Milli mətbuat haqqında ilk
qanunun müəllifi
Böyük
vətənpərvər, görkəmli ziyalı
1990-cı
ildə İstanbulda məşhur türk yazarı Murat
Çulcunun “Erməni intriqalarının pərdə
arxası: Torlokyan davası” adlı kitabı nəşr
olunub. Böyük dəyəri olan bu kitab tarixə XX əsrin
məhkəməsi kimi düşmüş, Azərbaycan Xalq
Cümhuriyyətinin(AXC) Daxili İşlər naziri Behbud xan
Cavanşirin qatili erməni Torlokyanın məhkəmə
prosesindən bəhs edir. Behbud xan Cavanşiri 1921-ci il iyulun
18-də İstanbulun “Pera-Palas” hotelinin önündə
üç güllə ilə qətlə yetirən Torlokyan
həbs olunur və o vaxt ingilis işğalı altında olan
İstanbulda ingilis hərbi tribunalı tərəfindən
mühakimə edilir.
Qətl hadisəsindən keçən
20 gün ərzində ermənilər Torlokyanın müdafiəsi
üçün bütün yollara əl atırlar. Xaincəsinə
öldürülən Behbud xan tərəfdən isə cəmi
6 nəfər şahid vardı - qəzet işçisi
Qaraağazadə Əhməd Həmdi, tələbə Səməndər
bəy, Ziba xanım, Yusif bəy Kazımov, məmur Asəf bəy,
Şəfi bəy Rüstəmbəyli. Bütün pozucu cəhdlərə
baxmayaraq, dəlil gətirən şahidlər cinayətkarın
ifşa edilməsi üçün ortaya yetərli faktlar
qoymağı bacardı. Həmin məhkəmədə
şahid qismində ilk ifadə verən şəxs Şəfi
bəy Rüstəmbəyli oldu. O, məhkəmədə bir
hüquqşünas kimi sərrast, inandırıcı
sübutlar gətirərək, hadisəni olduğu kimi
anladır...
Lakin həmin tarixi oxuyanlar bilir ki,
bütün dəlillər Behbud xanın qətlə yetirilməsini
göstərsə də, işğalçı qrupun
tribunalı qatilə bəraət verir, cinayətkar məhkəmə
zalından sərbəst buraxılır...
Müəllif həmin kitabda qeyd edir ki,
1920-ci il rus işğalından sonra Türkiyəyə
mühacirət edən Şəfi bəy Rüstəmbəylinin
fəaliyyəti İstanbula daxil olduğu gündən
başlamışdı. Bəli, bu şəxs Azərbaycan
Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetinin
redaktoru, AXC parlamentinin üzvü olmuş Şəfi bəy
Rüstəmbəyli idi.
Şəfi bəy Mustafa bəy oğlu
Rüstəmbəyli 1893-cü ildə Ağdaş qəzasının
Məmmədli kəndində doğulub. O, orta təhsilini Gəncədə
klassik gimnaziyada başa vuraraq, 1911-ci ildə Kiyev Universitetinin
hüquq fakültəsinə daxil olub. Universitet həyatı
onun bir şəxsiyyət kimi formalaşmasında
mühüm rol oynayıb. Rüstəmbəyli tezliklə
universitetdə yaradılmış Azərbaycan Həmyerlilər
Təşkilatının başçılarından və fəal
üzvlərindən birinə çevrilir. Böyük Azərbaycan
yazıçısı Yusif Vəzir Çəmənzəminlinin
rəhbərliyi ilə həmin ilin oktyabrında gizli şəkildə
yaradılmış Müsəlman Demokratik Müsavat
Partiyasının Kiyev şöbəsinin ən fəal
üzvlərindən biri də Şəfi bəy olur.
Buradakı fəaliyyəti onun siyasi
dünyagörüşünün formalaşmasında önəmli
rol oynayır. Gənc hüquqşünas 1916-cı ildə
diplomunu alaraq Gəncəyə qayıdır, bir müddət
burada dairə məhkəməsində işləyir.
“Azərbaycan”ın
redaktoru, parlamentin deputatı
“Vikipedia”da görkəmli ictimai-siyasi
xadimlə bağlı verilmiş yazıda deyilir ki, 1917-ci ilin
aprelində Bakıda çağırılmış Azərbaycan
müsəlmanlarının qurultayında Azərbaycana
muxtariyyət verilməsini qətiyyətlə tələb edən
şəxslərdən biri də Şəfi bəy Rüstəmbəyli
olmuşdur. O, 1918-ci il sentyabrın 15-də Azərbaycan Xalq
Cümhuriyyətinin orqanı olan “Azərbaycan” qəzetinin
(rus dilində) redaktoru təyin edilir. Fəaliyyəti
dövründə onun bu qəzetdə Azərbaycanın siyasi
və ictimai həyatına dair xeyli məqaləsi
çıxıb. Yüksək intellektual səviyyəsi və
gərgin fəaliyyəti nəzərə alınaraq, Şəfi
bəy Rüstəmbəyli 1918-ci il dekabrın 7-də Azərbaycan
Parlamentinin deputatı seçilir. Yeri gəlmişkən, o,
“Azərbaycan” qəzetinin parlament üzvü olan ilk baş
redaktoru idi. Böyük ziyalı Azərbaycan Parlamentinin
deputatı və “Azərbaycan” qəzetinin baş redaktoru
olduğu dövrdə - 1919-cu ildə ilk milli mətbuat
haqqında qanunu işləyərək parlamentdə qəbul
olunmasına nail olur. O, “Azərbaycan”ın redaktoru olmaqla
yanaşı, AXC-nin Daxili Işlər Nazirliyinin dəftərxana
müdiri, 1920-ci il martın əvvəllərindən isə
nazir müavini vəzifəsini də icra edir.
Təəssüf ki, bir çox azərbaycanlı
vətənpərvərlər kimi, onun istiqlal arzuları da
bolşevik işğalı nəticəsində
yarımçıq qalır. 1920-ci ildə Aərbaycan
işğal olunduqdan sonra Şəfi bəy Rüstəmbəyli
Tiflisə köçməli olur. Amma o burada da sakit oturmaq niyyətində
deyildi. Tiflis şəhərində onun rəhbərliyi
altında “Azərbaycanı xilasetmə komitəsi” yaranır.
Amma onun bu fəaliyyəti də uzun sürmür. 1921-ci ilin
fevralında Gürcüstan da ruslar tərəfindən
işğal olunur. Artıq orada da mübarizənin bir işə
yaramayacağını görən, Rüstəmbəyli
İstanbula köçür və ömrünün sonunadək
burada mühacirət həyatı yaşayır. Amma o, mühacirətdə
də Azərbaycan davasını bir an da olsa,
dayandırmır. Burada jurnal
nəşrinə başlayır
və Azərbaycan həqiqətlərini dünyaya
yayır. Onun redaktorluğu ilə İstanbulda 1923-1927-ci illərdə
“Yeni Qafqaziyyə”, 1928-1931-ci
illərdə “Azəri
türkü”, 1928-1930-cu illərdə
“Odlu yurd” və 1932-ci illərdə
“Azərbaycan yurd bilgisi” jurnalları nəşr olunmağa başlayır. Vətənpərvər ziyalının burada
dərc olunan məqalələrinin hər
biri Azərbaycanla bağlı bir dəyərli mənbədir.
Türkiyədə nəşr
olunan “Azərbaycan yurd bilgisi”nin
bütün nömrələri
S.Mümtaz adına Azərbaycan Respublikası
Dövlət Ədəbiyyat
və Incəsənət
Arxivində qorunub saxlanılır.
Son nəfəsədək Azərbaycan
davası...
Ş.Rüstəmbəylinin öz ölkəsi
qarşısında xidmətləri
yuxarıda söz açdığımız məhkəmədəki
suallara cavblarında açıqlığı ilə
özünü göstərir.
“1918-ci ildə Bakıda partiyalar varmıydı?”, “Bu partiyaların
birinə mənsub idinizmi?”, “Azərbaycan” qəzetində fəaliyyətiniz
nədən ibarət
idi?", “Hansı mövzuda məqalələr
yazırdınız?”, “1918-ci ilin martında Bakıda müsəlmanlar
qətl edildimi?”
Şəfi bəy soruşulan
bütün suallara böyük ağıl-zəka
və doğru-dürüst
cavab verir, məhkəməni çaşdırırdı.
Bilərəkdən qatilin
cinayəti arxa plana keçirilir, vəkillərin sualları
daha çox Şəfi bəyin Azərbaycandakı ictimai-siyasi
mövqeyinə və
“Azərbaycan” qəzetindəki
redaktorluq fəaliyyətinə
həsr olunurdu: “Azərbaycan”ın mətbəəsi
Bakının harasında
yerləşirdi?" və
sair. Vəkil Xasruyanı Şəfi
bəyin “İrəli”
qəzetində dərc
olunan məqalələri
daha çox narahat edirdi. Odur ki, bu
məqalə ilə bağlı suallara təkrar-təkrar qayıdır,
niyə yazdın, necə yazdın, faktları haradan götürdün?... Bütün bunlara dözməyən Şəfi bəy məhkəmənin gedişinə
kəskin etiraz edir və işin
düzgün aparılmasını
tələb edir.
Şəfi bəyin üsyanı Xasruyanı çaşdırır və
o, hazırladığı protokolda onu belə ifadə edir: “...İndi şahidlərin gerçək
durumlarını meydana
qoymaq istəyirəm.
O şahidlər kimlərdir?
”Müsavat" partiyası üzvlərindən
“Azərbaycan” qəzetinin
redaktoru Şəfi bəy Rüstəmbəyli.
Bu elə bir
qəzetdir ki, doğum tarixi və taleyi hər kəsə bəllidir. Dərhal əlavə edim
ki, möhtərəm
redaktor məndə bu təsiri yaratmışdır"(Vikipedia).
Böyük vətən fədaisi Rüstəmbəyli
Türkiyədə yaşadığı
illərdə, ömrünün
sonuna qədər Azərbaycanın azadlığı
uğrunda mübarizə
apardı. O, vətən davasına can
qoyduğu gündən
sona kimi öz əqidəsini dəyişmədi. Bir çox
silahdaşları kimi,
böyük azadlıq
arzularını son nəfəsinədək
qəlbində daşıdı.
Şahidlərin yazdığına görə, Məhəmməd
Əmin Rəsulzadə
milli parlamentin son iclaslarında kədərlə
işğalçıların Azərbaycana yetişdiyini
xəbər verdiyi zaman, arxadan hönkürtü səsi
eşidilir. Özünü
uca səslə ağlamaqdan saxlaya bilməyən bu şəxs Şəfi bəy Rüstəmbəyli
idi...
Görkəmli siyasi xadim,
Azərbaycanın dəyərli
övladı Şəfi
bəy Rüstəmbəyli
1960-cı ildə İstanbulda
vətən həsrəti
ilə dünyaya gözlərini yumub.
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.- 2013.- 9 fevral.- S.14.