Riyaziyyatda “Məmmədov üsulunun müəllifi

 

Böyük insan, nüfuzlu alim

 

Azərbaycanda xalq hərəkatının başlandığı 80-ci illərdə Bakı Dövlət Universitetində təhsil alan tələbələr bu görkəmli alimiböyük insanı gözəl xatırlayırlar. Tale elə gətirmişdi ki, 33 il müxtəlif vəzifələrdə çalışdığı bu nüfuzlu təhsil ocağına məhz o dövrdə - 1987-ci ildə rektor seçilmişdi. Qeyd edək ki, o, universitetdə seçki vasitəsilə seçilən yeganə rektor olub.

 

Ölkədə yeni bir mərhələnin, tələbə hərəkatı və xalq etirazlarının başlandığı bir dövrdə paytaxtın ən aparıcı universitetinə rəhbərlik etmək böyük bir məsuliyyət demək idi. Qarabağda baş verən hadisələrin əks-sədası Bakını təlatümə gətirmiş, universitet auditoriyaları qaynamağa başlamışdı. Amma o, bu aparıcı universitetin rəhbəri olsa da, çəkinmədən gənclərin milli-azadlıq mübarizəsinin dəstəkçilərindən birinə çevrildi. Bir çox tələbələri indi vətənpərvər və nəcib müəllimlərinin meydan hadisələrində onlarla çiyin-çiyinə dayandığını xoş hisslərlə xatırlayırlar. Bəlkə elə tutduğu mühüm vəzifədə uzun müddət qala bilməməsinin, 1989-cu ildə rektorluq fəaliyyətinə son verilməsinin əsas səbəbi də bu idi...

Azərbaycanda örnək ziyalı şəxslərdən biri, fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü Yəhya Məmmədov. Onun elmi işləri, araşdırmaları və əsərləri Azərbaycan elminə misilsiz töhfələr vermişdir. Alimin elmi nailiyyətləri yalnız respublikada deyil, ölkədən kənarda da uğurla tətbiq olunmuşdur.

Y.Məmmədovun elmi tədqiqatlarını yüksək qiymətləndirən V.Q.Boltyonski demişdir: “Y.Məmmədov Banax fəzasında qeyri-xətti operator-diferensial tənliklərin tədqiqi metodunu vermiş, Volter tipli operator tənliklərin nəzəriyyəsini qurmuşdur. Müəyyən sinif tənliklərin həlli sürətlə yığılan iterasiyalar şəklində axtarılan ekvivalent tənliklərə gətirilməsi üçün təklif etdiyi üsul dünya riyaziyyatçılarına məlum ”Məmmədov üsuludur".

Azərbaycanlı alimin o dövrün böyük riyaziyyatçıları tərəfindən yüksək dəyərləndirilməsi əsassız deyildi. Onun elmi nailiyyətləri həqiqətən də riyaziyyat elminə yeni uğurlar gətirmişdi. Alim 1974-cü ildə nəşr etdirdiyi “Adi diferensial tənliklərin təqribi həllərinin tapılması üsulları” adlı monoqrafiyasına görə Dövlət mükafatına layiq görülmüşdü.

 

Dəyərli elmi nailiyyətləri

 

Yəhya Cəfər oğlu Məmmədov 1930-cu il oktyabr ayının 10-da Naxçıvanda anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirən gənc alim aspiranturada saxlanılmışdır. Y.Məmmədov 1957-ci ildə namizədlik dissertasiyası müdafiə edərək universitetdə müəllim kimi fəaliyyətə başlamışdır. 1965-ci ildə alim doktorluq dissertasiyasını müdafiə etmiş və universitetin “Hesablama riyaziyyatı” kafedrasının müdiri seçilmişdir. Məşhur professor bu tarixdən etibarən 35 il, yəni ömrünün sonunadək kafedra müdiri vəzifəsində çalışmışdır. Y.Məmmədov 1971-1987-ci illərdə BDU-nun elmi işlər üzrə prorektoru, 1987-1989-cu illərdə isə rektoru vəzifələrində çalışmışdır. Azərbaycan elmi qarşısındakı böyük xidmətlərinə görə 1980-ci ildə ona “Əməkdar elm xadimi” fəxri adı verilmiş, 1983-cü ildə isə alim Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Böyük riyaziyyatçı alim dünyanın müxtəlif ölkələrində çap olunmuş 100-dən çox elmi məqalənin, 7 monoqrafiyanın, 5 dərslik və dərs vəsaitinin müəllifidir.

Elmi mənbələrdə Y.Məmmədovun adı “qeyri-xətti analiz və hesablama riyaziyyatı sahəsində tanınmış alimlərdən, riyaziyyat aləmində sağ tərəfi birtərəfli qiymətləndirməyə tabe olan, qeyri-xətti operator-diferensial tənliklərin həllinin tədqiqi üsulunun, eləcə də abstrakt qeyri-xətti Volter operator tənliklər nəzəriyyəsinin yaradıcılarından biri” olaraq göstərilir. Tanınmış sovet akademiki Y.A.Mitropolski görkəmli azərbaycanlı alim haqqında deyirdi: “O, məşhur sovet alimidir, müasir riyaziyyat elminin bir çox sahələrinin böyük mütəxəssisidir. Müxtəlif tənliklər sinfinin həllərinin qurulması və tədqiqi üçün təqribi üsullar nəzəriyyəsində əsas nəticələr ona məxsusdur. İlk növbədə, qeyri-xətti operator tənliklər nəzəriyyəsində bu şəxsiyyətin aldığı nəticələr diqqətəlayiqdir”.

 

Minneapolis şəhərinin “Fəxri vətəndaşı”

 

Riyaziyyatçı alim dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq konfranslarda Azərbaycan riyaziyyat elmini ləyaqətlə təmsil etmiş, SSRİ Ali Təhsil Nazirliyinin nəzdindəki Elmi Metodik Şuranın Riyaziyyat bölməsi Rəyasət heyətinin üzvü olmuşdur. Yəhya Məmmədov fəaliyyəti dövründə bir çox beynəlxalq mükafatlara layiq görülmüşdür ki, onlara “Akademik Vavilov” medalı və “Drujba narodov” ordenini nümunə göstərmək olar. Görkəmli mütəxəssis ABŞ-ın Minneapolis şəhərinin “Fəxri vətəndaşı” seçilmişdir.

“Yəhya Məmmədov qeyri-xətti analiz və hesablama riyaziyyatı sahəsində tanınmış riyaziyyatçıdır. Banax fəzalarında diferensial tənliklərin tədqiqi onun yaradıcılığında mühüm yer tutur. O, belə tənliklərin həlli üçün geniş nəzəriyyə vermişdir. Volter tipli qeyri-xətti operator tənliklər nəzəriyyəsi də Y.C.Məmmədova məxsusdur. Onun təklif etdiyi üsullar, çox sayda alimlərin işində, müxtəlif məsələlərin həllində öz tətbiqini tapmışdır”. Görkəmli riyaziyyatçı alim haqqında bu sözləri də AMEA-nın akademiki M.Ə.Rəsulov deyirdi.

Nüfuzlu elm xadiminin rəhbərliyi altında Azərbaycandan əlavə, dünyanın 9 ölkəsindən 32 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Bu ölkələr siyahısına Almaniya, Əlcəzair, İraq, Misir, Polşa, Rusiya, Türkiyə, Türkmənistan və Özbəkistan daxildir. Hazırda həmin elm adamlarından 8-i elmlər doktoru və professordur. Bundan başqa, professor keçmiş sovetlər birliyinin bir çox şəhərlərində 60-dan çox namizədlik və doktorluq dissertasiyalarına opponentlik etmişdir.

Məşhur sovet akademiki A.A.Samarski isə yazırdı: “Y.C.Məmmədovun işləri hesablama və tətbiqi riyaziyyat, eləcə də riyazi modelləşdirmənin intensiv inkişafını stimullaşdırır. Xüsusilə, onun pedaqoji və elmin təşkilindəki xidmətlərini qeyd etmək istərdim. Ümid edirəm ki, bizim universitetlər arasındakı əlaqələr daha sıx olacaq və təbii ki, bu, modelləşdirmənin inkişafına təsir edəcək”.

Azərbaycan riyaziyyat elminin inkişafında misilsiz xidmətləri olan Y.Məmmədov 2000-ci il yanvarın 26-da dünyasını dəyişmişdir. Görkəmli alimin adının əbədiləşdirilməsi üçün onun yaradıcısı olduğu “Hesablama riyaziyyatı” kafedrasının önündə xatirə lövhəsi vurulmuş, adına təqaüd təsis edilmiş və auditoriya yaradılmışdır.

2010-cu ildə Bakıda böyük riyaziyyatçı alimin anadan olmasının 80 illiyinə həsr olunmuş “Riyaziyyat və mexanikanın aktual problemləri” adlı beynəlxalq konfrans keçirilmişdir. Unudulmaz elm xadiminin nailiyyətləri bu gün də öz bəhrəsini verir və Məmmədov məktəbinin uğurları yetişdirmələri tərəfindən layiqincə davam etdirilir.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 6 fevral.- S.14.