 20-dən çoxdur.
Bütün həyatını bu unsan Azərbaycanın
müstəqilliyinə həsr edib.
Özündən sonra böyük
irs, sərvət qoyub
gedib".
Rəsulzadə
bizə dövlət verib, ona
sahib çıxmalıyıq!
Klassik Xalq Cəbhəsi
Partiyasının sədri Mirmahmud Mirəlioğlu da 31 yanvarı xalqımız üçün
bayram günü
adlandırdı: “Bu bayramı bizə
Tanrı bəxş edib və bu gündə dünyaya gələn
Rəsulzadəni Azərbaycan üçün
çox önəmli şəxsiyyət kimi yetişdirib.
Allahın qisməti ilə onun ən böyük əsəri Azərbaycan Xalq Cümhuriyyəti olub.
Bugünkü birliyin baş tutmasına
görə də sizlərə təşəkkür edirəm.
Biz bir yerdə olmağa məhkumuq. Əks təqdirdə bu anti-milli hakimiyyət Azərbaycanı
fəlakətə aparacaq".
Açıq
Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər Rəsulzadənin
doğulduğu yeri
“müqəddəs torpaq”
adlandırdı. Sonra Rəsulzadənin Azərbaycan
dövləti adlı böyük bir abidəni ucaltdığını bildirdi: “Rəsulzadə və
silahdaşları bizə bayraq, dövlət
verib. Biz bu bayraqla yanaşı, öz dövlətimizə, öz
hakimiyyətimizə sahib
çıxmalıyıq. Xalqımızın indiki
çətin günüdə hamımız bir
yerdə olmalıyıq. Uğura gedən
yol bütün
müxalifətin bax burada
olduğu kimi birləşməsindən
keçir”.
Tarixçi alim Yadigar Türkel
isə çıxışında Rəsulzadənin “İran
türkləri” kitabından danışdı. Alim
1912-ci ildə yazılmış kitabı indiki
dövrün gənclərinin
anlayacağı dildə çap etdiyi barədə məlumat verdi
və kitabı nümayiş etdirdi. Kitabda despotik rejimlərlə xalqın
savaşından bəhs edilir.
Azadlıq
Partiyasının sədri Əhməd Oruc
çıxışında
20-ci əsrin əvvəlində milli
dövlət qurmaq pasportunu
Azərbaycan xalqına Rəsulzadə və
silahdaşlarının verdiyini bildirdi.
Rəsulzadə
irsinin araşdırmaçısı,
tanınmış qocaman şair
Teyyub Qurban Məhəmməd
Əmin Rəsulzadənin dünya
demokratlarına simvol olan
şəxsiyyət adlandırdı: “Mən inanıram ki, Rəsulzadənin
130 illiyi gələn il
Azərbaycanda yeni hakimiyyət tərəfindən
dövlət səviyyəsində qeyd olunacaq”.
VHP
Siyasi Şurasının üzvü
Samir Əsədli isə
çıxışında dedi ki, 20 ildir Azərbaycanda
hakimiyyətdəki rejim Rəsulzadə dəyərlərini
tapdalamaqla məşğuldur: “Artıq
belə bir hakimiyyətə get deməyin vaxtıdır. 2013-cü ildə
demokratik düşərgə hakimiyyətə
gələcək və Rəsulzadənin ənənələri
yenidən qurulacaq”.
Rəsulzadə
haqqında nə desək, azdır...
Müsavat Partiyasının
başqanı İsa
Qəmbər hər kəsi Rəsulzadənin doğum günü
münasibətilə təbrik edərək, dünyaya
belə bir şəxsiyyət bəxş
etdiyinə görə Novxanı kəndinin onun
qəlbində xüsusi yeri
olduğunu bildirdi:
“Rəsulzadə
haqqında nə desək azdır. Bu insan dünya ictimai-siyasi fikir xəzinəsinə
elə böyük bir
nəzəriyyə - müsavatçılıq bəxş edib ki, onun
təsirini hələ bir çoxları indi-indi dərk eləməyə
başlayıblar.
Rəsulzadənin
vəsiyyətini, çağırışını
Elçibəy başda olmaqla
bizim nəsil 1980-ci illərin sonları,
1990-cı illərin əvvəllərində gerçəkləşdirdi,
üçrəngli bayraq yenidən
yüksəldildi. Biz məcbur etdik ki, keçmiş
kommunistlər, bolşeviklər - yüz il ərzində Müsavat
ideologiyasına qarşı mübarizə aparanlar
o müqəddəs bayrağın
qarşısında diz çökdülər,
onu öpdülər. Doğrudur,
öz xislətlərinə uyğun olaraq həmişə
o bayrağın qırmızı hissəsini
öpürlər. Amma dərk eləmirlər
bu, onların qırmızısı deyil, bu,
xalqımızın mübarizəsinin rəmzi olan qırmızıdır, müasirlik
rəmzidir. Yeni nəsil hakimiyyətə
elə qüvvələrin gəlməsini təmin edəcək
ki, həmin qüvvələr üçün Rəsulzadə dəyərləri
müqəddəs olacaq".
***
Yekunda
mitinq iştirakçıları Azərbaycan dövlət
himnini oxudular. Sonra isə Məhəmməd Əmin Rəsulzadənin
atasının və oğlunun Novxanı qəbiristanlığındakı
məzarları ziyarət edildi.
Etibar Seyidağa
Azadlıq.- 2013.- 1 fevral.- S.9.