“Ədalətli
sultanın bir günlük
ədaləti...”
Anadolu
qazisi Siracəddin Urməvi
Azərbaycan elminin böyük
simaları xatırlananda, Şərq peripatetizmi məktəbinin
görkəmli nümayəndəsi Siracəddin Urməvinin
adını çəkmədən keçmək
mümkün deyil.
Siracəddin Urməvi Mahmud Əbubəkr
oğlu 1198-ci ildə Cənubi Azərbaycanın Urmiya şəhərində
doğulmuşdur. Onun uşaqlıq illəri burada keçsə
də, təhsilini Mosulda aldığı göstərilir.
Mosul həmin dövrdə Yaxın Şərqdə mədəniyyət
mərkəzlərindən biri idi. Eyni zamanda, bu şəhər
karvan yollarının üstündə yerləşdiyi
üçün səyyahlar məkanı hesab olunurdu.
Urməvi Mosulda o dövrün
böyük təbiətşünas, məntiqçi
filosoflarından Kəmaləddin Musa İbn Yunusun (1156-1242) və
başqa nüfuzlu şəxslərin yanında təhsil
almışdı. O, fəlsəfə, məntiq, hüquq,
tibb, riyaziyyat, astronomiya və s. elmləri mükəmməl
öyrənmiş, bu sahələrin bilicisi kimi ətraf məmləkətlərdə
də məşhurlaşmışdır. Bundan başqa, Azərbaycan
alimi həmin dövrdə görkəmli şəxsiyyətlərlə
- elm adamları və siyasi xadimlərlə yaxınlıq
etmiş, dövlət və hüquq işlərinə maraq
göstərmişdir.
Görkəmli
filosof bir müddət
Suriyada, sonra Kiçik Asiyada
yaşamışdır. XIII əsrdə Rum ölkəsi (Anadolu), onun mərkəzi Konya
şəhəri yenə də azadfikirlilik
meyllərinin geniş meydan
açdığı bir yerə çevrilmiş və dünyanın ayrı-ayrı
yerlərindən müxtəlif əqidəli elm
və incəsənət xadimlərini cəlb etmişdir.
Belə şəxslərə Şəms Təbrizini, Bəhaəddin
Vələdi, Cəlaləddin Rumini, Fəxrəddin
İraqini və
başqalarını göstərmək olar.
Bu şəxslərlə bir
dövrdə yaşayan Siracəddin Urməvi,
şübhəsiz ki, onları yaxından
tanımışdır.
Siracəddin
Urməvi 1246-cı ildən əvvəl Konyanın, 1277-ci ildən
etibarən bütün Rum
ölkəsinin baş qazisi
(kadi əl-küdat) vəzifəsini icra etmişdir. Bu dövrdə müsəlman Şərqində
fəlsəfə, məntiq və hüquq
elmlərini dərindən bilən alimlər dövlət
işlərinə cəlb olunurdular.
Azərbaycanda
Siracəddin Urməvi irsinin ilk tədqiqatçısı mərhum alimimiz Zakir Məmmədov
olmuşdur. O, Urməvinin həyatını
və bütünlükdə irsini ilk dəfə geniş
şəkildə tədqiq etmişdir. Alimin bu tədqiqatları onun ayrı-ayrı məqalə və
kitablarında toplanmışdır. Böyük
Azərbaycan filosofu haqqında oxuculara ilk əsaslı məlumatlar
da məhz Z.Məmmədovun gərgin zəhməti
sayəsində çatmışdır. Yazılı mənbələrdə
Siracəddin Urməvinin yaradıcı ziyalılara hörmət
və qayğıyla yanaşdığı xüsusi
qeyd edilir. Onun məşhur sufi şair, mövləvilik təriqətinin banisi Cəlaləddin Rumiyə (1207-1273)
münasibətindən ətraflı söhbət
açılır. Təbrizli Şəmsəddin Əflakinin
“Ariflərin fəzilətləri” (“Mənaqib əl-Arifin”)
kitabında Mövlanə böyük mənsəb
sahibi olan filosofun dostlarından biri kimi göstərilir. Qaynaqlarda yazılır ki, Konyada baş
qazi işləyən Siracəddin Urməvi
geniş biliyinə, fövqəladə zəkasına
və yüksək mənəviyyatına görə Cəlaləddin
Rumiyə hədsiz rəğbət bəsləmiş, onun azad fikirlərinə
qarşı çıxanlara haqq
qazandırmamışdır. Əksinə, böyük nüfuza və ixtiyara malik alim həmişə Mövlananı qaragüruhdan qorumuşdur.
Urməvi
Cəlaləddin Ruminin əleyhdarlarının
fitnələrini boşa
çıxarmış, onların qərəzli şikayətlərinə
baş qoşmamışdır.
Aralarındakı böyük rəğbətin
ifadəsi olaraq Cəlaləddin Rumi öləndə onun dəfn
mərasimini ölkənin baş qazisi Siracəddin Urməvi
aparmışdır.
Görkəmli
filosofun dəyərli əsərləri
Yaşadığı dövrün alim
və mütəfəkkirləri Urməvinin elmi və müəllimlik
fəaliyyətini yüksək dəyərləndirmişlər.
XIII əsrin türk tarixçisi Ibn Bibi 1282-1285 illərdə
Səlcuq sülaləsinin tarixinə dair qələmə
aldığı “Ali işlərə dair Əlaəddin əmrləri”
kitabında Azərbaycan filosofu barədə heyranlıqla
danışır: “Qazilər qazisi, alimlər padşahı,
imamlar sultanı, xalqa nümunə... Dünya dairələrində,
ruzigar meydanlarında əvvəlki alimlərdən, fəzilətli
filosoflardan birinciliyi (qəsəb əs-səbəq) onun
alması heç kəsdə fikir ayrılığı
doğurmamışdır. O, elmlərin bütün sahələrində,
xüsusən dinin və hüququn əsaslarında, məntiqdə,
qanunşünaslıqda və mühakimə yürütməkdə
ruzigarın parlaq siması, əsrin nadir şəxsiyyətidir”.
İbn əl-Ibri “Dövlətlərin
müxtəsər tarixi” kitabında Siracəddin Urməvini Fəxrəddin
Razinin şagirdi, məntiq və fəlsəfəyə dair
sanballı əsərlərin müəllifi, Konyanın
baş qazisi kimi yad etmişdir. Əhməd Taşköprizadə
“Elmlərin mövzuları” ensiklopediyasında məntiq elmindən
bəhs edərkən Farabi və Ibn Sinanın əsərlərindən
sonra Siracəddin Urməvinin kitablarını bu sahədə
dəyərli vəsait saymışdır.
Siracəddin
Urməvinin elmi
yaradıcılığını tədqiq edərkən, istinad edilən mühüm
mənbə XVII əsr türk alimi Hacı Xəlifənin “Kitabların və
fənlərin adlarının açıqlanması” əsəridir.
Ərəb dilində yazılmış traktatların
biblioqrafiyasına həsr olunmuş bu mənbədə Siracəddin Urməvinin məntiq və
fəlsəfəyə dair “Nurların
doğuşları” kitabının elmi dəyəri
və alimlər tərəfindən yüksək qiymətləndirilməsi
göstərilir: “O, görkəmli alimlərin əhəmiyyət
verdikləri, tədqiq və tədrisi ilə
maraqlandıqları, qaranlıq yerlərini
aydınlaşdırmış olduqları bir
kitabdır”.
Yazılı
mənbələrdə Siracəddin Urməvinin
aşağıdakı əsərlərinin adı çəkilir:
“Məntiqə və fəlsəfəyə dair
Nurların doğuşları”, “Hikmət incəlikləri”,
“Haqqın bəyanı”, “Metodlar”, “Ziddiyyətin
misallarına dair traktat”,
“Dialektikaya dair traktatlar”, “Həkimanə sözlərin
islahı”, “Təhsil”, “Suallar” və
başqaları.
Görkəmli
filosofun kitabları içərisində ən
geniş şöhrət tapan
“Nurların doğuşları” əsəridir. Bu kitaba, xüsusən onun məntiq hissəsinə onlarla
şərh və haşiyə yazılmışdır. “Nurların doğuşları” əsərinin məntiq
hissəsinin Qahirədə Xədiviyyə kitabxanasında
saxlanılan əlyazması Siracəddin Urməvinin
sağlığında - 1278-ci il iyulun əvvəlində Konya
şəhərində xəttat İsmayıl ibn Xəlil tərəfindən
köçürülüb
tamamlanmışdır. Azərbaycan filosofunun
bu kitabının həmin hissəsi
Qütbəddin Razinin (1291-1365) ona yazdığı şərh ilə birlikdə
Təbrizdə, İstanbulda və Tehranda
müxtəlif illərdə çap edilmişdir.
Siracəddin
Urməvinin “Nurların doğuşları” kitabına özünün yazdığı təfsirin
- “Nurların doğuşları”nı
işıqlandırmalar" traktatının Qahirədə
saxlanılan nüsxəsini Əbu Abdulla Əhməd
Mikayıl oğlu Təbrizi 1278-ci il 10 oktyabrında köçürüb
qurtarmışdır.
Xəttat əmək haqqının Siracəddin Urməvi tərəfindən
ödənildiyini qeyd etmişdir.
Filosofun digər böyük
əsəri “Hikmət incəlikləri” kitabının
dibaçəsində deyildiyi kimi, müəllif onu
1257-ci ildə yazıb qurtarmışdır. Əsər
1972-ci ildə Tehranda çapdan
çıxmışdır. Onun
“Haqqın bəyanı” traktatının 1587-ci ildə köçürülmüş nüsxəsi
İranda Astanqüds
kitabxanasında saxlanılır.
Siracəddin
Urməvi Ibn Sinanın və Əfzələddin
Xunəcinin fəlsəfəyə dair, Əbuhamid
Qəzalinin və Fəxrəddin Razinin hüquqa dair kitablarına
dəyərli şərhlər yazmışdır.
Urməvinin
ibrətamiz fəlsəfəsi
Urməvi Şərq peripatetizmi
mövqeyindən çıxış edərək
varlığın müxtəlif qisimlərinin şərhini
vermişdir. Filosof “varlığı”, ilk növbədə,
onun ziddi olan “yoxluq” anlayışı ilə
qarşılıqlı götürmüşdür. O
yazır: “Mövcud olan hər şey bir səbəbin nəticəsidir.
Həmin səbəb də digər bir səbəblə nəticələnir.
Bu, sonsuz
davam edir”.
Siracəddin
Urməvi “Nurların doğuşları” kitabında hərəkət,
məkan və zaman kateqoriyalarından hər
birinin izahına xüsusi
fəsil ayırmışdır. O, hərəkət
haqqında danışarkən yalnız Şərq alimlərinin
deyil, habelə qədim filosofların, o cümlədən Zenon, Platon, Aristotel və
başqalarının müvafiq fikirlərini
gözdən keçirmiş, ən çox isə Birinci
müəllimə əsaslanmışdır. Öz
sələfləri kimi Siracəddin
Urməvi hərəkətin on kateqoriyadan dördünə - kəmiyyət,
keyfiyyət, məkan və vəziyyətə görə baş verdiyini
yazırdı.
Böyük filosofun
məntiqi Aristotelin və onun
Şərqdəki davamçılarının təliminə
əsaslanır. İdraki əhəmiyyət
daşıyan məntiqin əsas qayəsi həqiqətə
çatmaqdır. Filosof məlum biliklərə
istinadən yeni biliklərə
çatmağı mümkün
saymışdır. Buradan yeni
biliyin əldə edilməsində məntiqin
vəzifəsi meydana çıxır: “Məlumlardan
məchullara keçmək yollarını və onların
şərtlərini öyrədən bir qanuna ehtiyac duyulur. Belə olduqda fikirdə
yalnız nadir hallarda
səhv baş verə bilər. Bu qanun məntiqdir”.
Siracəddin
Urməvi insanlar arasındakı
münasibətdə ədaləti hər şeydən, hətta
şəriətin mühüm tərkib
hissəsi sayılan, hər bir mömin bəndənin yerinə yetirəcəyi
zəruri vəzifələri ifadə edən ibadətdən üstün tutmuşdur. Filosof:
“Ədalətli sultanın bir günlük ədaləti altmış ilin ibadətindən yaxşıdır” kəlamını
dönə-dönə işlətmişdir.
O, bir hüquqşünas alim və dövlət xadimi
kimi ədalətin hüquq
bərabərliyinə əsaslanmasına daha
çox diqqət yetirmişdir.
Alim yazırdı: “Beləliklə, ədalət
odur ki, rəiyyəti
bir-biri ilə hüquqca
bərabər edir və özlərini də
rəiyyətlə hüquqca bərabər
tuturlar”.
Siracəddin
Urməvi 1283-cü ildə Konyada vəfat
etmiş, orada Müsəlla
qəbiristanlığında dəfn olunmuşdur.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azərbaycan.-
2013.- 22 fevral.- S.14.