Xəzərin vurğunu olan görkəmli alim
Hidrobioloq Əbdül Qasımov
Bu alimin adı Azərbaycanın
elm tarixində Xəzər
dənizinin və Qafqazın şirin su hövzələrində
formalaşan faunanın
növ tərkibini, biologiyasını, ekologiyasını,
zoocoğrafi yayılmasını
və Qafqazın şirin su heyvanlarının
mənşəyini hərtərəfli
tədqiq edən şəxs kimi qalmışdır. Görkəmli
alimin fundamental tədqiqatları,
əsasən, balıqçılıqda
su hövzələrindən
istifadə edilməsinə,
suların və balıq ehtiyatının mühafizəsinə, göllərdə
və su anbarlarında balıq ehtiyatının bərpasına,
onun artırılmasına
və səmərəli
istifadəsinə yönəlmişdir.
Hidrobioloq - zooloq Əbdül Qasımov öz tədqiqatları ilə SSRİ məkanında
və digər ölkələrdə geniş
tanınan alim olmuşdur. O, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor kimi bir çox uğurlara imza atmışdır. Alimin səmərəli
həyatı bütünlükdə
Zoologiya İnstitutu ilə bağlı olmuşdur. O, elm sahəsində
addım-addım elmi işçi vəzifəsindən
AMEA-nın müxbir üzvü və Zoologiya institutu Xəzər bioloji stansiyasının, indiki
Su heyvanlarının biologiyası
şöbəsinin müdiri
vəzifəsinə qədər
yüksəlmişdir. Tədqiqatçı alim 45 ilə yaxın Hidrobiologiya laboratoriyasına rəhbərlik
etmişdir.
Əbdül Qasımov 1929-cu il martın
5-də Lənkəran rayonu
Kənarmeşə kəndində
anadan olmuşdur. O,
1946-cı ildə həmin
rayonun Xolmili kənd orta məktəbini bitirmiş
və 1946-1950-ci illərdə
Azərbaycan Pedaqoji İnstitutunda təhsil almışdır.
O, öz diplom işini Azərbaycanın
Lənkəran rayonu su hövzələrinin iynəcə sürfələrinin
tədqiqinə həsr
etmişdir. 1950-ci ildə
Azərbaycan Pedaqoji İnstitutunu bitirən Ə.H.Qasımov həmin il Azərbaycan
SSR EA Zoologiya İnstitutunda
aspiranturaya daxil olur. Sonra Leninqrada (indiki
Sankt-Peterburq), SSRİ EA Zoologiya
İnstitutuna göndərilir.
Burada o, görkəmli Sovet hidrobioloqu, professor V.İ.Jadinin
rəhbərliyi altında
Krasnodar vilayətində “Şəmayi
- qarasol” balıqyetişdirmə
təsərrüfatı göllərinin
hidrobioloji rejiminin tədqiqinə başlayır.
1954-cü ilin oktyabr ayında Ə.H.Qasımov
“Keçici balıqların
ehtiyatının bərpası
problemləri ilə əlaqədar ”Şəmayi - qarasol balıq yetişdirilən göllərin
hidrobioloji rejiminin öyrənilməsi" mövzusunda
namizədlik dissertasiyasını
müdafiə edir.
Böyük elmi tədqiqatlar
Gənc tədqiqatçı
Azərbaycan SSR EA Zoologiya
İnstitutunun hidrobiologiya
laboratoriyasında kiçik
elmi işçi
(1954) vəzifəsində ikən
müstəqil elmi fəaliyyətə başlayır. O, Mingəçevir su anbarının dib orqanizmlərini öyrənməklə
məşğul olur.
Dəyərli elmi araşdırmaları
ilə böyük nüfuz qazanan alim 1956-cı ildən institutda baş elmi işçi vəzifəsinə seçilir.
Bu vaxtdan da
o, Azərbaycanın yüksək
dağlıq zonasındakı
gölləri, Kür
çayının aşağı
axarını və bir sıra başqa
su hövzələrinin
faunalarını tədqiq
etməyə başlayır.
AMEA Zoologiya İnstitutunun rəsmi saytında alimin elmi uğurları
haqqında geniş məlumat verilir. 1959-cu ildən
başlayaraq, Ə.H.Qasımov
Xəzər dənizinin
faunasını və
onun bioloji məhsuldarlığını fasiləsiz öyrənməklə
məşğul olur.
Alimin apardığı tədqiqatların
nəticələri “Xəzərin
müasir biologiyası”
(1983), “Xəzər dənizinin
heyvanat aləmi” (1987)
və “Xəzər dənizi” (1987) kimi monoqrafiyalarında öz əksini tapmışdır.
Ə.H.Qasımov eyni
zamanda 60-cı illərdə
Şimali Qafqazda SSRİ
EA Gölşünaslıq İnstitutunun əməkdaşları
ilə birlikdə Kuma çayı hövzəsində yerləşən
bir sıra su tutarlarını və həmçinin “Otkaznı” su anbarının hidrobioloji rejimini də öyrənmişdir. Bu tədqiqatların nəticələri
də “Otkaznı su anbarı” (1973) və “Kuma çayı
hövzəsinin kaskad
süni gölləri”
(1975) monoqrafiyalarında təqdim
olunmuşdur.
Bundan başqa, Ə.H.Qasımov hələ
keçən əsrin
60-cı illərində Mingəçevir
və Varvara su anbarlarına mizid və yanüzən
xərçənglərini köçürmüşdür. Hazırda həmin orqanizmlər
su anbarlarında artıb çoxalaraq, vətəgə əhəmiyyətli
balıqların qidasında
mühüm rol oynayır.
Görkəmli hidrobioloq 1963-cü ildə M.V.Lomonosov adına MDU-nun elmi şurasında “Aşağı Kürün
və Mingəçevir
su anbarının hidrofaunası” mövzusunda
doktorluq dissertasiyası
müdafiə edir. Bu uğurlu işə
görə 1969-cu ildə
SSRİ Ali Attestasiya Komissiyası
ona professor elmi adını verir. XX əsrin 70-ci illərinə
qədər apardığı
tədqiqatların nəticələri
“Aşağı Kürün
və Mingəçevir
su anbarının hidrofaunası” (1965) və
“Qafqazın şirin su faunası” (1972) monoqrafiyalarının meydana
çıxmasına səbəb
olur. Bu dəyərli
monoqrafiya indi də Qafqazın şirin su heyvanları
aləminə həsr
olunmuş yeganə elmi ədəbiyyat, balıqçılıq təsərrüfatı
işçiləri üçün
qiymətli vəsait və fauna tədqiqatçılarının
stolüstü kitabı
kimi istifadə edilir.
Ə.H.Qasımovun bir sıra
elmi işləri xarici ölkələrin nüfuzlu nəşrlərində
dərc olunmuşdur. O, SSRİ məkanında
Ümumittifaq hidrobioloqlar
Cəmiyyətinin Rəyasət
heyətinin üzvü,
Azərbaycan hidrobioloqlar
cəmiyyətinin sədri,
“İnsan və biosfer” proqramı üzrə Respublika komitəsi sədrinin müavini, Azərbaycan EA
“Xəbərlər”, “Azərbaycan
təbiəti” jurnallarının
və ASE-nin redaksiya heyətinin üzvü idi. Alim Polşa, ABŞ, Yaponiya, Yunanıstan və başqa ölkələrdə keçirilən
beynəlxalq konqreslərdə
və digər elmi məclislərdə məruzələrlə çıxış
etmişdir.
Dəyərli elmi əsərləri
Ə.H.Qasımov 1982-ci ildə elmi - tədqiqat “Elm” gəmisində Sakit və Hind okeanlarının,
eləcə də Aralıq dənizinin heyvanlar aləminin öyrənilməsi üzrə
təşkil etdiyi ekspedisiyaya rəhbərlik
etmişdir. O, Xabarovskda inşa edilmiş “Elm” gəmisini Xəzər dənizinə gətirmişdir.
Məşhur hidrobioloqun Azərbaycan sularının
xərçənglər və
rotatorilər faunasına
həsr olunmuş elmi fəaliyyətinin sonrakı onilliyi iki monoqrafiyada öz əksini tapmışdır - “Xərçəngkimilər”
(1976) və “Rotatorilər”
(1984). “Bu iki kitabda
Azərbaycanın şirin
sularında və Xəzərin Azərbaycan
sahilləri sularında
xərçəngkimilər və rotatorilərin növ tərkibi, morfologiyası, bioloji xüsusiyyətləri və
yayılması hərtərəfli
işıqlandırılır.
1982-ci ildə elmi tədqiqat ”Elm"
gəmisi ilə təşkil etdiyi ekspedisiyada Ə.H.Qasımov,
Sakit və Hind okeanlarının və eləcə də Aralıq dənizinin bioloji rejimini tədqiq edir. O, topladığı materiallar
əsasında “Sakit və Hind okeanlarının
həyatı” adlı
kitabını yazır
və 1987-ci ildə onu nəşr etdirir. 90-cı illərdə
Ə.H.Qasımov Kür
çayı üzərində
tikilmiş yeni su anbarlarının və Xəzər dənizinin səviyyəsinin
qalxması ilə əlaqədar olaraq onların bioloji rejimlərini tədqiq etməyə başlamışlar.
Bu tədqiqat işlərində əsas
məqsəd Azərbaycanın
su tutarlarının və Xəzər dənizinin balıq ehtiyatının və balıqların qida mənbəyinin artırılması
işlərində daha
səmərəli metodların
işlənib hazırlanmasına
yönəldilmişdir"
(“http://www.zoologiya.az/nstitut-haqqnda/alimler.html”).
Alim 1988-2005-ci illər üçün Azərbaycanın
şirin su tutarlarında balıqçılıq
təsərrüfatlarının inkişafı sxemini, o cümlədən 2005-ci ilə
qədərki dövrdə
süni göl - balıqçılıq təsərrüfatlarının
Respublikada yerləşməsi
və inkişafı xəritəsini tərtib etmişdir. Ə.H.Qasımov milli elmi kadrların hazırlanmasına
da xüsusi diqqət yetirirdi. Onun rəhbərliyi və məsləhəti ilə
hidrobiologiyanın müxtəlif
sahələri üzrə
5 doktorluq və 22 namizədlik dissertasiyaları
hazırlanmış və
uğurla müdafiə
olunmuşdur. Ə.H.Qasımov 362 elmi işin, 21-i monoqrafiyanın, 16 elmi - populyar kitabın müəllifidir. Alimin həmçinin
“Xəzər gölünün
ekologiyası” (1994), “Neft
və Xəzər dənizinin bioloci ehtiyatları” (2001) və başqa kitabları da qiymətli elmi mənbədir. Görkəmli hidrobioloqun son əsəri
2004-cü ildə üç
dildə - Azərbaycan,
ingilis və Rus dillərində nəşr olunmuş “Xəzər dənizi planktonunun ekologiyası” kitabıdır.
Görkəmli tədqiqatçı
alim Ə.H.Qasımov
2005-ci ilə vəfat
etmişdir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 14 fevral.- S.14.