Dünya elmində silinməz imzası olan azərbaycanlı  

 

Şərqin böyük elm mərkəzi

 

Tarixən Azərbaycan elminin inkişafında mühüm rol oynamış mərkəzlərdən olan Marağa rəsədxanası dünyanın bir sıra parlaq kəşflərinə imza atmışdır. Əsasını görkəmli Azərbaycan alimi Nəsirəddim Tusinin qoyduğu rəsədxana XIII əsrdə şərqin ilk ən möhtəşəm elm ocaqlarından biri olmuşdur.

 

O dövrün bütün intellektual təbəqəsini çevrəsinə toplayan bu mərkəz Şərqdə bir sıra elmi nailiyyətlərin reallaşmasına təkan vermişdir. Tusi rəsədxana açmaq ideyasını illər boyu düşünmüşdü. Rəsədxananın Elxanilərin paytaxtı Marağada tikilməsi ideyasını da Hülaku xana o vermişdi. Amma belə bir mərkəzin yaradılması böyük məbləğdə pul tələb edirdi. Ona görə də, Hülaku xan bu təklifi öncə məqsədəuyğun saymadı. “Vikipedia”da yazılır ki, məşhur tarixçi Hacı Xəlifə özünün “Dünya haqqında kitab”ında bununla əlaqədar baş verən hadisələri belə təsvir edir: “Xacə Nəsir Marağadakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məbləği Hülakuyə deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə soruşdu: ”Yəni ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək"? Nəsir cavabında söylədi: “İzn verin, bir nəfər həmin dağa qalxıb, oradan boş bir tası yerə atsın, ancaq bunu elə etsin ki, heç kəs bilməsin”. Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülakü xanın ordusu vahiməyə düşür. Nəsirəddin isə bu zaman xanla birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edirdilər. Nəsirəddin xana deyir: “Hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək, yer üzündə həmişə belə rahatlıq hökm sürər”. Beləliklə, məsələ həllini tapır. Nəsirəddin Tusinin sözləri Hülaku xan elə inandırır ki, o, rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar pul ayırır.

Beləliklə, işin başlanması üçün ölkənin hər yerindən alimlər çağırılır. Tusinin yazdığına görə, rəsədxananın tikintisində iştirak etmək üçün “Hülakü xan müxtəlif vilayətlərdən astronomik bilikləri olan alimlərin buraya gətirilməsini tələb edir. Müəyyidəddin Ordini, Mosuldan Fəxrəddin Mararini, Tiflisdən Gxlatini və Qəzvindən Nəcməddin Dəbiranini. 1259-cu ildə Marağa şəhərinin qərbində tikintisi başlanan rəsədxanaya Nəsirəddin Tusi özü rəhbərlik edir. O, binalarının layihələşdirilməsində və astronomik cihazların qurulmasında məsləhətçi rolu oynayır. Bu dövrün tanınmış astronom və konstruktoru Müəyyidəddin Ordi ilə birlikdə onlar rəsədxanada beş yeni, bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz quraşdırırlar. Bu yeni konstruksiyaları alimlərin özləri işləyib hazırlayır.

 

Marağa rəsədxanasının cihaz mühəndisi

 

Eyni zamanda, Marağa rəsədxanasında bir sıra astronomik məsələlərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədilə istifadə olunan yer və göy qlobusları da hazırlanırdı. Orası da məlumdur ki, rəsədxananın tikintisində və zəruri avadanlıqla təchiz olunmasında başlıca məsuliyyət Müəyyidəddin Ordinin üzərinə düşürdü.

Başqa yazılı mənbələrdə isə göstərilir ki, bu rəsədxanada dövrün ən tanınmış alimləri, o cümlədən Qutbəddin Şirazi, Şəmsəddin Şirvani, Cəmaləddin əz-Zeydi Buxari, Fao Mun-çi fəaliyyət göstərib. Eyni zamanda, sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə həmişəlik donluq kəsilməsinə də nail olur. Həmin məvacib Tusinin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi.

Yeri gəlmişkən, bir məsələyə də toxunmaq maraqlı olardı. Görkəmli Azərbaycan tarixçisi Rəşidəddinin öz salnamələrində yazdığına görə həmin dövrdə Camaəddin Buxariyəyə də Pekində rəsədxana qurmaq tapşırılmışdı. Lakin o, bu tapşırığın öhdəsindən gələ bilmirdi. Nəhayət, Çin alimi Fao Mun-çi ilə birlikdə Marağaya gəlib, Nəsirəddinlə məsləhətləşmələr apardıqdan və rəsədxana tikintisi üçün zəruri olan alətlərin cizgilərini əldə etdikdən sonra Pekində də işlər başa çatdırılır.

Marağa rəsədxanasının ən nüfuzlu alimlərindən biri, mənşəcə Azərbaycan türklərindən olan astronom-alim Müəyyidəddin Ordi bu elm mərkəzinin aparıcı simalarından sayılır. Müəyyidəddin Ordi haqqında bioqrafik məlumatlar, demək olar ki, tarixin gizlinlərində it-bata düşüb. Onunla bağlı tarixdə sənəd kimi ərəb dilində qələmə aldığı “Marağa rəsədxanasının astronomik alətləri haqda risalə”sinin iki əlyazma nüsxəsi qalmışdır. Bu sənədlərin biri Parisin, digəri isə Tehranın milli kitabxanalarında saxlanılır. Birinci nüsxə XIX əsrin əvvəllərində Parisdəki xüsusi şərq dilləri məktəbinin müəllimi A.Jurden tərəfindən tapılıb fransız dilinə tərcümə olunmuşdur. Kitab Parisdə iki dəfə - 1809 və 1810-cu illərdə nəşr olunmuşdur. Bu əsər 1811-ci ildə alman dilinə tərcümə edilmişdir. Əsərdə Nəsirəddin Tusinin rəhbərliyi altında Müəyyidəddin Ordinin hazırladığı on mürəkkəb astronomik cihazın təsviri də var.

 

Ordinin hazırladığı ən qədim qlobus Drezdendə

 

Ordinin qeyd edilən traktatında yer alan məlumatların təhlili bir çox tədqiqatçıları belə qəti nəticəyə gətirmişdir ki, Marara rəsədxanasındakı alətlər təkmilliyi ilə o dövrün bütün rəsədxanalarındakı alətlərdən seçilirmiş. O da məlumdur ki, Ordinin öz ixtirası olan bəzi alətlər sonradan dünyanın bir çox rəsədxanalarında istifadə olunub.

Müəyyidəddin Ordinin görüşlərinin yayılmasında müxtəlif ölkələrdən Marağa rəsədxanasına çalışmaq təcrübə keçmək üçün gəlmiş tədqiqatçıların da böyük rolu olmuşdur. Marağa rəsədxanasının görkəmli tədqiqatçısı H.C.Məmmədbəylinin yazdığına görə, Ordinin hazırladığı alət cihazlar Uluğbəyin, Tixo Bragenin, Caypur (Hindistan) rəsədxanalarında astronomik cihazqayırmanın inkişafında müstəsna rol oynayıb.

Sonralar böyük alimin oğlu Məhəmməd bin Müəyyidəddin Ordi Marağa rəsədxanasında çalışmışdır. O da atasının yolu ilə gedərək astronomik cihazlar hazırlanması sahəsində tanınmış mütəxəssislərdən olmuşdur. Müəyyidəddin yaratdığı ulduz qlobusu günümüzə qədər gəlib çatmışdır. Bu qlobus hazırda Drezdendəki məşhur riyaziyyat-fizika salonunda saxlanılır burada toplanmış qlobuslar arasında ən qədimi sayılır. Qlobusda ulduzların yerləşmə vəziyyətinə əsasən onun hazırlanma ilini müəyyənləşdirmək mümkün olmuşdur - 1279-cu il. Avropanın bir çox böyük alimləri həmin qlobusun tədqiqi ilə məşğul olmuşlar. Böyük ustalıqla bürüncdən düzəldilmiş qızıl-gümüş suyu ilə naxışlanmış bu qlobus həm XIII əsr Azərbaycan dekorativ sənətinin incilərindən sayılır.

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 20 fevral.- S.14.