O, Azərbaycan elminin
fədailərindən biri
idi...
Şeyxülislam Pişnamazzadənin nəvəsi
Elmi nailiyyətləri ilə adını tarixə yazdıran bu görkəmli Azərbaycan
aliminin apardığı
tədqiqatlar 400-ə yaxın
elmi məqalə, tezis və monoqrafiyada
öz əksini tapmışdır. Onun rəhbərliyi altında 28 namizədlik və doktorluq dissertasiyası müdafiə
olunmuş, 15 addan çox dərslik və dərs vəsaiti nəşr edilmişdir. Elmi fəaliyyəti dövründə
Qazaxıstan, Özbəkistan,
Belarus, Moldova kimi ölkələr
üçün hazırladığı
yüksək ixtisaslı
protozooloq alimlərin uğurları indi dünyada belə tanınır.
O, Zoologiya İnstitutu əməkdaşlarının kollektiv
əsəri olan “Azərbaycan heyvanlar aləmi” üçcildliyinin
əsas təşkilatçısı,
müəllifi və elmi redaktoru olmuşdur. Məşhur elm xadimi leptospirozun
seroloji diaqnostikası,
epizootologiyası, patologiyası
və immuniteti haqda bir çox
qiymətli məqalə
və monoqrafiyalar müəllifidir. Alimin
54 il bundan
əvvəl təklif
etdiyi “Leptospirozun seroloji diaqnostikası” üsulu indi də müasir immunoloji metodlarla yanaşı istifadə edilir.
Haqqında söz açdığımız tanınmış
zooloq-parazitoloq və protozooloq akademik Musa Əbdürəhman oğlu
Musayev 1921-ci il
dekabr ayının
27-də Gəncə şəhərində
ruhani ailəsində anadan olmuşdur. O,
1909-1917-ci illərdə Qafqaz
Şeyxülislamı olmuş
Axund Molla Məhəmməd ağa Pişnamazzadənin nəvəsidir.
Öz sahəsinin əvəzsiz mütəxəssislərindən
biri olan M.Musayev 1949-cu ildən Zoologiya İnstitutunda işləməyə başlamışdır. Onun 61 illik
əmək fəaliyyətinin
50 ili (1960-cı ildən) Zoologiya İnstitutunun direktoru vəzifəsində keçmişdir.
Gənc alim hələ Moskvada Baytarlıq Akademiyasında aspirantura təhsili alarkən Ümumittifaq Dövlət
təqaüdünə layiq
görülmüşdür. Azərbaycan Elmlər Akademiyasının
o vaxtkı prezidenti Y.Məmmədəliyev Moskvada
olarkən bu istedadlı gənc alimdən xəbər tutmuş və onu AEA-nın Zoologiya İnstitutunda işləməyə dəvət
etmişdi.
Böyük elm xadimi öz fəaliyyəti dövründə bir sıra elmi titullara sahib olmuş, o cümlədən AMEA-nın
həqiqi üzvü,
baytarlıq elmləri
doktoru, professor səviyyəsinə
yüksəlmişdir.
Mühüm elmi tədqiqatları
AMEA Zoologiya institutunun rəsmi internet səhifəsində
alimin elmi tədqiqatları ilə bağlı əsas göstəricilər əksini
tapmışdır. Akademikin 30-dan artıq elmi işi və “SSRİ-də yaşayan gəmiricilərin koksidləri”
(1965), "Çöl siçanının
parazit faunası və parazitosenozunun quruluşu" (1969) kimi monoqrafiyaları heyvanların
koksidi və koksidiozlarının öyrənilməsinə
həsr edilmişdir. “Birinci monoqrafiyada
46-dan 100-ə qədər yeni
növ koksid təsvir edilmişdir.
Onun növbəti monoqrafiyası
qaramalın leptospirozunun
tam tədqiqatına, bu
sahədəki mövcud
məlumatların sistematikasının
yaradılmasına həsr
olunmuşdur. M.Ə.Musayevin monoqrafiyası bu günədək leptospiroz
haqqında dünya ədəbiyyatında mövcud
olan məlumatların
yeganə elmi ümumiləşdiricisi olaraq
baytar işçiləri
üçün bu gün də qiymətli vəsaitdir”
(http://www.zoologiya.az/nstitut-haqqnda/alimler.html).
1959-cu ildə Akademiyanın müxbir üzvü,
1967-ci ildə isə həqiqi üzvü seçilmiş M.Ə.Musayev
yaratdığı protozoologiya
laboratoriyasının bazasında
parazit-sahib münasibətlərinin
biokimyəvi əsasları
və protistologiya laboratoriyalarından ibarət
protozoologiya şöbəsi
təşkil edərək
Respublikada ilk protozoologiya
elmi məktəbi yaratmışdır. Azərbaycanda insanların kənd
təsərrüfatı və
çöl heyvanlarının
hüceyrədaxili parazitləri
olan koksidilərin və həmçinin sərbəst həyat sürən təkhüceyrəli
heyvanların növ tərkibi, ekologiyası, sistematikası və taksonomiyası, parazit-sahib
münasibətlərinin xüsusiyyətləri
öyrənilmişdir.
Bundan başqa, ölkəmizdə təkhüceyrəli
heyvanların genofondu öyrənilərkən yeni
230-a qədər növ
təsvir edilmiş, onlara azərbaycanlı gənc protozooloqların (Eimeria Yolchievi, E.Cocheri. E.İbrahimova və s.) və digər yerli-coğrafi məkanların
adları (E. bakuensis,
E. sachdagika, E. cahriensis,
E. batabatika, E. badamlinica
və s.) verilmiş, bunlar da beynəlxalq
kataloq və kitablara salınmışdır.
Akademik M.Musayevin elmi nüfuzu sayəsində keçmiş SSRİ-də
yaradılmış protozooloqlar
cəmiyyətinin 1971-ci ildə
keçirilmiş birinci
qurultayı Bakı şəhərində keçirilmişdir.
Elmi işlər və mükafatlar
Alimin bu istiqamətdə
fundamental tədqiqatlarının nəticələri 150-dən çox
elmi məqalədə
və o cümlədən
“Ev quşlarının
koksidiozlarında parazit-sahib
münasibətlərinin biokimyəvi
xüsusiyyətləri” (1977) və “Ev quşlarının
parazitləri onlara qarşı mübarizənin
elmi əsasları”
(1991) monoqrafiyalarında öz
əksini tapmışdır.
M.Musayev şəxsi tədqiqatlarına,
yaratdığı protozooloqlar
məktəbinin və
digər parazitoloq alimlərin əldə etdiyi elmi nəticələrə
və onların heyvandarlıq və quşçuluq təsərrüfatlarında
geniş miqyasda tətbiqinə aid silsilə
əsərlərə görə
bir qrup alimlə birgə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür (1991).
Qeyd etdiyimiz kimi, görkəmli elm xadimi keçmiş SSRI protozooloqlar cəmiyyətinin
vitse-prezidenti və Azərbaycan bölməsinin
sədri (1968-1991) idi. O, “Bilik” cəmiyyətinin biologiya və kənd təsərrüfatı bölməsinin
elmi-metodik şurasının
sədri (1967-1989), keçmiş
SSRİ EA Ümumi Biologiya
Bölməsinin Elmi Şurasının üzvü
və “Parazitologiya”
(1967-1989) jurnalının redaksiya
heyətinin üzvü
olmuşdur. M.Musayev həmçinin Ali Attestasiya
Komissiyasının biologiya
və kənd təsərrüfatı elmləri
üzrə ekspert şurasının sədri,
“Azərbaycan Zooloqlar Cəmiyyəti”nin prezidenti, 1959-cu ildən
AMEA Biologiya Bölməsinin
büro üzvü,
1997-ci ildən isə
bu bölmənin akademik katibi vəzifələrini icra etmişdir.
Elmi araşdırmaları
Azərbaycan elminə
mühüm nailiyyətlər
bəxş edən akademik M.Ə.Musayev xidmətlərinə görə
bir sıra dövlət mükafatlarına
layiq görülmüşdür. Həmin mükafatlar sırasına
aşağıdakılar daxildir:
“Şərəf nişanı”
və “Qırmızı
Əmək Bayrağı”
ordenləri, “Böyük
Vətən Müharibəsində
Fədakar əməyə
görə” medalı.
O, Azərbaycan SSR Ali Soveti
Rəyasət Heyətinin
üç fəxri fərmanı ilə təltif olunmuş, “Azərbaycanın Əməkdar
elm xadimi” fəxri adına, Azərbaycan
Respublikasının “Şöhrət”
ordeninə layiq görülmüşdür.
Görkəmli alim 4 dekabr
2010-cu il tarixində Bakıda vəfat etmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 27 fevral.- S.14.