“Leyli və Məcnun”dan əvvəl və sonra...

 

Yüz il əvvəl Bakıya gələn «yad musiqi»

 

Azərbaycanda milli operanın tarixi dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə başlanır. Təkcə Azərbaycanda deyil, bütün Şərq dünyasında önəmli olan bu hadisə müsəlman mədəniyyət tarixində yeni bir mərhələ idi. Amma Bakıya opera bu unikal əsərin yaranmasından bir xeyli əvvəl ayaq açmışdı.

 

Hələ uzaq tarixdən bəri bu qaynar qanlı insanların yaşadığı paytaxt şəhərində xüsusi musiqi həvəskarları vardı. O zamanlar bir müsəlman ölkəsi üçün “yad” sayılan opera musiqisinin bura gəlib çıxması da təsadüfi deyildi. Bəli, Bakıda ilk opera musiqisi 1889-cu ilin mayında səslənib. Paytaxtımıza yeni səs gətirən bu  əsər N.Verstovskinin “Askoldova moqila” operası idi. Onu qastrol səfərində olan D.A.Aqrenyev-Slavyanskin kapellası ifa edirdi. Rusiyanın müxtəlif şəhərlərində, o cümlədən Avropa, Amerika,  Asiya Afrikada da tanınan qrup xeyli məşhur idi.

Teatr tarixçilərinin araşdırmalarından məlum olur ki, eyni zamanda, 1889-cu ilin dekabrında Tbilisi opera artistlərinin Bakıya qastrol konsertləri olmuşdur. Burada 19 gün ərzində 19 tamaşa göstərilmişdir ki, onlardan 15-i qərbi Avropa və  rus bəstəkarlarının əsərləri idi. Tamaşaların nümayişi üçün Tbilisidən orkestr, xor, balet və dekorasiyalarla birgə bütün truppa heyəti paytaxta gəlmişdi. Həmin tamaşalar haqqında “Kaspi” qəzeti yazmışdı: “Bakıya operanın gəlişi bir daha sübut etdi ki, zəka, duyğu və zövq üçün teatr nə dərəcədə vacibdir”.

Ana vətəni qərb sayılan opera musiqisinin müsəlman ölkələri sırasında Azərbaycana yol açması və özünə xeyli pərəstişkar toplaması təsadüfi deyildi. O dövrdə Bakıda həm milli mədəniyyətlə, həm də qərb mədəniyyəti ilə yaxından maraqlanan böyük bir ziyalı təbəqəsi yetişməkdə idi. Heç şübhəsiz ki, dahi Üzeyir bəyin belə bir mühitdə milli dəyərlərə əsaslanan yüksək səviyyəli bir yeni musiqi nümunəsi yaratması da təsadüfi deyildi...

Teatr tədqiqatçılarının araşdırmalarından çıxış edən “Vikipedia” yazır ki, 90-cı illərdə Bakının teatr həyatı bir çox kollektivlərin qastrol səfərləri ilə canlanmaqda idi.  “Tiflis opera truppası, Peterburq balet artistləri truppası, V.N.Lyubimovun truppası, məşhur opera müğənniləri - F.İ.Şalyapin, N.N.Fiqner, E.K.Mravina, D.Borqi, L.Nikitina, A.V.Sekar-Rojanski və b. 1900-cü ildən başlayaraq, Bakıya demək olar ki, hər il (1901 və 1913-cü illərdən başqa) opera truppaları gəlirdi. Onlardan ən əhəmiyyətliləri (1904) A.A.Eyxenvaldın (1910) və D.X.Yujinanın (1912) truppaları idi. Bundan başqa, o dövrdə Peterburqun Mariinski teatrının məşhur ”ulduzlar"ı - O.İ.Preobrajenski, L.Q.Kyakşt, Y.N.Sedova və b. iştirak etdiyi balet truppasının qastrolları çox nadir hal sayılırdı".

 

Opera teatrı ilə musiqimizdə yeni era...

 

Məlum olduğu kimi, Bakıda 1883-cü ilin 27 noyabrından etibarən H.Z.Tağıyev teatrı (indiki Musiqili Komediya Teatrı) fəaliyyətə başlamışdı. Amma teatr sahibkarları maddi maraqları nəzərə alaraq, yalnız operetta və dramatik tamaşalara üstünlük verir, tamaşalar üçün opera truppalarını dəvət etmirdilər.

Buna görə də, həmin opera tamaşaları yenidən təchiz edilmiş sirk səhnəsində keçirilirdi. Yaranan problemi aradan qaldırmaq və yeni musiqiyə qucaq açan Bakıda peşəkar səhnə məsələsini həll etmək üçün önəmli bir addım atıldı. 1911-ci il fevralın 28-də sənaye sahibkarları olan Mailov qardaşlarının vəsaiti hesabına mühəndis N.Q.Bayev tərəfindən tikilmiş Böyük opera teatrının binası açıldı.

Qeyd etdiyimiz kimi, Azərbaycanda peşəkar musiqinin gələcək inkişafını şərtləndirən bu amillər Şərqdə ilk opera əsərinin yaranmasına əsas verdi. 1908-ci il dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" muğam operası ilə tarixə yeni bir ilk olaraq düşdü. Bu gözəl opera tamaşasının necə çətinliklər hesabına təqdim olunması və necə böyük səs gətirməsi haqqında dəfələrlə yazılıb.

Yarandığı tarixdən 100 ildən artıq vaxt keçməsinə baxmayaraq, zərifliyini və gözəlliyini saxlayan bu əsərə tamaşa etməyən tapılmaz hər halda. Bu böyük uğur eyni zamanda xüsusi bir mərhələnin başlanğıcı olaraq, çox sayda yeni əsərlərin yaranmasına yol açdı. Bu operanın ardınca Üzeyir bəy “Şeyx Sənan” (premyerası - 1909), “Rüstəm və Zöhrab” operalarını (premyerası 1910), “Ər və arvad” musiqili komediyasını (premyerası - 1911)[, “Şah Abbas və Xurşud Banu” (premyerası - 1912), “Əsli və Kərəm” (premyerası - 1912), “Harun və Leyla” operalarını (1915-ci il) yazdı. Böyük bəstəkarın ən unudulmaz əsərlərindən biri də 1913-cü ildə səhnəyə qoyulan “Arşın mal alan” musiqili komediyası oldu.

Bəstəkarın inqilabdan əvvəl Zaqafqaziya, Orta Asiya və Rusiyanın bir çox şəhərlərində ən çox nümayiş olunan əsəri bu sayılır. Bundan başqa, həmin dövrdə “Arşın mal alan” gürcü, rus, tatar, özbək, fars, türk dillərinə tərcümə edilmişdi. Daha sonralar isə polyak, bolqar, çin, ərəb, fransız və başqa dillərə tərcümə olundu.

Ümumiyyətlə, Azərbaycanda peşəkar musiqinin inkişafına geniş üfüqlərin açılması və stimul yaranması böyük maarifçi Ü.Hacıbəyovun adı ilə bağlıdır. O, həmçinin 1921-ci ildə təşkil edilmiş Azərbaycan teatrlarının bədii səviyyəsinin yüksəldilməsi üzrə Şuranın üzvü olaraq milli musiqinin inkişafına böyük dəstək vermişdir. Ü.Hacıbəyli 1925-ci ildə teatrın yenidən qurulması məqsədilə rus və Azərbaycan opera truppalarının vahid bir kollektivdə birləşdirilməsinə imkan yaratmışdır. Həmin kollektiv indiki M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının əsasını təşkil etmişdir. Məlum olduğu kimi, Azərbaycanın musiqi həyatına xüsusi tarixi hadisə kimi daxil olan daha bir qiymətli əsər də “Koroğlu” operasıdır. İlk tamaşası 1937-ci ildə göstərilən bu əsər bəstəkarın yaradıcılığında zirvə nöqtəsi idi.

 

Opera yazan yeni müəlliflər nəsli

 

Azərbaycan musiqisinə misilsiz töhfələr verən Ü.Hacıbəylinin ardınca başqa müəlliflər də bu sahədə özünü sınamağa cəsarət tapdı. Bu dövrdə yaranan uğurlu əsərlər sırasına  Müslüm Maqomayevin "Nərgiz" operasını (1935), R.M.Qliyerin “Şahsənəm” operasını qeyd etmək olar. Artıq 40-cı illərdən etibarən repertuarda  Niyazinin "Xosrov və Şirin" operası, C.Hacıyev və Q.Qarayevin “Vətən” operası, Ə.Bədəlbəylinin “Nizami” operası görünür. Daha sonralar, 1953-cü ildə F.Əmirova uğur gətirən “Sevil” operası tamaşaya qoyulmuşdur.

Operamızın belə bir uğur yolu ilə inkişaf edən tarixinə sonrakı illərdə fərqli müəlliflərin müxtəlif mövzularda operaları daxil olub. Yarandığı dövrdə teatrın repertuarında öz yerini alan bu əsərlər sırasında Ş.Axundovanın “Gəlin qayası”, S.Ələsgərovun “Bahadur və Sona”, “Solğun çiçəklər”, C.Cahangirovun “Xanəndənin taleyi” və “Azad”, V.Adıgözəlovun “Ölülər”,"Natavan", R.Mustafayevin “Vaqif”, Z.Bağırovun “Aygün”, N.Əliverdibəyovun “Cırtdan”, İ. Məmmədovun “Tülkü və alabaş”, L.Vaynşteynin “Zoluşka” və “Çəkməli pişik” operaları var.

Zaman-zaman xüsusi çətinliklərlə üzləşsə də, Azərbaycan operası hazırda şərq dünyasının ən güclü qollarından biri sayılır. Bu gün teatrın səhnəsində həm milli, həm də xarici bəstəkarların əsərləri oynanır. Təəssüf ki, musiqi tariximiz üçün inkişafa stimul verən yeni operaların yaranması sahəsində bir boşluq hökm sürür. Bu boşluğun yeni gözəl əsərlərlə doldurulması bütün musiqisevərlərin arzusudur.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 Azadlıq.- 2013.- 2 iyul.- S.14.