Üzeyir bəyin seçdiyi
ifaçı - qarmonçu Abutalıb
Böyük sənətkarlardan
«alınan dərs»
Musiqi tariximizdə öz sənəti ilə
əbədi iz buraxan görkəmli sənətkarlardan biri də
qarmonçu Abutalıb olub. O, dövrünün ən
böyük klassikləri ilə çiyin-çiyinə
çalışaraq, musiqi mədəniyyətimizin zənginləşməsində
önəmli rol oynayıb. Abutalıb Kərbəlayı
Muxtar oğlu Yusifov 1884-cü ildə Şuşada anadan olub.
Hələ
erkən yaşlarından musiqiyə böyük maraq göstərib.
Bu onun ailəsindən
qaynaqlanan bir maraq idi. Onun
atası Kərbəlayı
Muxtar Qarabağda mərsiyəxan və xanəndə kimi məşhur idi. O, tarzən Əli Əsgər ilə Qarabağda və İranın bəzi şəhərlərində məclislərdə
iştirak etmişdi. Abutalıbın qardaşı
Behbudun da gözəl səsi vardı. Atası Abutalıbın da musiqiyə həvəsini görüb ona qarmon almışdı. Kərbəlayı Muxtar oğlanları ilə birlikdə xalq şənliklərində iştirak
edirdilər.
Onlar xalq arasında
çox sevilirdilər
Həmin vaxtlar Şuşa şəhərində qurulan
məclislərdə çıxış
edən Məşədi
İsi, Dəli İsmayıl, Cabbar Qaryağdı oğlu, Sadıqcan, Məşədi
Zeynal və məşhur qarmonçalan
İsi bəy kimi böyük sənətkarların tükənməz
yaradıcılıqlarından ilham alan gənc
Abutalıb gecə-gündüz
öz üzərində
çalışır, musiqi
sənətinin sirlərini
öyrənirdi. Abutalıb
qarmonçu İsi bəyin çalğısı
ilə çox maraqlanırdı və onun iştirak etdiyi musiqi məclislərinin
birini də buraxmazdı, saatlarla onun yanında oturub gözlərini bir anlığa belə İsi bəyin barmaqlarından çəkməzdi. İsi
bəy bu istedadlı gəncin sənətə hədsiz
həvəsini nəzərə
alıb toy zamanı qarmonunu Abutalıba verib bəzi oyun havalarını çaldırardı. Abutalıb
oyun havaları içərisində “Mirzəyi”,
“İnnabı”, “Vağzalı”,
xüsusilə ən qədim milli hava sayılan “Tərəkəmə”ni bütün
havalardan gözəl çalardı.
Abutalıb artıq 20 yaşında kamil bir qarmonçu kimi xalq şənliklərində
şöhrət qazanmışdı.
Abutalıb eyni zamanda tar çalmağı
da öyrənmiş,
toylarda qarmonda oyun havalarını çalmaqla, xanəndəni
isə tarda müşayiət edirdi. O
dövrün gənc müğənniləri məhz
Abutalıb ilə məclislərdə çıxış
etməyə üstünlük
verirdilər. Abutalıb
gözəl tar çalmağı
bacarsa da xalq arasında əvəzsiz virtuoz qarmonçu kimi daha məşhur idi.
Atasının vəfatından sonra Abutalıb məşhur xanəndə
Məşədi Məmməd
Fərzəliyevlə birlikdə
Gəncəyə, oradan
Tiflisə gedir. Abutalıb burada yaşayıb yaradan bir çox azərbaycanlı ziyalıları
ilə, o cümlədən
Eynəli Sultanov, Cəlil Məmmədquluzadə,
Həmidə xanım
Cavanşir, Zülfüqar
Hacıbəyov, Hüseyn
Cavid, İbrahim İsfahanlı, Mustafa Mərdanov,
Mirzağa Əliyev, Seyid Şuşinski, Məşədi Zeynal, Məcid Behbudov və başqaları ilə yaxından tanış olur. O, Tiflisdə verilən teatr tamaşalarında, “Şərq konsertləri”ndə,
ədəbi gecələrdə
yaxından iştirak edir.
“Kim qarmonda Orta mahur" çala bilərsə..."
“Qafqaz” qəzeti 1911-ci il 2 avqust tarixli
nömrəsində teatr
elanlarının birində
yazırdı: “3 mart 1911-ci ildə ”Gürcü dvoryan teatrı"nın
binasında Zülfüqar
Hacıbəyovun “Əlli
yaşında cavan” operettası tamaşaya qoyulacaqdır. Tamaşada
ilk dəfə olaraq Münəvvər xanım
Məmmədquluzadə və
opera artisti Mirzağa Əliyev iştirak edəcəklər. Tamaşanın
musiqisini qarmonçu Abutalıbın iştirakı
ilə Şərq çalğı alətləri
orkestri ifa edəcəkdir".
Görkəmli musiqişünas Firudin Şuşinski “Azərbaycan xalq musiqiçiləri” kitabında
yazır: “Abutalıb həm də milli muğam ifaçılığı üsuluna
möhkəm yiyələnmiş
sənətkar idi. Özünəməxsus fərdi
yolu, ədası, vərdişi olan virtuoz çalğıçı
idi. Abutalıb ”Segah", “Bayatı-Qacar”,
“Şikəsteyi-fars” muğamlarını,
bütün oyun havalarını, xüsusilə
“Tərəkəmə”ni çalanda
elə gəzişmələr,
incə xırdalıqlar,
elə şirin barmaqlar işlədərdi
ki, adamlar onu dinləməkdən doymazdılar. Cəsarətlə
demək olar ki, çalğı musiqimizin tarixində Abutalıb kimi “Tərəkəmə” çalan
ikinci bir qarmonçu olmamışdır...".
İslam Abdullayev, Qurban Pirimov, Seyid Şuşinski, Xan Şuşinski kimi qocaman sənətkarlar
Abutalıbın musiqi
qabiliyyətinə, çalğı
texnikasına və ifaçılıq məharətinə
yüksək qiymət
vermişdilər.
Abutalıbı yaxından tanıyan və onunla uzun illər
dostluq etmiş Seyid Şuşinski onun haqqında öz xatirələrində
yazırdı:
“Bir gün Üzeyir
bəy konservatoriyanın
rektoru olanda məni çağırıb
dedi:
- Ağa, bu qarmonçalanlar
məni cana gətiriblər. O deyir “məndən olmaz”, bu deyir “Mən
hamıdan yaxşı
çalıram”. Ona görə bu hay-küyə son qoymaq üçün konkurs keçirmək lazımdır.
- Mən Üzeyir bəyin məqsədini başa düşüb elan verdim və
elanda göstərdik ki, respublikada qarmonda birinciliyi qazanmaq üçün filan ayda, filan
gündə öz qarmonları ilə konservatoriyanın klubunda hazır olsunlar.
Nəhayət, konkurs elan olan günü
Azərbaycanın hər
yerindən əlliyə
qədər qarmonçu
yığışmışdı. Üzeyir bəy çıxdı səhnəyə,
oturacaq stulun üzərinə 14 dilli bir qarmon qoyub
dedi:
- Konkursun bircə şərti var. Kim bu qarmonda “Orta mahur” çala bilərsə, xahiş edirəm səhnəyə
çıxsın. Üzeyir
bəyin bu elanından sonra zalda qarmonçular arasında bir növ çaxnaşma düşdü. Bir çoxları da təəccüb edib bir-birinin üzünə baxıb mat qaldılar.
Nəhayət, Abutalıbdan başqa səhnəyə
çıxan olmadı...
Bunu görən Üzeyir bəy təzədən səhnəyə
çıxıb əli
ilə bığını
tumarlayıb dilləndi:
- Hə, qoçaqlar, necəsiniz? Tısa-bısanız
yatdımı?!
Sonra üzünü mənə tutub dedi:
- Ağa, məsələ aydındır, yığıncağı
bağla.
Mən Üzeyir bəyi yaxşı başa düşməyib
ondan soruşdum:
- Ay bəy, bəs Abutalıb çalmayacaq?
O, başını bulayıb
narazı halda dilləndi:
- Ağa, Abutalıbın çalğısına ehtiyac
yoxdur. Məni, özlərindən razı
qalıb “mənəm-mənəm”
deyənlərin çalğısı
maraqlandırırdı. Onların
da qeyrəti bu gün aydın
oldu. O günü mən də bir daha: “Abutalıbdan
başqa qarmon çalan tanımıram”
qənaətinə gəldim.
Bax, Abutalıb belə Abutalıb idi. Analar bir
daha onu doğmaz".
Azərbaycan musiqisində unudulmaz ifa
“Abutalıbın mahir çalğısı qocaman
müğənni Xan Şuşinskinin də diqqət mərkəzində
olmuşdur. Abutalıbı
həmişə hörmət
və ehtiramla yad edən xanəndə
həsrətlə dillənərdi:
Mən əlli il musiqi məclislərində
çalıb-çağırmışam.
Bu müddət ərzində
tanıdığım ən
istedadlı və kamil musiqiçilərdən
biri də Abutalıb idi. Bu adamın xəmiri musiqi ilə yoğurulmuşdu. Mən onun çalğısından
doymazdım. Abutalıb
bir havanı yüz dəfə çalsa belə adama xoş gələrdi. Çünki,
o hər çalğısında
dinləyiciyə yeni
hiss aşılayardı. Onun
”Segah" da vurduğu barmaqlar yadıma düşəndə
ürəyim titrəyir"(F.Şuşinski).
Qeyd etdiyimiz kimi, Abutalıb musiqi tariximizdə mahir tarçalan kimi də məşhur
olmuşdur. O, ömrünün
son on ilini əsasən
tar çalmağa həsr
etmiş, öz qarmonunu kiçik qardaşı Yusifə verərək onun qarmon çalmağına
yardım etmişdir.
Abutalıb bir tarzən
kimi uzun illər Segah İslam, Seyid Şuşinski, Mehralı oğlu Bahadır və Xan Şuşinski
kimi məşhur xanəndələri müşayiət
etmişdir. O dəfələrlə
musiqi müsabiqələrində
iştirak etmiş, fəxri yerlərə layiq görülmüşdür.
Abutalıb ömrünün otuz ilini Azərbaycan
mədəniyyətinə həsr
etmiş, onun inkişafında əvəzsiz
xidmətlər göstərmişdir.
Onun bir çox istedadlı şagirdləri də olmuşdur. Azərbaycan çalğı musiqisi tarixində Abutalıb qədər xalq musiqisini dərindən bilən, onu son dərəcə gözəl,
şirin və əzəmətlə ifa edən ikinci bir qarmonçu olmamışdır. Kor Əhəd, Kərbəlayı
Lətif, Məşədi
Əli və Teyyub Dəmirov kimi görkəmli qarmonçular Abutalıb sənətindən çox
şey öyrənmişdilər.
İstedadlı sənətkar Abutalıb Kərbəlayı
Muxtar oğlu 1937-ci ildə Ağdamda vəfat etmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 28 fevral.- S.14.