Segah ustadı “Segah İslam”

 

«Xanəndələr məclisi»ndən el məclislərinə...

 

“Mən İslama kamil oxuyan kimi baxıram. O, ”Yetim Segah"ı elə oxuyur ki, bütün məclisi əlinə alır. İslamın yaxşı cəhəti odur ki, onun “Segah”larında Azərbaycan ruhu daha çoxdur". Bu sözləri vaxtilə xalq şairi Səməd Vurğun İslam Abdullayev haqqında demişdi.

 

İslam Abdullayev həqiqətən də Azərbaycan musiqi mədəniyyətinə misilsiz töhfələr verən sənətkarlardan biri olub. Azərbaycan vokal sənətinin və Qarabağ muğam məktəbinin görkəmli nümayəndələrindən olan sənətkar “Segah” muğamının təkrarsız ifaçısı kimi tanınmışdır. Ona görə də xalq arasında onu Segah İslam deyə çağırıblar. İslam Əbdül oğlu Abdullayev 1876-cı ilin dekabr ayında Şuşa şəhərində anadan olmuşdur. İlk təhsilini şəhər məktəbində almış, hələ məktəb illərindən musiqiyə böyük həvəs göstərmişdir. Oğlunun musiqiyə olan həvəsini hiss etsə də, atasının ona müəllim tutmaq imkanı yox idi. Lakin bir təsadüf İslamın musiqi aləminə gəlib çıxmasına təkan verdi. O, şair Nəvvabın “Xanəndələr məclisi”nə dəvət olundu.

Azərbaycanın görkəmli musiqişünası Firudin Şuşinski “Azərbaycan xalq musiqiçiləri” kitabında yazır ki, İslam Abdullayev sonralar həmin hadisəni belə şərh edirdi: “Sərin yaz günlərinin birində atam evimizi təmir etdirirdi. Ustalar bütün işi qurtardıqdan sonra böyük, sal bir daşı ikinci mərtəbəyə qaldırıb pilləkənin başına qoymalı idilər. Üç usta, atam və mən nə qədər çalışdıqsa, daşı yerindən qaldıra bilmədik...

Ustalar tut ağacının kölgəliyində oturub çay içir, dincəlirdilər. Bu zaman atam məni çağırıb dedi:

- Bala, sən də bizim üçün bir-iki ağız de.

Mən pilləkəndə oturub “Qarabağ şikəstəsi” oxudum. Bir də nə görsəm yaxşıdı: darvazamızın ağzı adamla doludu. Camaatı görəndə utanaraq evə qaçdım.

Həyətə yığışanlar atamdan xahiş etdilər ki, mən bir də oxuyum. Atam əlacsız qalıb dedi:

- Xahişinizi yerinə yetirərəm, bu şərtlə ki...

- Əbdül əmi, axı şərtin nədir?

Atam gülümsəyərək dedi:

- Bu daşı pilləkənin başına qaldırasınız.

Gənclər qollarını çırmayıb, ustaların köməyi ilə daşı lazım olan yerə qoydular. Atam məni yanına çağırıb mehribanlıqla dedi:

- İslam, çıx daşın üstə, camaat üçün bir şey oxu.

Mən o zaman təzəcə öyrəndiyim “Qarabağda bir dənəsən” mahnısını oxudum. Qurtaranda hamı məni alqışladı. Bir qoca kişi atama dedi:

- Ay Əbdül, elə deyirsən kasıbam. Bundan da böyük var-dövlət istəyirsən?".

 

İlk dəfə Sadıqcanın oğlunun toyunda...

 

İslam Abdullayev öz xatirəsində yazır ki, “Mən Nəvvabın məclisində ilk dəfə o dövrün məşhur xanəndələrindən Məşədi İsini, Hacı Hüsünü, Mirzə Muxtarı, Dəli İsmayılı, Keştazlı Həşimi dinləmişəm, onlardan dərs almışam. Mən həmin məclisdə Hacı Hüsüdən ”Segah", Məşədi İsidən “Mahur”, Keştazlı Həşimdən “Bayatı-Qacar”, Mirzə Muxtardan “Rast”, Dəli İsmayıldan “Rahab” və s. muğamları öyrəndim. Lakin özüm də bilmirəm, nədənsə bu muğamlar içərisində məni daha çox cəlb edən “Segah” muğamı idi. Rəhmətlik Sadıq tarını döşünə alan kimi mənim üçün “Segah” çalardı. Məni dinləyən usta Hacı Hüsü isə bu muğama yeni-yeni guşələr, xallar əlavə edib məndən onları təkrar etməyi tələb edərdi...".

İslam Abdullayevin xanəndə kimi ilk müstəqil çıxışı görkəmli tarzən Sadıqcanın oğlu Əsədullanın toyunda olmuşdur. Toyun axırıncı gecəsində şair Nəvvab toyun “padşahı” Əllaf Kərbəlayı Şükürdən xahiş edir ki, İslamın “Segah” oxumasına icazə versin. Həmin gecə İslamın yanıqlı bir səslə oxuduğu “Segah” məclis əhlini, orada iştirak edən musiqiçiləri heyran edir. Buradakı ilk çıxışdan sonra İslamın şöhrəti artır və bundan sonra tez-tez Qarabağ, Gəncə, Şəki, Şirvan mahallarının el şənliklərinə dəvət edilir. Artıq onun səsi İran məclislərindən gəlməyə başlayır və İranın Rəşt şəhərində məclislərin birində Tehran xanəndələri Rübabə xanım, Sidqiyyə xanım və Qəmər Mülük xanım ilə yaxından tanış olur. Həmin məclisdə İslam Abdullayev tarzən Məşədi Zeynalın müşayiəti ilə oxuyur. Onun oxuduğu “Segah” tamaşaçıları heyran qoyur.

F.Şuşinskinin yenə də yuxarıda adını çəkdiyimiz kitabında oxuyuruq: “Seyid Şuşinski söyləyərdi ki, İslam olan məclisdə nə Cabbar, nə Ələsgər, nə Keçəçi Məhəmməd, nə də mən ”Segah" oxumazdıq. Həqiqətən, belə idi. İslamın oxuduğu “Segah”, xüsusilə “Yetim segah” nəinki Zaqafqaziyada, hətta bütün Yaxın Şərqdə məşhur idi. Məhz buna görə də, xalq onu “Segah İslam” adlandırmışdı".

Böyük müğənni Bülbül də İslam Abdullayevin ifaçılıq qabiliyyətinə yüksək qiymət vermişdir: “İslam fars qəzəli oxumazdı. O, Azərbaycan şairlərindən, xüsusilə Füzulinin və Zakirin qəzəllərini oxuyardı. ”Segah"ı o qədər gözəl oxuyardı ki, ona qulaq asdıqca adamın ürəyi titrəyirdi...".

1901-1905-ci illərdə İslam Abdullayev tarzən Qurban Pirimovla birlikdə Qarabağ, Gəncə məclislərində çıxış etmişdir. Qurban Pirimov deyirdi ki, Mən birinci dəfə məclisdə İslamla çıxış etmişəm. İslamın “Segah”ına söz ola bilməz. O, “Yetim segah”ı oxuyanda elə bil dağı-daşı dilə gətirirdi.

 

“Segah” onun təxəllüsü oldu

 

İslam Abdullayevin “Segah”ı həmin dövrün gənc xanəndələri üçün məktəb olub. Təsadüfi deyildir ki, o zaman gənc xanəndələrdən Əsgər Qurbanov, Cəmil Məmmədov, Bülbül, Xan Şuşinski, sonralar isə Zülfü Adıgözəlov, Həşim Kələntərli, Sürəyya Qacar və başqaları “Segah” oxuyarkən məhz İslam Abdullayevi təqlid ediblər.

F.Şuşinskinin həmin kitabından: Seyid Şuşinski xatirələrində belə bir maraqlı əhvalat söyləyir: “Bir gün mən Ağdaşda toy məclisində olarkən məndən ”Segah" oxumağı xahiş etdilər. Mən camaatın xahişini yerinə yetirərək “Mirzə Hüseyn segah”ı oxudum. Mən “Segah”ı oxuyub qurtaran kimi dinləyicilərdən biri mənə müraciət etdi:

- Ağa, biz “Segah” istəyirik.

Mən belə güman etdim ki, o, “Zabul Segah”ı oxumağımı istəyir. Mən onu da oxudum. Lakin gördüm ki, tamaşaçılar yenə razı qalmadılar. Vəziyyəti belə görən tarzən Rzabala mənə dedi:

- Ağa, yəqin bunlar “Yetim Segah”ı istəyirlər.

Mən:

- Neynək onda tarı köklə.

Mən “Yetim Segah”ı da oxuyub başa vuranda məclisdə əyləşən bir ağsaqqal dilləndi:

- Ağa, sən nə cür “Segah” oxuyursan ki, orada “Keçər qürbətdə ömrüm ah ilə, bir həmzəbanım yox” sözlərini eşitmirik?

Mən həmin dəqiqə dərk etdim ki, məclis hamılıqla İslamın “Segah”ını oxumağımı istəyir. Təzədən “Yetim Segah”ı başladım və İslamın həmişə oxuduğu şair Qumrinin məşhur qəzəllərindən istifadə etdim. Məclisi görünməyən alqış və razılıq sədaları bürüdü. Onda mənə aydın oldu ki, nə təhər deyərlər: “Qara qızın dərdi var imiş”, yəni tamaşaçıların dərdi adicə “Segah” yox, məhz İslamın “Segah”ını dinləmək dərdi imiş".

İslam Abdullayev bir müddət məşhur tarzənlərdən Məşədi Zeynal, Məşədi Cəmil Əmirovla, sonralar isə Şirin Axundovla birlikdə çalıb-oxuyub. O, 1910-1915-ci illərdə “Sport-Rekord” və “Ekstrafon”, “Primer-Rekord” aksioner cəmiyyətlərinin dəvəti ilə səsini qrammofon valına yazdırmışdır. O, “Yetim Segah”, “Bayatı-Kürd”, “Kürdü-Şahnaz”, “Bayatı-Qacar”, “Şüçtər”, “Mahur-hindi”, “Şikəsteyi-fars”, “Çalpapaq”, “Səttarxan”, “Süsən sünbül”, “Axşam oldu” və sair muğam, təsnif və el mahnılarını son dərəcə orijinal, lirik tonla oxumuşdur.

Görkəmli sənətkar İslam Abdullayev 1964-cü ildə 88 yaşında Bakıda vəfat edib.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 3-4 fevral.- S.14.