O, musiqinin rənglərini belə görürdü...
Məşhur qarmon ifaçısı
Kor Əhəd
Azərbaycan musiqisinin inkişafında
böyük xidmətlər göstərmiş görkəmli
sənətkarlardan biri də qarmonçalan Kor Əhəd
olub. Kor Əhəd öz dövrünün istedadlı sənətkarlarından
biri idi və onlarca bacarıqlı qarmonçu yetirmişdir.
Onlardan Teyyub Dəmirov, Fatma, Səfərəli Vəzirov, Məmmədağa
Ağayev və başqalarını göstərmək olar
ki, onlar da məşhur qarmonçu kimi bu sənəti ləyaqətlə
davam etdirmişlər.
Əhəd
Fərzəli oğlu 1893-cü ildə Bakı şəhərində
yoxsul bir ailədə anadan olmuşdur. Onun nə ailəsində,
nə də qohum-əqrəbasında musiqi aləmi ilə
bağlı adam vardı. Əhədin musiqi aləminə gəlişi
təsadüfən və faciəvi bir hadisə ilə əlaqədar
olmuşdur. Hələ iki yaşında ikən o, göz xəstəliyinə
tutulmuş, həkimlərin səyi nəticə vermədiyindən,
üç yaşında gözləri tamamilə
tutulmuşdur. Övladlarının dünya
işığına həsrət qalması ailəsinə
böyük dərd olmuşdur. Altı yaşı tamam olanda
anası Əhədə 7 dilli balaca bir qarmon almış və
bu, balaca Əhədin həyatını dəyişmişdir.
Beləliklə, qarmon onun yeganə təsəllisinə
çevrilmişdir.
Əhədin
musiqi müəllimi olmamış, heç kəs ona musiqinin
sirlərini öyrətməmişdir.
Məhəllə
toyları, qrammofon valları onun üçün bir məktəb
olmuşdur. Anası Əhədi özü ilə qadın
toylarına aparardı. Həmin dövrdə Bakıda
qadın toylarında musiqiçi dəstələri əsasən
qarmonçalandan və zurna-balabançıdan ibarət
olardı. Qadınların əksəriyyəti qarmonla
çalınan havaları oynamağa daha çox meyl edərdilər.
“Mirzəyi”, “Tərəkəmə”, “Vağzalı”,
“Qızılgül”, “İnnabı”, “Uzundərə” kimi oyun
havaları həmin vaxt daha çox dəbdə idi. Balaca Əhəd
də qarmonçalana yaxın yerdə oturar, sonsuz həvəs
və maraqla çalınan havaları dinləməkdən
doymazdı. Toydan evə qayıdan kimi o, qarmonu
götürüb eşitdiyi, həm də
xoşladığı yeni havanı çalıb öyrənərdi.
Əhədin qarmonçu kimi yetişməsində məşhur
qarmon ustası Kərbəlayı Lətifin qrammofon
vallarının da təsiri olmuşdur. Əhəd saatlarla
qrammofonda Lətifin çalğısına qulaq asar, onun sənətinin
sirrini öyrənməyə çalışardı.
Artıq
13-15 yaşlarında Əhəd 114 dilli qarmonda
çalmağa başlayır və onu tez-tez məclislərə,
ailə şənliklərinə dəvət edirlər. Onun
çalğısı hamını valeh edirdi.
Əhəd
Bakı toylarında Cabbar Qaryağdı oğlunu, Seyid
Mirbabayevi, Keçəçi oğlu Məhəmmədi, İslam
Abdullayevi sonsuz həvəs və maraqla dinləyər,
onların guşə və xallarını qarmonda elə məharətlə
vurardı ki, sanki qarmon dil-açıb oxuyardı.
Qadın toylarından başlanan
şöhrət
Əhəd
16 yaşından mahir bir çalğıçı kimi
qadın toylarına dəvət edilir. Həmin toylarda Əhədi
Zeynəb adlı bir qadın dəfdə müşayiət edərdi.
Əhəd bir neçə il dəfçi Zeynəb ilə
Bakı-Abşeron toylarında çıxış etdikdən
sonra artıq 20 yaşında kişi toylarına dəvət
olunur.
Az vaxt
içərisində böyük şöhrət qazanan Əhədi
hətta Şirvan-Muğan məclislərinə belə dəvət
edirlər. Əhəd tək qarmonda deyil, eyni zamanda saz, piano,
tar və tütək alətlərində el havalarını
məharətlə çalırdı. Əhəd bir saz
ustası kimi bütün Azərbaycanda məşhur idi. Bir
çox xanəndələr toy məclislərinə dəvət
olunarkən mütləq Əhəd ilə
çalıb-çağırmağı münasib bilirdilər.
Çünki Əhəd həm xanəndəni tarda
müşayiət edər, həm də qarmonda oyun
havalarını çalardı.
Görkəmli
musiqişünas Firudin Şuşinski Əhədin bu
istedadı barəsində özünün “Azərbaycan xalq
musiqiçiləri” kitabında belə yazırdı: “Təsadüfi
deyildir ki, Əhədin istər qarmonda, istərsə də
tarda və sazda virtuoz çalğısı böyük
müğənni Cabbar Qaryağdı oğlunun diqqətini
belə cəlb etmişdi. O, Əhədi də özü ilə
toylara aparırdı. Əhədin “Segah” muğamını
qeyri-adi zövq və hünərlə, özünəməxsus
incəliklə çalması Cabbar Qaryağdı oğlunu
valeh edərdi. Məşhur sənətkarlar kimi Əhədin
də öz dəstəsi vardı: tar, qarmon, dəf və
qoşanağara alətlərində çalan musiqiçilər
bu dəstəyə daxil idilər. Əhədin şagirdi məşhur
qarmonçu Teyyub Dəmirov əvvəllər onun dəstəsində
uzun illər dəfçalan olmuşdur".
Azərbaycanda
Sovet hakimiyyəti qurulduqdan sonra Əhəd fəhlə
klublarında, mədəniyyət evlərində, geniş
konsert salonlarında çıxış etmişdir.
Görkəmli
bəstəkar Müslüm Maqomayev Əhədi radioda
çalmaq üçün dəvət etmiş,
1927-1933-cü illərdə Əhədin sehrli qarmonunun xoş
səsi bütün Azərbaycan yayılır. Əhəd Azərbaycan
rayonlarına qastrol səfərlərinə
çıxır, onun bütün konsertləri olduqca təmtəraqlı
keçərdi, tamaşaçılar onun
çalğısından zövq alardılar.
Dahi bəstəkar
Üzeyir Hacıbəyov Əhədin gözəl qarmon, tar,
saz çalmağını və istedadlı bir musiqiçi
olduğunu nəzərə alaraq 1931-ci ildə onu Azərbaycan
radiosunun “Notlu Şərq orkestrinə” dəvət edir. Firudin
Şuşinski bu barədə belə yazırdı:
“Ü.Hacıbəyov Əhədin sənətkarlıq
qabiliyyətini yüksək qiymətləndirərdi. Təsadüfi
deyildir ki, belə bir orkestrdə ”Şur"
muğamının “Bayatı-Qacar” şöbəsi,
“Rast”ın “Şikəsteyi-fars”, “Çahargah”ın “Bəstə-nigar”
şöbələri ifa ediləndə solo çalmaq Əhədə
həvalə edilərdi. Əhəd bütün
muğamları özünəməxsus fərdi xüsusiyyətlə
çalardı. Lakin “Bayatı-Qacar”ı son dərəcə
şirin, oynaq və təsirli çalardı... Muğamlar
içərisində “Bayatı-Qacar”ın xüsusi yeri var. Bu
muğamda incə nəvaziş, ürək
çırpıntıları, kədər və qüssə
motivləri daha çoxdur... Gözəl ifaçılıq
üslubuna, həm də çalğı texnikasına tam yiyələnmiş
Kor Əhəd bu muğamın xarakterik xüsusiyyətlərini
mükəmməl duyaraq öz təkrarolunmaz
çalğısı ilə rəngarəng melodik bəzəklər,
dinamik naxışlar vurur, onun daha gözəl, şirin və
duzlu səslənməsinə nail olurdu".
Azərbaycan musiqisində unudulmaz ad
Əhəd
1934-1935-ci illərdə Əbilov adına klubda ansambl da təşkil
etmişdi. Azərbaycan Dövlət Filarmoniyasında
“sazçı qızlar ansamblı”nın əsas təşkilatçılarından
biri də Əhəd olmuşdu. O, həm qızlara saz
çalmağı öyrədir, həm də ansamblın
solisti kimi fəaliyyət göstərirdi.
1938-ci ildə
Əhədin qarmonda “Segah”ı, sazda “Çahargahı”
qrammofon vallarına yazıldı. Əhəd “Segah”ı ilə
Azərbaycan çalğı sənətini bir daha yüksəklərə
qaldırmışdır. O, öz əvəzsiz ifası ilə
“Segah”ın bütün sirlərini açıb dinləyiciyə
çatdıra bilmişdir.
Əhəd
saz havalarını elə məharətlə çalardı
ki, virtuoz saz aşıqları belə onun saz
çalmağına həsəd aparardılar. O, sazda həm
bütün aşıq havalarını, həm də
muğamları özünəməxsus ustalıqla ifa edərdi.
Xüsusilə, onun sazda çaldığı “Yanıq Kərəm”i
dillərdə dastan idi.
Tez-tez
böyük konsertlərə və musiqi məclislərinə
dəvət olunan Əhəd özü ilə sazını
da aparardı. Çünki o, yaxşı bilirdi ki, dinləyicilər
qarmonda onun “Segah”ına qulaq asdıqdan sonra sazda da “Yanıq Kərəm”i
çalmağı tələb edəcəklər. Əhəd
qarmonda həm klassik muğamları, həm də oyun
havalarını da bir o qədər sənətkarlıqla ifa
edərdi. Bu oyun havaları içərisində onun “Tərəkəmə”si
daha məşhur idi.
Sonralar Əhədin
virtuoz çalğısını, xalq musiqisini gözəl
bilməsini nəzərə alan Ü.Hacıbəyov onu opera
teatrına işləməyə dəvət etmişdi. Əhədin
qızı Leyla xanım bu hadisəni belə nəql edir:
“Atamın xətrini Üzeyir bəy çox istəyirdi. Bizim
evə Cabbar Qaryağdı oğlu, Müslüm Maqomayev,
Qurban Pirimov, Zülfü Adıgözəlov tez-tez gələrdilər.
Rəhmətlik Cabbar əmi atamın ”Bayatı-Qacar"
çalmasını çox xoşlardı. Zülfü
üçün isə o, həmişə “Segah”
çalardı. Maraqlı burasıdır ki, atam “Segah”da
vurduğu barmaqları sonra tarda vurardı, bu da Qurban əmini
çox təəccübləndirərdi...".
İstedadlı
sənətkar, görkəmli musiqiçi Əhəd Fərzəli
oğlu 1942-ci ildə 49 yaşında Bakıda vəfat
etmişdir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 8 fevral.- S.14.