Azərbaycanlı
filosof Məhəmməd Naxçıvani
Hülakilər sarayında katib
Azərbaycanın elm tarixində silinməz
izləri olan məşhur mütəfəkkirlərdən
biri də Məhəmməd ibn Hinduşah
Naxçıvanidir. XIII əsrin sonu XIV əsrin əvvəllərində
yaşamış məşhur tarixçi, dilçi alim,
filosof Məhəmməd Naxçıvani öz dövrünə
görə gözəl təhsil almış şəxslərdən
sayılırdı. O, Azərbaycan, fars və ərəb dillərini
mükəmməl səviyyədə bilirdi.
Yazdığı
bir neçə əsər onu xalq arasında məşhurlaşdıqdan
sonra alimi Təbrizə, Elxanilərin sarayına dəvət
edirlər. O, 14-cü əsrin 20-ci illərində burada
Hülakilər sarayında uzun müddət katib(münşi)
vəzifəsində maliyyə məsələlərinə
baxır. Naxçıvaninin (təqribən 1293-1376) alim kimi
nüfuzunu və böyük xidmətlərini nəzərə
alaraq, ona “Şəms-i Münşi ən-Naxçıvani”
(Naxçıvandan olan münşilərin günəşi)
ləqəbi verilmişdir.
O, sarayda
tarixçi alim Fəzlullah Rəşid əd-Dinin oğlu
Qiyas əd-Din Rəşidi ilə dost olur. 1327-1328-ci ildə
yazdığı “Sihahül-fürs” lüğətini də
ona ithaf edir.
Alim bu fars
dilinin izahlı lüğətini tərtib etdikdən sonra
Qiyas əd-Dinin tövsiyəsi ilə Əbu Səid xüsusi
fərmanla Məhəmməd Naxçıvaniyə Elxanilər
dövlətinin quruluşunu və idarəçilik sistemini təsvir
edən əsər yazmasını tapşırır. Bu
sifariş çox ciddi iş idi və xeyli zaman
aldığına görə, nə Əbu Səid, nə də
Qiyas əd-Din Rəşidi bu əsərin bitməsini görə
bilmir. Naxçıvani bu əsəri 1360-cı ildə
bitirir. Amma alınan nəticələr onu qane etmədiyindən
və müəyyən qədər də ölkədəki
siyasi vəziyyət dəyişdiyindən, daha 6 il əsəri
redaktə edir və üzərində işləyir.
O, ən nəhayət,
1366-cı il aprelin 6-da həmin iri həcmli əsərini
tamamlayaraq, onu “Dəstur əl-katib fi təyin əl məratib”
(“Dərəcələrin müəyyənləşdirilməsində
katiblər üçün vəsait”) adlandırır. Əsəri
Elxanilərdən sonra Azərbaycanda hakimiyyətə gəlmiş
və Təbrizi bu yeni dövlətin paytaxtı kimi
saxlamış Cəlairilər sülaləsindən olan
Şeyx Üveysə həsr edir.
İki hissədən
ibarət bu əsərdə rəsmi dövlət sənədlərinin
nümunələri verilmişdir. Amma bu sənədlər,
sadəcə, nümunə xarakteri daşımayıb,
dövrün ictimai-iqtisadi, siyasi, mədəni və dini həyatı
barədə çoxlu real faktlarını əks etdirir.
Müəllif dövrün idarə sistemində mövcud
olmuş vəzifələrə təyinatları şərh
edərkən nümunə kimi faktiki sənədləri misal
göstərmişdir. Burada real tarixi şəxsiyyətlər
və yer adları xatırlanır. Əsərdə 100-dən
artıq tarixi termin, istilah verilir və onların bir çoxu
müəllif tərəfindən açıqlanır.
“Siyasətnamə”yə bərabər əsər
Bu əsər
orta əsrlərin elm və dövlət xadimləri tərəfindən
yüksək qiymətləndirmiş və bu da Məhəmməd
Naxçıvaniyə böyük şöhrət gətirmişdir.
Zaman keçdikcə belə əsərlər
yaranmadığı və müharibələrdə bir
çox dövlət arxivləri məhv olduğu
üçün, əsərin dəyəri də
artmışdır. Bütün dünyada məşhur olan
siyasətçi və islahatçı alimlər bu əsəri
Nizam əl-Mülkün “Siyasətnamə”sinə və Rəşid
əd-Dinin “Came ət-Təvarix”nə bərabər tuturlar.
Nüfuzlu
alim və dövrünün tanınmış şəxsiyyətlərindən
olan Məhəmməd Naxçıvaninin həmin vəsaiti
Elxanilər dövründə Azərbaycan dövlət
quruluşu və ictimai-siyasi həyatının müxtəlif
sahələrini əks etdirən nadir ensiklopedik əsərdir.
“Burada vergi qoyulmasının iqtisadi-hüquqi normaları,
torpaq üzərində və digər mülkiyyət məsələləri,
məhkəmə və pul dövriyyəsinin müxtəlif
problemləri öz əksini tapıb. Bundan başqa, əsərdə
din, dinlə dövlətin qarşılıqlı münasibətləri,
fəlsəfə və cərəyanlar, mədəniyyət,
ticarət, sənətkarlıq və incəsənət, hətta
xəttatlıq alətlərindən istifadə məsələlərinə
dair suallara da cavab tapmaq mümkündür”(Vikipedia).
Bu dəyərli
kitab bir çox dillərə tərcümə edilmiş və
nəşr olunmuşdur.
Dünya kitabxanalarında əsərin 6 əlyazma
nüsxəsi mövcuddur. Əsərin elmi-tənqidi mətni
akademik Ə.Ə.Əlizadə tərəfindən
hazırlanmış və 1964-1976-cı illərdə Moskvada
2 cilddə (3 kitabda) çap olunmuşdur. Əsərin
Bakı nəşrini də Naxçıvaninin tədqiq və
təbliği üçün böyük əmək sərf
etmiş Ə.Əlizadə hazırlamışdır. Alim ona
geniş şərh də vermişdir.
Alimin hazırladığı
“Sihahül-fürs” lüğəti
Məhəmməd
Naxçıvaninin tam ədəbi irsi haqqında məlumat
yoxdur. Amma alimin elmi irsindən günümüzədək
çatan ikinci əsəri - fars dilinin izahlı lüğəti
olan “Sihahül-fürs” də əvvəl bəhs etdiyimiz əsərindən
az əhəmiyyət kəsb etmir. Naxçıvaninin 1328-ci
ildə başa çatdırdığı bu əsəri
fars dilində işlədilən 2300 sözün, ibarənin
izahına həsr olunmuş lüğətdir. Əsər
müəllifin müqəddiməsindən (dibaçə),
25 bab və 431 fəsildən ibarətdir. Bu lüğətin
tərtibində sələflərinin təcrübəsindən
istifadə edən müəllif fars sözlərinin izahı
zamanı bir çox dillərdən, o cümlədən Azərbaycan
və türk dili materiallarından faydalanmışdır.
Tarix üçün maraqlı materiallar verən lüğətdə
Azərbaycan əhalisinin həyat tərzini əks etdirən
etnoqrafik materiallar var. Eyni zamanda, burada bir çox söz
ustalarının, eləcə də alimin atası Hinduşah
Naxçıvaninin şeirlərindən parçalar verilir. Tədqiqatçı
alim yeri gəldikcə fars dilinin leksikologiyası və
fonetikasından bəhs edir. Qədim tarixi olan əsər
sonrakı dövrlərdə lüğət tərtibçiləri
üçün dəyərli mənbə rolunu
oynamışdır. Lüğətin 4 əlyazma nüsxəsi
məlumdur. O, 1962-ci ildə Tehranda Ə.Taəti tərəfindən
nəşr olunmuşdur.
Təəssüf
ki, həmin lüğət son vaxtlara qədər tədqiqatçıların
diqqətindən kənarda qalmışdır. Artıq indi
lüğətin müəllifliyi ilə əlaqədar
mübahisələr həll olunmuş və onun fars
leksikoqrafiyası tarixindəki əhəmiyyətini yüksək
qiymətləndirirlər. Bu lüğət də bir
çox araşdırıcıların o nəticəsini əsaslandırmışdır
ki, XI-XIII əsrlər ərzində fars dilçiliyi sahəsində
aparıcı rol Azərbaycan türklərinə məxsus
olmuşdur.
Belə ki,
müasir tədqiqatçılar həm
orijinallığına, həm həcminə, həm də
materialın əhatə dairəsinə görə
Naxçıvaninin bu əsərini Qətran Təbrizinin
izahlı lüğəti ilə müqayisə edirlər.
Alimin
hazırladığı lüğətdə fars dilinin
fonetika, qrammatika və toponimikasına dair geniş məlumat əldə
etmək mümkündür. Burada həmçinin elə
şairlərdən nümunələr gətirilir ki,
onların adlarına orta əsrlərin salnamə və
müntəxabatlarında çətin rast gəlinə bilər.
Məhəmməd
Naxçıvaninin əlyazmaları dünyanın bir
çox kitabxanalarında saxlanılır. Onların tədqiq
olunmasına Avropa və şərqin tanınmış alimləri
çox sayda əsərlər həsr etmişlər.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 23 fevral.- S.14.