Klassik
şeirimizin iki fərqli imzası...
Satirik
şairimiz Mirzə Baxış Nadim
Azərbaycan
klassik poeziyasında adları keçən onlarla məşhur
qələm sahibinin sırasında imzası bu günün
oxucusuna çox da tanış olmayan iki şairin adını
ayrıca qeyd etməyə dəyər. Onlardan biri Mirzə
Baxış Nadim, o biri isə Məhəmməd Bağır
Xalxalidir.
Məlum olduğu kimi, XIX əsr
poeziyasında lirik xətdən başqa yeni bir istiqamət, tənqidi-satirik
şeir yaranmağa başlamışdı. Artıq qələm
sahibləri zəmanənin naqisliklərindən doğan eybəcərlikləri
görməzdən gələ bilməzdi. Bu üslubda yaranan
şeir nümunələrinin müəlliflərindən biri
də Mirzə Baxış Nadim idi.
Azərbaycan ədəbiyyatı
üçün önəmli bir imza sahibi olan Mirzə Baxış Nadim 1785-ci ildə
Hacıqabulun Navahı kəndində anadan olmuşdur. Onun
adı XIX əsr Azərbaycan ədəbiyyatının
böyük imzaları - Qasım bəy Zakir, Baba bəy
Şakir, Fazil xan Şeyda ilə yanaşı çəkilir.
95 il ömür sürən şair bütün
yaradıcılığı boyunca haqqın və sadə
insanların yanında olmuş, bu yolda hər cür məhrumiyyətlərə
dözmüş, çox maraqlı bir irs
yaratmışdır. İlk
təhsilini atası Molla Əsədulladan alan Nadim sonrakı təhsilini
Şamaxıda mədrəsədə davam etdirmişdir. Burada
o, ərəb-fars dillərini mükəmməl öyrənmiş,
atasının istəyi ilə bir müddət ruhanilik
etmiş, ancaq sonralar həyatını əkinçiliyə
bağlamışdır.
Demək
olar ki, doğulduğu əsrin bütünlükdə
şahidi olan Nadim XIX əsrin əvvəllərindən
sonlarına qədər məmləkətdə baş verən
əsas tarixi hadisələri öz gözləriylə
görmüşdür. Təbii ki, bütün bu hadisələr
onun yaradıcılığında öz əksini tapmış,
həm də tədqiqatçıların
araşdırmalarında tarixə bir bələdçilik
işığı tutmuşdur. Şübhəsiz, şairin əsərlərində
lirik çalarlı şerlər də az deyil, amma onun satirik
ruhlu əsərləri daha təsirli və yadda qalandır.
Buna görə də, Nadim XIX əsr Azərbaycan ədəbiyyatı
tarixində daha çox yaşadığı mühitin eybəcərliklərini
qəzəblə qamçılayan satirik şair kimi
qalmışdır:
Ay ağalar, sizə tərif eyləyim,
Nə iş tutub üzü qarə Murad
xan.
Tamam kəsib biçininin haqqını,
Heç verməyib sikkə, parə Murad
xan.
“At
olmasa, heç incimə, insan da qoşarlar!..”
Onun qələminə hədəf olan əsas
tiplər sadə insanlara əziyyət verən, onları
işlədib haqlarını yeyən bəylər, xanlar,
çar divanxanalarında işləyən rüşvətxor,
bürokrat məmurlar və əhalini aldadan yalançı
din xadimləridir. Nadim onların yaramaz əməllərini
açıq şəkildə, amansızlıqla ifşa edir.
Onun “Murad xan”, “Kərbəlayi” rədifli şerləri bu qəbildəndir.
Şairin “Mahmud” adlı satirası insan
yerinə qoyulmayan rəncbərlərin ağır həyatına
kəskin etiraz əlaməti kimi səciyyəvidir:
Mahmud! Əya,
rəncbər ara mərdi-yeganə,
Nahaq yerə
rəncidə olub gəlmə fəğanə.
Xaliq
sizi rəncbər yaradıbdır bəyə, xanə,
Hərçənd
gərəkdir qoşalar at bu kotanə,
At
olmasa, heç incimə, insan da qoşarlar!
Mirzə Baxış Nadim dövlət idarələrində
işləyən məmurların süründürməçiliyini,
hakimlərin rüşvətxorluğunu da acı bir dillə
tənqid edir. Onun satiralarında dili sadə və
aydındır. Elə bu xüsusiyyəti də onu öz
dövrünün satirik sənətkarlarından biri kimi məşhurlaşdırmışdır.
Tədqiqatçılar Nadimin
yaradıcılığının Seyid Əzim Şirvani və
Mirzə Ələkbər Sabir kimi böyük sənətkarların
bədii-satirik üslubunun formalaşmasında əhəmiyyətli
rol oynadığını dönə-dönə qeyd edirlər.
Məşhur satirik şair XIX əsrin ilk
illərində Salyana köçür və təxminən
25 il burada yaşayır. O, sonra yenidən Navahıya
qayıdaraq kənd mirzəsi işləyir.
Yaradıcılığında birmənalı olaraq sadə
insanları müdafiə edən, onların zəhmətini mənimsəyən
mülkədarları tənqid atəşinə tutan Mirzə
Baxış Nadim hakim dairələri özündən
narazı salmışdı. Buna görə də, şairi kənd mirzəliyindən
uzaqlaşdırırlar. İşsiz qalan şair bir müddət
Pirsaat çayında mirab vəzifəsində
çalışır. Amma burada da bəxti üzünə
gülmür. İncidildiyinə, əmək haqqı verilmədiyinə
görə işdən uzaqlaşır. Daha sonralar Mirzə
Baxış Nadim Navahı kəndində məktəb
açır və ömrünün sonuna qədər kənd
uşaqlarına dərs deyir.
Dövrünün məşhur satiriki kimi
tanınan Nadim 1880-ci ildə vəfat etmiş və Navahı
kəndində dəfn edilmişdir. Həyatı ağır
sınaqlar, çətinliklər içərisində
keçən Mirzə Baxış Nadim şerlərinin birində
“Gecə-gündüz qan-yaş töküb ağlaram”- deyir.
Amma o, iti qələmi və haqqın müdafiəçisi
olan şerləri ilə XIX əsr Azərbaycan ədəbiyyatında
görkəmli bir şair olaraq qalmaqdadır.
Məhəmməd
Bağır Xalxali
Klassik ədəbiyyatımızın
ikinci maraqlı bir nümayəndəsi olan Məhəmməd
Bağır Xalxalinin yaradıcılığı da
maraqlı əsərlərlə zəngindir. 1829-cu ildə
Xalxal əyalətinin Qarabulaq kəndində ruhani ailəsində
dünyaya gələn şair ilk təhsilini evdə atası
Axund Molla Heydərdən almışdır. Xalxali 14
yaşına çatanda biliyini artırmaq üçün Zəncana,
oradan da Qəzvinə getmiş, xüsusi müəllimlərin
yanında bir sıra elmlərin sirlərini öyrənmişdir.
Təhsilini başa vurduqdan sonra
doğulduğu kəndə qayıdan Xalxali ömrünün
axırına qədər Qarabulaqda yaşamışdır.
Şair 1900-cü ildə vəfat etmiş və kənd qəbiristanlığında
dəfn olunmuşdur.
Öz zəmanəsinə görə
yaxşı təhsil alan Xalxali əsərlərini Azərbaycan
(türk), fars və ərəb dillərində
yazmışdır. Şairin azərbaycanca divanına “Sələbiyyə”
məsnəvisi, o cümlədən qəzəl, müxəmməs,
təcnis (qoşalıq) və saqinamələri daxildir.
Xalxalini ədəbiyyat tarixində məşhurlaşdıran
“Sələbiyyə” (1893) məsnəvisidir. Xalq arasında
geniş yayılmış nağıl və hekayətlər
əsasında yaranan bu əsər Təbrizdə və
Bakıda bir neçə dəfə nəşr edilmişdir.
Aşağıdakı parça da həmin məsnəvinin
“Başlanğıc” adlanan hissəsindən
götürülmüşdür:
Belə
nəql eyləyib Mirzə Filani
Kəlami
doğrudur, yoxdur yalani -
Ki, bir
Tülkü diyari-İsfəhanda
Ki, yəni
qeyrəti-mülki cahanda.
Əlinə
düşməyib quti-münasib,
Muradın
verməyib çərxi-məlağib.
Neçün
ki, salmayıb bir zad əlinə,
Keçib
bir ay ki dəyməyib ət dilinə.
Tükəndi
səbri, oldu taqəti taq,
Bu
vüsətlə ona təng oldu afaq.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun
maliyyə dəstəyilə çap edilir
Azadlıq.-
2013.- 3 iyul.- S.14.