Universitetdə 1 nömrəli diplomun sahibi
Universitet auditoriyasından müharibə meydanlarına
İkinci Dünya müharibəsinin başlanması
ilə elmi işləri yarımçıq
qalan alimlər sırasında onun da adı vardı.
Elmi fəaliyyətə
1934-cü ildə Azərbaycan
Dövlət Universitetinin
biologiya fakültəsinə
daxil olduqdan sonra, tələbəlik illərində başlamışdı.
Universitetdə oxuduğu
2 il müddətində
SSRİ EA Zaqafqaziya filialı
Azərbaycan şöbəsinin
Zoologiya İnstitutunda
laborant vəzifəsində
çalışmışdı. Onun çoxlarından fərqlənən bilik və qabiliyyəti təhsil aldığı
universitetin məşhur
professoru Elpatevski və bir çox
müəllimlərin nəzərindən
qaçmadı.
Beləliklə, 1939-cu ildə universiteti fərqlənmə
diplomu ilə bitirdiyi zaman onu onurğalılar zoologiyası kafedrasında
müəllim saxladılar.
Təhsil aldığı
universitetin ilk məzunlarından
sayılan gənc alim 1 saylı diplomun sahibi oldu. 1940-cı ildə müəllimlik fəaliyyətini
davam etdirməklə bərabər, Zoologiya İnstitutunda “İxtiologiya”
ixtisası üzrə
aspiranturada oxumağa başladı...
Haqqında söz açdığımız bu
görkəmli alim Azərbaycanda zoologiya-ixtiologiya
elmləri sahəsində
tanınmış mütəxəssis,
AMEA-nın müxbir üzvü Yusif Əbdürrəhmanovdur.
Müharibə onun bütün planlarını
yarımçıq qoydu.
Milyonlarla gənc kimi, o da od
püskürən savaş
meydanlarına yola düşdü. Müharibənin
ilk günlərindən 1943-cü ilədək Xəzər hərbi dəniz donanmasının gəmilərində
radist vəzifəsində
çalışdı. Çətin
sınaq illəri alimi elmi işlərindən
ayırsa da, müharibə başa çatan kimi, öz işinin başına döndü.
Böyük çətinliklər
dövrü idi. Amma o, elmi axtarışlarını
dayandırmaq niyyətində
deyildi...
AMEA Zoologiya İnstitutunun veb səhifəsində görkəmli Azərbaycan
alimi Yusif Ələkbər oğlu Əbdürrəhmanov haqqında
təfərrüatlı bioqrafik
məlumat yer alır. O, 1912-ci il may ayının 18-də Şəki
şəhərində anadan
olmuşdur. Valideynlərini
gənc yaşlarından
itirmiş, ibtidai təhsilini Şəkidəki
nümunə-zəhmət məktəbində
almış və
1925-ci ildə Şəki
pedaqoji texnikumuna daxil olmuşdur. Bu texnikumu bitirdikdən sonra 4 il kənd
müəllimi, kolxoz gənclər məktəbində
müəllim və tədris hissə müdiri işləmişdir.
Y.Əbdürrəhmanovun əsas elmi işləri müharibədən sonra başlanmışdır. Hərbi
xidməti başa vurduqdan sonra o, biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün 1945-ci ilin
iyul ayında “Xəzər şirbitinin biologiyası” mövzusunda
dissertasiya işi müdafiə etmiş və Azərbaycan SSR EA Zoologiya İnstitutunun su heyvanları şöbəsində baş
elmi işçi vəzifəsinə qəbul
edilmişdir. Həmin
şöbəyə o dövrdə
məşhur alim, Azərbaycanın balıq
faunasının öyrənilməsində
əvəzsiz xidmətləri
olmuş akademik A.N.Derjavin rəhbərlik edirdi.
Bu nüfuzlu alimlə birgə işləmək
Əbdürrəhmanovun elmi
fəaliyyətində mühüm
mərhələ olmuşdur.
Qısa zamanda İnstitutun su heyvanları şöbəsinin
əsasında yaradılmış
ixtiologiya laboratoriyasına
rəhbərlik etmək
Y.Ə.Əbdürrəhmanova həvalə edilmişdir.
Alim 1952-ci ildən ömrünün sonuna kimi ixtiologiya laboratoriyasının müdiri
vəzifəsində çalışmışdır.
Azərbaycan balıqlarını öyrənən alim
Azərbaycanın və keçmiş
SSRİ-nin müxtəlif
nəşriyyatlarında, habelə
xaricdə nəşr
olunan jurnallarda görkəmli alimin 100-dən
çox elmi əsəri çap edilmişdir. Y.Ə.Əbdürrəhmanov
eyni zamanda 6 monoqrafiyanın müəllifidir.
Əbdürrəhmanov “Azərbaycan balıqları” (1955) monoqrafiyasında
Respublika sularında yayılmış balıqlar
haqqında mövcud məlumatları dərindən
tədqiq etmiş və ümumiləşdirmişdir.
Bu monoqrafiya ixtiologiya sahəsində Azərbaycan
dilində yazılmış
ilk əsər olmaqla bərabər, ali məktəb tələbələri
üçün qiymətli
tədris vasitəsi hesab edilir.
Y.Ə.Əbdürrəhmanov 1960-cı ildə “Azərbaycanın şirin
su balıqları” mövzusunda dissertasiya işi müdafiə etmiş, biologiya elmləri doktoru alimlik dərəcəsinə
yiyələnmişdir. 1965-ci ildə ona ixtiologiya
ixtisası üzrə
professor elmi adı verilmiş, 1968-ci ildən
isə alim Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.
Böyük alim ixtiologiya
laboratoriyasının müdiri
olduğu 25 il ərzində respublikanın
daxili su hövzələrinin, Xəzər
dənizinin balıq faunasının və ehtiyatının tədqiqi
sahəsində elmi məktəbin formalaşmasına
mühüm xidmətlər
göstərmişdir. Bu laboratoriyanın
fəaliyyəti balıqçılıq
təsərrüfatı idarələrinin
işi ilə sıx sürətdə bağlıdır. Onun rəhbərlik etdiyi qurumun bir sıra
elmi-tədqiqat işlərinin
nəticəsi müvafiq
əməli təkliflərlə
balıqçılıq təsərrüfatı
idarələrinə verilmişdir.
Əbdürrəhmanov və
başqa ixtioloqlar tərəfindən aparılmış
tədqiqatlara əsasən
demək olar ki, Azərbaycanın heyvanlar aləmi içərisində balıqlar
ən yaxşı öyrənilmiş heyvan qruplarından sayılır.
Mingəçevir su anbarının
biologiyası laboratoriyasının
ilk yaradıcılarından biri də Y.Ə.Əbdürrəhmanovdur.
Böyük alimin və onun Zoologiya
İnstitutunda çalışan
başqa ixtioloq həmkarlarının apardıqları
tədqiqatlar sayəsində
Mingəçevir su anbarı respublikanın yaxşı öyrənilmiş
su hövzələrindən
hesab olunur.
Y.Ə.Əbdürrəhmanovun “Azərbaycan faunası” (VII cild) seriyasından olan “Balıqlar” (1966) kitabında
Azərbaycanın şirin
sularında və Xəzərin Azərbaycan
sektorunda yaşayan 95 növ və yarımnöv balığın
təsnifat qaydası ilə morfologiyası, yayılması, həyat tərzi və təsərrüfat əhəmiyyətinə
dair yeni məlumatlar verilir.
Böyük elmi dəyər
daşıyan əsərləri
Görkəmli ixtioloqun əsərləri ümumilikdə
böyük elmi əhəmiyyət daşıyır.
Bu əsərlər haqqında
mərkəzi jurnallarda,
xarici mətbuat səhifələrində dərc
olunmuş rəylər,
o cümlədən Azərbaycan
SSR EA Zoologiya İnstitutunun
müdiriyyəti tərəfindən
həmin əsərlər
üçün müəllifə
verilən xüsusi mükafatlar bunların yüksək elmi əhəmiyyətini bir daha sübut edir. Y.Ə.Əbdürrəhmanovun
elmi fəaliyyəti Azərbaycan dilində zooloji ədəbiyyatın,
dərsliklərin yaranmasına
da öz gözəl töhfəsini
vermişdir. Alim “Zoologiya terminləri lüğəti”nin (1961) müəlliflərindən
biridir. O, “Azərbaycan
dilinin izahlı lüğəti”nə (1965) daxil
olan zooloji terminlərin izahını
vermişdir. Əbdürrəhmanov
Azərbaycan Sovet Ensiklopediyasının ayrı-ayrı
cildlərinə daxil edilmiş bir sıra məqalələrin,
eyni zamanda həmin ensiklopediyanın bütün cildlərinə
daxil olan zoologiya üzrə sözlərin müəllifidir.
Bundan başqa, Y.Ə.Əbdürrəhmanov 1945-54-cü illərdə Azərbaycan
Dövlət Universitetinin
“Biologiya” fakültəsində
ixtiologiya, balıqların
ekologiyası, paleozoologiya
fənlərindən mühazirələr
oxumuş, tələbələrin
diplom işlərinə
rəhbərlik etmişdir.
Alim ali və orta məktəblər
üçün zoologiya
dərsliklərinin yazılmasında
və Azərbaycan dilinə tərcümə
edilməsində də
yaxından iştirak etmişdir. Y.Ə.Əbdürrəhmanov
Moskva, Leninqrad, Kiyev, Bakı və başqa şəhərlərdə keçirilən
ümumittifaq konfranslarında,
elmi sessiyalarda məruzələrlə çıxış
etmişdir.
Onun P.A.Qayıbova və H.S.Abbasovla birgə yazdığı
“Bizim balıqlar”
(1955) adlı kitabçası
elmi-kütləvi kitabçalar
içərisində xüsusi
qiymətə malikdir.
1971-ci ildə Azərbaycan
Təbiəti Mühafizə
Cəmiyyəti Mərkəzi
Şurasının Rəyasət
heyəti Y.Ə.Əbdürrəhmanovu
“Təbiəti mühafizəyə
həsr olunmuş ən yaxşı mühazirələrin mətnin
tərtib etmək” üzrə I Respublika müsabiqəsində I dərəcəli
diplomla mükafatlandırmışdır.
Bir çox nüfuzlu ictimai vəzifələrin və
mühüm titulların
sahibi olan professor Y.Ə.Əbdürrəhmanov fəaliyyəti
dövründə “Şərəf
Nişanı” ordeni və 4 medalla təltif edilmişdir.
Böyük alim Y.Ə.Əbdürrəhmanov
1977-ci ildə 65 yaşında
vəfat etmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 7 fevral.- S.14.